4 May 2024

Şənbə, 17:16

PRİORİTET BAZAR

Pandemiyaya və lirənin düşməsinə baxmayaraq, SOCAR-ın Türkiyədəki yatırımları özünü doğruldur və gəlir gətiri

Müəllif:

15.12.2021

Türkiyə iqtisadiyyatı özünün yetərincə çətin dövrünü yaşayır. Noyabrın sonunda türk lirəsi dollar qarşısında tarixi minimuma qədər ucuzlaşdı. Ümumiyyətlə, ilin əvvəlindən türk valyutası, demək olar ki, dəyərinin yarısını, noyabrdan bəri isə üçdə birini itirib.

Əgər buna pandemiyanın yaratdığı çətin iqtisadi şərtlər də əlavə edilsə, Türkiyədəki cari vəziyyət sahibkarlar arasında, yumşaq desək, narahatlıq doğurur.

Məlumdur ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyə iqtisadiyyatına sərmayə yatırmış ən böyük xarici investorlardan biridir. Bəs «SOCAR Turkey Enerji» bu mürəkkəb şəraitdə biznes sabitliyini qoruyub saxlaya bilirmi?

 

Sıçrayışa hazırlıq

Bu yaxınlarda keçirilən press-tur çərçivəsində “SOCAR Turkiye Enerji” şirkətinin rəhbəri Zaur Qəhrəmanov bildirib ki, bu il şirkət investisiyaların erkən qaytarılması üçün yaxşı zəmin yaradıb. “Bu il biz əməliyyatların effektivliyini artırmışıq. Böhrana baxmayaraq, məncə, yaxşı maliyyə nəticələri göstərə bilmişik. Bu il, həm də şirkətimizi növbəti illərdə sıçrayışa hazırlaya bilmişik. 2022-2025-ci illər bizim sərmayələrin qaytarılması üçün çox mühüm üfüqdür”, - deyə Z.Qəhrəmanov bildirib.

Sərmayələrə gəlincə, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına qoyulması planlaşdırılan 19,5 milyard dollar investisiyadan artıq yatırılanların toplam həcmi 16,5 milyard dollara çatıb. Bununla yanaşı, SOCAR rəsmisi onu da vurğulayır ki, Dövlət Neft Şirkətinin birbaşa özü tərəfindən qoyulan vəsait 10 milyard dollar ətrafında dəyişir. Üstəlik, Z.Qəhrəmanovun sözlərinə görə, şirkətimiz Türkiyədə özü üçün heç bir risk görmür, buna görə də cari il üçün yüksək maliyyə göstəriciləri gözləyir və fəaliyyətini genişləndirməyi planlaşdırır.

“2021-ci ilin sonunda biz 1 milyard dollar səviyyəsində EBITDA (faizlər, vergilər və amortizasiya xərcləri çıxılmadan öncəki mənfəət - red.) gözləyirik, bu, 2020-ci ildə 630 milyon dollar olmuşdu (58,7% artım var – “R+”), yəni gözlədiyimiz nəticə planlaşdırılandan 250 milyon çoxdur. Şirkətin Türkiyədəki layihələrə yatırdığı investisiyaların qaytarılması üçün EBITDA ildə, orta hesabla, 750 milyon dollar olmalıdır. Bu, bizə həm qazanmağa, həm də kreditləri qaytarmağa imkan verəcək”, - deyə Z.Qəhrəmanov bildirib.

O, Türkiyə valyuta bazarındakı vəziyyətə də toxunub və qeyd edib ki, Türkiyə milli valyutasının məzənnəsinin dəyişməsi ilə bağlı risklər şirkət üçün ciddi təhlükə yaratmır.

“Lirənin məzənnəsindəki dalğalanmalara gəlincə, biz özümüz üçün böyük risk görmürük. Bu risklər nəzərə alınır və onlar, təxminən, 100 milyon dollar ətrafında qiymətləndirilir. «Kayserigas» və «Bursagas» (Bursa və Kayseri şəhərlərində qazpaylayıcı şəbəkələr - red.) istisna olmaqla, bizim Türkiyədəki layihələrimiz lirə ilə bağlı deyil, lakin onlar üçün kreditlər lirə ilə cəlb edilir və eyni valyuta ilə ödənilir. Həm də işçilərə maaşların TL ilə ödənilməsini də nəzərə almaq lazımdır", - deyə o vurğulayıb.

Lakin şirkətin uğurlu fəaliyyəti təmin etmək üçün ciddi qiymətləndirdiyi amillər qlobal risklərdir, xüsusən də koronavirus pandemiyası, dünyanın aparıcı şirkətlərinin və ölkələrinin təmiz enerjiyə keçid üzrə planları və elektrobil sektorunun inkişafıdır.

 

İnteqrasiya effekti

“SOCAR Turkey Enerji” şirkətinin rəhbəri həmçinin qeyd edib ki, şirkət “Petkim” neft-kimya kompleksinin və STAR neft emalı zavodunun fəaliyyəti ilə Türkiyə iqtisadiyyatına mühüm töhfə verir. Belə ki, təkcə neftayırma zavodları sayəsində Türkiyədə cari əməliyyatlar kəsirini hər il 2 milyard dollar azaltmaq mümkün olub.

Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ölkənin neft-kimya bazarının artımını gözləyir və görünür, bu səbəbdən bu sektorun inkişafını özünün əsas prioritetləri sırasına daxil edib.

“Şirkətimiz gələcək inkişafı üçün üç əsas istiqamət müəyyən edib: dünya üzrə ən cəlbedicilərdən olan Türkiyə neft-kimya bazarında öz mövqeyini möhkəmləndirmək; Türkiyə bazarında qaz satışını artırmaq, bu il satış 4,5 milyard kubmetr olacaq, cari il üçün proqnozlaşdırılan daxili istehlak səviyyəsi isə 52 milyard kubmetr qaza bərabərdir; davamlı inkişaf və bərpa olunan enerji mənbələri sahəsində layihələrin davam etdirilməsi”, - deyə Z.Qəhrəmanov bildirib.

Hazırda Türkiyəyə yatırılan investisiyaların ən böyük payı, həmçinin «SOCAR Turkey Enerji»nin gəlirlərinin əsas hissəsi «Petkim» və STAR neft emalı zavodunun payına düşür. Bununla yanaşı, “Petkim Petrokimya Holding”in Türkiyənin neft-kimya məhsullarının daxili bazarında payı 20-25%, STAR neft emalı zavodunun isə daxili neft məhsulları bazarında payı 16% təşkil edir.

Hər iki müəssisənin daha səmərəli işləməsi üçün SOCAR 2020-ci ildən «Petkim» və STAR-ın inteqrasiya prosesinə başlayıb və bunun sayəsində yararı təkcə böyük vergi güzəştləri əldə etməklə qalmayacaq. “Bizim ehtimallara görə, bu proses iki və ya üç il çəkə bilər, çünki “Petkim” açıq şirkətdir, lakin STAR neft emalı zavodu açıq deyil, ona görə də ciddi hüquqi və vergi prosedurları tələb olunacaq”, - deyə «SOCAR Turkiye Enerji»nin bölməsi olan «SOCAR Turkey Refining and Petrochemical Business Unit»in prezidenti Anar Məmmədov vurğulayır.

İnteqrasiyaya paralel olaraq, «SOCAR Turkey Enerji» həm də STAR neft emalı zavodunda neft emalı gücünü artırmağı planlaşdırır. A.Məmmədovun sözlərinə görə, bu işlərin həyata keçirilməsi ilə müəssisənin gücü 2024-cü ildən sonra indiki 11 milyon tona qarşı ildə 11,5 milyon tona çatacaq. Həmçinin 2022-ci ildə şirkət «Petkim» kompleksinə daxil olan müəssisələrdə təmir işlərinə irimiqyaslı investisiyalar yatırmağı planlaşdırır.. Söhbət kompleksin müəssisələrinin mövcud istehsal güclərinin artırılmasından deyil, onların səmərəliliyinin artırılmasından gedir.

“İqlim dəyişikliyi üzləşdiyimiz ən böyük böhrandır və bərpa olunan enerjinin payı da artır. Amma düşünürəm ki, neft emalı və neft-kimya sektorları orta və hətta uzunmüddətli perspektivdə qalacaq. Biz də öz tərəfimizdən 2035-ci ilə qədər STAR neft emalı zavodunda və «Petkim» kompleksində tullantıları hər il 1% azaltmağı düşünürük. Bu, iddialı hədəfdir”, - deyə A.Məmmədov əlavə edib.

Bundan başqa, şirkət bərpa olunan enerji sektorunu da inkişaf etdirərək, daim dəyişən qlobal trendlərlə ayaqlaşmağa çalışır. Buna görə də, «SOCAR Turkey Enerji»nin bazarda uzunmüddətli və sabit mövqe tutmaq üzrə hədəfləri yetərincə gerçək görünür.


MƏSLƏHƏT GÖR:

125