10 May 2024

Cümə, 01:28

ŞƏR DEMƏSƏN XEYİR GƏLMƏZ

Azərbaycan hökuməti ölkənin ərzaqla dayanıqlı təminatına dair yeni strategiyada 6 baza prinsip müəyyənləşdirib

Müəllif:

01.02.2022

Dünyanın əksər ölkələri kimi Azərbaycan da çağdaş dövrün ən ciddi probleminin - ərzaq təhlükəsizliyinin təmin edilməsinin həlli yollarını axtarmağa məcburdur. Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı inflyasiya üzərində effektiv nəzarəti təmin etmək üçün səylərini davam etdirməli olacaq. Artıq bu istiqamətdə ilk addımlar atılır. Bu günlərdə hökumət ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində hazırlanan strategiyanın altı əsas prinsipini müəyyən edib.

 

Dünya antitrendi

Dünyada baş verən nəzarətsiz inflyasiya prosesləri qlobal aqrar bazarda çoxillik tələb-təklif tarazlığını pozan həmlə rolunu oynadı. Bütün bunlar dünyada və xüsusən də Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı mövcud problemlərin əsas səbəbinə çevrilib. Pandemiya böhranı oturuşmuş logistika bağlarının pozulmasına və nəqliyyat xərclərinin artmasına səbəb olub. Qlobal aqrar sənaye sektorunun digər sistem problemləri, eləcə də mənfi iqlim dəyişikliyi ilə birlikdə bu çox təhlükəli prosesə təkan verdi. Belə ki, 2020-2021-ci illərdə təkcə dəniz konteynerlərinin daşınma tarifləri 2019-cu illə müqayisədə 12 dəfədən çox artıb və bu proseslər davam edir. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) proqnozlarına görə, konteyner daşıma tariflərindəki cari artım sürətini qoruyarsa, 2023-cü ilə qədər qlobal idxal qiymətləri 11% qalxa bilər, istehlak qiymətləri isə 1,5% arta bilər.

Öz növbəsində, ABŞ və dünyanın digər aparıcı dövlətlərinin koronavirusun yaratdığı iqtisadi ressesiyadan likvidliyin kəskin artırılması yolu ilə çıxmaq cəhdləri monetar siyasətin kobud şəkildə pozulması ilə müşayiət olundu və qlobal maliyyə proporsionallığının pozulması ilə nəticələndi. Aqrar xammal və ərzaq məhsulları üzrə keçən ildən müşahidə olunan birja ajiotajı sülh dövründə idxal inflyasiyasının görünməmiş səviyyədə artmasına səbəb oldu və bu, təkcə inkişaf etməkdə olan ölkələrin deyil, həm də dünyanın ən inkişaf etmiş ölkələrinin ərzaq bazarına ciddi zərbə vurdu. Ötən ilin 11 ayı ərzində illik inflyasiya ABŞ-da 3,4 dəfə, avrozonada 2,5 dəfə, Rusiyada 2,1, Belarusda 2,1, Gürcüstanda 4,2, Türkiyədə 4,3 dəfə artıb və s. Bu ölkələrin əksəriyyəti Azərbaycanın aparıcı ticarət tərəfdaşlarıdır və təəccüblü deyil ki, bu regionlardan idxalın bütün inflyasiya mənfilikləri ölkəmizdə istehlak qiymətlərinin artması ilə nəticələnib.

 

İdxal inflyasiyası

Azərbaycan hökumətinin bu yaxınlarda qiymət artımının nəticələrinin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə həsr olunmuş iclasında əsas səbəb kimi idxal inflyasiyası amili göstərilib.

Belə ki, Azərbaycanda orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq məhsullarının inflyasiyası 8,1% olub, ərzaq inflyasiyası isə ümumi istehlak qiymətləri artımının, təxminən, 60%-ni təşkil edib. Özü də, Azərbaycan idxalının ümumi həcmində kənd təsərrüfatı məhsulları və ərzaq idxalının xüsusi çəkisi 18 faiz və ya təxminən, 2,1 milyard dollar təşkil edir. Təbii ki, ən çox qiymət artımı idxal məhsulların, həmçinin istehsalında böyük dərəcədə xaricdən gətirilən xammalın, komplektləşdiricilərin, qabların, qablaşdırma məhsullarının və s.-in işlədildiyi ərzaqların payına düşüb.

Qlobal ərzaq təhlükəsizliyinin pozulmasına səbəb olan idxal inflyasiyanın aparıcı rolu BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) tərəfindən də təsdiqlənir. Onun məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. FAO-nun ərzaq qiymətləri indeksi ötən ilin nəticələrinə görə 125,7 bənd təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 28,1% çoxdur. Dünya bazarlarında ən yüksək qiymət artımı isə taxılda müşahidə olunub - ötən ilin sonuna taxıl əvvəlki illə müqayisədə 45%-dən çox bahalaşıb. Təkcə ötən ilin yazından idxal edilən buğdanın bir tonunun qiyməti 253 dollardan 340 dollara qalxıb.

FAO ekspertlərinin qiymətləndirməsinə görə, bir sıra əmtəə qrupları üzrə qiymətlərin cüzi azalmasına baxmayaraq, ümumilikdə, ərzaq məhsullarının qiymətlərində artım tendensiyası 2022-ci ildə də davam edəcək. Üstəlik, göründüyü kimi, qlobal ərzaq bazarının erkən sabitləşməsinə ümumiyyətlə ümid bəsləməyə dəyməz. Aqrar istehsal seqmentinə pandemiyanın yaratdığı amillərlə yanaşı, iqlim dəyişikliyi, əkin sahələrinin deqradasiyası, o cümlədən yanacağın və gübrələrin qiymətində davam edən bahalaşma təzyiq göstərir. Bütün bunlar ən azı cari ildə, ola bilsin ki, daha uzun müddətdə tələb və təklif arasındakı qeyri-mütənasibliyin qorunub saxlanmasına şərait yaradır.

 

Asılılığı azaltmaq

Azərbaycanda ərzaq təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi üçün artıq hansı addımlar atılıb və yaxın gələcəkdə hansı addımların həyata keçirilməsi planlaşdırılır?

Təəssüf ki, satınalmaların əsasən Rusiya bazarından asılılığı ölkəmizlə bağlı vəziyyəti çətinləşdirir, Azərbaycana buğda və un idxalının az qala 90%-i bu ölkədən gerçəkləşdirilir. Ötən ilin yazında Rusiya Federasiyasında ixrac kvotalarının tətbiq edilməsindən və Rusiya buğdasının ixrac rüsumlarının artırılmasından, həmçinin Qazaxıstanda ixraca məhdudiyyətlər qoyulmasından və qiymət artımından sonra Azərbaycanda taxıl idxalçıları üçün ƏDV-nin ləğvinin müddətinin uzadılması üzrə bir sıra tədbirlər həyata keçirilib.

Analoji fiskal güzəştlər və subsidiyalar yerli un dəyirmanı kombinatlarına və çörək istehsalçılarına da təqdim edilib. Lakin bu tədbirlər qiymətləri çətinliklə yalnız payızın sonuna qədər saxlamağa imkan verdi – sonra bu, mümkünsüz oldu. Bazar iqtisadiyyatı şəraitində, tam istək olsa belə,əqiymətlərin aşağı salınması üzrə inzibati mexanizmlərdən istifadə az effekt verir. Əsas ərzaq məhsullarının yerli istehsalının artırılmasına və istehsal xərclərinin azaldılmasına yönəlmiş stimullaşdırıcı tədbirlər kompleksinin nəticə verməsini gözləmək lazımdır.

Ölkədə son on beşəildə aparılan aqrar islahatlar zamanı qarşıya qoyulan məqsədlərin çoxuna qismən nail olunub. Ölkədə 150-dən çox iri və orta emal və konserv müəssisəsi tikilib, iri əkinçilik təsərrüfatları və aqroparklar (o cümlədən taxıl əkən aqroparklar) şəbəkəsi formalaşdırılıb, quşçuluqda və heyvandarlıqda, süd və ət məhsullarının istehsalında mühüm uğurlar əldə edilib.

“Son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Eyni zamanda biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü, təqribən, 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz, süd və süd məhsullarının istehsalında biz 80 faizə çıxa bilmişik. Həmçinin toyuq əti istehsalında da 80 faizə çıxa bilmişik”, - deyə Prezident İlham Əliyev bu yaxınlarda yerli telekanallara müsahibəsində bildirib.

Sahə üzrə yekun statistika da, prinsipcə, pis deyil: 2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi 9,2 milyard manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 3,4% çoxdur. Eyni zamanda heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı 4 faiz artıb.

Bununla yanaşı, ölkənin dənli-paxlalı bitkilərlə özünü təmin etməsində gərginlik var və ərzaq buğdası üzrə bu rəqəm 60%-i keçmir. Prezident İlham Əliyevin dediyi kimi, ölkədə buğdanın istehlakı ilə istehsalı arasında fərq 1,3 milyon tondur.

“Biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar”, - deyə dövlət başçısı vurğulayıb.

Bu problemi həll etmək üçün ən müasir aqrotexnoloji həllərin tətbiq olunduğu və yalnız yüksək məhsuldar elit buğda sortlarının səpildiyi, inkişaf etmiş suvarma sisteminə malik iri taxılçılıq təsərrüfatlarının formalaşdırılması prosesini sürətləndirmək lazımdır.

Bundan əlavə, məhsuldarlığı artırmaqla yerli istehsal artırılmalıdır. “Bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”, - deyə İ.Əliyev vurğulayıb.

Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş torpaqları əkin dövriyyəsinə cəlb edildikdən sonra taxıl üzrə özünütəminatda sıçrayış mümkündür: ötən bir ildə burada artıq 100 min hektara yaxın sahədə səpin işləri aparılıb. Ümumilikdə Qarabağ bölgəsində kənd təsərrüfatı istehsalı üçün yararlı 1 milyon hektar torpaq var, o cümlədən 128 min hektar suvarılandır. Lakin bu torpaqları yalnız minatəmizləmə işləri başa çatdıqdan, suvarma infrastrukturu bərpa edildikdən və s.-dən sonra istifadə etmək mümkün olacaq.

 

Həllin bəndləri

Hələ ki, Azərbaycan yaranmış vəziyyətdən çıxış yolunu suvarma problemi olmayan yaxın ölkələrdə əkin sahələrinin icarəyə götürülməsində görür. Bakı belə bir tərəfdaş kimi Ukraynanı seçib. Belə ki, Prezident İlham Əliyevin Kiyevə bu yaxınlarda işgüzar səfəri zamanı aqrar sahədə sonradan ölkəmizə çatdırılması şərti ilə taxıl istehsalına Azərbaycan investisiyalarının cəlb edilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.

“Bu gün biz ərzaq təhlükəsizliyi məsələsini də müzakirə etdik. Bu məsələnin müzakirəsi Azərbaycana qida sənayesində birgə müəssisələr yaratmaqla öz ərzaq təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək”, - deyəəİlham Əliyev səfər zamanı vurğulayıb.

Həmçinin, yenilənmiş ərzaq təhlükəsizliyi strategiyası da hazırlanır və ərzaq məhsulları ilə təminatda artıq altı əsas prinsip müəyyən edilib. O cümlədən, strateji planda ölkədə istehsal olunan ərzaq məhsullarının maya dəyərinin aşağı salınması, eləcə də keyfiyyətinin və istehsalının yaxşılaşdırılması üzrə tədbirlər nəzərdə tutulur. Üstəlik, bütün stimullaşdırıcı tədbirlər idxalın deyil, yerli istehsalın dəstəklənməsinə yönəldiləcək. Məsələn, ölkənin daxili tələbatının ödənilməsi üçün buğda yetişdirmək məqsədilə xaricdə torpaq sahələrinin icarəyə götürülməsi də istisna edilmir.

Daha bir bənd isə ərzaq qiymətlərinin liberallaşdırılması ilə bağlıdır. Bu siyahıda həmçininəsüni qiymət artımına qarşı mübarizə və sahibkarların marjasının optimallaşdırılması; haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi; subsidiya sistemində şəffaflığın artırılması və onun istehsalçılara yönəldilməsi də nəzərdə tutulur.

Bütünlükdə, istehlak bazarına antiinhisar nəzarəti gücləndiriləcək. Həmçinin, kiçik fermer təsərrüfatlarını ərzaq təminatı sisteminə cəlb etməklə, onların logistika və saxlama infrastrukturuna çıxışının təmin edilməsi yolu ilə pərakəndə satış şəbəkələrində rəqabəti artırmaq məsələsi həll edilməlidir.

Xarici qiymət dalğalanmalarının ölkənin daxili ərzaq bazarının sabitliyinə təsirini tənzimləmək məqsədilə “Dövlət Ehtiyatları Agentliyi”nin formalaşdırılmasına başlanılıb. Dövlət ehtiyatları sistemində toplanmış taxıl və ərzaq ehtiyatları fövqəladə hallarda ərzaq məhsullarının qiymətindəki kəskin sıçrayışları kompensasiya etmək üçün bazara çıxarıla bilər.

Bir sözlə, necə deyərlər, hər şərdə bir xeyir var. Böhran və inflyasiya özlüyündə xoşagəlməz olsalar da, onlar orqanizm üçün ağrılı şok kimidirlər, problemi göstərirlər, “xəstəlik” həyat üçün təhlükə yaratmamışdan, onu daha tez həll etməyə məcbur edirlər.



MƏSLƏHƏT GÖR:

119