3 May 2024

Cümə, 19:22

UĞUR VƏ MƏYUSLUQ

Hakim ədalətsizliyinə baxmayaraq, “Qarabağ” ilk dəfə pley-offda

Müəllif:

15.12.2021

Dörd ildən sonra Azərbaycan futbolunda daha bir ilkə imza atıldı. 2017-ci ildə qitənin ən nüfuzlu klub turniri Çempionlar Liqasına vəsiqə qazanan Ağdamın “Qarabağ” klubu bu dəfə avrokuboklarda yeni səhifə açdı. Qurban Qurbanovun komandası qrupda ikinci yeri tutmaqla adını 116 finala yazdırdı.

Ölkə futbolu tarixində “Neftçi” bir, “Qəbələ” isə iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib.  Amma indiyə qədər qrupdan çıxmaq mümkün olmayıb. Səkkiz dəfə qrup mərhələsində çıxış edən “Qarabağ” isə ilk dəfə pley-offa vəsiqə qazanmağı bacardı.

 

Hakimlər və qismət

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv cari mövsüm H qrupunda ikinci yeri tutmaqla pley-offa vəsiqə əldə etdi. Hərçənd “Qarabağ” ilk pilləyə çox yaxın idi. Son turda İsveçrədə “Bazel”in qonağı olan “Qarabağ” 0-3 hesab ilə məğlub olmaqla ilk pilləni tutmaq şansını boşa verdi.

Maraqlıdır ki, bu dəfə də Ağdam təmsilçisi hakimlərin qərəzli qərarı ilə üzləşdi. Görüşə sürətli hücumlarla başlayan “Qarabağ”lılar ikinci dəqiqədə hakim haqsızlığının qurbanı oldu. Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini keçsə də, referi qolu qeydə almadı. Buna baxmayaraq, ruhdan düşməyən qonaqlar ardıcıl iki epizodda İbrahima Vadji ilə qola yaxın oldu. Lakin hər iki halda “Bazel”in qapıçısı Haynts Linder seneqallı hücumçunun fərqlənməsinə imkan vermədi. Təəssüflər olsun, rəqib üç dəfə dəqiq oynamaqla 3-0 hesablı qələbə qazandı. Yekunda 6 oyundan sonra xallarını 14-ə çatdıran “Bazel” qrup lideri kimi 1/8 finala vəsiqə qazandı. 11 xalla ikinci pillədə qalan “Qarabağ” isə mübarizəni pley-offda davam etdirəcək.

Yada salaq. Bu “Qarabağ”a qarşı UEFA hakimlərinin ilk “səhvi” deyil. Bundan öncə də dəfələrlə Azərbaycan təmsilçisinə qarşı həlledici məqamlarda səhvlər olub. Təbii ki, bunların arasında ən unudulmayan səhv 2014-cü ildə ağdamlıların İtaliya “İnter”inə qarşı keçirdiyi matçda baş verən qalmaqaldır. Qarşılaşmanın sonlarında Qurban Qurbanovun komandası rəqib qapısına yol tapmışdı, hakim isə hələ o vaxt “Qarabağ”ı pley-off-a daşıyacaq qolu qeydə almamışdı. Klub bununla bağlı qitə futbol qurumuna dəfələrlə şikayət etsə də, qərar dəyişmədi.

Növbəti belə səhv isə Konfrans Liqasının qrup mərhələsinin son ev oyununda Bakıda “Omoniya”ya qarşı matçda oldu. Həmin qarşılaşmanın 64-cü dəqiqəsində Filip Ozobiç oyundankənar vəziyyətdə olmasa da, hakim qolu qeydə almadı.

 

Uğurun maliyyə tərəfi

Cari mövsüm UEFA Konfrans Liqasında uğurlu çıxış edən “Qarabağ” ümumilikdə 6,4 milyon  avroya yaxın və ya təxminən, 12,3 milyon manat əldə edib.  Qrupda ikinci yer tutmaq da əlavə xeyir verib. Buna görə “Qarabağ” 325 min avro alacaq. Son 10 ilin reytinqinə görə Konfrans Liqasında 12-ci olmaq da klubun büdcəsinə təsir edəcək. Bu mövqeyə görə UEFA komandaya 934,5 min avro ödəyəcək.

Konfrans Liqası UEFA-nın yeni futbol yarışı sayılır. Qitədə islahatlara başlayan UEFA klublar üçün üçüncü yarış - Konfrans Liqasını təsis etməli oldu. Uzun fasilədən sonra Azərbaycan çempionatında qızıl medal qazana bilməyən “Qarabağ” reqlamentə uyğun olaraq ilk dəfə bəxtini Konfrans Liqasında sınadı. Zaman göstərdi ki, Qurban Qurbanov komandasını istənilən yarış üçün toparlamağı bacarır. Hakimlərin qərəzli münasibətinə baxmayaraq, Ağdam təmsilçisi əsas məqsədinə çatdı. Klub ilk dəfə olaraq pley-offa adladı.

 

Ruhdan düşməyəndə

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Bazel"lə oyundan sonra jurnalistlərin suallarına cavab verib. Təcrübəli məşqçi hakimlərin qərəzli mövqeyindən və yekun nəticədən danışıb: “Qarşıda bizi daha ağır qərarlar gözləyir. Bunların sayı da arta-arta gedir. Niyə belə olduğunu bilmirəm. Həqiqətən də, reytinqi aşağı olan komandalara yuxarıdan baxırlar. Sanki digər komandaya daha çox simpatiya bəslənilir. Dəfələrlə şahidi olmuşuq. İnsanda necə ürək olmalıdır ki, bu qərarı versin? Bəlkə, yeni turnir olduğu üçün burada VAR və “Goal line” sistemi tətbiq olunmayıb. Ancaq sanki hakimlər bundan istifadə edirlər. Bunu görməmək, qolu saymamaq... Gedişata baxanda hər şey tam əksinə olmalı idi. Qolumuz sayılsaydı, bizdə olan boşluqlar rəqibdə yaranacaqdı. Sadəcə, onların vicdanına buraxıram. Yenə də ruhdan düşmürük, “sınmırıq”. Əksinə, onlara qarşı daha çox mübarizə aparacağıq. Biz peşəkar kimi davranmalıyıq. Bu olaylar bizi futboldan iyrəndirə bilməz. Əksinə, bizə daha çox güc verir. Sadəcə, futbolçuların əziyyəti yerdə qalır. Azarkeşlərimizin də istəyi, arzusu var. Bəlkə də, bizə yuxarıdan aşağı baxırlar. Amma başımızı dik tutub gəzirik. “Bazel” kimi komandaya qarşı oynamağımıza baxmayaraq, hücum futbolundan əl çəkmədik, rəqibin üzərinə getdik, xeyli sayda qol epizodu yaratdıq. Əlbəttə, çatışmazlıqlarımız da var. Ancaq ruhdan düşmürük, əksinə, səhvlərimizdən nəticə çıxararaq, qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.

Tanınmış Azərbaycan futbolçusu, veteran məşqçi Ağasəlim Mircavadov da hakimlərin “Qarabağ”a qarşı ədalətsizliyinə münasibət bildirib. “Belə hakimlik UEFA adına böyük zərbədir. Zubirin zərbəsindən sonra topun qapı xəttini keçməsini hamı gördü. Təmiz qolu hesaba almadılar və bununla “Qarabağ”a böyük zərbə oldu. Ağdam təmsilçisi psixoloji cəhətdən özünü toparlaya bilmədi. “Qarabağ” 0-3 hesablı məğlubiyyətə layiq deyildi. İkinci dəqiqədə qol hesaba alınsa idi, matç başqa nəticə ilə yekunlaşacaqdı. İstənilən halda “Qarabağ”a təşəkkür etməliyik. Klub ilk dəfə pley-offda mübarizə aparacaq”, - deyə A. Mircavadov bildirib.

Qeyd edək ki, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi 1/8 finala vəsiqə uğrunda Avropa Liqasında qruplarını 3-cü pillədə başa vuran komandalardan biri ilə qarşılaşacaq. Bunlar Çexiyanın "Sparta" (Praqa), Niderlandın PSV, İngiltərənin "Lester", Türkiyənin "Fənərbağça", Fransanın "Marsel", Danimarkanın "Midtülland", Şotlandiyanın "Seltik" və Avstriyanın "Rapid" (Vyana) komandalarıdır. Oyunlar fevralın 17-də və 24-də keçiriləcək.



MƏSLƏHƏT GÖR:

153