29 Aprel 2024

Bazar ertəsi, 16:31

RƏQƏMSAL BULUD

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaradılması Azərbaycanda 4-cü sənaye inqilabı elementlərinin inkişafını sürətləndirəcək

Müəllif:

01.11.2021

Son illər dünyada rəqəmsal transformasiyaya getdikcə daha çox diqqət yetirilir və bu, müəssisələrin və maliyyə sektorlarının biznes proseslərində, habelə dövlət qurumlarının və ictimai təşkilatların fəaliyyətində çağdaş İT texnologiyalarının tətbiqini nəzərdə tutur. Bu çox önəmli trendin inkişafı Azərbaycanda da hərtərəfli dəstəklənir, bu yaxınlarda dövlət başçısının sərəncamı ilə rabitə şöbəsində köklü dəyişikliklər aparılıb və bu çərçivədə, o cümlədən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıb.

 

Yeni trend – yeni hədəflər

Öz inkişafının başlanğıcında rəqəmsallaşma prosesi dedikdə, yalnız kağızsız sənəd dövriyyəsinin geniş şəkildə tətbiqi, bir sıra təşkilati mexanizmlərin elektron formata keçirilməsi başa düşülürdü. Hazırda bu anlayış sadə rəqəmsallaşmadan daha geniş ölçüyə gəlib, çünki idarəetməyə, korporativ mədəniyyətə və xarici kommunikasiyalara yanaşmada əsaslı dəyişikliklər nəzərdə tutur. İdarəetmə proseslərinin, istehsalın rəqəmsallaşması artıq bütöv sahələri əhatə edir, sənayeni, pərakəndə ticarəti, bank sektorunu, eləcə də dövlət idarəçiliyi sahəsini keyfiyyətcə dəyişdirir, hər bir insanın və hər bir şirkətin həyatını dəyişir.

Bu proseslər bu və ya digər dərəcədə Azərbaycana da nüfuz edir – burada yetərincə uzun müddətdir ki, dövlət xidmətlərinin mühüm hissəsi elektron formatda təqdim edilir, rəqəmsal imza mexanizmləri tətbiq olunur, kommunal sektorda və fiskal sahədə xidmətlər rəqəmsallaşdırılıb.

Cəmiyyətin rəqəmsal transformasiyasının (digital transformation) müəyyənedici amilləri sırasına onun templəri və kommersiya strukturlarının, həmçinin dövlət qurumlarının internet xidmətləri ilə əhatə olunmasının tamlığı daxildir. Burada isə Azərbaycanın «McKinsey Global Institute»nun sektorial rəqəmsallaşma indeksinə uyğun olaraq dünyanın daha qabaqcıl ölkələrinə (ABŞ, Avropa İttifaqı və Çinə) çatması üçün hələ də mühüm islahatlar aparması önəmlidir. Özəlliklə, bu, yerli bazarda hələ yetərincə təmsil olunmayan bir sıra sahələrin inkişafına aiddir. Söhbət idarəetmədə süni intellektin tətbiqindən, istehsal proseslərinin robotlaşdırılmasından, kommunal və mülki sektorda Əşyaların İnternetindən (IoT) kütləvi istifadədən, elektron ticarətdə, bank və sığorta sektorunda çat-botların tətbiqindən və s.-dən gedir.  

Ölkə başçısının 27 aprel 2021-ci il tarixli fərmanı ilə ölkədə rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsinin önəmi vurğulanıb və rabitə qurumunun qarşısında duran yeni vəzifələr müəyyənləşib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il oktyabrın 11-də rəqəmsallaşdırma, innovasiyalar, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzalanmış sərəncam bu trendin məntiqi davamı olub.

O cümlədən, rabitə qurumunun vəzifə və məqsədləri ilə bağlı yeni baxışdan yanaşılaraq, onun adı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəyişdirilib. Onun strukturunda dörd agentlik - publik hüquqi şəxslər yaradılıb ki, bunlardan biri də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. Yeni agentliyin səlahiyyətlərinə Azərbaycanda rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi üzrə vəzifələr daxildir. Agentlik yüksək texnologiyalar, nüvə texnologiyalarının inkişafı sahəsində elmi-texniki fəaliyyətin, innovasiya fəaliyyətinin və müvafiq təcrübənin dəstəklənməsi üzrə kompleks tədbirlər həyata keçirməlidir, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və həllərin əldə edilməsində köməklik göstərməlidir və s.

 

Dövlət qurumları rəqəmsallaşma yolunda

Ekspert icmasının fikrincə, dövlət başçısının yeni fərmanı İKT sektorunun “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi (2016)” sənədinə uyğun olaraq təkmilləşdirilməsi prosesinin növbəti mərhələsi olacaq. Strategiyanın yenilənmiş şərhi «digital transformation», innovativ elmi tədqiqatlar və startap layihələri üzrə həllər kompleksinin ayrıca paket kimi seçiləcək və bu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçiriləcək. Rəqəmsal transformasiya hökumət fəaliyyətinin tam rəqəmsallaşdırmaya keçidini nəzərdə tutur. Bununla yanaşı, bütün dövlət xidmətləri elektron fəzada təqdim olunur, müxtəlif kommersiya rəqəmsal məhsulları da hazırlanır, biznes prosesləri avtomatlaşdırılır. Bir sözlə, hazırlıqlı və açıq məlumatlardan istifadə edə bilən “rəqəmsal cəmiyyət” yaradılır.

Dəqqətə layiqdir ki, bir sıra dövlət qurumları tərəfindən yerli layihələri çərçivəsində rəqəmsal transformasiya istiqamətində fəal addımlar atılır. Məsələn, Dövlət Vergi Xidməti (DVX) tərəfindən yaradılmış Rəqəmsal Transformasiya Şurası informasiya texnologiyaları və rəqəmsallaşma strategiyasının, eləcə də yeni standartların hazırlanmasına başlayıb. Məqsəd mövcud elektron vergi inzibatçılığını rəqəmsal vergi inzibatçılığına çevirməkdir. DVX-nin elektron portalının yenilənməsi, Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) təkmilləşdirilməsi və mobil əlavənin yaradılması işlərinə başlanılıb.

Öz növbəsində, SOCAR-da yaradılmış Xəzər İnnovasiya Mərkəzi (CİC) artıq bir neçə ildir ki, digər neft-qaz hasilatı əməliyyatlarında quyuların planlaşdırılması, qazılması və istismara verilməsi seqmentində rəqəmsal transformasiya ilə məşğuldur. Məhsulların emalı və marketinqi, ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi, bədbəxt hadisələrin qarşısının alınması və s. kimi sahələrdə də rəqəmsallaşma üzrə analoji işlər gerçəkləşdirilir. Gələcəkdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiin dəstəyi ilə digər dövlət qurumlarında da oxşar addımlar atılacaq.

 

Fərdi təşəbbüslər

Azərbaycanda özəl strukturların rəqəmsal transformasiyası perspektivləri də yetərincə yüksəkdir. «PwC» şirkətinin müxtəlif profilli 120-dən çox şirkəti əhatə edən son araşdırmalarına görə, yerli biznes liderlərinin, təxminən, 60%-i rəqəmsal transformasiyaya (süni intellektə, robototexnikaya və digər İT texnologiyalarının tətbiqinə) sərmayə qoymağı planlaşdırır, onların 67%-i isə prioritet istiqamət kimi kadrların inkişafını qəbul edir.

Rəqəmsal texnologiyaların və həllərin tətbiqinin ən yüksək templəri ölkənin maliyyə sektorunda müşahidə olunur. Bu sıraya fintex həlləri və e-bankinq mexanizmləri, həmçinin rəqəmsal ödəniş xidmətləri daxildir. Mərkəzi Bankın dəstəyi ilə «Open Banking» platforması hazırlanır və 2026-cı ilə qədər hesablanmış yol xəritəsi hazırlanır ki, onun vasitəsilə ölkənin bütün kredit strukturlarında açıq bankinq mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Bütün bu transformasiyaların təməli cəmiyyətin rəqəmsallaşmasına əsaslanır.

Azərbaycanın rəqəmsal transformasiyasının digər mühüm sahəsi «AzerTelecom» tərəfindən həyata keçirilən «Azerbaican Digital Hub» proqramı olmalıdır. O, Rəqəmsal İpək Yolunun (Digital Silk Way) qurulmasını, eləcə də daxili telekommunikasiya infrastrukturunun dünyanın inkişaf etmiş ölkələrinin standartlarına uyğun modernləşdirilməsini nəzərdə tutur. Layihə ölkəmizdə region üzrə ən böyük Data-mərkəzin yaradılmasını və onun resurslarının xarici bazarda təqdim edilməsini nəzərdə tutur ki, bu da ölkəni rəqəmsal xidmətlərin idxalçısından ixracatçısına çevirəcək. Bununla da Sənaye 4.0-ın bir sıra sahələrinin inkişafı üçün baza yaradılacaq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinin ən mühüm vektoru kimi həmçinin  gələcəyə hesablanmış irimiqyaslı layihələrin həyata keçirilməsi yolu ilə ölkədə startap ekosisteminin daha da gücləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi və sağlam rəqabət üçün əlverişli şəraitin yaradılması da müəyyən edilib. O cümlədən, bir sıra ali məktəblərdə, Milli Elmlər Akademiyasında və dövlət qurumlarında fəaliyyət göstərən inkubasiya və akselerasiya mərkəzləri, proqramlaşdırma məktəbləri və bir sıra digər ixtisaslaşmış özəl strukturlar texniki, konsaltinq və maliyyə dəstəyi ilə təmin olunacaqlar. Artıq bu il bununla bağlı bir sıra digər müsbət addımlar da qeyd olunub. İnnovativ biznesə dəstək də fiskal üstünlüklər vasitəsilə həyata keçirilir. Startap sertifikatı almış kiçik və orta sahibkarlıq subyektləri üç il müddətinə gəlir vergisindən və innovasiya fəaliyyətindən əldə edilən gəlirlərin vergisindən azaddırlar.

 

Beynəlxalq tandem

Startap ekosisteminin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi tendensiyası da var və bu sahədə Türkiyə daha fəaldır. Bu qardaş ölkənin Sənaye və Texnologiyalar Nazirliyinin dəstəyi ilə gələn il innovativ layihələrin həyata keçirilməsinə yönəlmiş Türkiyə-Azərbaycan birgə texnoparkının yaradılması planlaşdırılır.  

Azərbaycan İnnovasiyalar Agentliyi və Türkiyənin GOSB texnoparkı akselerasiya və texnologiya transferi proqramlarını birgə həyata keçirməyi planlaşdırır. Söhbət “ağıllı” kənd və şəhərlərin yaradılmasından, bərpa olunan enerji mənbələri seqmentinin inkişafından, kommunal xidmətlərdə, sənayedə, eləcə də elektron kənd təsərrüfatının inkişafında enerjiyə qənaət edən texnologiyaların və IoT komponentlərinin tətbiqi planlarından gedir. Bu qəbildən olan ilk təşəbbüslərdən biri artıq Zəngilan rayonunun Ağalı kəndində, özü də türk şirkətlərinin dəstəyi ilə başlayıb. Türkiyəli tərəfdaşlar yerli innovativ strukturlara maliyyə dəstəyi verməyə hazırdırlar. Burada ilk addım Türkiyənin “Boğaziçi Ventures” vençur fondunun Azərbaycanın startap layihələrinin sürətləndirilməsi üçün 5 milyon dollar ayırması qərarı olub. Sentyabrın ortalarında isə rəqəmsal transformasiya, eləcə də insan resurslarının inkişafı sahəsində Azərbaycan-Türkiyə işçi qrupu tərəfindən yol xəritəsi imzalanıb. Azərbaycan-Türkiyə əməkdaşlığı, şübhəsiz ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi qarşısında duran vəzifələrin həllinə, o cümlədən ölkənin rəqəmsal transformasiyası konsepsiyasının həyata keçirilməsinə, kibertəhlükəsizlik, fərdi məlumatların qorunması sahəsində əməkdaşlığa, «Hökumət buludu» layihəsinin inkişafına və s.-yə kömək edəcək.  

Azərbaycan startaplarına texniki, konsaltinq, qrant dəstəyi başqa istiqamətlərdən də gəlir. Belə ki, «Microsoft» şirkəti rəqəmsal biliklər, proqramlaşdırma, sistem inteqrasiyası sahəsində yardım göstərir, yerli startapların Silikon Vadisi layihələrində iştirak imkanlarının genişləndirilməsi və s. sahəsində yardım göstərir.  

BP-Azerbaijan da həmçinin öz dəstək layihəsini həyata keçirir, tələbələr üçün bir neçə tədris, təlim və məsləhətləşmə modulu işə salıb, startap-biznesləri dünyanın aparıcı innovasiya mərkəzlərini ziyarət etmək imkanı ilə dəstəkləyib. Öz növbəsində, Azərbaycan İnvestisiya Şirkəti bu yaxınlarda dünyanın ən böyük vençur investisiya şirkəti olan «OurCrowd» İsrail şirkəti ilə Azərbaycan startaplarının kapitala və öz işlərini kommersiyalaşdırmaq imkanlarına çıxışını genişləndirəcək müqavilə imzalayıb.

Beləliklə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyəti dövlət qurumlarının, özəl sektorun təşəbbüsləri və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə birlikdə Azərbaycanda rəqəmsal transformasiya proseslərini sürətləndirəcək.


MƏSLƏHƏT GÖR:

136