9 May 2024

Cümə axşamı, 05:51

VİCDANSIZ REPORTYORLAR

Hüquq müdafiəsi təşkilatı hüququn əsas normalarını niyə pozur?

Müəllif:

15.12.2021

Məlum olduğu kimi, dünyada yalanın çoxlu formaları var. Var «xilas naminə yalan», var «zəhərli» yalan. Yəni səhv düşünə və ya yanıla da bilərsən. Nəhayət, həyasızcasına yalan danışmaq da var, ustalıqla yalanı həqiqətlə «qarışdırmaq» da… Bir də olur ki, sanki, həqiqəti danışırsan, amma auditoriya səni düz başa düşmür.

Bu yaxınlarda «Sərhədsiz reportyorlar» adlı beynəlxalq qeyri-hökumət təşkilatı dünyaya «baş-ayaq həqiqət» təqdim edib. Təşkilat öz saytına Azərbaycanda iki jurnalistin «qətlə yetirildiyi» haqda məlumat yerləşdirib. Amma bu zaman onlar jurnalistlərin hansı şəraitdə öldüklərini dəqiqləşdirməyi «unudublar».

 

Əlverişsiz faciə…

Barəsində danışacağımız faciə müharibənin bitməsindən sonra baş verib. 2021-ci il iyunun 4-də dövlət televiziyası olan AzTV-nin operatoru Sirac Abışov və «AZƏRTAC» dövlət informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov Azərbaycanın bir vaxtlar işğalda olmuş, son müharibədən sonra isə azad edilmiş Kəlbəcər rayonuna xidməti ezamiyyətə getmişdilər. Jurnalistləri Kəlbəcər rayonunun Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyev müşayiət edirdi. Onlar səhər saat 11:00 radələrində hərbi «KamAZ» avtobusu ilə Susuzluq kəndinə yola düşmüşdülər. Yolda avtobus tank əleyhinə minaya düşərək partlayıb. Nəticədə, Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyev həlak olublar, daha 4 nəfər yaralanıb.

Azərbaycan ictimaiyyətinin, ilk növbədə isə jurnalistlərin hadisəyə reaksiyası birmənalı olub: baş verənlər hərbi cinayətdir! Jurnalistlər minalı ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməkdən boyun qaçıran Ermənistanın mina terrorunun qurbanı olublar.

Hələ jurnalistlərin həlak olması ilə bağlı başsağlıqlarının gəldiyi həmin günlərdə «Sərhədsiz reportyorlar»ın mövqeyi anlaşılmazlıqla qarşılanmışdı. Doğrudur, təşkilat guya baş verənlərdən təəssüfləndiyini bildirmişdi. Lakin bu zaman azərbaycanlı jurnalistlərin erməni işğalçılarının basdırdıqları minanın partlaması nəticəsində həlak olduqlarını vurğulamağa lüzum görünməmişdi.

Azərbaycanın media ictimaiyyətinin nümayəndələri, ölkənin aparıcı KİV və media holdinqlərinin rəhbərləri bəyanatla çıxış edərək, «Sərhədsiz reportyorlar»ı birmənalı olaraq qərəzlilikdə, Azərbaycana qara yaxmağa çalışmaqda günahlandırıb. Bəyanat müəllifləri xüsusi vurğulayıblar ki, 44 günlük Vətən müharibəsinin gedişində bu təşkilat erməni hərbçilərinin xidməti vəzifələrini icra edən azərbaycanlı və əcnəbi jurnalistləri atəşə tutmasına heç bir münasibət bildirməyib. Təşkilat sadəcə, Məhərrəm İbrahimovla Sirac Abışovun Kəlbəcərdə minaya düşərək həlak olmalarına ümumi reaksiya verib və bu zaman hadisənin məğzinə toxunulmayıb.

Bəyanat müəlliflərinin 44 günlük müharibəni xatırlatmaları təsadüf deyil. Şuşanın işğaldan azad edilməsindən bir neçə gün əvvəl «Sərhədsiz reportyorlar» BMT və Avropa Şurasına həyəcan dolu müraciət ünvanlamışdılar: «Xankəndidə 80 yerli və əcnəbi jurnalist mühasirədə qalıb, onlar Azərbaycan ordusunun atəşi altında həyatlarını riskə ataraq, Ermənistana gedə bilmirlər». O zaman «Sərhədsiz reportyorlar» BMT, Avropa Şurası və Azərbaycanı dinc sakinlərin təxliyyəsi üçün mümkün olan bütün addımları atmağa çağırırdı.

Azərbaycanın buna cavabı özünü gözlətməmişdi. Bu mövqeyi Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev dilə gətirmişdi: ««Sərhədsiz reportyorlar» təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsinə dair açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi». O zaman H.Hacıyev Ağdərə-Kəlbəcər-Basarkeçər yolunun da Ermənistan silahlı qüvvələrinin nəzarətində olduğunu xatırlatmışdı.

Qarabağ Azərbaycanın Ermənistanın işğalı altındakı ərazisi idi. Azərbaycan hökuməti isə lap əvvəldən xəbərdarlıq etmişdi ki, o, bütün riskləri gözə alaraq oraya yollanan jurnalistlərin təhlükəsizliyinə zəmanət verə bilməz. Bundan başqa, Bakı belə jurnalistləri israrla Azərbaycanda rəsmi akkreditasiyadan keçməyə çağırırdı. Əgər kimsə, məsələn, bloger Semyon Peqov kimi, bu tövsiyələrə əhəmiyyət verməyərək qaydaları pozurdusa, «Sərhədsiz reportyorlar» hansı məntiqlə Azərbaycana qarşı ittiham irəli sürürdü?

İndi isə «Sərhədsiz reportyorlar» daha da irəli gedərək, məsələni elə təqdim edirlər ki, sanki Sirac Abışov ilə Məhərrəm İbrahimovun həlak olmalarına görə məsuliyyəti «söz azadlığını pozan» və s. Azərbaycan hökuməti daşıyır.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi təşkilata məktub ünvanlayıb. Məktubda qurumun rəsmi saytında Azərbaycanda iki jurnalistin qətli ilə bağlı yerləşdirilmiş məlumata haqlı etiraz bildirilir, çünki orada hadisənin səbəbləri göstərilmir. Bu isə qeyri-obyektiv fikrin yaranmasına yol açır: «Qeyd edilən məlumat təhrif olunub və qərəzli şəkildə Azərbaycanın əleyhinə istifadə edilir. Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə hazırkı vəziyyəti işıqlandıran azərbaycanlı jurnalistlərin həlak olmasının məsuliyyətini Azərbaycanın üzərinə qoymaq cəhdi yolverilməzdir və əsassız yanaşmaların formalaşmasına zəmin yaratmaqdan başqa bir şey deyil».

 

…və xoş olmayan keçmiş

«Sərhədsiz reportyorlar» (daha dəqiqi, «Vicdansız reportyorlar») özünü ilk dəfə deyil ki, biabır edir (alçaldır da demək olar). Hələ 15 il əvvəl Azərbaycan hökuməti və media ictimaiyyəti bu təşkilatla əməkdaşlığı məhz onun qərəzli və qeyri-obyektiv olduğu üçün dayandırıb. 2016-cı ilin iyununda Berlində Azərbaycanın diaspor təşkilatlarının aksiyası zamanı «Sərhədsiz reportyorlar»dan olan jurnalistlərin piketə cəhd etdiklərini xatırlatmaq kifayətdir. O zaman həmin insanlar Qarabağdakı erməni separatçılarının bayrağını qaldırmışdılar. Bu isə öz-özlüyündə beynəlxalq hüququn əsas normalarına zidd birtərəfli yanaşmadır.

Bundan başqa, «Sərhədsiz reportyorlar» təşkilatının tarixi aşkar ksenofobiya, islamofobiya faktları ilə doludur. Onun keçmiş rəhbəri Rober Menar Fransanın Lanqedok şəhərciyinin meri seçildikdən sonra («Milli cəbhə»nin siyahısı ilə) fəaliyyətinə şəhər məktəbində oxuyan müsəlman uşaqların siyahısının hazırlanması haqda göstəriş verməklə başlamışdı…

Amma əslində, söhbət yalnız «Vicdansız reportyorlar»dan getmir. Son dövrlərdə ümumilikdə hüquq müdafiəsi hərəkatının ciddi böhran yaşadığını göstərən kifayət qədər əlamət var. Halbuki hər şey çox gözəl, yüksək səviyyədə başlamışdı. «Dəmir pərdə»nin götürülməsindən sonra birqütblü dünya yaranan, qlobal qarşıdurmalar arxada qalan zaman insan haqları əsas prioritet elan olunmuşdu. Onun naminə geosiyasi, iqtisadi maraqlardan vaz keçilirdi, insan haqlarına əməl olunması isə ABŞ və Avropa ilə əməkdaşlıq etmək istəyənlər üçün əsas «imtahan» sayılırdı. Bu zaman «imtahan götürənlər» məhz hüquq müdafiəsi ilə məşğul olan QHT-lər idi.

Lakin «Sərhədsiz reportyorlar»dakı korrupsiya halları ilə, məsələn, «Transparency International» hüquq müdafiəsi hərəkatı, çətin ki, məşğul olsun. Axı, onun özü də qrantlarla işləyən QHT-dir və ona belə araşdırma aparması üçün çətin ki, sifariş və maliyyə gəlsin. Üstəlik, hər kəs yaxşı anlayır ki, bu halda ortaya bir çox faktlar çıxa bilər – «qara piar»ı kim kimə, hansı ölkəyə qarşı sifariş edib, nə qədər ödəyib, hansı valyutada ödəyib…



MƏSLƏHƏT GÖR:

119