17 May 2024

Cümə, 09:27

KONSENSUS VASİTƏSİLƏ DƏHLİZƏ

Ermənistanın KTMT-dəki üç müttəfiqi Azərbaycanı qələbə münasibəti ilə təbrik edib və İƏT-i azad olunmuş ərazilərin bərpasına dəstək verməyə çağırıb

Müəllif:

01.12.2021

«İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər».

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

 

Noyabrın sonu Azərbaycan üçün vacib beynəlxalq danışıqlar və yüksək səviyyədə əhəmiyyətli görüşlərlə yadda qalıb. Prezident İlham Əliyev Soçidə Rusiya və Ermənistan liderləri ilə kifayət qədər uğurlu müzakirələrin ardından noyabrın 28-də Aşqabada səfər edərək, Türkiyə, İran, Pakistan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçıları ilə birlikdə İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısına qatılıb. Qazaxıstan forumda baş nazir səviyyəsində təmsil olunub, Əfqanıstan isə məlum hadisələr üzündən tədbirə qatılmayıb.

 

Niyə İƏT?

İƏT-də cəmi 10 ölkə təmsil olunsa da, bu qurumun bütün iştirakçılar üçün əhəmiyyətli potensialı var. Çünki o, 500 milyon insanı əhatə edən nəhəng bazara malikdir. İƏT üzvlərinin coğrafi baxımdan strateji mövqedə yerləşmələri, Şərqlə Qərbi birləşdirən ən qısa və effektiv nəqliyyat dəhlizinin onların ərazisindən keçməsi, təbii ehtiyatlarla zəngin olmaları qurumun əhəmiyyətini artıran amillərdir.

İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu format faktiki olaraq, 1964-1979-cu illərdə fəaliyyət göstərmiş İnkişaf üçün Regional Əməkdaşlıq Təşkilatını əvəzləyib. Bəzi ölkələr, o cümlədən Azərbaycan mənzil-qərargahı Tehranda yerləşən bu quruma 1992-ci ildə qoşulub.

Bakıda bildirirlər ki, İƏT bütün digər cəhətləri ilə yanaşı, 1993-cü ilin iyulunda İstanbulda keçirilmiş sammitdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş daha bir vacib təşkilatlardan biridir. O zaman qurum İrəvandan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini yerinə yetirməsini, öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmasını tələb etmişdi. O zaman bu məsələdə hələ Azərbaycan Prezidentinin səlahiyyətlərinin icraçısı olan ümummilli lider Heydər Əliyev də əhəmiyyətli rol oynamışdı.

Sonrada Heydər Əliyev Bakıda İƏT-in Tədqiqat Mərkəzinin yaradılması təklifi ilə çıxış etmişdi. Məsələnin Prezident İlham Əliyev tərəfindən aktuallaşdırılmasının ardından 2021-ci ilin artında təşkilatın XIV onlayn sammitində Bakı mərkəzinin nizamnaməsi qəbul olunub. Tədqiqat mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlar hesabına İƏT ölkələrinin regional əməkdaşlığına yardım göstərilməsidir.

Bu gün Azərbaycan İƏT-də xüsusi çəkiyə malikdir. Çünki o, təşkilatda islahatların aparılmasında, onun effektivliyinin artırılmasında maraqlı olan üzvlərdəndir. Bakı İƏT üzvü olan ölkələrlə beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında da səmərəli əməkdaşlıq edir.

Azərbaycan və ümumilikdə regional əməkdaşlıq üçün daha bir vacib amil İƏT-ə sədrliyin son illər Bakının kifayət qədər yaxın, tərəfdaş münasibətlərində olduğu Türkmənistandan qardaş Özbəkistana keçməsidir. Şavkat Mirziyoyevin Özbəkistan prezidenti seçilməsi ilə Bakı ilə Daşkənd arasında dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi, qarşılıqlı anlaşmaya, praqmatik tərəfdaşlıq və əməkdaşlığa əsaslandığı sirr deyil. Hər iki ölkənin iqtisadiyyatı son 4 ildə, hətta pandemiyaya rəğmən davamlı inkişafdadır. 2018-2020-ci illərdə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 3 dəfə artıb. Yalnız ötən il koronavirus pandemiyasına baxmayaraq, qarşılıqlı ticarətdə 13%-lik artım qeydə alınıb. 2021-ci ilin ilk 10 ayında isə bu artım 35% olub. İki ölkə faktiki olaraq, böhran dövründə səmərəli tərəfdaşlıq nümunəsi göstərib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq isə istər regional, istərsə də ikitərəfli səviyyədə öz bəhrəsini verir. Bütün bunlara əsasən güman etmək olar ki, Özbəkistanın İƏT-ə sədrlik edəcəyi dövrdə praktik olaraq öz regionlarının iqtisadi lokomotivləri olan bu iki ölkə təşkilat çərçivəsində öz potensiallarını uğurla reallaşdıra biləcəklər.

 

Sülhə aparan dəhliz

Aşqabad görüşünün əsas mövzuları İƏT-in dinamik təşkilat kimi möhkəmlənməsinə yönəlmiş çoxtərəfli tərəfdaşlığın gələcək inkişafı, üzv dövlətlər arasında ticarət, nəqliyyat-kommunikasiya, sənaye kooperasiyası, «yaşıl enerji» və turizm kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi olub.

Kabil rəsmiləri məlum səbəblərdən sammitə qatılmasalar da, bu günün əsas regional mövzularından olan Əfqanıstan problemi də əksər iştirakçıların çıxışlarında gündəmə gətirilib. Məsələn, Özbəkistan lideri Şavkat Mirziyoyev Əfqanıstan probleminə ümumi yanaşmanın ortaya qoyulması, əfqan xalqına vacib yardımların göstərilməsi üçün səyləri birləşdirməyi təklif edib. «Əfqan xalqı bu çətin sınaqdan təkbaşına, beynəlxalq birliyin, həmçinin yaxın qonşuların yardımı olmadan çıxa bilməyəcək», - deyə o, bildirib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov isə çıxışında Əfqanıstanın İƏT üzvlərinin iştirakı ilə reallaşdırılan nəhəng infrastruktur layihələrinə cəlbinin əhəmiyyətini vurğulayıb. «Hazırda Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə elektrik xətti, Türkmənistandan Əfqanıstana dəmir yolu çəkilir. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin tikintisi də tam gücü ilə davam edir. Ölkəmiz «Şərq-Qərb» və «Şimal-Cənub» xətləri üzrə nəqliyyat-tranzit əlaqələrinin fəallaşdırılmasına xüsusi diqqət göstərir. Məsələn, söhbət Özbəkistan-Türkmənistan-İran-Oman, həmçinin Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizlərinin yaradılmasından gedir», - deyə Berdiməhəmmədov qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində, sammit iştirakçılarının diqqətini ötən il baş vermiş 44 günlük müşaribə nəticəsində azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun «yaşıl enerji» zonası elan edildiyinə çəkib. «Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər», - deyə İlham Əliyev bildirib.

Zəngəzur nəqliyyat dəhlizinin açılmasının vacibliyini Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da təsdiqləyib. O, bildirib ki, «Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti İƏT çərçivəsində ticarət həmçinin artırılması, iqtisadi əlaqələrin fəallaşdırılması səylərinin əyani təzahürüdür. «Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür», - deyə Ərdoğan qeyd edib.

Sammitin yekununda «Aşqabad fəaliyyət konsensusu» qəbul olunub. Sənəd özündə üzv dövlətlərin regional iqtisadi əməkdaşlığı inkişaf etdirməsi və möhkəmləndirməsi üçün əsas prioritetləri əks etdirir.

Sənəddə Azərbaycan üçün əhəmiyyətli sayılacaq məqamlardan biri də İƏT üzvü olan tərəfdaşların ona işğal altındakı torpaqlarını azad, ərazi bütövlüyünü bərpa etdiyi üçün təbrik ünvanlamasıdır. Konsensusu imzalayanlar bunun Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin yaranması ilə dayanıqlı sülhə, iqtisadi çiçəklənməyə yola açacağını bildirib, üzv dövlətləri «Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması ilə bağlı layihələrə investisiyaların qoyulması imkanlarını öyrənməyə» çağırıblar.

Bu məqam Ermənistanda yumşaq desək, birmənalı qarşılanmayıb. Çünki Aşqabad sammitinin yekun sənədinin həm də onun KTMT çərçivəsində müttəfiqi olan 3 dövlət imzalayıb – Qazaxıstan, Qırğızıstan və Tacikistan.

Bundan başqa, İƏT çərçivəsində qəbul olunmuş sənədlərdə «Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənəd» kontekstində «dəhliz» anlayışı da əks olunub. Bütün bu faktlar Azərbaycanın çoxillik münaqişə ilə bağlı mövqeyinə, 44 günlük müharibənin ədalətli nəticəsinə dəstək və simpatiyanın təzahürü, Bakının uğurlu xarici siyasətinin qiymətləndirilməsidir.

 

Dönüş

İƏT ölkələrinin birinci şəxsləri Aşqabad sammitinə qatılmaqla həm də təkbətək və geniş tərkibdə müzakirələr aparmaq üçün yaxşı meydan əldə ediblər. Məsələn, İlham Əliyev Aşqabadda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın dövlət başçısı Arif Alvi, Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov, Tacikistan prezidenti Emomali Rahmon və digər həmkarları ilə görüşlər keçirib.

Region jurnalistləri və ekspertləri isə Azərbaycanın dövlət başçısı İlham Əliyevin İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü səbirsizliklə gözləyirdilər. Görüşdə yığılıb qalmış problemli məsələlər və qarşıda duran vəzifələr müzakirə olunmalı idi. Türkmənistan paytaxtında bu görüş də baş tutub və jurnalistlər onun gedişini izləmək imkanı da qazanıblar.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan İranla əlaqələrə böyük əhəmiyyət verir. «Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq», - deyə o, qeyd edib.

Görüşdə Azərbaycanla İran arasında «Şimal-Cənub», həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması İrana da fayda gətirəcək, çünki bu nəqliyyat arteriyasından o da istifadə edə biləcək. Prezidentlərin görüşündə o da vurğulanıb ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyət dəyişib. Tərəflər regional məsələlərin həllində region dövlətlərinin iştirakının vacibliyini bildiriblər.

İbrahim Rəisi deyib ki, «biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik». O, ölkəsinin Qarabağ məsələsi ilə bağlı mövqeyinin dəyişməz olduğunu da söyləyib. «İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır», - deyə İran prezidenti bildirib. O, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Tehrana bu yaxınlarda etdiyi səfəri, həmçinin iki ölkənin XİN başçıları arasındakı son təmasları müsbət qiymətləndirib.

Görüşün əsas hadisəsi İran ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən sənədin imzalanması olub. İran KİV-nin məlumatına görə, ildə Türkmənistandan Azərbaycana İran vasitəsilə 1,5-2 milyard kubmetr qaz nəql olunacaq. Müqavilə müddətsizdir və onun icrasına bu il dekabrın 22-dən başlanacaq. İran SWAP müqaviləsi çərçivəsində Türkmənistan qazını Azərbaycana tədarük etməklə, beş əyalətinin «mavi yanacağ»a olan tələbatını ödəyə bilər.

İmzalanmış sənədi faktiki olaraq, Azərbaycan-İran münasibətlərində dönüş anı kimi qiymətləndirmək mümkündür. Məlum olduğu kimi, 44 günlük müharibənin nəticələri ilə əlaqəli bir neçə amil son dövrlərdə bu münasibətlərdə müəyyən problemlər yaratmışdı. İndi iki ölkənin istər siyasətçiləri, istərsə də ekspertləri deyirlər ki, imzalanmış bu tarixi sənəd ikitərəfli münasibətlərdə yaranmış və Ermənistanın hər imkanda öz xeyrinə yararlanmağa çalışdığı böhranı geridə qoyacaq.

«Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir», - deyə İlham Əliyev bildirib. Seyid İbrahim Rəisi isə öz növbəsində, bu sənədin ölkələr arasında münasibətlərin inkişafına yönəldiyini vurğulayıb: «Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir».

Beləliklə, İƏT-in bir günlük Aşqabad sammiti birinci şəxslərin «saatlarını tutuşdurması» üçün imkana çevrilib. Üzv dövlətlərin liderləri müəyyən fasilədən sonra istər İƏT çərçivəsində əməkdaşlığın gələcək inkişaf imkanlarını müzakirə etmək, istərsə də effektiv ikitərəfli danışıqlar aparmaq imkanı qazanıblar. Ümid edək ki, dünyada tüğyan edən koronavirus pandemiyası beynəlxalq münasibətlərə mane olmayacaq və biz tezliklə xüsusi böhranların, maneələrin olmadığı normal həyata qayıdacağıq.



MƏSLƏHƏT GÖR:

134