26 Aprel 2024

Cümə, 07:06

TAXIL BAZARININ TƏHLÜKƏSİZLİYİ ÜÇÜN

Azərbaycanda yaradılan dövlət ehtiyatları sistemi qeyri-sabitlik və bahalaşma dövründə ərzaq bazarını çevik tənzimləməyə imkan verəcək

Müəllif:

15.01.2022

Nisbətən ucuz ərzaq dövrü başa çatır və bundan ixracdan asılı olan yoxsul ölkələr əziyyət çəkir. Azərbaycan yoxsul ölkə olmasa da, idxal edilən inflyasiya ilə üzləşib ki, bu da daxili bazarda ərzaq məhsullarının qiymətinin artmasına səbəb olub. Dünya tarixi göstərir ki, bazar qiymətlərində kəskin enib-qalxmaların qarşısının alınması, habelə müharibələr, məhsul qıtlığı, təbii fəlakətlər zamanı aclıq təhlükəsinin qarşısının alınmasının ən səmərəli yolu dövlət ehtiyatlarının, o cümlədən ərzaq, yanacaq, strateji xammal və s. ehtiyatlarının formalaşdırılmasıdır. Ötən ilin oktyabrında Azərbaycanda yaradılmış Dövlət Ehtiyatları Agentliyinin (DEA) məhz bu məqsədlərə xidmət etməsi düşünülür.

 

Başlıca məqsəd

Ötən iki əsrdə müşahidə olunan müharibələr, fəlakətli ərzaq qıtlığına çevrilən inqilablar, epidemiyalar və təbii fəlakətlər dünyanın aparıcı dövlətlərini dayanıqlı genişmiqyaslı dövlət ehtiyatları sistemini formalaşdırmağa yönəldiblər. Lakin yalnız güclü, iqtisadi baxımdan varlı dövlətlər yetərincə böyük ehtiyatlar toplamaq və saxlamaq iqtidarında olublar, bu ehtiyatlar da öz növbəsində onların sabitliyini təmin edən əlavə amilə çevriliblər.

Burada qeyd etmək lazımdır ki, əksər inkişaf etməkdə olan ölkələrdə ehtiyat strateji ehtiyatlar sistemi əsasən ərzaq məhsullarının - ilk növbədə, taxılın və yalnız qismən yanacağın saxlanmasına yönəlib. Dünyanın aparıcı ölkələri, bir qayda olaraq, çox çeşidli ehtiyatlar formalaşdırırlar: ərzaq ehtiyatları yalnız taxıl və unla məhdudlaşmır; həmçinin ət və ət konservləri, şəkər, bitki yağı və kərə yağı, müxtəlif yarmalar və konsentratlar, konservləşdirilmiş süd məhsulları və s. toplanaraq uzun müddətə saxlanılır. Anbarlarda həmçinin iri xammal ehtiyatları, o cümlədən neft məhsulları - benzin, dizel yanacağı, aviasiya kerosini, əlvan metallar və müxtəlif kimyəvi komponentlər saxlanılır. Bundan başqa, burada insanlarda və heyvanlarda təhlükəli xəstəliklərin baş verməsi zamanı dərmanlar, peyvəndlər və epizootiyaya qarşı preparatlar, radiasiya monitorinqi vasitələri və mühafizə vasitələri, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün dəstlər, çadırlar, yorğanlar, alətlər və tikinti materialları, səyyar elektrik generatorları və s. olur.

Bununla belə, dünyanın əksər ölkələri üçün hələ də başlıca hədəf ərzaq təhlükəsizliyinin təmin edilməsindən ibarətdir, uyğun olaraq, ehtiyatların strukturu, eləcə də anbar infrastrukturu - taxıl elevatorları, soyuducular və şərti anbarlar, yeraltı anbarlar bu məqsədlər çərçivəsində formalaşdırılır.

Bu gün belə antiböhran ehtiyatları və onların geniş anbar sistemi Çin, Rusiya, ABŞ və Kanadada, Avropanın aparıcı ölkələrinin əksəriyyətində, habelə Hindistanda, Braziliyada, İndoneziyada, Afrika dövlətlərində və s. ölkələrdə mövcuddur. Öz vaxtında BMT ərzaq və kənd təsərrüfatı təşkilatı FAO-nun ekspertləri və beynəlxalq qeyri-hökumət təşkilatları, o cümlədən «ActionAid» və «Oxfam» bütün Yer kürəsinin əhalisi üçün vahid ərzaq saxlama sisteminin formalaşdırılması ideyasını irəli sürmüşdülər. Amma bu addım aparıcı dövlətlər tərəfindən dəstəklənməyib və bu gün hər bir ölkə ayrı-ayrılıqda ərzaq, yanacaq və xammal üzrə antiböhran ehtiyatı üçün milli strategiya formalaşdırır.

 

Bahalaşmanın multiplikasiya effekti

Dövlət ehtiyatlarının formalaşdırılması siyasətindəki anlaşa bilməmək üzündən bir çox ölkələrin addımları dünya bazarında tələb-təklif balansını ciddi şəkildə pozur. Özəlliklə də, Çinin ötən il ərzaq ehtiyatlarını artırmaq üçün atdığı addımlar taxılın qiymətini kəskin artırıb. 1,5 milyard əhalisi olan Çin dünyanın ən böyük qida istehlakçısıdır və Çinin 196 min işçisi olan Dövlət Taxıl İdarəsi SAG (State Administration of Grain) hazırda, yəqin ki, dünyanın bu sahədə ən böyük ixtisaslaşmış strukturudur. Təkcə son 10 ildə Çində ehtiyatların payı 20% artıb və bu gün dünya üzrə buğda ehtiyatlarının 51%-i, qarğıdalının 69%-i, düyünün 60%-i və soya paxlasının 30%-dən çoxu onun payına düşür. Çin 2020-ci ildə rekord məbləğdə - 98,1 milyard dollarlıq ərzaq alıb və idxalını illik 22% artırıb və bu siyasət 2021-ci ildə də davam edib.

Rusiya da ərzaq ehtiyatı yığımında çox fəaldır, orada Ehtiyatlar Komitəsinin hələ 1931-ci ildə yaradılıb: bu gün Rusiya hökuməti yüksək ixrac rüsumları və ixrac kvotası tətbiq etməklə, daxili taxıl bazarını qorumaq üçün səylər göstərir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Qərb dünyasında ən geniş şaxələndirmiş ərzaq strukturları ABŞ-dadır və onlar dünya üzrə ən proteksionist qorunan qurumlar hesab olunur. Belə ki, 1979-cu və 1986-cı illərdə ABŞ ərzaq təhlükəsizliyi qanunları qəbul edib və dövlət rezervləri üçün taxıl alınması nəzərdə tutulur, həmçinin Amerika fermerlərinə dəstək tədbirləri sistemi, o cümlədən torpağın münbitliyini qorumaq üçün subsidiyalar və s. müəyyən edilir.

Son illərdə baş verən iqlim dəyişikliyi nəticəsində, eləcə də ötən il Rusiya, Qazaxıstan, ABŞ, Kanada, Qərbi Avropada baş vermiş məhsul qıtlığı və taxıl istehsalının azalması nəticəsində FAO ötən il üçün məhsul proqnozunu 2,8 milyard tona qədər azaldıb, özü də bütün bunlar dünyanın əksər ölkələrində (Çin və ABŞ istisna olmaqla) ərzaq ehtiyatlarının azalması fonunda baş verib. Yaranmış vəziyyət qlobal inflyasiyanı sürətləndirir, buğdanın və unun bahalaşması multiplikator effekti verərək, digər ərzaq məhsullarının qiymətinin artmasına səbəb olur. Beləliklə, FAO-nun ötənilki hesabatına görə, ərzaq qiymətləri indeksi son 10 il üzrə rekord həddə çatıb: 95 əsas ərzaq məhsulunu əhatə edən bu göstərici illik müqayisədə 27,3% artıb.

Bütün bu mənfi cərəyan, demək olar ki, dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da hiss olunub. Burada ötən ilin mart ayından buğda idxalı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilib, un dəyirmanlarına subsidiyalar ayrılıb, yerli taxıl bazarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində digər addımlar atılıb. Öz növbəsində “Azərbaycan Dəmir Yolları” QSC respublikaya taxıl gətirən ekspeditor şirkətlərin nəqliyyat və logistika xərclərinin azaldılması istiqamətində tədbirlər həyata keçirir.

 

Dövlət rezervləri

Bununla belə, idxalçılar verilən fiskal güzəştlər və istehsalçılara verilən subsidiyalar ərzaq bazarının bütün problemlərinə əlac deyil, vəziyyətə tənzimləyici təsir göstərmək üçün daha effektiv vasitələrə ehtiyac var. Belə bir mexanizm rolunu dövlət ehtiyatları sistemi oynaya bilər, onun ehtiyatlarını fövqəladə hallarda bazara çıxarmaqla əhalini ərzaq məhsullarının qiymətinin kəskin artımından qorumaq olar. İri ehtiyatların olması müharibə dövründə də, fövqəladə halların nəticələrinin aradan qaldırılması və zərər çəkmiş əhaliyə humanitar yardımın göstərilməsi zamanı da zəruridir.

Yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən 27 oktyabr 2021-ci il tarixdə müvafiq sərəncam imzalanmış Azərbaycan Dövlət Ehtiyatları Agentliyi bütün sadalanan məsələləri həll etməli olacaq. Dekabrın sonunda dövlət başçısının sərəncamı ilə Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinin idarə heyətinin sədri təyin edilib.

Bünövrəsi keçmişdə yaradılmış dövlət strukturları əsasında formalaşacaq yeni struktur olan Dövlət Ehtiyatları Agentliyinin mexanizmləri vasitəsilə hansı vəzifələri həll etmək lazım gələcək? Onun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Material Ehtiyatları üzrə Dövlət Agentliyi və “Azərkontrakt” dövlət korporasiyası, həmçinin Dövlət Taxıl Fondunun obyektləri daxildir. Publik hüquqi şəxs kimi formalaşan agentliyin əsas məqsədi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması, bu sahənin tənzimlənməsi və nəzarəti məsələsində dövlət siyasətinin həyata keçirilməsi, strateji malların ölkəyə çatdırılmasının dayanıqlılığının təmin edilməsi və onlarla təchizatın dayanıqlılığı, həmçinin daxili bazarda belə məhsulların qiymətlərində qısamüddətli sıçrayışların qarşısının alınmasıdır. Agentliyin maliyyələşdirilməsi dövlət büdcəsindən, həmçinin qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən gerçəkləşdiriləcək.

Agentliyin fəaliyyəti, ilk növbədə, ərzaq təhlükəsizliyi sahəsini, hər şeydən əvvəl taxıl bazarında sabitliyin qorunmasını əhatə edir: bu baxımdan, Dövlət Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun güclü anbar infrastrukturuna yiyələnib.

Ötən illər ərzində ölkədə Dövlət Taxıl Fondunun infrastrukturunun formalaşdırılması çərçivəsində Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Qaradağ rayonunda, Bakının özündə və başqa yerlərdə onlarla iritutumlu elevator tikilib. Özəl şirkətlərdən icarəyə götürülmüş anbarlarla birlikdə Dövlət Taxıl Fondunun mövcud infrastrukturu 750.000 tondan çox taxıl toplamaq qabiliyyətinə malikdir. Ümumilikdə ölkədə 30-dan çox iri taxıl anbarı (əsasən özəl əsaslarla) yaradılıb, o cümlədən 2007-ci ilin aprelində istifadəyə verilmiş Bakı Taxıl Terminalının sutkada 1,5 min ton taxıl buraxılış gücü var. Digərləri ilə yanaşı, Azərbaycanın sərhəd Astara şəhərində regionun ildə 500 min ton taxıl buraxılışı gücünə malik ən böyük terminalı tikilib. Bu obyektin əsasən Rusiya taxılının İran istiqamətində və daha sonra Fars körfəzi regionuna tranzit daşınması üçün istifadə edilməsi planlaşdırılır. Beləliklə, özəl elevatorların potensialı, ən əsası isə Dövlət Ehtiyatları Agentliyinin saxlama qabiliyyəti qiymət artımının və bu sahədə sui-istifadə cəhdlərinin qarşısını almaq üçün yerli taxıl bazarına irimiqyaslı məhsul təklifi etməyə imkan verir.

Dövlət Ehtiyatları Agentliyinin strukturu formalaşdıqca, ərzaq təhlükəsizliyi üzrə digər məsələləri - müvafiq keyfiyyət səviyyəsində və qida təhlükəsizliyi standartlarına uyğun müxtəlif növ ət, konserv və digər uzunmüddətli saxlama məhsullarının satın alınması və saxlanma anbarlarında toplanması məsələlərini də həll edəcək. Bu ehtiyatlar vaxtaşırı yenilənəcək, həmçinin bazarın qeyri-sabitlik dövrlərində pərakəndə satış şəbəkələrində satın alınma qiymətləri ilə satılacaq, inflyasiya buferi rolunu oynayaraq, ərzaq məhsullarının qiymətlərinin artımını kompensasiya edəcək.

Agentliyin anbarlarında müharibə, təbii fəlakətlər, texnogen fəlakətlər, habelə həm ölkə daxilində, həm də xaricdə humanitar yardım üçün lazım olan yanacaq-sürtkü materiallarının, tibbi ləvazimatların və dərman vasitələrinin, xilasedici vasitələrin və digər malların səfərbərlik ehtiyatlarının saxlanılması nəzərdə tutulur.

Bir sözlə, Azərbaycanda yaradılan yeni struktur əhalini mümkün ərzaq böhranlarından və ya kəskin qiymət artımından sığortalamaq üçün vəziyyətə operativ reaksiya verə biləcək.



MƏSLƏHƏT GÖR:

134