8 May 2024

Çərşənbə, 15:39

ÜMİD ƏLAMƏTLƏRİ

Başa çatmaqda olan il planetə o qədər də fayda gətirmədi, 2022-ci il ilə bağlı proqnozlar isə ehtiyatlı nikbinliyə söykənir

Müəllif:

15.01.2022

ABŞ-Çin, Rusiya-Qərb qarşıdurmaları, iqlim dəyişikliyinin yol açdığı və indiyədək görünməmiş miqyasda təbii fəlakətlər, davam etməkdə olan koronavirus pandemiyası, enerji böhranı, çoxsaylı lokal münaqişələr və beynəlxalq oyunçular arasında bir-birinə olan qlobal inamsızlıq. 2021-ci il haqda beynəlxalq səviyyədə xoş danışılacaq çox şey yoxdur. Amma yenə də nikbin olmağa çalışaq – müəyyən narahatlıqlar qalsa da, Üçüncü Dünya müharibəsi baş vermədi…

 

Rusiya vs Qərb: birinci kim yıxılacaq?

2021-ci il ərzində Rusiya-Qərb qarşıdurması davamlı olaraq «qaynayıb». Ukrayna ətrafında yaşananlar və «Şimal axını-2» layihəsinin istismara verilməsi gözləntiləri fonunda Moskva-Vaşinqton münasibətlərində gərginlik o həddə çatıb ki, vəziyyəti Karib böhranı dövründəki «soyuq müharibə» illərində yaşananlarla müqayisə etməyə başlayıblar. İl ərzində Rusiya və ABŞ prezidentləri Cenevrədə şəxsən bir araya da gəlib, telefon danışığı da aparıblar. Lakin bu, vəziyyəti düzəltməyib. Üstəlik, görünən odur ki, onların bir-birlərinə nəinki şəxsi simpatiyaları yoxdur, hətta əksinə… Bu isə heç də təəccüblü deyil.

ABŞ prezidenti Co Bayden ABC kanalına hələ martda verdiyi müsahibədə Rusiyanın dövlət başçısı Vladimir Putini qatil hesab edib-etmədiyinə dair suala başını yırğalayaraq, «bəli, hesab edirəm» cavabını vermişdi. Sonradan Cenevrə görüşündə tərəflər vəziyyəti sanki normallaşdırsalar da, ilin sonuna hər iki tərəf ritorikanı daha da sərtləşdirib. Dekabrda Moskva tərəflər arasında, həmçinin Rusiya ilə NATO ölkələri arasında təhlükəsizlik zəmanəti haqqında tədbirlərə dair razılaşma layihəsini təqdim edib. Sənədə əsasən, Kreml ABŞ və NATO-dan Alyansın Ukrayna, Moldova və Gürcüstan hesabına Şərqə doğru genişlənməyəcəyinə dair əlavə təhlükəsizlik zəmanəti tələb edir. Qərbdə bir çox müşahidəçi Moskvanın bu addımını ultimatum kimi qiymətləndirərək bildirib ki, Vaşinqton da bunun cavabında müvafiq tələblər irəli sürməlidir. İstənilən halda, bu, kifayət qədər ciddi vəziyyətdir. Aydındır ki, birbaşa miqyaslı toqquşmanı heç bir tərəf istəmir, çünki bu, yalnız onların özü üçün deyil, bütün dünya üçün faciəvi nəticələr verə bilər. Digər yandan, qarşılıqlı tələblərin yerinə yetirilməsi o qədər qeyri-realdır ki, bu, əslində kimin ilk təslim olacağına hesablanmış əsəb savaşıdır.

Yeri gəlmişkən, bu vəziyyət lokal münaqişələr riskini əhəmiyyətli dərəcədə artırır. Söhbət xüsusilə Ukraynadan gedir – bu ölkə ətrafında həm Rusiya, həm də NATO qoşunlarının cəmlənməsi davam edir. Tam məntiqi baxımdan Moskva, əlbəttə ki, Kiyevə qarşı ekspansiya planlarından istifadə etməməlidir. Çünki bu, ona nəhəng maliyyə itkiləri və Qərbin sanksiyaları sərtləşdirməsi hesabına başa gələcək. Belə vəziyyətdə hərbi qələbə belə, «Pirr qələbəsi»ndən başqa bir şey olmayacaq. Amma müharibə nə vaxt məntiqi tənliklə izah olunub ki? Bununla yanaşı, ABŞ ilə Aİ-nin, yəni kollektiv Qərbin özünə nə qədər əmin olması da mübahisəli məsələdir. Məsələn, ABŞ-ın özündə bir çox qarışıq məsələlər var – iqtisadiyyatdan tutmuş, daxili fikir ayrılıqlarınadək.

 

«Qərb cəbhəsində dəyişikliklər çoxdur»

Bu yerdə 2021-ci ilin amerikalılar üçün çox «qaynar» başladığını yada salmaq lazımıdır. Yanvarın 6-da ABŞ paytaxtı Vaşinqtonda Donald Trampın tərəfdarları Kapitoliyə basqın etmişdi. Bu, orada seçkinin nəticələrinin müzakirə olunduğu anda baş vermişdi. Onları bir neçə saat binadan çıxarmaq mümkün olmamışdı. Həmin iğtişaşlar zamanı 5 nəfər həlak olmuş, onlarla polis yaralanmış, bəziləri xəstəxanaya yerləşdirilmişdi. Lakin artıq yanvarın 20-də Co Bayden cədvələ uyğun olaraq, ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. Bununla, Amerika ictimaiyyətində fikir ayrılıqlarına son qoyulduğunu söyləmək mümkün deyil və bu, özünü istənilən an göstərə bilər.

Eyni nizamsızlıq avropalılar arasında da müşahidə olunur. Böyük Britaniya artıq 2 ildir ki, Aİ-siz yaşayır, Fransa prezident seçkisinə hazırlaşır, Almaniyada isə kansler dəyişib. Ötən ilin noyabrında bu ölkədə Angela Merkel dövrü bitib və ASDP sədri Olaf Şoltsun zamanı başlayıb. Məlum olduğu kimi, Merkel Almaniyaya 15 ildən çox rəhbərlik edib və indi buradakı hakimiyyət dəyişikliyinin Aİ-nin lokomotivinə, həmçinin ümumilikdə İttifaqın durumuna necə təsir göstərəcəyini dəqiq söyləmək çətindir. Sosial-demokratların rəhbərliyi ilə qurulmuş koalisiya, həqiqətən, çox rəngarəngdir və onun qeyri-standart, gözlənilməz qərarlar qəbul edə biləcəyi ehtimalı az deyil. Üstəlik, Merkel vəzifədən almanların daxili və xarici siyasətlə bağlı bir sıra məsələlərdən artan narazılığı fonunda gedib. Enerji böhranı, miqrant probleminin davam etməsi, koronavirus pandemiyası üzündən tətbiq olunan məhdudiyyətlər və s. də buraya aiddir.

Yeri gəlmişkən, bu yerdə AUKUS kimi anqlosakson blokunun yaradıldığını xatırlatmaq da yerinə düşər. Bu, Avropanın ümumi silahlı qüvvələrinin yaradılması məsələsini yenidən aktuallaşdırıb. Bir sözlə, ötən il avropalılar üçün asan keçməyib, bu il də asan nəsə vəd etmir.

 

İqlim, logistika, internet

Avropalılar üçün (həm də tək onlar üçün yox) daha bir problem iqlim gündəmi və onunla əlaqədar qazın ciddi şəkildə bahalaşması ilə əlaqəli yaranmış «yaşıl enerjiyə keçid» məsələsidir. Bir tərəfdən iqlim məsələləri, həqiqətən də, 2021-ci ilin az qala əsas xəbəri olub. İlboyu planetin müxtəlif hissələrində təbii fəlakətlər əvvəllər görünməmiş miqyasda faciələrə yol açıb. Texasda 20 dərəcə şaxta milyonlarla insanı istiliksiz, işıqsız və susuz qoyub, Rusiyada, həmçinin Türkiyə və Yunanıstanın turizm bölgələrində miqyaslı meşə yanğınları olub, Qərbi və Mərkəzi Avropada ciddi daşqınlar 200-dən artıq insanın həyatına son qoyub və s. Bütün bunlara, əlbəttə ki, lazımi reaksiyanın verilməsi, səbəblərin və xilas yollarının tapılması, zərərin minimuma endirilməsi vacibdir. Digər yandan, bir sıra ekspertlər düşünürlər ki, əslində, iqlim gündəmindən bayağı mülkiyyət, resurs və nüfuz dairəsi bölgüsünün pərdələnməsi məqsədilə istifadə olunur. Məsələn, noyabrın əvvəlində Qlazqoda 200 ölkə təmsilçisinin iştirakı ilə keçirilmiş iqlim sammitində (İS-26) artıq 2022-ci ilə – planlaşdırılandan 3 il tez – milli iqlim hədəflərinə düzəlişlərin edilməsi razılaşdırılıb. Amma bunun konkret nəticələr verəcəyinə inanan, demək olar ki, yoxdur. Yəni bu qərarların ətraf mühitə müsbət təsir göstərəcəyinə, təbii fəlakətlərin və s. azalmasına yol açacağına çox az adam inanır. Lakin iqlim dəyişikliyi məsələsinin milli təhlükəsizliyə birbaşa aidiyyəti olan geosiyasi və geoiqtisadi amilə çevrildiyinə isə artıq heç bir şübhə yoxdur.

Dünya ictimaiyyətinin logistika marşrutlarına, nəhəng infrastruktur obyektlərinə və ümumdünya şəbəkəsinə baxışı da eynidir. Bu, özünü xüsusilə martda, küləyin coşması ilə «Ever Given» konteyner gəmisinin Süveyş kanalını bağladığı vaxt göstərib. Bu hadisə nəticəsində beynəlxalq ticarəti nə az, nə çox – düz 230 milyard dollar itirmişdi. Daha sonra – mayda Amerikanın «Colonial Pipeline» boru xətləri şəbəkəsi kiberhücuma məruz qalmış, nəticədə, sistem 5 gün işləməmiş və bu  səbəbdən Co Bayden fövqəladə vəziyyət belə elan etmişdi.

Nəhayət, oktyabrda sosial şəbəkələr və şəbəkə xidmətlərində («Facebook», «TikTok», «YouTube» və s.) qlobal problem yaranmış və bu vəziyyət 7 saat davam etmişdi. Bu zaman ayrı-ayrı individuumlar dünyanın nə qədər dəyişdiyini, indi onun internetdən nə qədər asılı olduğunu dərk etmişdilər. Hər halda, indi enerji təchizatından tutmuş, nəqliyyata, bank sistemindən tutmuş, orduyadək bir çox sahə məhz internetdən asılı vəziyyətdədir. Yəni bu, hər birimizin təhlükəsizlik və rifah məsələmizdir. Baş vermiş problemdən sonra «Facebook»un əsl inhisarçıya çevrildiyi, bu sahədə ciddi şaxələndirməyə ehtiyacın olduğuna dair fikirlər də səsləndirilməyə başlayıb. Amma az sonra sanki hər şey unudulub. Hələlik sistem işləyir. Növbəti problemədək…

 

İlin nominasiyaları

Söhbət 2021-ci ilin, həqiqətən, qanuni və gözlənilməz hadisələrindən gedirsə, bütün nominasiyalar üzrə qalib ABŞ qoşunlarının Əfqanıstandan çıxması və bununla da, orada taliblərin hakimiyyətə qayıdışı ilə Əfqanıstan İslam Əmirliyinin elan olunmasıdır. Amerikalıların bu ölkəni qəflətən və nümunəvi şəkildə tərk etməsi bir çox ehtimallara, həmçinin konspiroloji xarakterli fikirlərə yol açıb. İstənilən halda, ölkə yenidən Çin, Rusiya, Türkiyə, Pakistan, əmirliklər, Böyük Britaniya, Aİ kimi regional güclər arasında geosiyasi savaş meydanına çevrilib. ABŞ-ın Əfqanıstandakı 20 illik missiyası isə sanki heç bir nəticə verməyib. Amma yaşananların Vaşinqtonun bu istiqamətdə iflası olub-olmadığı da mübahisəli məsələdir. Bu, həm də elə həmin Çinin maraqlarının nə qədər uzağı əhatə etməsi ilə bağlıdır.

2021-ci ildə ABŞ ilə Çin arasında qarşıdurma daha sərt xarakter alıb – Bayden onu Trampdan da artıq gücləndirib. Ağ Evin yeni sahibi əslində, Çinə qarşı beynəlxalq koalisiya yaratmağa başlayıb. Maraqlıdır ki, bir çox müşahidəçi Vaşinqton-Moskva münasibətlərindəki gərginliyiə də Çin-ABŞ qarşıdurması fonunda baxmağa üstünlük verir. Bu fikirlər Rusiya prezidenti Vladimir Putin ilə Çin rəhbəri Si Cinpin arasında keçirilmiş danışıqlardan sonra daha da güclənib. Qeyd edək ki, həmin görüşdə əsas diqqət iki ölkə arasında ticarət əməliyyatlarının aparılması üçün müstəqil maliyyə strukturlarının yaradılması məsələsinə yönəldilib. Pekinin özü isə 2021-ci ildə baş vermiş bütün ciddi hadisələr fonunda özünü kifayət qədər inamlı hiss edib – Çin Kommunist Partiyasının 100 illiyi qeyd olunub, Tayvan münaqişəsi ilə bağlı ortaya daha sərt mövqe qoyulub və s.

2021-ci ildə beynəlxalq münasibətlərdə həllini tapmayan daha bir vacib məsələ İranın nüvə proqramı problemidir. İran İbrahim Rəisinin timsalında yeni prezidentini seçib, ölkədə Qərbin sanksiyaları və iqlim dəyişiklikləri üzündən yaranmış sosial problemlər daha kritik hədd alıb, lakin Tehran mövqeyindən geri çəkilməyib.

Sadalanan problemlərin 2022-ci ildə hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətindir. Amma bir məqamı əminliklə söyləmək olar: yeni il də sakit keçməyəcək. Bununla yanaşı, nikbin proqnozlar da var. Məsələn, «Microsoft» şirkətinin yaradıcısı, milyarder Bill Geyts deyir ki, «dünya ictimaiyyəti koronavirus pandemiyası, o cümlədən onun daha sürətlə yayılan «Omikron» ştammı ilə mübarizədə bütün lazımi addımları atarsa, pandemiya 2022-ci ildə başa çata bilər». Ümumdünya Səhiyyə Təşkilatı da bu mənada 2022-ci ilə nikbin baxır və onun yeni ildə başa çata biləcəyini düşünür.

Ümid edək ki, əksər münaqişələr və mübahisəli məsələlər situativ və  proqramatik həllini tapacaq. Təəssüf ki, hazırda yaranmış vəziyyəti bu cür xarakterizə etmək olar: fikir ayrılıqlarının aradan qaldırılacağı təqdirdə hər kəsə yaxşı olacağı düşünməkdənsə, genişmiqyaslı böhran olarsa hamı üçün pis olacağını düşünürük…



MƏSLƏHƏT GÖR:

127