29 Aprel 2024

Bazar ertəsi, 19:00

«4.4» MÜHARİBƏSİ

Bakıda peşəkarların təşəbbüsü ilə I Teatr festivalı keçirilib

Müəllif:

01.12.2021

Bakıda teatr mütəxəssislərinin təşəbbüsü ilə Birinci Qısa Tamaşalar Festivalı keçirilib. Əslində bu, çoxdanın ideyasıdır. Pandemiya olmasaydı, festival bu ilin may ayında keçirilə bilərdi. Ancaq həyat öz düzəlişlərini etdi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə avqustun 6-da Teatro.az portalı “4.4” qısametrajlı tamaşaların festival- müsabiqəsini elan etdi. Rəqəmlər arasında niyə nöqtə var? Təşəbbüskarlar bununla həm Azərbaycanın 44 günlük azadlıq müharibəsində qələbəsinin ildönümünə, həm də bu tarixi hadisənin sələfi - 2016-cı ilin dörd günlük aprel döyüşlərinə işarə vurublar. Festival Mədəniyyət Nazirliyinin, Dövlət Akademik Musiqili Teatrının və Beynəlxalq Teatr Tənqidçiləri İttifaqının dəstəyi ilə keçirilib. Tədbirdə dövlət teatrlarının, antrepriza teatrların və müstəqil teatrların kollektivləri iştirak edib. Repertuar afişasına videoformatda lentə alınmış və nümayiş etdirilən 22 tamaşa daxil olub. Müddət - ekran vaxtının 15 dəqiqəsindən çox olmayıb.

 

«4.4» müharibəsi gənc rejissorların gözləri ilə

Təşkilatçılar tərəfindən qoyulan mövzu təsadüfi deyil. İnformasiya səbəbi - ölkəmizin Qarabağ uğrunda azadlıq müharibəsindəki Zəfər bayramı - rejissorun eksperimental yaradıcılığının şərtləri ilə üzvi şəkildə çulğaşmışdı. İştirakçılar bu tarixi faktın önəmini 15 dəqiqəlik səhnə vaxtında mizan-səhnə, simvol və metaforalarla teatr dilində ifadə etməli və öz münasibətlərini bildirməli idilər. Dörd gün davam edən festival marafonunda peşəkarlardan ibarət səlahiyyətli münsiflər heyəti tərəfindən təmsil olunan yüksək heyət hər bir tamaşanın bədii və səhnə səviyyəsini müəyyənləşdirib. Münsiflər heyətinin tərkibində əməkdar incəsənət xadimi, sənətşünas, professor İsrafil İsrafilov (sədr), əməkdar incəsənət xadimi, teatr eksperti Aydın Talıbzadə, əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli, eləcə də xalq artisti Pərviz Məmmədrzayev təmsil olunub.

Münsiflər heyətinin üzvləri ilə 4.4 festivalının iştirakçıları arasında keçirilən fərdi söhbətlər panel müzakirəsi deyildi. Bu, tərbiyəçilərlə şagirdlər arasında söhbət də deyildi, peşəkar və yaradıcı maraq yoldaşlarının söhbəti idi. Yüksək peşəkar nəticə üçün eyni dərəcədə maraqlı olan tərəflər arasında söhbət idi. Məxfi, açıq, insani və peşəkarcasına dürüst söhbət. Hər bir işin təhlili - qərəzdən uzaq, ətraflı və obyektiv idi. Münsiflər heyətinin üzvləri göstərilən hər bir işə – düşüncəsindən tutmuş gerçəkləşdirilməsinə kimi ədalətli qiymət verərək, qısa tamaşaların yeni başlayan müəlliflərinə milli teatr rejissorluğu incəsənətinin mövqelərinin gücləndirilməsinə yönəlmiş peşəkar etibar və tənqidi söz ustalığı dərsi keçiblər. Təəssüf ki, əsərlərini videoçəkiliş formatında təqdim edən qısa tamaşa müəllifləri kinokamera obyektivi ilə işləmək həvəsinə qapılaraq, televiziya və ya kino tamaşası müstəvisinə keçiblər, teatrın “ehtimal halları” olan öz qanunları və “burada və indi” fəaliyyət vaxtı olduğunu unudublar.

 

22 rejissor versiyası, 22 cəhd

Festival hadisəyə çevrildi, həm də təkcə ona görə yox ki, pandemiya zamanı teatr aləmi və onun pərəstişkarları bu cür tədbirlər üçün “acıblar”. 22 rejissor variantı, “Müharibə” adlı problemin mahiyyətinə baxmaq üçün edilən 22 cəhd, məzmun və forma baxımından tam mükəmməl olmasa da, yaratmaq, düşünmək, sınamaq istəyi ortaya qoyurdu. Bəzən anlaşılan olmasa da, bəzən dəqiq olmasa da, bəzən dramaturgiya peşəkarlığı və rejissor vurğuları çatışmasa da, emosional və ehtiraslı idilər.

Bəzən rejissorların aktyor oyunu vasitəsi ilə öz hisslərini və düşüncələrini ifadə etmək cəhdləri ədəbi dialoqlara qədər sirayət edirdi və səhnələri illüstrasiya səviyyəsinə salırdı. Amma festivallar məhz bunun üçün lazımdır ki, ölkəmizdə “Müəlliflik hüququ haqqında” qanuna uyğun olaraq, tamaşaların müəllifləri olan rejissorlar anlaya bilsinlər ki, onların hər biri tamaşaları izləyici mühakiməsinə göndərən zaman necə bir məsuliyyət daşıyırlar. Əlbəttə, rejissorluq potensialı açıq gözə çarpan əsərlər də var idi, lakin onlar “mükafat qazanan yer” meyarına qalxa bilmədilər. Bunların sırasına Könül Şahbazova-Qasımovanın “Son nəfəsə qədər” (Bakı Uşaq və Gənclər Teatrı) plastik tamaşasının adını çəkmək olar. İfaçıları «contemporary» (burada və indi) üslubuna yaxınlaşdıran xalqın qəhrəmanlıq şücaəti ideyasını ifadə etmək cəhdi, quruluşçunun praktiki canlandırma üzrə yetərincə təcrübəsi olsaydı, uğur qazana bilərdi. Abdulla Elşadlının “Storyboard” əsəri (Müstəqil Human Teatrı) cəsarətli, bəyanat səviyyəsində hazırlanıb, ancaq bu, rejissorun quruluşçu ideyasına çevrilə bilməyib.

Rejissorun düşündüyü hekayəni biz görmədik: o, quruluşçunun özünün istedad coşqusundan doğan aktyorluq ehtiraslarının və duyğularının qalağı altında dəfn olunub. Rejissor Zülfiyyə Əliyevanın təklif etdiyi “Xarıbülbül əfsanəsi” (Gəncə Kukla Teatrı) animasiya tamaşası versiyası da maraqlı və maarifləndirici ola bilərdi, ancaq bunun üçün müəllif animasiya imkanlarının əsirliyindən qaçaraq, kukla teatrının estetikası və imkanları şərtlənən teatr sənəti xətti ilə getməli idi.

- Festivalda təqdim olunan, amma mükafat almayan rejissor layihələrinin ümumi qiymətləndirməsi necədir?

Əməkdar incəsənət xadimi, teatrşünas, professor Aydın Talıbzadə:

- Qısa videoformatda festivala göndərilən çox sayda zəif, uğursuz, forma və bədii tərtibat baxımından köhnəlmiş tamaşalar arasında sırf konseptual quruluşlu rejissor işləri az idi. Əksər hallarda bunlar məktəb səhnəciklərinə bənzəyən qısa əsərlər idilər, festival mövzusunu səthi səviyyədə çılğınlıqla 40-50-ci illərin teatr poetikası müstəvisində işıqlandırmağa çalışırdılar. Bunların fonunda Emil Bakuvinin (Milli Akademik Dram Teatrı) Svetlana Alekseyeviçin “Müharibənin qadın üzü yoxdur” romanı əsasında quruluş verdiyi səhnə miniatürü yetərincə parlaq görünürdü. Səhnə miniatürünün həddindən şit bər-bəzəkli qadın qəhrəmanının arxasında oturduğu və üzərindəki yaş qumların içində nahar üçün serviz axtardığı yemək masasının frontal kəsiyi bir an içində əsgərlərin addımlayan çəkmələri üçün tramplinə çevrildi. Rejissor bu mizan-səhnə ilə parlaq şəkildə bildirib ki, müharibə sözün əsl mənasında yolunda olan hər şeyi tapdalayır, insanlığın bütün maddi və ruhi mədəniyyətini məhv edir, o cümlədən onun mental vərdişlərini sıfırlayır. Düşünürəm ki, bu, Alekseyeviçin sənədli hekayəsinin mahiyyətini vizual bədii obrazlarda rəmziləşdirmək üçün maraqlı cəhd idi. Bununla, Emil Bakuvi çağdaş konseptual istiqamətə yad olmadığını və çağdaş rejissor düşüncəsinin kateqoriya aparatına sahib olduğunu sübut etdi. Bu festivalda «ƏSA» İnklüziv Teatrının kollektivi məni sevindirdi, mənə elə gəlir ki, o, peşəkar yola qədəm qoyur və baş rejissor Nihad Qulamzadə aktyorlarla daha inamlı və dəqiq işləməyə başlayır. Mən indi, sadəcə, müsbət şeylərdən danışdım. Biz parlaq işləri və teatr kollektivinə rəhbərlik edə bilən rejissorları o zaman gözləyə bilərik ki, bizim bütün teatr mühitimiz səfərbər olsun və irəliyə doğru keyfiyyətli sıçrayış edə bilsin.

- Bu festivalla bağlı sizin hansı peşəkar gözləntiləriniz var idi?

İsrafil İsrafilov, festivalın münsiflər heyətinin sədri:

- Birincisi, istənilən festival iştirakçıların səviyyəsindən və sayından asılı olmayaraq, özlüyündə bir hadisədir. Nə gizlədim, pandemiya ilə əlaqədar ölkənin mədəni həyatında bir sakitlik hökm sürür. Gözlənilmədən qısa tamaşalar festivalı keçirmək ideyası yarandı. Mədəniyyət Nazirliyi və Teatro.az portalının əməkdaşlığı ilə bu səhnə möcüzəsi baş verdi. Bu, möcüzə idi, çünki gözlənilməz idi və cəsarətli idi. Biz hamımız ölkəmizin teatr həyatında bir növ ikinci nəfəsin açılmasını hiss etdik.

Festivalın nəticələri isə onun vaxtında və zəruri olduğunu göstərdi. Festival, aydındır ki, ümidlərin və coşqunun görüş yeridir. Onu deyim ki, coşqu yetərincə idi, ancaq təqdim olunan işlər arasında yalnız bir neçəsi diqqətə layiq idi.

İkincisi, heç bir məntiqli insan festival iştirakçılarının yaradıcılığının gələcəkdə necə olacağını indidən deməyə çalışmaz. Çünki həm həyatda, həm də yaradıcılıqda taleyimizə təsir edən çox sayda obyektiv və subyektiv amillər var. Təqdim olunan əsərlərə görə bu gənc rejissorların istedadının səviyyəsini qiymətləndirmək olduqca çətindir. Özünüz də bildiyiniz kimi, bu əsərlər sırf teatr tamaşaları deyil və ona görə də onları bu keyfiyyətdə qiymətləndirmək çətindir. Film-tamaşa kimi onların çoxu diqqətəlayiqdir. Bu əsərlərin müəllifləri arasında istedadlı insanlar da az deyil, amma etiraf etməlisiniz ki, 15 dəqiqəlik səhnə vaxtında konkret mövzuda bədii bütövlük yaratmaq çətindir, demək olar ki, mümkün deyil. Sevindirici haldır ki, bəziləri uğur qazanıb.

Teatr rejissorluğunun gənc nəsil probleminə gəlincə, festival iştirakçıları arasında, təəssüf ki, mən parlaq, qeyri-adi dəst-xətt görmədim.

Artıq neçə illərdir ki, rejissorluq sənətini araşdırıram və deyə bilərəm ki, aktyorluqdan fərqli olaraq rejissor istedadı uzun illərdən sonra özünü büruzə verir. Rejissor istedadı, almaz kimi, uzun illər cilalama tələb edir.

 

Festivalın bağlanışı

Dövlət Akademik Musiqili Teatrının binasında anlamlı adı olan “4.4” qısa tamaşalar festivalının bağlanış mərasimi keçirilib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev vurğulayıb ki, yeni başlanmış festival teatr sənətinin inkişafı, yeni peşəkar kadrların yetişdirilməsi, yeni teatr formalarının üzə çıxarılması üçün çox vacib və zəruridir. Layihənin rəhbəri və təşəbbüskarlarından olan Vidadi Qafarov göstərdiyi köməyə görə Mədəniyyət Nazirliyinə təşəkkür edərək dedi:

“Festival ənənəvi olacaq və ölkənin gənc rejissorlarını yaradıcı inkişafa, yeni forma və ideyalar axtarışına həvəsləndirəcək. Peşəkar dialoqun başlanğıcı qoyulub və bu, davam etdirilməlidir”.

Tədbirin direktoru Elçin Cəfərov tədbirdə iştirak edənləri festivalın başa çatması münasibətilə təbrik edərək, mükafat qazanan tamaşaların mükafatlandırma mərasimini elan edib. Beləliklə, Tərlan Abdullayev (“Son görüş”, Lənkəran Dram Teatrı) III yerə və 750 manat mükafata layiq görülüb; ikinci yeri və 1000 manat mükafatı Zaur Əliyev (“44”, Dövlət Akademik Musiqili Teatrı, Bakı) qazanıb; birinci yerə və 1500 manat mükafata, həmçinin “Dəfnə” kubokuna Nihad Qulamzadə (“Qonşu”, “ƏSA” İnklüziv Teatrı) layiq görülüb.

- Gələn il festival necə olacaq? Orada da peşəkar və həvəskar kollektivlər bərabər şəkildə iştirak edəcək, yoxsa format dəyişdiriləcək?

Festivalın direktoru, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “YUĞ” teatrının ədəbi-dram hissə müdiri Elçin Cəfərov:

- Hə, biz belə də planlaşdırmışdıq. Birincisi, bu, ilk festivaldır və hazırlıq üçün elə də çox vaxt yox idi. İkincisi, bu il biz işlərin ciddi seçimini aparmadıq: müsabiqəyə təqdim olunmuş 30-a yaxın ərizədən 22-si qəbul olundu.Gələn il bu müsabiqədə iştirak etmək istəyənlərin hazırlaşmağa və seçimə daha çox vaxtı olacaq, uyğun olaraq, seçim daha sərt olacaq. Bundan başqa, festivalın proqramına həm müsabiqəli, həm də qeyri-müsabiqəli işlərin nümayişi daxil ediləcək. Amma yenə də bu məsələni Mədəniyyət Nazirliyi ilə müzakirə etdikdən sonra ona yenidən baxıla bilər.

- Tamaşa müddəti eyni qalacaq, 15 dəqiqə?

- Yox. Biz vaxtı 30 dəqiqəyə qədər uzatmaq qərarına gəldik.

- Festivalın mövzu istiqaməti dəyişəcək, yoxsa həmişəlik “4.4” adı altında qalacaq?

- Festivalın adı olduğu kimi qalacaq - “4.4”. Ancaq mövzu dəyişkən olacaq.

- Tamaşaların nümayişi ekran formasında qalacaq?

- Yox. Tamaşalar real vaxt rejimində təqdim olunacaq.

- Festivalın bütün təşəbbüsçülərinə və qurucularına uğurlar, festivalın özünə isə uzun və xoşbəxt yaradıcılıq ömrü arzulayırıq.

- Təşəkkür edirəm. Belə də olacaq!



MƏSLƏHƏT GÖR:

143