2 May 2024

Cümə axşamı, 11:15

TARİXDƏ İLK

İrina Zaretska: özümü ikiqat xoşbəxt kimi hiss edirəm

Müəllif:

15.12.2021

TARİXDƏ İLK

2021-ci il sona çatır. Artıq bütün sahələrdə olduğu kimi idmanda da ilin yekunlarına nəzər salmaq vaxtıdır. “Region plus” başa çatmaqda olan ilin uğurlu idmançılarından biri barədə danışacaq. 2021-ci il karateçi xanım idmançımız İrina Zaretska üçün unudulmaz qələbələrlə yadda qaldı.

 Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan İ. Zaretska həm də dünya və Avropa çempionatında qələbə sevinci yaşadı. Beləliklə, suallarımızı Olimpiya Oyunlarının gümüş medalçısı, ikiqat dünya və Avropa çempionu İrina Zaretska (68 kq) cavablandıracaq. 

- Dubayda keçirilən dünya çempionatında qızıl medal qazanmaqla ölkəmizdə ilin idmançısı adına ən real namizəd oldunuz. Özünüzü ikiqat dünya çempionu kimi necə hiss edirsiniz?

- Bu il dünya çempionu olmaq əsas hədəflərimdən biri idi. İlin son yarışında mübarizə aparmaq, bu kateqoriyada ən yaxşı olduğumu növbəti dəfə sübut etmək və qızıl medal qazanıb, Azərbaycanın himnini səsləndirmək çox gözəl hisslərdir. Dünya çempionu olmaq hər yaşda, hər zaman çox böyük uğurdur. Özümü ikiqat xoşbəxt hiss edirəm.

- Dünya çempionatını xatırlayaq. Ən çətin görüşünüz hansı idmançıya qarşı oldu?

- Dünya çempionatında qarşılaşdığım bütün idmançılar əsasən prinsipial rəqiblər idilər. Yarışda uduzduğum və ya çox vaxt udduğum idmançılar var idi. Ona görə də qələbə qazanmaq üçün görüşlərə köklənmək və düzgün taktika seçmək asan deyildi. Ukraynalı Qalina Melnik və avstriyalı Alisa Buxingerlə döyüşlərim gərgin alındı. Buxingerə 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının finalında böyük hesabla qalib gəlmişdim. Onunla budəfəki görüşüm də uğurlu alındı və rəqibimi vaxtından əvvəl 10:3 hesabı ilə məğlub etdim. Hətta Buxinger görüşün başa çatmasına 12 saniyə qalmış döyüşməkdən imtina etdi. Çünki heç nə edə bilmirdi.

- Bəs, italiyalı Silviya Semeraroya qarşı final görüşü barədə nə deyə bilərsiniz?

- Əlbəttə, final döyüşü də prinsipial keçdi. Rusiyanın paytaxtı Moskvadakı Karate1 Premyer Liqa turnirində ona uduzmuşdum. Dünya çempionatının startına 1 ay qalmış əvvəlki səhvlərimin üzərində ciddi işlədim və əla döyüşlə finalda qələbə qazandım. Finalda məğlub olmağı heç ağlıma gətirmirdim.

- Adətən, titullu idmançılar olimpiadadan sonra ən azı ilin sonunadək yarışlara qatılmağa yox, daha çox istirahət etməyə üstünlük verirlər. Siz isə Tokio-2020-də gümüş medal qazandıqdan sonra Dünya çempionatında iştirak edərək mükafatın əyarını yaxşılaşdırdınız...

- Bilirsiniz, karate üzrə dünya çempionatı 2 ildən bir keçirilir. Yəni digər idman növlərində olduğu kimi, hər il təşkil edilmir. Belə bir yarışı buraxmaq mənim planlarıma daxil deyildi. Hətta nəzərə alaq ki, sonuncu dəfə 2018-ci ildə Dünya çempionatında iştirak etmişdik. Orada da qızıl medal qazanmışdım. Bir sözlə, 3 ildir mundialsız qalmışdıq. Üstəlik, Tokio olimpiadasında, hesab edirəm ki, qızıl medal əlimdən alındı. Hakimlər olimpiadadan qalib kimi qayıtmağıma mane oldular. Ona görə də Dünya çempionatına daha motivasiyalı getmişdim. Bir daha hər kəsə sübut etdim ki, bu çəkidə ən yaxşıyam. Mən karate tarixində ikiqat dünya çempionu olan ilk qadın idmançıyam.

- Tokioda ikinci olmağın əsas səbəbini nədə görürsünüz?

- İlk olaraq qeyd etmək istərdim ki, olimpiada da istənilən medal uğur sayılır. Gümüş medal pis nəticə deyil. Amma finalda mənə qarşı haqsızlıq oldu. Finalı udmağa hazır idim. Sadəcə, alınmadı. Təəssüf edirəm. Çünki karate olimpiadanın oyun proqramına ilk dəfə daxil edilmişdi. Bundan sonra necə olacağını bilmirik. Tarixdə olimpiya çempionu kimi qalmaq istəyirdim.

- Azərbaycanda ilin idmançısı seçilməyə əsas namizədlərdən biri hesab olunursunuz. Özünüzü bu mükafata layiq görürsünüz?

- Həyatımda son 3 il Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığa həsr olunub. Gündə 2 dəfə olmaqla, ciddi rejimdə məşq edirdim. Həmçinin qida və yuxu rejimimə də riayət edirdim. Özümü bütövlükdə idmana həsr etmişdim. Bu il həmçinin Avropa çempionu olmuşam. Əgər seçilsəm, deməli, layiqəm.

- Bəzən idmançılar böyük uğurlardan sonra karyerasını başa vurmağı düşünür. Qələbələr sizə necə təsir edir?

- Mənə yüksək motivasiya verir. Hələ gəncəm, karyeramı davam etdirəcəyəm. Karate yenidən Olimpiada proqramına daxil edilsə, mütləq ora da gedəcəyəm. Baş məşqçimə də demişdim, Tokio Olimpiadasından sonra heç nədən həyəcanlanmıram, qorxmuram. Bu, ən yüksək səviyyə idi. Bundan sonra elə özünəinam hissi gəlir ki, gedib tatamidə istənilən rəqibə qalib gəlmək mümkündür. Olimpiada yadıma düşəndə qeyri-adi hisslər yaşayıram. Sanki yarımçıq qalan işim var.

- Karate ilk və çox güman ki, sonuncu dəfə Olimpiada proqramına daxil oldu. Məşğul olduğunuz idman növünün proqramdan kənarda qalması sizə ağır gəlir?

- Hər bir idman növü vaxt və güc tələb edir. Karateni Olimpiya Oyunlarında gördükdə, başa düşdüm ki, çox gözəl və baxımlı idman növümüz var. Çox təəssüf ki, Parisdə karate olmayacaq. İnanıram ki, 2028-ci ildə Los-Ancelesdə karate yenidən Olimpiadaya qayıdacaq. Fikrimcə karate olimpiadaya əlavə maraq gətirir.

- Xanım idmançılara həmişə münasibət fərqli olur. Tanımayanlar sizin karate üzrə Olimpiya mükafatçısı olduğunuzu öyrənəndə ilk reaksiya necə olur?

- İnsanlar karateni tam dəqiq bilmir. Bəziləri düşünür ki, karatedə biz hələ də başımızla taxta parçası sındırırıq. Bu, artıq spesifik şərq döyüş növü deyil, müasir idmandır. Karatedə cəld və tez olmalısan. O ki qaldı insanların ilk reaksiyasına, müxtəlif münasibət görmüşəm. Bəzən dünya və Avropa çempionu olduğumu eşidəndə təəccüblənirlər. Bəziləri qadını döyüş idman növündə təsəvvür etmir.

- Gələcəklə bağlı planlarınız nədən ibarətdir?

- Nəhayət, özümə istirahət verəcək, yaxşıca dincələcəyəm. Yeni ildən sonra isə gələn yay keçiriləcək "SportAkkord" Ümumdünya Döyüş Sənəti Oyunlarına hazırlaşacağam. Artıq həmin yarışa lisenziya qazanmışam. Hesab edirəm ki, Azərbaycan Milli Karate Federasiyası orada iştirakım və ölkəyə növbəti qızıl medalı gətirə bilməyim üçün mümkün olan hər şeyi edəcək.



MƏSLƏHƏT GÖR:

135