17 May 2024

Cümə, 06:29

TAYVAN TAPMACASI

Bir vaxtların «diplomatik uğurları» hərbi qarşıdurmaya necə çevrilir?

Müəllif:

01.12.2021

Çinin Asiya-Sakit okean regionunda, xüsusilə Tayvan ətrafında bir neçə aydır müşahidə olunan hərbi fəallığı bütün dünyada narahatlıq yaradıb. Söhbət, ilk növbədə, Şərq yarımkürəsinin bu hissəsini maraq dairəsinin vacib hissəsi sayan ABŞ-dan gedir.

Birləşmiş Ştatlarda bu yaxınlaradək hesab edirdilər ki, onlar Çinin ərazi iddialarının qarşısını ala bilərlər. Amma indi bir fikrə daha tez-tez rast gəlinir: Vaşinqtonun uzun illər sahib olduğu hərbi hökmranlıq bu işlərdə kifayət etməyə bilər.

Analitik mərkəzlərin qiymətləndirmələri və ABŞ Müdafiə Nazirliyinin hesabatın göstərir ki, indi Pekin Sakit okeanın qərb hissəsində ABŞ ilə müharibəni udmaq üçün real şanslara malikdir. Pentaqonun bu ilə dair hesabatında deyilir ki, artıq Çinin imkanları bir neçə sahədə ABŞ Silahlı Qüvvələrinin imkanlarını geridə qoyub. Buraya, o cümlədən gəmiqayırma, adi ballistik və qanadlı raketlər, hava hücumundan müdafiə üzrə inteqrasiya olunmuş sistem və s. daxildir.

Məsələn, Pekinin ABŞ-ın 1949-cu ildən Tayvana davamlı hərbi yardım göstərməsinə qəflətən kəskin reaksiya verməyə başlaması da buradan qaynaqlana bilər. İndi Çindən heç zaman eşidilməyən hədələr belə, eşidilməkdədir. Məsələn, «odla oynayan özünü yandırar», «Tayvanın müstəqilliyinə çalışan separatçılar bizi təxribata çəkərlərsə, qəti addımlar atmalı olacağıq» və s.

 

Siyasi təcrid

BMT-nin 1942-ci il yanvarın 1-də qəbul etdiyi bəyannamə antihitler koalisiyasının üzvü olan 4 dövlət – ABŞ, Böyük Britaniya, SSRİ və Çin tərəfindən imzalanıb. 4 il sonra bu dövlətlər və əlavə olaraq Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə çevriliblər. Vacib nüans ondan ibarətdir ki, 1912-ci ildən Çin hələ «Çin Respublikası» adlanır, ona generalissimus, «Homindan» partiyasının lideri Çan Kayşi rəhbərlik edirdi. O, 1949-cu ildə Mao Tsedunun rəhbəri olduğu kommunistlərlə vətəndaş müharibəsindən məğlub olub və təxminən, 2 milyon tərəfdarı ilə birlikdə Tayvan adasında məskunlaşıb. Bundan sonra Çin Respublikası faktiki olaraq, yalnız adanın hüdudlarında mövcud olub və 20 ildən artıq BMT-də bütün Çini məhz o təmsil edib. Çünki o zaman «Çin Xalq Respublikası»nın materik hissəsində hakimiyyətini qurmuş kommunistləri dünyada heç kim tanımırdı.

Nəhayət, 1971-ci ildə ÇXR-in sürətlə artan çəkisini qəbul etməmək mümkünsüz hala çevrilib və nəticədə, kompromis kimi Çan Kayşiyə BMT-də təmsilçiliyin Pekinlə bölüşdürülməsi təklif olunub. O isə bu təklifi qəti şəkildə rədd edib, bütün ölkəyə rəhbərliyi davam etdirmək əzmində olduğunu bildirib.

Bu halda dünya birliyinin ÇXR-i tanımaqdan başqa yolu qalmayıb. Lakin BMT TŞ-nin yeni üzvü daha bir Çini tanımaqdan imtina etdiyindən, Çin Respublikası avtomatik olaraq, «tanınmamış respublika» statusu alıb. Bu isə Tayvanın tədricən beynəlxalq birlikdən diplomatik təcridinə yol açıb. Çünki Pekinlə əməkdaşlıq etmək istəyən bütün dövlətlər Taybey ilə diplomatik münasibətləri kəsməli idi. Amma onların əksəriyyəti Tayvanla ticarət nümayəndəlikləri və ya mədəni institutlar vasitəsilə qeyri-formal münasibətləri hələ də qoruyub saxlayır. Bu gün Çin Respublikası ilə diplomatik münasibəti olan cəmi 15 ölkə var.

ABŞ Pekinlə rəsmi diplomatik münasibətləri 1979-cu ildə qurub və bununla da, Taybeydəki səfirliyini bağlamaq məcburiyyətində qalıb.

 

İkili yanaşma

Çin, Tayvan və ABŞ arasındakı çətin diplomatik münasibətlər fonunda ən kiçik addım, yaxud söz seçimi vacib əhəmiyyət kəsb edə bilər. Məsələn, Pekin və Vaşinqton üçün «vahid Çin» anlayışı fərqli qəbul olunur. Birincisi üçün bu, Tayvanın müstəqil dövlət yox, sadəcə, materikin əyaləti olduğu anlamına gəlir. ABŞ üçün isə söhbət daha çox «vahid» yox, «bir Çin»dən gedir. ABŞ-ın rəsmi mövqeyi ondan ibarətdir ki, Tayvanın statusu müəyyənləşməyib, amma bu, statusun güc yolu ilə müəyyənləşməli olduğu anlamına gəlmir.

Tayvanla münasibətlərə dair 1979-cu ildə qəbul olunmuş qanunda deyilir ki, ABŞ-ın ÇXR ilə diplomatik münasibətlər qurmaq qərarı «Tayvanın gələcəyinin dinc yolla müəyyənləşdiriləcəyinə dair gözləntilərə əsaslanır». Qanun Vaşinqtonun üzərinə bir öhdəlik də qoyur: «Tayvana öz müdafiəsini təmin etməyə imkan verəcək tədarükün Pekinlə Tayvana dair rəsmi razılaşması yoxdur. Bu isə uzun illər iki ölkə arasında normal münasibətlərin qurulmasına mane olub. Ağ Ev hesab edib ki, o, Tayvana silah satışını dayandırmamalıdır. ÇXR rəhbərliyi isə bunu Çinin suverenliyinin pozulması kimi qiymətləndirib.

Uzun diskussiyalardan sonra 1982-ci ilə ABŞ ilə ÇXR hər iki tərəfin mövqeyində qalmasına imkan verən formul tapıblar. Birgə kommunikedə həm ABŞ-ın Tayvana silah satışını dayandıracağı tarix əksini tapmasa da, onun Çinin suverenliyinə hörmət etdiyi qeyd olunub. Bununla yanaşı, sənəddə Pekinin Tayvanla dinc münasibətləri dəstəklədiyini də vurğulanıb.

Düşünmək olardı ki, nəhayət, iki ölkənin fikir ayrılıqlarına son qoymasına imkan verən diplomatik qələbə qazanılıb. Lakin tarix göstərdi ki, kommunike nəinki ikitərəfli münasibətlərdəki gərginliyi aradan qaldırmayıb, əksinə qarşılıqlı ittihamlara, sənədin tələblərinə əməl olunmadığına dair məzəmmətlərə səbəb olub.

Məsələ ondadır ki, «dolaşıq» formullar hər iki tərəfin sənədi öz istəyinə uyğun şərh etməsinə imkan verir. Məsələn, Amerika tərəfi bildirir ki, sənəddə Tayvana silah tədarükünün azaldılması ilə Pekinin Tayvana qarşı dinc siyasət yürütməsi arasında birbaşa əlaqə olmasa da, bu, nəzərdə tutulur. ÇXR isə ABŞ-ın onun suverenliyinə hörməti və Tayvana silah satışını tədricən azaltması arasında eyni məntiqi zəncir qurur. Eyni ikili yanaşmaya Çin-Tayvan münasibətləri ilə bağlı məsələlərdə də rast gəlinir. Ümumiyyətlə, onların münasibətlərini tənzimləyən yeganə sənəd «1992-ci il konsensusu» adlı razılaşmadır. O, hər iki tərəfin vahid Çini və Çinin bütövlüyünü tanımasını nəzərdə tutur. Amma bu zaman tərəflərdən hər birinin «vahid Çin»lə bağlı öz interpretasiyası var.

Fikir ayrılıqları fonunda ümumi məxrəclərin tapılması qərarı tərəflərə bir sıra razılaşmalar əldə etmək imkanı verib. Məsələn, Çinin materik hissəsi ilə ada arasında birbaşa müntəzəm hava və dəniz əlaqəsi var, materikdən Tayvana turistlər gedir, qarşılıqlı biznesin miqyası artır. Tayvan şirkətlərinin Çin iqtisadiyyatına yatırdıqları investisiyanın həcmi 60 milyard dollara çatır və hazırda orada 1 milyonadək tayvanlı yaşayır və işləyir.

 

Səbəblər

Əksəriyyət hesab edir ki, Çinlə ABŞ arasında Tayvan mövzusunda son gərginliyin 3 əsas səbəbi var.

Birinci səbəb Tayvanda 2016-cı ildə baş vermiş hakimiyyət dəyişikliyidir. Həmin il adada Pekinlə dinc yolla birləşməyə çalışan «Homindan» partiyasını Demokratik Mütərəqqi Partiya əvəzləyib. Bu partiyada hesab edirlər ki, Tayvan Çinin materik hissəsindən müstəqil olmalı və bu müstəqillik rəsmən tanınmalıdır. Məhz bundan sonra Pekin adanı güc yolu ilə ələ keçirə biləcəyinə dair hədələri bərpa edib. İndi o, Tayvanla hələ də diplomatik əlaqələri olan ölkələrdən bu əlaqələrin kəsilməsinə dair rəsmi qərar qəbul etmələrini istəyir. 2018-ci ildə ÇXR xarici şirkətlərin, o cümlədən aviaşirkətlərin və hotellərin öz saytlarında Tayvanı Çinin bir hissəsi kimi göstərməsinə də nail olub.

İkinci səbəb – 2018-ci ildə Tramp administrasiyası Çinlə ticarət balansının dəyişdirilməsinə dair uğursuz cəhdlərdən sonra Tayvandan Pekinə təzyiq vasitəsi kimi istifadə etmək qərarına gəlmişdi. Bu məqsədlə o, adaya hərbi yardımın həcmini ciddi şəkildə artırıb, üstəlik, son 30 ildə ilk dəfə Tayvana sonuncu nəsil qırıcılar belə, tədarük edib. Maraqlıdır ki, bu tendensiya Bayden administrasiyası dövründə də davam edir. İndi Ağ Ev Çini Tayvan boğazında «aqressiv hərəkətlər» etməkdə də günahlandırır.

Çinin nüvə başlığı daşıya bilən hipersəs raketini sınaqdan keçirməsindən sonra jurnalistlər Co Baydendən Pekinin Tayvana hücum edəcəyi təqdirdə Vaşinqtonun sonuncunu qoruyub-qorumayacağına dair sual ünvanlayıblar. ABŞ prezidentinin cavabı birmənalı olub: «Bəzi, biz bunu etməyə borcluyuq».

Doğrudur, Ağ Ev sonradan bunun regionla bağlı siyasətlərinin dəyişdiyi anlamına gəlmədiyini bildirib. Açıqlamada deyilir ki, ABŞ, sadəcə, Tayvanın özünü müstəqil şəkildə qoruya bilməsi üçün adaya yardımı davam etdirməyə hazırdır. Lakin çoxları bu bəyanatları Vaşinqtonun «ikimənalıq strategiyası»na sadiqliyi kimi qiymətləndirir. Başqa sözlə, Çinin Tayvana hücum edəcəyi təqdirdə, Amerikanın necə davranacağı qeyri-müəyyən olaraq qalır.

Üçüncü səbəb Çin rəhbəri Si Cinpinin Tayvanla bağlı heç bir kompromisə getməməsidir. Bu, onu «yumşaq güc»ə üstünlük vermiş sələflərindən fərqləndirən əsas məqamlardandır.

ÇXR-in hazırkı rəhbəri «Çin xalqının böyük yenilənməsi»nə başçılıq edəcəyi vədini verib və Tayvanın Çinin nəzarətinə keçməsi də bu hədəfə daxildir. Cinpinin sərt siyasəti öz növbəsində, Tayvanın nə vaxtsa Çinin şərtlərini könüllü şəkildə qəbul etməsi ehtimalını azaldıb. Üstəlik, Honkonqda milli təhlükəsizlik haqda qanunun tətbiqi faktiki olaraq, onu müstəqillikdən məhrum edib.

 

Asan olmayacaq

Müharibənin qaçılmaz olduğunu düşünənlər azdır. Çünki onun iqtisadi və diplomatik fəsadları Çin üçün çox ağır ola bilər. Bununla yanaşı, Tayvan sahillərində və hava məkanındakı hərbi manevrlərdə məqsəd müharibəyə başlamaq yox, sadəcə siyasi təzyiq göstərməkdirsə belə, Çinin artan maliyyə, siyasi və hərbi qüdrəti, həmçinin ölkə rəhbərliyinin böyük iddiaları adanın təhlükəsizliyinin təminini kifayət qədər çətin işə çevirib. Onu həll etmək üçün «baş sındırmalı» olan  isə heç də yalnız ABŞ deyil.



MƏSLƏHƏT GÖR:

121