10 May 2024

Cümə, 01:08

QƏRİB DƏNİZİNİN ERMƏNİ «QULDUR»U

Ermənistan prezidentinin istefası: Armen Sarqsyan öz istəyi ilə getdi, yoxsa Nikol Paşinyanın «köməyi» ilə?

Müəllif:

01.02.2022

Ermənistan prezidenti Armen Sarqsyan bir qədər tez, istefa versəydi, 2020-ci ilin Yeni il müraciətində Cənubi Qafqazda Yeltsinin məşhur «Mən yoruldum, mən gedirəm» bəyanatının yeni versiyası yaşanacaqdı. Amma Armen Sarqsyan, əlbəttə ki, «yorulmayıb». O, istefasını bir qədər paradoksal, amma bir o qədər də gözlənilən şəkildə izah edib: Sarqsyan hesab edir ki, Ermənistanda prezidentin səlahiyyətləri çox məhduddur. Sarqsyan Ermənistan prezidentinin saytında yerləşdirilmiş bəyanatında bildirir ki, o, ölkəsinə kömək etməsinə imkan verən konstitusion alətlərə malik deyil. «Ermənistanda elə vəziyyət yaranıb ki, faktiki olaraq heç bir real alətə malik olmayan prezident dövlətçiliyin qarantı kimi çıxış etməlidir», - deyə bəyanatda vurğulanır. Sabiq prezident bildirir ki, o, «müharibə və ya sülh» məsələlərinə təsir edə, məqsədəuyğun saymadığı qanunlara veto qoya bilmir. Üstəlik, ölkədə prezidentin imkanları üstünlük deyil, ayrı-ayrı siyasi qüvvələr tərəfindən təhdid kimi qəbul olunur.

A.Sarqsyanın qərarından az sonra Nikol Paşinyan növbəti «Facebook konfransı»nda prezidentin onunla istefa məsələsini müzakirə etdiyini təsdiqləyib: «Mən bundan bəyanatın yayılmasından bir neçə saat əvvəl xəbər tutmuşam. O, mənə bəyanatı yaymasından 3,5 saat əvvəl zəng vurub və biz məsələni müzakirə etmişik. Soruşdum ki, mənimlə məsələni müzakirə edirsiniz, yoxsa qərar qəbul etdiyiniz haqda məlumat verirsiniz? Anlamaq istəyirdim ki, məsələni müzakirə etməyə dəyər, yoxsa yox. O, artıq qərar verdiyini dedi».

Prezident vəzifəsinə yeni mümkün namizəd haqda danışan baş nazirin sözlərinə görə, elə qərar tapılmalıdır ki, prezident, hökumət və parlamentdəki çoxluq arasında siyasi harmoniya olsun. «Elə qərarlar verməliyik ki, prezident, hökumət və parlamentdəki çoxluq arasında siyasi harmoniya olsun. Bu, ciddi çağırışlarla üz-üzə olduğumuz indiki dövrdə xüsusilə vacibdir. Düşünürəm ki, parlament, hökumət və prezident ümumi məsuliyyət daşıdıqlarını hiss etməlidir», - deyə N.Paşinyan qeyd edib.

Baş nazir məsələyə bundan artıq aydınlıq gətirməyib. Yeri gəlmişkən, Armen Sarqsyanın istefası ilə bağlı göstərilən rəsmi səbəbə Ermənistanda heç də hamı inanmır.

 

«Səlahiyyətlərin öyrənilməsi» üçün 4 il?

Armen Sarqsyan Ermənistan prezidenti postunu 2018-ci ildən tuturdu. O zaman ölkədə Konstitusiya islahatları artıq başa çatmışdı. 2018-ci ildə ölkənin üçüncü prezidenti Serj Sarqsyanın səlahiyyət müddəti bitmiş və o, Saakaşvilinin Gürcüstanda həyata keçirdiyi ssenarini Ermənistanda da tətbiq etmək qərarına gəlmişdi. Başqa sözlə, S.Sarqsyan Ermənistanı prezident respublikasından parlament respublikasına çevirmək, əsas idarəçilik səlahiyyətlərini baş nazirə vermək, sonda isə hökumət başçısı olmaq niyyətində idi. Armen Sarqsyanı da prezident vəzifəsinə məhz Serj Sarqsyan dəvət etmişdi və Armen Vardanoviçin yeni Ermənistanda prezidentin daha çox dekorativ xarakter daşıyacağını anlaması üçün, yəqin ki, 4 ilə ehtiyac yox idi.

A.Sarqsyan Serj Sarqsyanın Konstitusiya oyunlarının Paşinyanın «kabab inqilabı» vasitəsi ilə pozulmasından sonra da istefa vermək fikrinə düşməmişdi. Bütün bu dövrdə o, kölgədə qalmağa çalışır, adının əsas xəbər başlıqlarında yer almaması üçün «gizlənirdi». Prezident Ermənistanın 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atmasından sonra da istefa verməyi lazım bilməmişdi.

Bəs, birdən-birə nə oldu?

 

«Sorosçuların hücumu»: epizod 2.0

Bütün bunlarla yanaşı, Armen Sarqsyanın istefasının Ermənistanın daxili siyasətində ciddi canlanmanın olduğu vaxta təsadüf etdiyi ortadadır: Nikol Paşinyan özünün «kadr ekspansiyası»nda ikinci mərhələyə başlayır. Bu gün artıq Ermənistanda, demək olar ki, bütün əhəmiyyətli postları Nikol Paşinyanın silahdaşları, «Sorosçu» dairələrdən çıxmış şəxslər tutur. Bundan başqa, bir müddət əvvələdək müdafiə naziri vəzifəsini peşəkar hərbçi (Gəncə, Bərdə və Tərtərə raket zərbələri planının müəllifi) Vaqarşak Arutunyan tuturdusa, indi bu post da Sorosun «qrant yeyəni», Paşinyana yaxın olan mülki şəxsə – Suren Papikyana həvalə edilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da «Sorosçu kadr»lardandır. Halbuki indiyədək bu iş təcrübəli diplomatlara həvalə olunurdu – Ara Ayvazyan, Zöhrab Mnatsakanyan və təbii ki, Edvard Nalbandyan kimi.

Beləliklə, Armen Sarqsyan Ermənistanın siyasi rəhbərliyində sanki «sonuncu mogikan» idi – o, əslində Paşinyana Serj Sarqsyandan miras qalmışdı. Və bütün bu müddət ərzində o səssiz-səmirsiz «dözürdü».

Armen Vardanoviç yalnız 44 günlük müharibədən sonra aktiv fəaliyyətə keçmişdi. Əgər əvvəllər o, jurnalistlərə danışıqlar prosesinin son mərhələlərindən xəbərsiz olduğunu deyirdisə, indi Rusiya KİV-də ard-arda müsahibələr verirdi.

Nəhayət, ictimaiyyətə açıq şəkildə söylənilməyən bir məqam da var idi. Armen Sarqsyan Paşinyana qarşı mümkün qiyam halında əsas fiqura çevrilə, hakimiyyətin tranzitində böyük rol oynaya bilərdi. Prezidentin səlahiyyətləri nə qədər məhdud olsa da, dövlət başçısı odur. Bütün bunların fonunda «Qarabağ klanı»nın canlandığı indiki vaxtda (Robert Koçaryan mətbuat konfransı keçirir, Serj Sarqsyan rəhbəri olduğu Respublikaçılar Partiyasının qurultayını təşkil edir) Paşinyanın əsəbləşməsinə səbəblər yox deyildi. O, «Facebook» üzərindən apardığı ənənəvi informasiya savaşında artıq əks-hücumlar edir, Ermənistan diplomatiyasının onun hakimiyyətə gəlməsinədək hansı zərbələri aldığını sadalayırdı. Və belə bir vəziyyətdə Armen Sarqsyan «qəflətən» istefa verir, üstəlik, onun yerini Nikol Paşinyanın daha bir yaxın silahdaşı, sabiq mədəniyyət, elm, təhsil və idman naziri Araik Arutunyanın tuta biləcəyinə dair fikirlər yayılır. Razılaşaq ki, bu, baş nazirin kadr siyasətinin davamına bənzəyir. Prezidentin Karib dənizində yerləşən cırtdan Sent-Kits və Nevis dövlətinin də pasportunu daşıdığının üzə çıxması bu işi sadəcə yüngülləşdirib.

Bəs, söhbət yalnız daxili siyasətdən və klanlararası savaşdanmı gedir?

 

«Kapitulyasiya qrafiki»

Armen Sarqsyanın istefasının real səbəblərini anlamaq üçün, bəlkə də, onun bəyanatındakı bir fikrə diqqət yetirmək doğru olardı – Armen Vardanoviç bildirir ki, prezidentin «müharibə və sülh məsələləri»nə təsir etmək imkanı yoxdur.

Bu, heç də sadəcə, səs-küylü bəyanat deyil. Cənab Sarqsyan istefa qərarını Qarabağda postmünaqişə nizamlanması prosesində ciddi hadisələrin yaşanması fonunda qəbul edib. Kifayət qədər məlumatlı olmayan şəxslərdə elə təəssürat yarana bilər ki, 44 günlük müharibənin başa çatmasından, Araz vadisinin və Şuşanın işğaldan azad olunmasından, ardınca isə Ermənistanın öz qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarmasından sonra Bakı ilə İrəvanın yalnız «buzları əritməsi» qalır. Lakin hər şey bu qədər sadə deyil. Ermənistan hələ kapitulyasiya aktının kifayət qədər ağır və onun üçün xoş olmayan şərtlərini yerinə yetirməlidir. Bu, heç də təkcə İrəvanın eşitmək belə istəmədiyi Zəngəzur dəhlizinin açılması deyil. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi də var. Ermənistan rəhbərliyi bir şeyi yaxşı bilir: Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarının Ermənistanın işğalı altında olduğu dövrdə Ermənistanla heç kimin tanımadığı «Dağlıq Qarabağ» arasındakı sərhəd Azərbaycan tərəfə «itələnib». Aydındır ki, Bakı həmin əraziləri İrəvana hədiyyə etmək niyyətində deyil. Demək, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi Ermənistan üçün ərazi itkiləri ilə müşayiət olunacaq – Şurnux kəndində olduğu kimi. Əlbəttə, Nikol Paşinyan prosesi uzada, «qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi» təklifi ilə çıxış edə bilər. Amma Azərbaycan nəinki belə təklifləri rədd edir, hətta sərhəddə ayrı-ayrı vaxtlarda yaşananlardan da göründüyü kimi, o, demarkasiya prosesini təkbaşına həyata keçirmək iqtidarında olduğunu nümayiş etdirir.

Belə bir vəziyyətdə Armen Sarqsyan, bəlkə də, davam etməkdə olan kapitulyasiyanın parçasına çevrilmək istəməyib, bəlkə də sadəcə, qorxub. Üstəlik, bütün bunlar ASALA terror qruplaşmasının hədə dolu, kifayət qədər təhlükəli bəyanatları fonunda baş verir.

Bir şey aydındır ki, bütün bu oyunlar İrəvanın kapitulyasiya aktının tələblərindən yayınmasına imkan verməyəcək.



MƏSLƏHƏT GÖR:

120