5 May 2024

Bazar, 23:30

DÜNYAYA AÇILAN QAPI

Türkiyə prezidentinin Azərbaycana səfəri vacib rəmzi və praktik xarakter daşıyırdı

Müəllif:

01.11.2021

Türkiyə hər zaman Azərbaycanın yanında olub – müharibə illərində də, bərpa dövründə də. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana oktyabrın 26-da etdiyi səfərin ana xətti də bundan ibarət idi. Bu səfərə ümumi xarakteristika verən zaman onun vacib rəmzi və praktik xarakter daşıdığı da vurğulanmalıdır.

 

Səfərin rəmzi tərəfi

Səfər proqramında yer almış simvollardan danışarkən qeyd olunmalıdır ki, bu, xarici dövlətə məxsus 1 nömrəli bortun Füzuli Beynəlxaloq Hava Limanına endiyi ilk hal idi. Türkiyə prezidentinin təyyarəsinin Füzuliyə enməsi aeroportun beynəlxalq statusunu təsdiqləyib – bu qərar hadisədən cəmi 10 gün əvvəl qəbul olunmuşdu. Azərbaycanın baş naziri sərəncam verərək, Füzuli aeroportunun beynəlxalq hava limanı olduğunu oktyabrın 16-da təsdiqləmişdi. Elə həmin gün ölkənin Xarici İşlər Nazirliyinə bu haqda müvafiq beynəlxalq qurumların məlumatlandırılması tapşırılmışdı. Xarici siyasət idarəsinin direktivlərin reallaşdırılması ilə məşğul olduğu bir vaxtda prezident Ərdoğanın protokolu artıq Azərbaycana, daha konkret desək, Qarabağa səfər hazırlıqlarına başlamışdı. Səfərin daha bir rəmzi cəhəti budur.

Aeroportun istismara hələ sentyabrda verilməsinə baxmayaraq, onun rəsmi açılış mərasiminin Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilməsi Türkiyənin Qarabağın bərpası prosesinə aidiyyətinin, həmçinin bu hava limanının iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığının xüsusi vurğulanması da sayıla bilər.

Füzuli aeroportu Qarabağın hava qapısıdır. Bu nəhəng tikili dünyada ən qısa zamanda tikilmiş ilk belə hava limanı kimi Ginnesin «Rekordlar kitabı»na düşə bilər. Bircə onu qeyd etmək kifayətdir ki, aeroportun uçuş zolağının uzunluğu 3000 metr, eni 60 metr, perronun ərazisi isə 60 min kvadratmetrdir. Real proqnozlara əsasən, 100-150 kilometr radiusunda yaşayış məntəqələrini əhatə edən Füzuli aeroportundan həyata keçiriləcək marşrutlar yaxın 3-5 ildə müntəzəm xarakter alacaq və onlara ciddi tələbat olacaq. Aeroport eyni anda 8-dək təyyarəni qəbul etmək iqtidarındadır.

Füzuli aeroportu regionda inşa edilməkdə olan avtomobil və dəmir yolları ilə birlikdə bu şəhərin regional nəqliyyat habına çevrilməsinə imkan verəcək. Qeyd olunmalıdır ki, hava limanı bütün növ təyyarələrin qəbulu üçün nəzərdə tutulub və bu, Şuşa istiqamətində nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə də yol açacaq.

Görülən işlərin simvolikliyini göstərən daha bir fakt Azərbaycan tərəfinin obyektiv maneələrə (minalar, lazımi infrastrukturun olmaması və ya çatışmaması və s.) rəğmən, maksimum qısa müddətdə azad olunmuş ərazilər üzərində tam fiziki nəzarəti bərpa etmək əzmidir. Bu, həm Ermənistana və onun ictimaiyyətinə, həm də beynəlxalq birliyə ismarıcdır: Ermənistan, təxminən, 30 il işğal altında saxladığı ərazilərdə bir dənə də olsun, miqyaslı layihə həyata keçirməyibsə, Azərbaycan artıq silsilə layihələrin icrasına başlayıb. Çünki erməni tərəfinin buna nə vəsaiti var idi, nə də legitim əsası – rəsmi İrəvan beynəlxalq hüquq çərçivəsindən çıxa bilmədiyindən, bu ərazilərə yiyələnməyi bacarmayıb.

 

Praktik cəhətlər

Ərdoğanın Füzuliyə, eyni vaxtda həm də Zəngilana səfəri Türkiyə tərəfinin Zəngəzur dəhlizi layihəsinə də fəal şəkildə cəlb olunduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın da dedikləri kimi, Türkiyə şirkətləri azad olunmuş ərazilərdə aparılan inşaat işlərində, xüsusilə yol-nəqliyyat infrastrukturunun qurulmasında aparıcı rol oynayırlar. Ankara üçün bu infrastrukturun yalnız Azərbaycan ilə deyil, həm də Rusiya və Mərkəzi Asiya ölkələri ilə etibarlı kommunikasiya vasitəsi olması vacibdir. Türkiyə onun yaradılmasında iştirak etməklə, postmünaqişə dövründə regionun qurulmasında aparıcı rolunu da təsdiqləyir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə qoyulması bunun bariz nümunəsidir. Bu layihə çərçivəsində işlərə hələ bir neçə ay əvvəl start verilib. İşləri Türkiyənin «Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi» şirkəti, həmçinin Azərbaycanın «16 N-li Xüsusi Təyinatlı Yol İstismarı» MMC və «Azvirt» şirkətləri həyata keçirir.

124 kilometrlik yol Füzuli rayonunun Əhmədbəyli kəndindən başlayır və Azərbaycan-Ermənistan sərhədində bitir. Layihənin sxeminə görə, o, Cəbrayıl rayonu ərazisindən keçəcək və Zəngəzur dəhlizi sisteminə aid yol şəbəkəsinin bir hissəsi olacaq. Onun vasitəsi ilə ağır tonnajlı yük maşınları İğdırdan (Türkiyə) başlayaraq, Naxçıvan (Azərbaycan) və Meğridən (Ermənistan) keçməklə Azərbaycan ərazisi ilə və əksinə hərəkət edə biləcək. O, Azərbaycanı Rusiya ilə birləşdirən nəqliyyat magistrallarına qoşulacaq.

Ərdoğanın səfəri çərçivəsində iki ölkə prezidentləri Zəngilanın Ağalı kəndində türkiyəli və azərbaycanlı investorlar tərəfindən yaradılacaq ağıllı «Dost Aqropark»ının birinci fazasının da təməlini qoyublar. Ərazisi 6 min hektar olacaq kompleksdə 10 min baş damazlıq iribuynuzlu heyvan bəslənəcək, bitkiçilik məhsulları (toxumlar və şitillər) yetişdiriləcək və digər fəaliyyətlər həyata keçiriləcək. Bundan başqa, burada bütün regiona hesablanmış inteqrasiya olunmuş ət emalı və qablaşdırılması müəssisəsinin qurulması, 100 min ton tutumu olan kənd təsərrüfatı anbarlarının inşası da planlaşdırılır.

 

Xarici fon

Zəngəzurda olarkən türkiyəli qonaq bildirib ki, bu gün Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunması, münasibətlərin çoxdan gözlənilən normalaşdırılması üçün atmosfer həmişəkindən daha əlverişlidir. Ərdoğan bildirib ki, bunun üçün «sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir».

Vacib məqam ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğanın fikirləri Rusiya prezidenti Vladimir Putinin «Valday» diskussiya klubunda ifadə etdiyi son fikirlərlə tam üst-üstə düşür. Putinin də fikrincə, indi ən vacibi sərhədlərlə bağlı məsələnin həllini tapmasıdır.

Rusiya prezidenti bildirib ki, sülh bölgəsində əldə ediləcək əsas üstünlük iqtisadi inkişaf olacaq. Beləliklə, Türkiyə ilə Rusiyanın maraqları Azərbaycanın maraqları ilə tam üst-üstə düşür. Rəcəb Tayyib Ərdoğan bir fikri də təsadüfən səsləndirməyib: «Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək». Bununla yanaşı, o, burada qurulacaq infrastrukturun, avtomobil və dəmir yollarının yalnız Azərbaycanla Türkiyəyə deyil, bütün regiona faydalı olacağını söyləyib.

Şübhəsiz ki, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması ilə Rusiya yalnız Azərbaycanla deyil, həm də Ermənistan və Türkiyə, həmçinin İranla birbaşa, maneəsiz dəmir yolu əlaqəsi qura biləcək. Bu isə xüsusilə pandemiya üzündən özünütəcrid qərarlarının verildiyi bir şəraitdə qarşılıqlı ticarət həcmini artırmağa yol açacaq.

Regionun yeni nəqliyyat imkanları İran üçün də yeni perspektivlər açır. Culfadan Naxçıvana dəmir yolu Tehranın yalnız Ermənistanla deyil, həm də Türkiyə, Azərbaycan və Rusiya ilə birbaşa əlaqə qurmasına imkan verəcək. Regional kommunikasiyaların açılması ilə Tehran Zəngəzurun Ermənistana aid hissəsində bahalı, rentabelsiz avtomobil yolu tikmək məcburiyyətindən qurtulacaq. Bu halda o, ənənəvi və daha etibarlı kommunikasiya vasitələrindən istifadə edə biləcək.

Hər halda, bu, sonda Tehranın özünün verəcəyi qərardır. Biz sadəcə, məntiqə əsaslanan, regionun yeni reallıqlarının diktə etdiyi daha effektiv həll yolunu göstəririk.



MƏSLƏHƏT GÖR:

176