2 May 2024

Cümə axşamı, 11:01

UĞURSUZLUQ «NAİLİYYƏT» KİMİ

Futzal üzrə Azərbaycan yığması qitə birinciliyində ən pis nəticəni göstərib

Müəllif:

15.02.2022

Futzal üzrə Azərbaycan millisi ilin ən böyük yarışı sayılan Avropa çempionatında çıxışını erkən başa vurdu. Zəif nəticələr göstərən komandamız qrup mərhələsini adlaya bilmədi. İlk oyunda Gürcüstan yığmasına 2-3 hesabı ilə uduzan Joze Alesionun komandası sonra iddialı İspaniya ilə heç-heçə oynadı (2-2). Qrupda son matçda Bosniya və Herseqovina yığması üzərində qələbə qazanan futzalçılarımız (4-2) pley-off ümidlərini doğrultmadı. Buna səbəb paralel keçən digər görüşdə İspaniyanın Gürcüstanı 8-0 hesabı ilə darmadağın etməsi oldu.

Əslində, günahkar futzal üzrə Azərbaycan millisi oldu. Çünki yığma ilk turda böyük önəm daşıyan Gürcüstana qalib gəlməyə borclu idi. Bununla, elə ilk oyundakı məğlubiyyət millinin bütün planlarının üstündən xətt çəkdi.

 

Səhvlər və digər faktorlar

Azərbaycan yığmasının zəif çıxışının səbəbləri çoxdur. İlk növbədə, pandemiya şəraitində yığma üzvlərinin fiziki formalarını qoruya bilməməsini qeyd etməliyik. Digər tərəfdən Avropa çempionatında virusa yoluxan yığmanın bəzi üzvlərinin milliyə kömək edə bilməməsini yada salaq. Ən böyük problem isə yığmanın mübariz ruhunun olmamasıdır. Futzalçılar hətta Gürcüstanla matçda belə çoxlu sayda səhvə yol verməklə rəqibin qələbə qazanmasına kömək etdi. Zəif oyunla pley-offa vəsiqə qazana bilsəydik yenə də uzağa getmək mümkün olmayacaqdı.

Təəssüf yaradan məqamlardan biri yığmanın milliləşdirilən legioner oyunçulardan ibarət olmasıdır. Avropa çempionatında braziliyalı baş məşqçi Joze Alesio əksər hallarda öz həmyerlilərinə şans verdi, onlar da ümidləri doğrultmadı.

2010-cu ildə Azərbaycan futzalı tarixinin ən yüksək nəticəsini əldə edib. Milli Avropa çempionatında 4-cü yeri tutmaqla azarkeşləri sevindirdi. Ardınca 2016-cı ildə yığma dünya çempionatında 5-ci yeri tutdu. Əldə edilən son nəticə 7 il ərzində futzalda irəliləyişin olmadığını sübut etdi. Milliləşdirilmiş legionerləri yeniləyən millinin məşqçilər heyəti yerli futzalçılara şərait yaratmaq barədə düşünmək istəmir. Qapıçı mövqeyi istisna olaraq digər mövqelərdə legionerlərin çıxış etməsi gənc futzalçılara ciddi zərbə olur. Belə vəziyyətdə gənclərin gələcək inkişafa ümidləri azalır.

 

Bərabər mübarizə gedirdi, amma...

Millinin qapıçısı Rövşən Hüseynli AVRO-2022 barədə bunları deyib: “Komandamızın Avropa Çempionatına hazırlığı istənilən səviyyədə olmadı. Pandemiya çox böyük maneələr yaratdı. Uzun müddət bir araya gələ, lazımi qədər yoxlama oyunu keçirə bilmədik. Amma millidə geriləmə olduğunu düşünmürəm. Çünki 6-cı dəfə Qitə birinciliyinə vəsiqə qazandıq. Belə görürəm ki, bu azarkeşlər üçün adi hala çevrilib. Bu bizim üçün də xoşdur, milliyə olan inamın göstəricisidir. Gürcüstanla oyuna qədər dörd futzalçının testi müsbət çıxdı. Onlar bizimlə Belçikada keçirilən yoldaşlıq görüşündə də iştirak edə, hazırlıq mərhələsini sona qədər keçə bilmədilər. Bu matçda mən və Qalo oynaya bilmədik. Həmçinin İspaniya ilə qarşılaşmada. Ümumiyyətlə, komandanın istənilən üzvünün kollektivə kömək edə bilməməsi mənfi təsir göstərir. Düzdür, oyuna yaxşı başlamışdıq. Bu qədər çətinliklərə rəğmən, 2:0 hesabda öndə idik. Sadəcə, hesabı sona qədər qoruya bilmədik. Fikrimcə, Gürcüstan bizdən üstün oynamadı, başabaş mübarizə getdi. Sadəcə, təzyiqi üzərimizdən ata bilmədik. Məşqçinin də dediyi kimi, vərəqələrdən, fərqin azalmasından bir qədər ehtiyatlandıq”.

Yığmanın təcrübəli futzalçılarından olan Rizvan Fərzəliyev də bəxtsizlikdən gileyləndi: “AÇ-dən öncə 8 ay idi toplaşmırdıq. Oyunlar da keçirilmirdi. Bu üzdən, təbii ki, çox çətin idi. Hər şey mükəmməl ola bilməz. Gürcülərlə oyun komandamız üçün uğurlu başladı. Öndə idik, amma təəssüf ki, hesabı qoruya bilmədik. Buna səbəb qol imkanlarından yararlana bilməməyimiz və hakim səhvləri oldu. Favorit İspaniya ilə görüşdə də hesabda öndə olsaq da, sonda bərabərə qaldıq. Onlarla oyunumuz uğurlu alındı. Son görüşdə Bosniya və Herseqovinanı məğlub etdik. Lakin Gürcüstana məğlubiyyət qrupda qalmağımıza səbəb oldu. Baş məşqçi Alesio ilə yolların ayrılıb-ayrılmayacağı bizim işimiz deyil. Rəhbərliyin qərarıdır. Bizim vəzifəmiz verilən tapşırıqları yerinə yetirməkdir”.

Yığmanın heyətində inamlı təsir bağışlayan və İspaniyaya qol vuran İsa Atayev də futzalda geriləmə olduğunu qəbul etmir: “Futzalımızda geriləmə olduğunu deməzdim. Sadəcə, bəzi oyunçular fərqli klublardan gəlir. Uyğunlaşmaq üçün çox vaxt lazım olur ki, bu da bizdə yox idi. İlk oyuna yaxşı başladıq, iki top üstünlüyümüz var idi. Fərqi artırmaq üçün iki-üç qol vəziyyəti də yaxaladıq. Onlardan yararlana bilsəydik, hər şey fərqli olardı. Ona görə də cəzamızı aldıq”.

 

Vaxt azdır

Azərbaycan Futzal Federasiyası zəif nəticəni ciddi şəkildə təhlil etməli və nəticə çıxarmalıdır. Bu gün ölkədə futzala maraq böyükdür. Amma millidə yalnız legionerlərə şans verilir. İslahatlar üçün böyük zaman yoxdur. Artıq iyunda dünya çempionatının seçmə mərhələsi başlayacaq. O vaxta qədər isə yığmada dəyişiklik etmək önəmlidir. Baş məşqçi Joze Alesiodan yol verdiyi nöqsanlara görə hesabat tələb olunmalıdır. Bərabər səviyyəli Gürcüstanla matçda 2-0 hesabı ilə irəlidə olduğumuz görüşdə uduzmağımızın səbəbkarı məhz məşqçi heyətidir. Yeri gəlmişkən, azərbaycanlı məşqçi Elnur Qəmbərov Kanadanın yeniyetmələrdən ibarət futzal millisinin baş məşqçisi təyin edilib. Özümüzdə də nəticə qazana bilən məşqçilər var – sadəcə inanmaq və etimad göstərmək lazımdır.



MƏSLƏHƏT GÖR:

139