Müəllif: Namiq MAYILOV
Bu il Azərbaycanın ən qocaman ali məktəblərindən olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 yaşı tamam oldu. Prezident İlham Əliyev bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı tapşırıq verdi və ölkə başçısının sərəncamına əsasən bir sıra tədbirlər həyata keçirildi. Yubiley ilinə yekun vurmaq və yarandığı gündən bəri ölkənin həyatında önəmli rol oynayan ali məktəbin tarixinə nəzər salmaq, həmçinin bu gün görülən işlər barədə məlumat almaq üçün suallarımızı universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərova ünvanladıq.
- Cəfər müəllim, Sizi, rəhbərlik etdiyiniz kollektivi, tələbələrinizi və ümumiyyətlə, yolu bu universitetdən keçmiş hər kəsi 100 illik yubiley münasibətilə təbrik edirik. Söhbətimizin əvvəlində Pedaqoji Universitetin tarixinə qısa nəzər sala bilərikmi?
- Təbrikiniz üçün sağ olun. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 aprel tarixli “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ali təhsil ocağımızın bir əsrlik uğurlarına verilmiş ən yüksək qiymətdir. Sənəddə Pedaqoji Universitetin Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr xüsusi vurğulanır.
Zəngin ənənəyə malik ali təhsil ocağı 1921-ci ilin 26 avqustunda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı dekret əsasında cəmi 8 müəllim və 6 tələbə ilə fəaliyyətə başlayıb. Dekretdə deyilirdi: “Respublikanın vahid əmək məktəbinin ideyalarını həyata tətbiq etməyə qabil yüksəkixtisaslı maarif işçiləri hazırlamaq məqsədilə bu ilin sentyabr ayının 1-dən etibarən Bakı şəhərində II dərəcəli şura məktəbliləri üçün türk dilində müəllimlər hazırlaya biləcək Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edilsin”.
Dekretin imzalanmasından xeyli əvvəl Pedaqoji İnstitutun təşkili ilə bağlı müəyyən hazırlıq işləri aparılmış, bu məqsədlə hələ 1920-ci ilin sonunda xüsusi komissiya yaradılmışdı. N.Nərimanov komissiya üzvlərini qəbul edən zaman görülmüş işlərdən öz razılığını bildirərək demişdi: “Mən görürəm, maarifin haradan başlanmasını ruhən düzgün düşünmüş və Azərbaycan xalqının nicatı yolunu görüb bütün həyatınızı ona həsr etmişsiniz. Azərbaycan Respublikası bu zəhmətinizi hər zaman təqdir edəcək. Azərbaycan xalqı həmişə sizi yad edəcəkdir”.
- Yeri gəlmişkən, kimlər idi ali məktəbin yaranmasında zəhməti keçənlər?
- Nəriman Nərimanov başda olmaqla, institutun yaradılması ilə məşğul olacaq təşkilat komitəsi yaradılmışdı. Komitəyə Xalq Maarif Komissarlığının şöbə müdiri Azad Əmirov ümumi rəhbərlik etmiş, amma sədrliyi institutun ilk rektoru olmuş Fətulla bəy Rzabəyli etmişdi. Üzvləri Həbib bəy Mahmudbəyli, Rəhim Cəfərov, katibi isə Əli Abbas Vəlixanlı idi. Bu işdə onlara Abdulla Şaiq Talıbzadə, Məmməd Əfəndiyev və Sadıq Hüseynzadə də kömək etmiş, təşkilat komitəsinin iclaslarına dəvət olunmuşdular. Bu insanlar o dövrdə Rusiyada və digər ölkələrdə ali təhsil almış qabaqcıl və işıqlı ziyalılar olmuşlar.
- Bəs, universitetin Azərbaycana verdiyi parlaq şəxsiyyətlərin arasında kimlərin adlarını çəkmək olar?
- Pedaqoji Universitet Azərbaycanda elm və təhsilin inkişafına sanballı töhfələr verən tanınmış alimlər yetişdirmiş, paralel olaraq, həm də elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Xalqımızın fəxr etdiyi yüzlərlə görkəmli alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi bu universitetdə təhsil almışdır. Universitetin məşhur məzunları sırasında Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Mehdi Mehdizadə, Budaq Budaqov, Mikayıl Müşfiq, Süleyman Rəhimov, Mehdi Hüseyn, Şıxəli Qurbanov, İsmayıl Şıxlı, İlyas Əfəndiyev və bir müsahibədə adını çəkə bilmədiyimiz onlarla digər ziyalını göstərmək olar. Böyük fəxrlə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının 11 prezidentindən üçü – Yusif Məmmədəliyev (2 dəfə), Zahid Xəlilov və Həsən Abdullayev, 5 vitse-prezidenti – Heydər Hüseynov, Səməd Vurğun, Zahid Xəlilov, Əlisöhbət Sumbatzadə və İsa Həbibbəyli məhz bizim universitetin məzunlarıdır. Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov, Sosialist Əməyi Qəhrəmanları Səfa İmanov, Zərbəli Səmədov, Rüstəm Səfərəliyev və başqaları müxtəlif illərdə ADPU-nu bitiriblər.
- Bu gün də bu səviyyəni qoruyub saxlamaq olurmu?
- Sözsüz ki, dövr dəyişir və ölkəmiz beynəlxalq birliyin bir parçası kimi dünyaya daha çox açıqdır. Ölkəmizdə hazırda 50-dən çox ali məktəb fəaliyyət göstərir. Onların bir neçəsi ADPU-nun şinelindən çıxmışdır. Hazırda Azərbaycanda 21 ali məktəbdə pedaqoji kadrlar hazırlanır. İndi nəinki ölkə daxilində, ümumiyyətlə, dünyada ali təhsil sahəsində rəqabət ildən-ilə güclənir. Əgər bu gün bütün çətinliklərə baxmayaraq, ADPU-nu minlərlə gənc seçirsə, qəbul planı 98-99% dolursa, hər il yüzlərlə məzunumuz magistraturaya qəbul olunursa, universiteti bitirənlərin 60%-dən çoxu müəllimlərin işə qəbulu imtahanlarını uğurla verib gənc müəllim kimi təyinat alırsa, demək, gələcəyə ümidlə baxmaq olar. Biz hərilki nəticələrimizi diqqətlə izləyir, onu əvvəlki illərlə və digər ali məktəblərlə müqayisədə təhlil edir, dinamikanı dəqiq görə bilirik. Amma bu, kifayət etməz, çünki yeni çağırışlar və dəyişikliklər bizi daha yüksək nəticələr qazanmağa vadar edir.
- Bu ilin əvvəlində Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan– 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə XXI əsrin tələblərinə uyğun təhsil sisteminin formalaşdırılması dayanıqlı dövlətin əsas hədəflərindən biri kimi göstərilib. Pedaqoji Universitet müasir təhsil sistemi ilə uyğunlaşmaq üçün hansı işləri görür?
- Son illərdə ADPU bu istiqamətdə bir neçə yeni layihənin icrasına başlamışdır. Bunlardan ilki ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramıdır. Hazırda 50 nəfər gəncin magistratura təhsili aldığı bu proqram, cari tədris ilinin sonunda ilk məzunlarını buraxılış etməklə yanaşı, qəbul planını 25-dən 40 nəfərə yüksəltməyi nəzərdə tutur. Bu proqram bizə dünyaca məşhur Corc Vaşinqton Universitetinin təhsil elmləri sahəsindəki zəngin təcrübəsindən faydalanmaq üçün geniş imkanlar yaradır.
Məzmunun yenilənməsi və müəllimlərin bacarıqlarının artırılması sahəsində ADPU Təhsil Nazirliyinin dəstəyi ilə Tvinninq layihəsi çərçivəsində 4 ixtisasın pilot olaraq akkreditasiyadan keçirilməsi, Təhsil İnstitutu ilə 3 ixtisasın məzmun yenilənməsi, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə inklüziv təhsil layihəsi çərçivəsində müəllimlərə təlimlər, yeni xarici dərsliyin tərcüməsi və çapı, 2020-ci ildən yeni nəsil təhsil proqramlarında bütün ixtisaslarda “İnklüziv təhsil” fənninin tədris planına daxil edilməsi, Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyi ilə ADPU müəllimlərinin STEAM təlimi alması, müvafiq STEAM laboratoriyalarının yaradılması, 8 müvafiq ixtisasda, ilk növbədə, STEAM dərslərinin tədris planına daxil edilməsi, ingilis dili müəllimləri üçün ABŞ Səfirliyi və Azərbaycan Müəllim İnkişaf Mərkəzi ilə birlikdə TKT təlimlərinin keçirilməsi, 95 müəllimin yarıdan çoxunun müvafiq tələblərə uyğun beynəlxalq sertifikatlaşdırılması, son illərdə müəllimlərin işə qəbulunda seçki mexanizminin real qaydada tətbiqi nəticəsində yeni nəsil müəllimlərin universitetə cəlb olunması və s. kimi işlər aparılmışdır. ADPU-da artıq 22 ixtisas üzrə Azərbaycan bölməsi ilə yanaşı, son illərdə aparılan işlər nəticəsində rus bölməsi 3 ixtisasdan 10-a qaldırılmışdır. Həmçinin cari tədris ilində bakalavr səviyyəsində ibtidai sinif və riyaziyyat müəllimliyi ixtisaslarında ingilis bölməsi açılmışdır.
Magistratura səviyyəsində kadr hazırlığında yenilik olaraq SABAH magistratura (Təlim və tədrisin təşkili və metodikası), Təhsil menecmenti ikili diplom proqramı, həmçinin təhsil sahəsi üzrə MBA və Sosial iş ixtisası üzrə gənclərlə iş ixtisaslaşmaları kimi yeni proqramlar açılmışdır. Bu ixtisasların möhkəmlənməsi ilə yanaşı, magistratura səviyyəsində həm ixtisasların, həm də kadr hazırlığının məzmun və forma etibarilə yeni dövrün tələbləri səviyyəsində qurulması istiqamətində işlər daha da artırılacaqdır.
Son 5 il ərzində Pedaqoji Universitetdə çalışan professor-müəllim heyətinin elmi tədqiqat işləri beynəlxalq elmmetrik bazalarda həm çap sayına, həm də istinad göstəricilərinə görə artan dinamika ilə yüksəlməkdədir.
- Son illər Dövlət Pedaqoji Universitetinə qəbul ballarının xeyli artdığını görürük. Bu, gənclər arasında pedaqoji təhsilə, müəllim sənətinə marağın yüksəlməsi ilə bağlıdır, yoxsa universitetdə aparılan islahatların, tətbiq olunan yeniliklərin nəticəsi kimi də qiymətləndirmək olar?
- Hər ikisi. Təbii ki, əsas amil yaradılmış münbit mühit və dövlətin islahatlara siyasi dəstəyidir. Bu şərt təmin olunduğu təqdirdə, universitetdə islahat aparıla bilər. Bu istiqamətdə dövlətin gördüyü işlər, şəxsən Prezident İlham Əliyevin təhsilə ayırdığı diqqət, verdiyi önəm hamıya bəllidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın başladığı “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı və onun nəticələri də təhsil ictimaiyyətinə güclü motivasiya verir.
Bəs, biz ADPU-da son 5 ildə hansı nəticələr əldə etdik? Yubileyin həm də hesabat ili olduğunu nəzərə alıb, cari ilin tələbə qəbul nəticələrini sizinlə bölüşmək istərdik.
Hər il olduğu kimi, cari ildə də tələbə qəbulunun nəticələri yüksək olmuşdur. Bu gün ölkədə ali məktəblərin bir çoxunda müəllimlik ixtisasları üzrə kadr hazırlığı həyata keçirilməsinə baxmayaraq, cari tədris ilində tələbə qəbulunun nəticəsi 2475 plan yeri üzrə 97,6% dolub. Qəbulun 66%-i dövlət sifarişi əsasında həyata keçirilib ki, bu da keyfiyyət göstəriciləri haqqında müsbət rəy söyləməyə ciddi əsas verir. Qəbul olunanlardan 1730 nəfərin (73,4%) balı 400-ün üzərindədir. Qəbul olunanların 29%-i (əvvəllər bu rəqəm 20% civarında idi) Bakı şəhəri və Abşeron yarımadasını əhatə edir.
- Bu arada təhsil sistemindəki islahatlar çərçivəsində müəllimlərin bilik səviyyəsinin təkrar qiymətləndirilməsi prosesi gedir. O cümlədən müəllimlərin işə qəbulu da mərkəzləşmiş imtahan vasitəsilə həyata keçirilir. Pedaqoji Universitetin məzunları bu imtahanlardan üzüağ çıxa bilirlərmi?
- Təbii ki, ali məktəbin əsas reytinq göstəricilərindən birincisi məzunlarının əmək bazarında yer tapmasıdır. Bu mənada son illərdə ADPU məzunlarının müəllimlərin işə qəbulu (MİQ) və magistraturaya qəbul nəticələri ürəkaçandır.
Belə ki, ötən tədris ilində ADPU-dan bakalavr səviyyəsində 2119 nəfər məzun olmuş, onlardan 873 nəfəri (41.5 %) magistraturaya Azərbaycanda, 29 nəfəri isə xaricdə (Türkiyə, Almaniya, Çin, İspaniya, İtaliya və Kanada) imtahan vermişdir. Məzunlarımızdan 353 nəfəri (imtahan verənlərin 40%-i) magistraturaya qəbul olmuşdur.
Həmçinin bu il ADPU məzunlarının MİQ imtahanlarında nəticələri də uğurlu olub. Belə ki, magistraturada təhsilini davam etdirən və hərbi xidmətə yollananlar istisna olmaqla, bu il bakalavr səviyyəsini bitirən məzunlarımızın 1306 nəfəri (61%) MİQ imtahanlarında iştirak edib və onlardan 1089 nəfəri (83%) 30 baldan yuxarı nəticə göstərib. 1089 nəfərdən 530 nəfəri 40-60, 184 nəfəri 50-60 bal toplayaraq, ən yüksək nəticə göstərib. 4-5 il öncə ilə müqayisədə bu nəticə bəzi ixtisaslarda 4-5, bəzilərində isə 7-8 dəfə yaxşılaşma deməkdir.
- Universitetinizin yubiley tədbirləri 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin birinci ildönümü ilə üst-üstə düşür. Yəqin, ADPU-nun da bu qələbədə payı az olmayıb.
- Bəli, müstəqillik dönəmində bütün həmvətənlərimizin ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi olmuşdur. Nəhayət, ötən ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində rəşadətli Silahlı Qüvvələrimiz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında təcavüzkar Ermənistan ordusunu darmadağın edərək çoxəsrlik tariximizdə ən möhtəşəm qələbəni qazandı.
Vətənin ərazi bütövlüyü uğrunda mənfur düşmənlə mübarizə aparmış Azərbaycanın Milli Qəhrəmanları - Mirələkbər İbrahimov, Mətləb Quliyev, Şakir Salahov, “Zəfər” ordenli general-polkovnik Əli Nağıyev, “Azərbaycan Bayrağı” ordenli Malik Bayramov, Mürşid Məmmədov, böyük qələbə çaldığımız 44 günlük Vətən müharibəsində torpaqlarımızın mənfur düşməndən azad olunması yolunda canlarından keçmiş şəhidlərimizdən 12 nəfəri – Ağaqardaş Abbasov, İlkin Ağaquliyev, Elgün Əzizov, Etiram Hüseynli, Rəvan Lətifov, Cilingir Nəbiyev, Orxan Nəbiyev, Ceyhun Nüsrətli, Qoşqar Ömərov, Firdovsi Tahirov, Elvin Zakirov və yeganə xanım şəhidimiz Arəstə Baxışova da universitetimizin məzunlarıdırlar.
Fəxr edirik ki, Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetin 200-dək tələbə və məzunu da var. İllər keçəcək, nəsillər dəyişəcək, amma 44 günlük qəhrəmanlıq savaşımız həmişə haqlı qürur mənbəyimiz olaraq qalacaqdır!
- Bu gün Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərindən Pedaqoji Universitetdə təhsil alanlar çoxdurmu? Onların təhsili və qayğıları ilə bağlı universitet tərəfindən hansısa dəstək proqramları həyata keçirilirmi?
- Bəli, var. Biz hər il yeni qəbul olan tələbələr arasında məhz bu məqsədlə sorğu keçirir və belə tələbələri müəyyən edərək, onların təhsilini diqqət mərkəzində saxlayırıq. 2021/2022-ci tədris ilinin uzun fasilədən sonra ənənəvi formada davam etməsi bütün təhsil ictimaiyyəti kimi bizi də sevindirdi. Bu tədris ili digər tədris illərindən bir çox cəhətdən fərqlənir. Bu il biz şəhid bacı və qardaşlarını, yaxınlarını, qazilərimizi auditoriyada tələbə kimi qəbul etmişik. Bu məsuliyyəti dərk edərək biz Zəfər yaşamış gəncliyi gələcəyə daha layiqli müəllim kimi hazırlamalıyıq. Bu vəziyyət üzərimizə ciddi vəzifələr qoyur.
Hazırda ADPU-da Bakıda 83, filiallarımızda 79, Pedaqoji Kollecdə 24 nəfər olmaqla, cəmi 186 tələbəmiz şəhid və ya qazilərin ailə üzvləridir. Həmçinin özü qazi olmuş bir neçə tələbəmiz də hazırda təhsillərini davam etdirir. Onlara diqqət və qayğı bizim əsas vəzifələrimizdən biridir.
- Bilirik ki, universitetinizin beynəlxalq əlaqələri də xeyli genişlənib. Bu yaxınlarda ABŞ-ın Corc Vaşinqton Universitetinin təmsilçisi bizim jurnala müsahibəsində bildirmişdi ki, hazırda ADPU ilə magistr proqramı üzrə ikili diplom proqramı həyata keçirilir. Bəs, başqa hansı dövlətlərin hansı universitetləri ilə əməkdaşlıq proqramları var?
- Mübadilə proqramları çərçivəsində bir çox ölkələrə tələbə və müəllimlərin göndərilməsi prosesi davam edir. Hazırda ADPU-nun 53 xarici ali təhsil müəssisəsi ilə birbaşa əlaqələri mövcuddur. Türkiyənin 11 universiteti ilə “Mövlanə” proqramı çərçivəsində əməkdaşlıq edilir. Erasmus+ mübadilə proqramı çərçivəsində Erasmus+ tərəfdaş universitetləri arasında tələbə, akademik və inzibati heyətin mübadiləsi mütəmadi olaraq həyata keçirilir. Pedaqoji Universitet Avrasiya Universitetlər Birliyi (EURAS), Kafkasya Universitetlər Birliyi (KÜNİB) kimi beynəlxalq assosiasiyalarla yaxından əməkdaşlıq edir. ADPU həmçinin Avropa Müəllim Hazırlığı Şəbəkəsi (ETEN) və Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (İAUP) üzvüdür.
Corc Vaşinqton Universiteti ilə əməkdaşlığımıza artıq toxunduq. Həmçinin bu tədris ilinin yaz semestrində ADPU-nun 4 tələbəsinin Erasmus+ proqramı çərçivəsində Danimarkanın Universitet Kollecində bir semestr oxumağa göndərilməsi nəzərdə tutulur.
- Və sonda. Bu gün 100 yaşı tamam olan Pedaqoji Universitet fəaliyyətinin növbəti yüzilliyinə hansı hədəflərlə daxil olur?
Ümummilli lider Heydər Əliyevin “cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” fikri bizim müasir pedaqoji yanaşmamızın və dəyişikliklərimizin mayasında duran bir devizə çevrilmişdir.
Yəni biz yubileydən sonra əsas inkişaf istiqamətlərindən biri kimi, beynəlxalq səviyyədə tanınmanı, onun əsas elementi kimi, rəqəmsal biliklərə və xarici dillərə üstünlük verməni, müəllim hazırlığının mayasında isə milli-mənəvi dəyərlərə bağlılığı nəzərdə tutan tədbirləri daha da gücləndirəcəyik.
Bütün bu dediklərimiz “ənənələrə sadiq və yeniliklərə açıq universitet” devizi ilə ADPU-nun 2030-cu ilə hədəflənən strategiyasında öz əksini tapacaqdır.
MƏSLƏHƏT GÖR: