5 May 2024

Bazar, 18:29

AVROPA “BÜRÜNC”Ü

Xanım şahmatçılarımız Slovakiyada keçirilən qitə birinciliyində üçüncü oldu

Müəllif:

01.12.2021

Sloveniyanın Çatej şəhərində qitənin ən güclü şahmat yığma komandaları Avropa çempionluğu uğrunda mübarizə apardı. Hər zaman olduğu kimi ölkəmiz mötəbər yarıda həm kişilər, həm də qadın şahmatçılarla təmsil olundu. Böyük ümid bəslədiyimiz kişilərdən ibarət milli medal qazana bilmədi, əvəzində zərif cinsin nümayəndələri fəxri kürsüdə yer aldı.

 

Şanslar və reallıqlar

Təmsilçilərimiz arasında ən yaxşı nəticəni Nicat Abbasov göstərdi. 26 yaşlı qrossmeyster kişilərin mübarizəsində beşinci lövhədə 1-ci yeri tutdu. Komandanın digər üzvlərindən Şəhriyar Məmmədyarov birinci lövhədə, Rauf Məmmədov üçüncü lövhədə 4-cü, Teymur Rəcəbov ikinci lövhədə 7-ci, Qədir Hüseynov dördüncü lövhədə 13-cü yeri tutub.

Kişilərdən ibarət yığma son turda Fransa millisi ilə qarşılaşdı. 1.5-2.5 hesabı ilə uduzan yığmamız yekunda 12 xalla 5-ci oldu. Qadınlardan ibarət kollektiv isə Niderland üzərində qələbə qazandı - 2,5:1,5. Heyət üzvlərindən Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva partiyanı qələbə ilə başa çatdırdı, Gövhər Beydullayeva heç-heçə ilə kifayətləndi. Yalnız Gülnar Məmmədova məğlubiyyətlə üzləşdi. Bununla da Azərbaycan yığması 12 xalla bürünc medal qazandı. Rusiya 18 xalla qızıl, Gürcüstan 15 xalla gümüş medala sahib oldu.

Maraqlıdır ki, kişi şahmatçılardan yığmamızın sonuncu turadək birinci yeri tutmaq şansı var idi. Son turda Fransanı uda bilsəydik, birinci yerə çıxacaqdıq. Görüşü heç-heçə ilə başa vursaydıq, ikinci olurduq. Təəssüf ki, sonuncu görüşün sonuncu partiyasında bəxtimiz gətirmədi. Qalib gəlmək və heç-heçə etmək əvəzinə uduzduq. Uduzmalı deyildik, minimum ikinci yer bizdə idi. Kişi şahmatçılardan ibarət yığmanın əsas səhvi 8-ci turda oldu. Ukrayna millisi ilə oyuna lider Şəhriyar Məmmədyarovsuz çıxdıq. Ardıcıl 7 tur komandaya kömək edən Şəhriyar istirahət etmək istədiyini bildirdi. Digər tərəfdən Şəhriyarı sonuncu – həlledici tura saxlamaq qərarını seçdilər. Belədə 8-ci turda istirahət edən Məmmədyarov son görüşdə Fransanı təmsil edən əslən iranlı Alireza Firuzcaya uduzdu. Bu mərqam yığmamızın məğlubiyyətini və medalsız qalmasını təsdiqlədi.

 

Üç üstəgəl üç

Qadınlardan ibarət millinin çıxışı isə qənaətbəxş alındı. Turnirin əvvəlində biz ümumi komanda reytinqində 5-6-cı yerlərdə idik. Fikrət Sideifzadənin kapitanı olduğu milli yarışın sonunda 3-cü yeri tutmağa müvəffəq oldu. Qalib gəlməli olduğumuz görüşlərin hamısını udduq. Qüvvələr nisbətinin xeyrimizə olmadığı iki qarşılaşmadan isə məğlub ayrıldıq. Yığma üzvləri öz səviyyələrində oynadılar. Burada bütün şahmatçıların payı bərabər idi. 5 təmsilçimizdən 4-ü şəxsi əmsallarını qaldırdı. Sevindirici haldır ki, birinci lövhə çox yüksək səviyyədə çıxış etdi. Digər lövhələr də bizi məyus etmədilər. Bir az Gülnar Məmmədovada nisbi uğursuzluq oldu. Bununla belə qadın komandamızın son Avropa çempionatında da bürünc medal qazandığını unutmayaq. Üstəlik yığma gənc şşahmatçılardan formalaşıb. Hazırlıq davam edəcəyi halda millinin uğurları davamlı olacaq.

 

Qələbəyədək

Avropa çempionatının bürünc medalçısı  Günay Məmmədzadə yarış barədə təəssüratlarını Region Plusla bölüşdü: "Yarış kifayət qədər yaxşı təşkil olunmuşdu. Bütün güclü rəqiblərimiz burada iştirak edirdi. Ağır görüşlərimiz oldu. Rəqabət güclü olduğu üçün sonadək mübarizə aparmağa məcbur idik. Niderland seçməsi üzərində qələbəmiz bizə məqsədə çatmağa yardımçı oldu. Nəticədə Ukraynanı keçib üçüncü olduq".

Məmmədzadə Avropa çempionatında əvvəlcədən medal qazanacaqlarına inandığını bildirib: "2019-cu ildə bürünc medal əldə etmişdik. Bunun üçün daha inamlı oynayırdıq. Bu yarışda məqsəd, təbii ki, ilk "3-lük"də yer almaq idi və buna da nail olduq. Növbəti Avropa çempionatında daha yüksək yer tutacağımıza inanıram".

Birinci lövhədə 4-cü olan və yığmanın ən yaxşı göstəricisinə imza atan şahmatçı öz çıxışını da dəyərləndirib: "Komanda yoldaşlarımla birlikdə hər zaman milli üçün ən yaxşı oyunlarımızı göstərməyə çalışmışıq. Mən, sadəcə, üzərimə düşəni etmişəm. Qələbəmizi bizə inanan və dəstəkləyən hər kəsə həsr edirəm. Şəxsi hədəfim FIDE reytinqində ilk "3-lüy"ə daxil olmaqdır".

Yeri gəlmişkən, şahmat həvəskarlarına böyük müjdə. Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat superturniri bərpa olunur. Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə baş tutacaq Memorial dekabrın 17-də start götürəcək. VII Vüqar Həşimov Memorialı rapid və blits üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış Bakıda keçiriləcək.  Turnirə “Fairmont Baku” oteli ev sahibliyi edəcək.



MƏSLƏHƏT GÖR:

135