27 Aprel 2024

Şənbə, 07:36

YENİ İLƏ YENİ HƏDƏFLƏR

Bakı və Ankara enerji təhlükəsizliyi üzrə sonrakı əməkdaşlığın detallarını açdılar

Müəllif:

01.01.2022

Deyəsən artıq dekabr ayında Azərbaycan və Türkiyə arasında enerji sektorunda əməkdaşlıqla bağlı önəmli sənədlərin imzalanması xoş ənənəyə çevrilir. 2020-ci ildə iki ölkənin energetika nazirləri İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə dair Anlaşma Memorandumuna imza atıblar ki, bu, Naxçıvan Muxtar Respublikasının qazla təchizinin şaxələndirilməsinə yönəlib. Ötən ilin sonunda isə bu ənənənin əhatə dairəsi xeyli genişlənib: iki ölkənin hökumətləri arasında təbii qaz, elektrik enerjisi və mədənçıxarma sənayesi sahəsində əməkdaşlığı gücləndirmək üçün birdən-birə 6 sənəd imzalanıb. Bütün bunlar Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin birgə sədrliyi ilə dekabrın 21-22-də Bakıda keçirilən I Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində gerçəkləşdirilib.

 

Energetik bağlar

Bəllidir ki, iki ölkə arasında neft-qaz sektorunda, özəlliklə də neft və qazın çıxarılması və ixracı, neft emalı, neft məhsulları və neft-kimya məhsullarının ticarəti sahələrində səmərəli əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiya çərçivəsində təşkil olunmuş iki günlük forum yeni istiqamətlərin inkişafı ilə birgə fəaliyyət dairəsinin genişləndirilməsinə yaşıl işıq yandırıb. İş proqramının əsas mövzuları sırasına Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gerçəkləşdiriləcək qaz, elektrik enerjisi, mədənçıxarma və «yaşıl enerji» layihələri daxil edilib.

Nazir P.Şahbazov bildirib ki, danışıqlar nəticəsində anlaşma əldə edilib ki, Bakı və Ankara arasında əməkdaşlığın davam etdirilməsi yalnız neft və neft-kimya sahələrində məhdudlaşaraq qalmamalıdır.

“Biz həmçinin elektrik enerjisi, enerji səmərəliliyi, enerji sektorunun tənzimlənməsi sahəsində əməkdaşlıqla bağlı danışıqlar apardıq. Biz qardaş Türkiyə ilə enerji sektorunun bütün sahələrində və iqtisadiyyatın digər sahələrində əlaqələrimizi davam etdirəcəyik və neft, neft-kimya sektorunda əldə etdiyimiz eyni uğura ümid edirik”, - deyə Azərbaycan Energetika Nazirliyinin rəhbəri vurğulayıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz isə Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan və TANAP boru kəməri layihələrinin uğurla gerçəkləşdirildiyini xatırladaraq, Ankara ilə Bakı arasında əməkdaşlığın regionun və Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğulayıb.

“Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığı təkcə karbohidrogenlərlə məhdudlaşmır. 2019-cu ildən Türkiyə tərəfi Azərbaycan ekspertləri üçün əsasən elektrik enerjisi bazarının liberallaşdırılması, bərpa olunan enerji mənbələri sahəsində qanunvericilik və investisiya modelləri üzrə beş təlim keçirib. İnanıram ki, neft-qaz sənayesində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji mənbələri sahəsinə ötürülməsi əlaqələrimizə yeni təkan verəcək”, - deyə F.Dönməz bildirib.

Yekunda tərəflər Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun Protokolunu, o cümlədən təbii qazın nəqlinə dair qarşılıqlı anlaşmanı, mədənçıxarma və dağ-mədən sənayesi və yer elmləri sahəsində, həmçinin «Azərenerji» ASC və «Türkiye Elektrik İletim Anonim Şirkəti» (TEİAŞ) arasında əməkdaşlıq haqqında sənədləri imzalayıblar.

 

Naxçıvana qaz kəməri çəkiləcək!

Təbii qaz nəqli barədə memorandumun hədəfləri ilə bağlı Azərbaycan Energetika Nazirliyindən verilən ilkin məlumatlara əsasən aydın olur ki, sənəd Azərbaycanın Dövlət Neft Şirkətinin Türkiyədəki müəssisələrinin qazla təmin edilməsi ilə bağlı SOCAR və BOTAŞ arasında gələcək kommersiya müqavilələrinin bağlanması üçün hüquqi əsas yaradır..

Türkiyəli nazirin açıqlamalarından aydın oldu ki, Türkiyə Avropa bazarında “mavi yanacaq” qıtlığı probleminə laqeyd deyil və artan tələbatın həllinə töhfə verməyə hazırdır. Yəni Ankara Avropa İttifaqına qaz nəqlinin həcmini artırmaq üçün qaz nəqli infrastrukturunun gücünün artırılmasının mümkünlüyü ilə bağlı dialoqa açıqdır.

“Biz təbii qaza artan tələbatı ödəmək üçün mövcud gücü artırmaqla bağlı bəzi ilkin danışıqlar aparırıq. Lakin istehsal tərəfi də olduğu üçün bu məsələlər bir gecədə həll olunmur. Təkcə boru kəmərinin gücünü artırmaq yetərli deyil. Əsas odur ki, Xəzərdə hasilat həcminin artırılması üzərində iş aparılsın”, - deyə F.Dönməz vurğulayır.

Forum çərçivəsində ayrıca olaraq, İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin gerçəkləşdirilməsi məsələsi də qaldırılıb. Memorandumun imzalanmasından bir il keçsə də, proses hələ də kəmərin tikintisi mərhələsinə çatmayıb, amma Türkiyə tərəfi layihə üzərində işlərin dayanmadığına əmin edir.

Yada salaq ki, söhbət ildə 500 milyon kubmetr qaz və ya sutkada 1,5 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malik qaz kəmərinin çəkilməsindən gedir. İğdır-Naxçıvan qaz kəmərinin Türkiyə ərazisindən keçən hissəsinin uzunluğu, təxminən, 85 km olacaq. Layihə çərçivəsində bir qaz ölçmə stansiyasının tikintisi də nəzərdə tutulub.

“Bu layihə Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini qaz tədarükünün şaxələndirilməsi hesabına gücləndirəcək, həm də bütünlükdə Azərbaycan və Türkiyə arasında əlaqələri dərinləşdirəcək”, - deyə Şahbazov xatırladıb və bu infrastrukturun ölkə üçün əhəmiyyətini bir daha vurğulayıb.

F. Dönməz əlavə edib ki, Ankara da öz növbəsində layihə üzrə tikinti işlərinin tez başlamasını gözləyir. “Ümid edirik ki, SOCAR və BOTAŞ bu layihənin həyata keçirilməsi üçün işləri tezliklə başa çatdıracaq. Texniki araşdırmalar başa çatdıqdan sonra qaz kəmərinin tikintisinə ən qısa zamanda başlanacağını gözləyirik”, - deyə o vurğulayıb.

Bakı və Ankara arasında qaz əməkdaşlığının genişləndirilməsinə gəlincə, bununla bağlı, mayeləşdirilmiş qaz alqı-satqısından tutmuş hidrogenin istehsalı və satışına qədər müxtəlif imkanlar nəzərdən keçirilir.

“Azərbaycan və Türkiyənin gələcək enerji əməkdaşlığı üçün böyük perspektivlər var. Bu, neft və qaz sahəsində bütün dəyər zənciri üzrə əməkdaşlığın genişləndirilməsini, üçüncü ölkələrdə neft və qaz hasilatı layihələrində birgə iştirakı, Azərbaycan təbii qazını Türkiyə limanlarında maye qaza çevirərək, dünya bazarlarına çıxarılmasını nəzərdə tutur", - deyə Azərbaycan Energetika Nazirliyinin rəhbəri bildirir.

Həmçinin, onun sözlərinə görə, əməkdaşlığın inkişafı üçün perspektivli istiqamətlər sırasına yeraltı qaz anbarlarının istismarı və onların tutumlarının artırılması, hidrogen hasilatı, onun nəqli və saxlanması daxildir.

 

Elektrik enerjisi prioritetdir

Bakı forumunun mühüm mövzularından biri də elektrik enerjisi oldu. Əsasən Azərbaycanın potensialından, Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilməsi planlaşdırılan enerji layihələrindən, Türkiyə şirkətlərinin bu işlərə cəlb edilməsi imkanlarından danışılıb.

Azərbaycanın Energetika Nazirliyində əmindirlər ki, işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələrinin inkişaf potensialı, bol su ehtiyatları, həmçinin 700 MVt külək və günəş enerjisi əldə edilməsini nəzərdə tutan layihələr üzrə hərraclar, Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq külək elektrik stansiyasının tikintisi və “Yaşıl enerji” ilə bağlı digər planlar türk investorları üçün geniş üfüqlər açır.

“Türkiyənin enerji səmərəliliyi və bazar münasibətləri sahəsində təcrübəsi və dəstəyi Azərbaycan üçün çox önəmlidir. Təmiz enerji yolunda Türkiyəni ən böyük müttəfiqimiz kimi görürük. Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması üçün Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatında öz namizədliyini geri götürməklə göstərdiyi dəstəyi qeyd etmək yerinə düşər”, - deyə qurumun rəhbəri P.Şahbazov bildirib.

Birbaşa layihələrə gəldikdə isə, nazir bildirib ki, hazırda Türkiyə şirkətlərinin Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı və Naxçıvan Muxtar Respublikasında 550 MVt gücündə qaz-turbin elektrik stansiyasının tikintisi ilə bağlı təklifləri öyrənilir.

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin rəhbəri də öz növbəsində Azərbaycanın bərpa olunan enerji mənbələri, xüsusən də Qarabağ bölgəsi ilə bağlı ciddi investisiya planlarının olduğuna diqqət verib.

“Qarabağın enerji tələbatını ödəmək üçün burada günəş və külək elektrik stansiyaları quraşdırılacaq. Türkiyənin bu sahədə təcrübəsi olan şirkətlər görüş və danışıqlar üçün buraya gələcəklər. Anlaşma əldə olunarsa, şad olarıq. Hələlik anlaşma yoxdur, lakin danışıqlar müsbət istiqamətdə gedir. İşğaldan azad edilmiş ərazilərdə tətbiqi planlaşdırılan Yaşıl Enerji Konsepsiyası çərçivəsində biz həm dövlət, həm də özəl sektorla Azərbaycanın yanında olmağa davam edəcəyik”, - deyə F.Dönməz bildirib.

Yeri gəlmişkən, Ankara əməkdaşlıq üçün daha bir cəlbedici istiqamət kimi Azərbaycanla elektrik enerjisi ticarətini sayır. “Naxçıvanla Türkiyə arasında faktiki olaraq elektrik əlaqəsi var. Biz onu yenidən işlək vəziyyətə gətirmək istəyirik və bu məsələdə qarşılıqlı razılıq əldə etmişik. Naxçıvanda elektrik enerjisi istehsalı imkanları var və onun artıq hissəsi Türkiyəyə satıla bilər”, - deyə türkiyəli nazir bildirib.

Növbəti Azərbaycan-Türkiyə forumunun Türkiyədə keçirilməsi barədə razılıq əldə edilib və yəqin ki, o, təkcə imkanların deyil, konkret layihələrin müzakirəsinə həsr olunacaq. Bunun üçün artıq Bakıda ilk addım atılıb.



MƏSLƏHƏT GÖR:

126