7 May 2024

Çərşənbə axşamı, 07:10

HAMI HƏR KƏS ÜÇÜN VƏ HƏR KƏS ÖZÜ ÜÇÜN

Azərbaycan, İran və Türkmənistan arasında qaz nəqli haqqında saziş regionda enerji təhlükəsizliyinin qorunmasına yönəlib

Müəllif:

15.12.2021

Noyabrın sonunda türkmən qazının İran ərazisindən tranzitlə Azərbaycana nəqli haqqında sazişin üç ölkə prezidentləri tərəfindən imzalanması regiondakı daha öncəki siyasi fona görə çoxları üçün yetərincə gözlənilməz hadisə oldu. Bu baxımdan, Azərbaycan, İran və Türkmənistan prezidentlərinin iştirakı ilə imzalanmış sazişin yetərincə maraqlı çalarlar qazanması təkcə iqtisadi önəmi ilə məhdudlaşmır. Bununla belə, əminliklə demək olar ki, bu, məhz o haldır ki, əldə olunan anlaşmanın iqtisadi önəmi, daha doğrusu, regionda enerji təhlükəsizliyinin qorunmasında həmrəylik nümayiş etdirilməsi, öz vacibliyinə görə, siyasi motivlərdən heç də geri qalmır.

 

Müddətsiz saziş  

Naxçıvan Muxtar Respublikasının ehtiyacları üçün Azərbaycan və İran arasında svop mübadilə) şərtləri əsasında qaz nəqli sahəsində əməkdaşlığın çoxillik tarixi var - 2004-cü ildən sutkada 1-1,3 milyon kubmetr qaz həcmində nəql həyata keçirilir. Tərəflərin heç biri tədarük həcminin artırılması və ya bu əməliyyatlarda regional oyunçuların sayının genişlənməsi ilə bağlı svop sxemində hər hansı dəyişiklik barədə rəsmi açıqlama verməmişdi. Ona görə də Azərbaycan, İran və Türkmənistan arasında qaz sazişinin imzalanmas tam gözlənilməz olub.  

Yeni sazişin şərtlərinə görə, İran ərazisindən Azərbaycana ildə 1,5-2 milyard kubmetr həcmində türkmən qazı nəql ediləcək. İRNA-nın məlumatına görə, nəqlin gündəlik həcmi 5-6 milyon kubmetr qaz olacaq. Müqavilə müddətsizdir və müqavilə üzrə faktiki nəql dekabrın 22-də başlayacaq.

Müqaviləyə uyğun olaraq, İran Türkmənistandan qaz alacaq və Astara ilə sərhəddə ona ekvivalent həcmdə qazı Azərbaycana verəcək.

İran prezidentinin aparat rəhbəri Qolamhüseyn İsmaili bildirib ki, yeni müqavilə sayəsində İran Türkmənistan təbii qazını öz ərazisi vasitəsilə Azərbaycana ötürməklə, beş əyalətinin qaza olan ehtiyacını ödəyə biləcək. "Türkmənistan, İran və Azərbaycan arasında qaz sazişi İranın qazla bağlı problemlərinin böyük hissəsini həll edəcək", - deyə İsmaili vurğulayıb.

İranda düşünürlər ki, bu cür “svop” sazişi İranın tranzit ölkə kimi önəmini artıracaq, onu qaz habına çevirəcək və Türkmənistanla, xüsusən də qaz sahəsində ticarətin genişlənməsinə imkan yaradacaq. İranın Türkmənistandan qaz alması 2017-ci il yanvarın 1-dən İslam Respublikasının əvvəlki hökumətinin dövründə dayandırılıb. Bu məsələyə hətta beynəlxalq arbitraj məhkəməsində baxılıb və İranın borcunun dəqiq məbləği müəyyən edilib. İndi üçtərəfli sazişin bağlanması ilə iki ölkə arasında qaz sahəsində münasibətlərdə irəliyə doğru addım atılıb.

Bundan başqa, gələcəkdə “mavi yanacağın” Azərbaycandan keçməklə Xəzər dənizinin şərq sahillərindən Cənub Qaz Dəhlizi (CQD) ilə Türkiyə və Avropaya ixracı üçün böyük imkanlar açılır.

 

«Yeni müqavilə – yeni imkanlar»

İranın neft naziri Cavad Ovci bildirib ki, türkmən qazının İrana ixracının bərpası iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı üçün ilk addım ola bilər, o, həmçinin vurğulayıb ki, İran prezidenti administrasiyasının siyasəti qonşularla, o cümlədən Türkmənistanla ikitərəfli münasibətləri genişləndirmək məqsədi daşıyır.  

Bununla yanaşı, nazir həm də İran tərəfinin Türkmənistana texniki və mühəndislik xidmətləri ixrac etməyə hazır olduğunu bildirib və bəyan edib ki, İran neft-kimya, neft emalı, quruda və dənizdə qazma işləri sahəsində böyük potensiala malikdir. İran tərəfi həm də Türkmənistana neft-qaz sənayesi üçün avadanlıq ixrac etməyə hazırdır.

Bundan başqa, C.Ovcinin sözlərinə görə, İran Türkmənistanla qaz borcu ilə bağlı uzanan mübahisənin həllinə doğru irəliləyir, Aşqabad 2017-ci ilin sonunda bildirmişdi ki, verilən qaza görə Tehranın ona 1,8 milyard dollar borcu var. Ovci borcun məbləğini açıqlamayaraq, "Türkmən tərəfinə qaz borcunu ödəmək üçün tezliklə birinci tranşı köçürəcəyik", - deyə bildirib.

İranın cənubunda iri qaz yataqlarına malik olsa da, ölkə 1997-ci ildən şimal əyalətlərini, xüsusilə də qış aylarında təchiz etmək üçün Türkmənistandan qaz idxal edir.

İranın yeni administrasiyası Azərbaycanla qaz svopu ilə yanaşı, neft sahəsində və yataqların işlənməsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

“Baş nazirin müavini Şahin Mustafayevlə Tehranda görüş zamanı konstruktiv danışıqlar aparılıb. İki ölkənin ekspert nümayəndə heyətləri Xəzər dənizində neft və qaz yataqlarının işlənməsini müzakirə ediblər. Bununla bağlı, ilk görüşlər keçirilib”, - deyə nazir bildirib.

Onun fikrincə, Azərbaycan və İran arasında neft-qaz sahəsində olan əməkdaşlıq qarşılıqlı faydalı və səmərəlidir, lakin bu qarşılıqlı əlaqənin dərinləşdirilməsi üçün böyük potensial yenə də var.

Yeri gəlmişkən, İran yaxın on ildə neft sektoruna, təxminən, 90 milyard dollar, qaz yataqlarının işlənməsinə isə xarici və yerli fondlar hesabına, təxminən, 70 milyard dollar cəlb etməyi planlaşdırır – bu barədə «National Iranian Oil Company»in (NIOC) rəhbəri Mohsen Xocastehmehr bildirib.  

NIOC hazırda sektorun xarici nümayəndələri ilə neft və qaz yataqlarının birgə işlənməsi üzrə danışıqlar aparır.

Bundan əlavə, qonşu dövlətin planlarına xam neft ixracını və emal gücünü 2018-ci ildə Donald Tramp administrasiyası tərəfindən sanksiyaların tətbiqindən əvvəlki dövrə baxanda 1,5 dəfə artırmaq daxildir. Belə ki, ABŞ-ın Tehrana qarşı sanksiyaları aradan qaldırılarsa, İran hakimiyyəti neft-qaz hasilatı və neft emalı sektorlarında fəal şəkildə xarici investorların axtarışına başlayacaq və Azərbaycan xarici layihələr portfelini genişləndirmək üçün bu bazarı qiymətləndirmək imkanı əldə edəcək. Nəzərə almaq lazımdır ki, tərəflər Xəzər dənizində yataqların birgə işlənməsi ilə ekspert müzakirələrinə başlayıblar, ehtimal etmək olar ki, söhbət mübahisəli strukturlardan da gedə bilər.

 

«Dostluq» naminə

Türkmənistana gəlincə, Azərbaycanın svop sxemi üzrə alacağı qazın dəyəri açıqlanmır. Azərbaycan bu qazdan Naxçıvan Muxtar Respublikasının ehtiyacları ilə yanaşı, həm də qış vaxtı artan daxili istehlakı təmin etmək üçün istifadə edə biləcək. Sərbəst qalan həcminin bir hissəsi Türkiyədə və ya təbii və maye qazın svop tədarükü qiymətlərinin hələ də 1000 kubmetr üçün 1000 dollardan yuxarı olduğu Avropada satıla bilər. Azərbaycanla svop əməliyyatları çərçivəsində qaz satışından əldə olunan gəlirlərlə yanaşı, Türkmənistan həm də öz “mavi yanacaq” həcmlərinin ixracı üçün yeni marşrut əldə edir və bununla da, ixrac coğrafiyasını genişləndirir. Düzdür, bu heç bir halda Trans-Xəzər qaz kəmərinin tikintisi layihəsinin önəmini azaltmır, əksinə Xəzərdən birbaşa ixrac üçün quru yolu ilə alternativi yaradır. Ancaq bunun yaxşı alternativ olub-olmaması məsələsi diqqətli araşdırma tələb edir. Həqiqətən də, Türkmənistandan böyük həcmdə qazın İrandan keçməklə Cənub Qaz Dəhlizi ilə ötürülməsi üçün müvafiq infrastruktur tələb olunur. Ən əsas məsələ isə həmin türkmən qazının öz ərazisindən Türkiyəyə nəqlinə qarşı çıxan İranın razılığının alınmasıdır. Bəlkə də, ola bilsin ki, Azərbaycanla bağlı məsələdə Türkmənistan qazının daha sonra Cənub Qaz Dəhlizi ilə ixracında tranzitlə bağlı heç bir etiraz olmayacaq. Çünki bu, ciddi qıtlıq yaşayan və Rusiya “mavi yanacağ”ından asılılığını azaltmağa çalışan Avropaya təbii qaz nəqli zəncirində İranın rolunu artıracaq.  

Digər tərəfdən “Dostluq” yatağının işlənməsi üzrə Azərbaycan-Türkmənistan birgə layihəsinin gerçəkləşdirilməsi çıxarılan xammalın sahilə, daha sonra isə satış bazarlarına çatdırılması məsələsinin həlli tələb ediləcək. Bu, o deməkdir ki, iki ölkəni birləşdirən dəniz nəqliyyatı infrastrukturunun tikintisi, sadəcə olaraq, qaçılmazdır. LUKoil-un timsalında Rusiya şirkətinin bu layihədə iştirakı sualtı kəmərin çəkilməsi məsələsini xeyli asanlaşdıracaq.

Türkmənistanda təbii qazın ümumi ehtiyatları 50 trilyon kubmetr həcmində qiymətləndirilir. Hazırda ölkə Çin və Rusiya Federasiyasına təbii qaz ixrac edir. Türkmənistan – Əfqanıstan – Pakistan - Hindistan qaz kəmərinin tikintisi də davam etdirilir.

Bununla yanaşı, Türkmənistan uzun illərdir ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Avropa İttifaqı ilə ildə 10-30 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malik Trans-Xəzər qaz kəmərinin tikintisi imkanlarını müzakirə edir. Avropa İttifaqı Trans-Xəzər qaz kəmərini perspektivli layihələr siyahısına daxil edib. Moskva və Tehran uzun müddət onun tikintisinə qarşı olub. Lakin 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Sənədə əsasən, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün bütün Xəzəryanı ölkələrin razılığı tələb olunmur, onun tikintisi məsələsi yalnız kəmərin keçəcəyi dövlətlər tərəfindən razılaşdırılır. Trans-Xəzər qaz kəməri məsələsində bunlar Azərbaycan və Türkmənistandır.

Bununla belə, Amerikanın «Trans Caspian Resources» (TCR) şirkəti bu yaxınlarda Türkmənistana Trans-Xəzər qaz kəməri əvəzinə Azərbaycan istiqamətində daha kiçik qaz kəməri layihəsi – Trans-Xəzər interkonnektoru layihəsini həyata keçirməyi təklif edib.  

“Biz Trans-Xəzər qaz kəmərindən daha kiçik iddialı layihə təklif edirik. Bu, Türkmənistanın Xəzərdəki dəniz quyularından Azərbaycanın mövcud infrastrukturuna təbii qazın çatdırılması üçün orta tutumlu bir xətt olacaq”, - deyə TCR-nin həmrəhbəri Allan Mastard bildirib.

İştirakçılar düşünür ki, 500-800 milyon dollar qiymətləndirilən layihə mövcud infrastrukturun potensialını maksimum dərəcədə artırmağa imkan verəcək və Trans-Xəzər qaz kəməri ilə müqayisədə xeyli kiçik investisiyalara ehtiyac duyacaq.

Yeni kəmərlə ildə 12 milyard kubmetrə qədər qaz ötürülə bilər.  

"Xəzər interkonnektoru yetərincə sadə layihədir və Türkmənistana cəmi 24 aydan sonra 10-12 milyard kubmetr təbii qaz ixracına zəmanət verə bilər", - deyə TCR-nin həmrəhbəri bildirib.

Bir sözlə, imkanlar yetərincədir, sadəcə seçim etmək qalır. Amma birmənalı olaraq - ilk və ən mühüm addım atılıb: üç Xəzəryanı ölkə hər bir tərəfin maraqlarına hörmətlə yanaşaraq, birgə fəaliyyət barədə razılığa gələ biliblər. Təkcə bu, ümumi mürəkkəb geosiyasi fonda artıq böyük uğurdur.



MƏSLƏHƏT GÖR:

120