10 May 2024

Cümə, 13:55

NÖVBƏTİ CƏHD…

Azərbaycanda yenidən qiymətli kağızlar bazarının canlandırılmasında maraqlıdırlar, müsğət irəliləmələr var

Müəllif:

15.12.2021

 

Artıq ikinci ildir ki, həyatımızın bütün sahələrinə, ocümlədən dünya iqtisadiyyatına da təsir edən koronavirus pandemiyası beynəlxalq kapital bazarı üçün bir növ fırtına dalğasına çevrilib. O, bir çox oturuşmuş kimi görünən şirkətləri yox etdi, qalanlar isə çətinliklə ayaq üstə durur, gözləmə mövqeyi tutur, sövdələşmələrdən imtina edir. Uyğun olaraq, qlobal fond bazarı da zərər çəkir – düzdür, peyvəndləşmənin başlanması ilə bağlı vəziyyət bir qədər yaxşılaşmağa doğru getsə də, qeyri-müəyyənlik və xaos hələ də investorları, vasitəçiləri və birbaşa əlavə maliyyə axınları gözləyən sənaye sahələrini sıxışdırır.

Bununla belə, Azərbaycanda təəccüblü də olsa, bunun əksi baş verir - işğal olunmuş torpaqların qaytarılması investorlar üçün o qədər güclü ismarış olub və görünür, uzun illərdir dərin qış yuxusunda olan yerli qiymətli kağızlar bazarı da oyanıb.

 

Pandemiyaya baxmadan

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan şirkətləri, hətta böhranlı 2020-ci ildə də “böyük pullar” bazarında iştirak etməyə davam etdilə və hətta vəsait toplamaq üçün yeni alətləri sınaqda keçirdilər. Belə ki, “AzerGold” QSC 20 milyon dollarlıq istiqrazın debüt yerləşdirməsini gerçəkləşdirib və əldə edilən vəsaitlər «Çovdar» (Daşkəsən rayonu), «Köhnəmədən» (Balakən rayonu) və «Qaradağ» (Şəmkir-Gədəbəy rayonları) yataqlarının resurslarının artırılmasına, yerüstü istismar işlərin aparılmasına və bu yataqlar üzrə çöl tədqiqatlarının maliyyələşdirilməsinə yönəldilib.

“SOCAR Polymer” şirkəti də 200 milyon dollarlıq istiqraz buraxıb və toplanan vəsait “Qazprombank” SC-dən götürülmüş kreditin bir hissəsinin yenidən maliyyələşdirilməsinə yönəldilib. Bu emissiya məlum səbəblərdən işgüzar fəallığın müvəqqəti azalması fonunda Azərbaycanın borc bazarı üçün xüsusi, əlamətdar hadisəyə çevrildib.

Müsbət meyl 2021-ci ildə də davam edib: Azərbaycan Dövlət Neft Şirkəti öz istiqrazlarının hər biri 100 milyon ABŞ dolları dəyərində olan iki emissiyasını artıq yerləşdirib.

Aydındır ki, pandemiya dövlət maliyyələşdirməsinə təzyiq göstərərək, dövlət xərclərinin artmasına və gəlirlərin azalmasına səbəb olub, ona görə də tezliklə emitentlər arasında digər iri dövlət müəssisələri də görünəcək.

Hazırda bazara özəl sektordan yeni oyunçular daxil olmağa başlayır. Məsələn, ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı seqmentindən “Azerbaycan Supermarket” MMC artıq 10 milyon manatlıq istiqraz yerləşdirib, planı isə 40 milyon manatdır.

Bu emitentlərin qiymətli kağızlarını almaq istəyən çox sayda investor var və müraciətlərin həcmi təklifi bir neçə dəfə üstələyib. Nəticədə ilin əvvəlində kapital bazarına qoyulan investisiyalar xeyli artıb.

Bu trendin davam edəcəyi görünür. Azərbaycanın iri özəl müəssisələrinin qiymətli kağızların emissiyasına marağı barədə bu günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov də danışıb. “Azərbaycan İnvestisiya Holdinqinin apardığı islahatlarla bağlı iri dövlət şirkətlərində gerçəkləşdirilən sağlamlaşdırma tədbirləri, korporativ idarəetmə standartlarının tətbiqi həmin müəssisələrin dövlət büdcəsindən vəsait gözləmədən vəsait cəlb etmək üçün kapital bazarına daxil olmasına imkan verəcək",- deyə o vurğulayıb.

Öz növbəsində Mərkəzi Bank kapital bazarları sahəsində qanunvericiliyi təkmilləşdirməyi planlaşdırır, çünki sahə ciddi inkişaf tələb edir. «Məsələn, bu gün bank sektoru kapital bazarında yalnız investisiya şirkəti yaradılması yolu ilə iştirak edə bilər ki, bu da bürokratiyaya gətirib çıxarır və onların xərclərini artırır», deyən baş bankir vurğulayır: “Bizim məqsədimiz banklara kapital bazarının birbaşa iştirakçısına çevrilməsinə imkan verməkdir".

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən hazırlanmış kapital bazarlarının inkişafı layihəsi aşağıdakı əsas strateji məqsədlərə yönəlib: innovativ normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi, çağdaş bazar infrastrukturunun formalaşdırılması, bazarın dəstəklənməsi. Hər bir strateji məqsəd üçün qiymətli kağızlar bazarı, derivativ bazarlar haqqında qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, xarici depozitarlarla əlaqələrin qurulması, çağdaş əməliyyat sisteminin yaradılması və s. kimi vəzifələr müəyyən edilib.

 

Türkiyə bazarına çıxış

Azərbaycanda kapital bazarının inkişaf planının strateji məqsədlərindən biri də xarici depozitarlarla əlaqələrin qurulmasıdır. Təəccüblü deyil ki, Türkiyə bazarı bizim qiymətli kağızların alına biləcəyi ilk bazar olacaq. Azərbaycanla Türkiyə arasında sıx iqtisadi münasibətlər, qarşılıqlı iri investisiya yatırımları, hər iki bazarda qurulan biznes, ticarət dövriyyəsi - seçim göz qabağındadır və yetrincə məntiqlidir.

Aprel ayında AMB ilə Türkiyənin Kapital Bazarları Şurası arasında anlaşma memorandumu imzalanıb. Bütün bu cür anlaşmalar kimi bu memorandumun da məqsədi hər iki ölkənin milli qanunvericiliyinin tələbləri nəzərə alınmaqla kapital bazarları sahəsində əməkdaşlığın inkişafı üçün lazımi çərçivənin formalaşdırılması, təcrübə mübadiləsinin təşkili, bu sahədə araşdırmalara dəstək vermək və məlumat mübadiləsini təmin etmək olub.

Onun həyata keçirilməsi özünü çox gözlətmədi. Azərbaycan və Türkiyə əməliyyat sistemlərinin inteqrasiyası ilə bağlı artıq razılığa gəliblər. Nəticədə İstanbul Fond Birjasında (Borsa İstanbul) listinqdə olan qiymətli kağızlar Bakı Fond Birjasında (BFB) hərraclara buraxılacaq, Türkiyə fond bazarında isə Azərbaycan qiymətli kağızları ilə alqı-satqıya başlanacaq.

İqtisadçı ekspert Cəfər İbrahimli bildirir ki, iki ölkənin fond bazarları arasında inteqrasiya məsələsi yetərincə uzun müddət müzakirə olunub: “Azərbaycanda kapital bazarının mövcud olduğu dövrdən, yəni 2008-2009-cu illərdən indiyə qədər Türkiyə bazarı ilə əməkdaşlıq gedir. Türkiyə fond birjasının iştirakçıları, investisiya şirkətləri Bakı Fond Birjasının səhmdarlarıdır. İndi söhbət hər iki ölkənin həm dövlət, həm də özəl sektorunun qiymətli kağızlarının qarşılıqlı ticarəti və saxlanması (depozitar xidmət) məsələlərindən gedir. 2008-2009-cu illərdən etibarən azərbaycanlı investorlar Azərbaycan investisiya şirkətləri vasitəsilə Türkiyə şirkətlərinin səhmlərinin alınıb-satılması ilə məşğuldurlar. Bu gün investisiya şirkətlərimiz İstanbul Birjasında fəaliyyət göstərə bilər, Türkiyədə qiymətli kağızlar almaq istəyən hər bir investor bu əməliyyatı yerli investisiya şirkətlərinin vasitəsilə həyata keçirə bilər”.

C.İbrahimli bildirib ki, türkiyəli investorlar Azərbaycanın dövlət qiymətli kağızlarına hər zaman maraq göstərib: “Türkiyə investisiya şirkətləri bir müddətdir ki, bizim dövlət qiymətli kağızlarına sərmayə qoyublar. Amma bunu Azərbayjan bazarında ediblər. İndi bu, Türkiyə bazarında mümkün olacaq”.

Bütünlükdə, onun fikrincə, Türkiyə bazarında Azərbaycan qiymətli kağızlarının alqı-satqısı ölkənin kapital bazarına daha çox likvid vəsait cəlb edəcək.

Digər ekspert, ölkənin investisiya şirkətlərindən birinin direktor müavini Nəriman Yaqubov isə hesab edir ki, iki ölkənin qiymətli kağızlarının öz daxili bircalarında inteqrasiyası krosslistinq və depozitar qeydiyyat mexanizmləri vasitəsilə mümkündür: “Beynəlxalq təcrübədə kross-listinq və depozitar qeydiyyat mexanizmləri mövcuddur. Birinci halda, şirkətin səhmləri Azərbaycanda listinqdən sonra Türkiyədə listinq edilməlidir. Kross-listinq adətən səhmlərə aiddir. Çünki 90% hallarda istiqrazlar birjadan kənarda alınıb-satılır. Depozitar qeydiyyata gəlincə, investisiya şirkəti Türkiyədəki səhmləri alır, daha sonra qeydiyyata salıb Azərbaycanda listinqdən keçirir. Eyni mexanizm Türkiyədə də tətbiq oluna bilər. Bu, beynəlxalq mexanizmdir və hər iki ölkəyə şamil oluna bilər”.

Deməli, burada əsas məsələ birjaların yox, depozitarların inteqrasiyasıdır. Əsas odur ki, Azərbaycanda saxlanılan kağızlar Türkiyədə, Türkiyədə saxlanılan kağızlar isə bizim tərəfimizdən tanınsın. “Onlar investorlarımızı tanımalıdır, biz də onları tanımalıyıq. Əks halda Türkiyə vətəndaşı buradakı depozitarda qeydiyyatdan keçmək üçün bura gəlməli olacaq” deyən ekspert Türkiyədə istiqraz satışının qeyri-populyar olduğunu da vurğulayıb. Onlar əsasən səhmlərlə ticarət edirlər.

 

Çatışmazlıqlar və üstünlüklər

Bəllidir ki, dərin və səmərəli yerli kapital bazarlarının inkişafı bir sıra üstünlüklər təqdim edir. Bir çox ölkələr böyük maliyyə çatışmazlığı ilə üzləşirlər, özəlliklə də bu, özünü dayanıqlı infrastruktur yaradılması zamanı baş verir. Yaxşı işləyən yerli kapital bazarı yerli valyuta ilə daha dayanıqlı üsullarla və daha az makroiqtisadi risklərlə uzunmüddətli maliyyələşmə cəlb etməyə və bölüşdürməyə kömək edə bilər ki, bununla da ölkənin iqtisadi artımına töhfə verə bilər.

G20 qəbul edir ki, yaxşı inkişaf etmiş yerli valyuta istiqrazları bazarı qlobal kapital axınından qoruyur və valyuta risklərinə məruz qalan xarici valyuta borcu asılılığını azaldır.

Bu kontekstdə Asiya İnkişaf Bankının (AİB) “İnkişaf etməkdə olan Asiya ölkələrində kapital bazarının inkişafına və islahatlarına dəstək” layihəsinin icrasına hazırlıq çərçivəsində apardığı, Azərbaycan, Monqolustan və Özbəkistanı əhatə edən araşdırmanın nəticələri açıqlanıb.

Onun müəllifləri cari iqtisadi şəraitdə bank aktivlərinin keyfiyyəti və bankların yenidən kapitallaşdırılması kimi seqmentlərdə bank sahəsi göstəricilərinin pisləşməsini gözləyirlər:

 “Dövlət istiqrazlarının buraxılması dövlət xərclərinin dövriliyi ilə mübarizəyə kömək edə bilər, korporativ istiqrazların buraxılması isə real iqtisadiyyatı dəstəkləyə bilər, bank sektorunu həddən vacib likvidliklə təmin edə bilər" , - deyə AİB ekspertləri hesab edirlər.

Bununla belə, potensial üstünlüklərinə baxmayaraq, regionun bir çox ölkələrində kapital bazarları hələ yeni yaranmaqdadır, səmərəsiz və ya qeyri-likviddir. Belə ki, hətta pandemiyadan əvvəlki 2019-cu ildə Azərbaycanda dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi ümumi daxili məhsulun cəmi 2,3 faizini təşkil edib.

“Fəal dövlət istiqrazları bazarının və ya hətta onların buraxılışı proqramının olmaması, qısa müddətə ödənən və məhdud ticarətə malik qiymətli kağızların olmaması (təkrar bazarın olmaması) korporativ istiqrazlar və digər maliyyə alətlərinin inkişafı üçün zəruri olan qiymət formalaşdırılması orientirinin yaradılmasına mane olur”,- deyə bank qeyd edir.

AİB vurğulayır ki, bazarın fasiləsiz işləməsini təmin etmək üçün həmçinin effektiv bazar infrastrukturu, xüsusən depozitar klirinq və diler sistemlərinin, qiymətləndirmə və qeydiyyat sistemlərinin mütəşəkkil işləməsinə ehtiyac var. “Effektiv əlverişli əsas olmadan qiymətli kağızların buraxılışı baha başa gəlir və kapital bazarında təkliflərin inkişafı üçün dayanıqsız olur”,- deyə AİB analitikləri vurğulayırlar və qeyd edirlə ki, hökumətlər, maliyyə institutları və özəl şirkətlər kapital cəlbi üçün yerli valyuta istiqraz bazarlarından çox məhdud dərəcədə istifadə edirlər.

AİB-in 2023-cü ilin sonuna qədər tamamlanacaq layihəsi çərçivəsində digər ölkələrlə müqayisədə kapital bazarının inkişafının gedişatını müəyyən etmək üçün texniki araşdırmalar aparılacaq və uyğun yol xəritələri hazırlanaraq təsdiq ediləjək. Həmçinin aşkar edilmiş boşluqların aradan qaldırılması üçün bazarın strateji inkişafının həyata keçirilməsi planları hazırlanacaq və kapital bazarının potensialının artırılması, normativ-hüquqi bazaya dəyişiklərin edilməsi, səmərəli bazar infrastrukturunun, həmçinin tələb və təklif bazar mexanizmlərinin yaradılması üçün zəruri siyasi tövsiyələr veriləcək.

Beləliklə, sözügedən tədbirlər planı yerinə yetirilərsə, Azərbaycanın qiymətli kağızlar bazarı mütləq yeni inkişaf səviyyəsinə qalxacaq. İnanmaq istəyirik ki, bu dəfə hər şey alınacaq. Bazar iqtisadiyyatı üçün vacib olan bu sahəni dirçəltmək üçün bu heç də ilk olman cəhd, nəhayət ki, səmərəli olacaq.

 



MƏSLƏHƏT GÖR:

120