2 May 2024

Cümə axşamı, 19:20

TEATR, AKTRİSA, SEVGİ

Həcər AĞAYEVA: «Əli və Nino» tamaşasında Əlinin atası çox müdrik sözlər deyir. Söhbət Azərbaycanın yeni Çağın astanasında dayanmasndan gedir…»

Müəllif:

15.02.2022

Azərbaycanın əməkdar artisti Həcər Ağayeva parlaq cazibədar görkəm sahibi olmaqla yanaşı, həm də məqsədyönlü bir şəxsiyyətdir. O, qətiyyətli, güclü xarakterə və çoxplanlı aktrisa istedadına malikdir. Səhnədə həm komediya (“Oğlan, qız, pəncərə... aşiq”), həm dram (“Yayda qartopu oyunu”), həm də faciə janrında (“Sevgiyə görə bağışla”) qadın obrazlarını uğurla yaradır. Amma, bəlkə də, onun peşə fəaliyyətinin ən güclü tərəfi faciə aktrisası ampluasıdır. Həcər Ağayeva Sofoklun eyniadlı tamaşasında Elektranı da, Esxilin "Aqamemnon" faciəsində Kassandranı da və Evripidin Medeyasını da oynaya bilər. Hələlik isə məşq edir, faciəvi seçim qarşısında qalmış kənd həkimi Suğranın obrazını yaradır. Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın gəlmişdi” romanı əsasında A.Şarovskinin quruluş verdiyi tamaşada.  

Ancaq söhbət peşə sirlərindən deyil, həyatdan gedir. Həcər 2004-cü ildə Rus Dram Teatrının dram studiyasına gəlib. Daha sonra Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2019-cu ildə “akademik” statusuna layiq görülmüş Dövlət Rus Dram Teatrında işləyir. Özü də tək bir peşə ilə kifayətlənmir, çünki yaradıcı potensial və enerji varsa, o mütləq həyata keçməlidir. Buna görə də Həcər Ağayevanın həyatına bir növ paralel yaradıcılıq kimi televiziya da daxil olub: AzTV və Mədəniyyət kanalları. Bu, aktrisa peşəsinin davamı kimidir, amma fərqli bir keyfiyyətdə: müəllif və aparıcı kimi.

 

Teatr

Uşaqlıqda onun aktrisa olmaq arzusu olmayıb. Hər şey öz-özünə baş verib: Rus Dram Teatrında studiyaya qəbul elan edildiyini eşidən Həcər bəxtini sınamaq qərarına gəlib.

- Niyə?

- Bilmirəm. Ani bir qərar oldu... Sanki öz-özünə ...

Həmin vaxt o, Dövlət İncəsənət Gimnaziyasının xalq rəqsləri bölməsini bitirmiş, gözəl səsə malik, yaxşı oxumağı və şeir söyləməyi bacaran bir gənc idi. Bu xüsusiyyətlərə görə seçim komissiyasının üzvləri «abituriyent»dən razı qalıblar və o, teatr truppasına qəbul olunub. O zaman qızın ağlına da gəlmirdi ki, bu artıq onun taleyidir.

- Valideynləriniz bu peşə seçiminə necə yanaşdılar?

-Normal. Onlar hər zaman və hər işdə mənə dəstək olublar. Amma atam dedi: “Əgər görsən ki, öz yerində deyilsən, dərhal get! Bir dəqiqə belə qalma”.

- Atanız da aktyor olub?

- Yox. Televiziya rejissoru.

- Demək...

- Yox yox! Atam məndə ictimai peşə seçmək həvəsi yaratmayıb. Fikirləşirdi ki, mən onun yolu ilə gedəcəm.

 

Yaradıcılıq şəcərəsi

Keçmişə nəzər salıb inqilabdan əvvəlki və sonrakı dövrlərə səyahət edilsə, görmək olar ki, Həcər Ağayevanın soyunda – həm ata, həm də ana tərəfdən xeyli yaradıcı insan olub - opera ifaçısıƏlibala Ağayev, dram aktyorları Kübra Dadaşova, Məmmədağa Dadaşov, multiplikasiya rəssamı Rauf Dadaşov, peşəkar rəqqaslar Ramiz və Tahir Eynullayevlər, şair Nəbi Xəzri və başqaları. Yeri gəlmişkən, o, heç vaxt demir ki, daşıdığı soyad ölkədə bolşevik dəyişiklikləri dövründə ruslaşdırılıb. Ailə tarixinin bu səhifəsi hələ də bağlı saxlanır. Halbuki, köklü bakılılar xatırlayırlar ki, Bakıda çox imkanlı, İsveçrə bankında yatırımlara belə sahib olan Ağabəyovlar ailəsi yaşayıb.

 

İçimizdəki əxlaq qanunu haqqında

- Mən bizi “azərbaycanlı” anlayışı ilə eyniləşdirən o dəyərli keyfiyyətlərin getdikcə silinərək keçmişə çevrilməsini görürəm. Əcdadlarımızdan bizə qalan mənəvi qadağalara indi “müasir olmayan”, “köhnəlmiş” deyilir... Mən bunda yaxşı bir şey görmürəm.

- Bəli. Təəssüf ki, 21-ci əsrdə gerçək idealların yalançıları ilə əvəzlənməsi artıq oturuşmuş ənənəyə çevrilir.

- Ona görə də mən və yoldaşım valideynlərimizdən, qohumlarımızdan aldığımız o əxlaq qanunlarının qorunub saxlanmasına böyük önəm veririk. Bəli, torpağımız əzəldən öz multikultural dəyərləri ilə məşhur olub, lakin, məsələn, müqəddəs «Qurani-Kərim»in buyurduqları dünyada heç vaxt bugünkü qədər dəyərdən salınmayıb. “Əli və Nino” tamaşasında Əlinin atası çox müdrik sözlər deyir. O deyir ki, Azərbaycan yeni Çağın astanasındadır və hadisələrin bu tarixi gedişatına heç nə mane ola bilməz. Amma o deyir ki, biz bu gedişata müqavimət göstərmədən, yenini qəbul edərkən köhnəni heç vaxt tarixin zibilliyinə atmadığımıza görə inkişaf edən bir millət, müəyyən mədəniyyətə malik bir xalq kimi özümüzü qoruya bilərik.

- Doğrudur. Buna görə də başqa millətlərin və mədəniyyətlərin nümayəndələri burada belə asanlıqla və rahat yerləşə biliblər. Qurban Səidin danışdığı hekayədəki Nino Kipiani kimi. Axı Əli ona Avropaya getmək təklif edəndə o, bundan imtina edir, düşünür ki, yad adət və ənənələrə alışmaq onun üçün çətin olacaq.

- Bəli. Və o, bu fikri qəti şəkildə rədd edir. Ninonun xristian olması ona Azərbaycanın mədəni ənənələri ilə bağlı olan hər şeyi anlamasına, qəbul etməsinə və sevməsinə heç də mane olmur.

- Niyə?

- Çünki Nino Bakıda böyüyüb. O da mənim oxuduğum məktəbə gedib. Ninonun dövründə bu, qızlar üçün gimnaziya olub. O da İçərişəhərdə mənim gəzdiyim, uşaqlığımın keçdiyi küçələrlə gəzirdi. İndi də tez-tez İçərişəhərin küçələrində gəzərkən Nino yadıma düşür. Onunla ortaq cəhətlərimiz çoxdur.

- Nino Kipiani ilə sizi nə doğmalaşdırır?

- Sevgi, mən belə düşünürəm. Ailəyə, ailə ənənələrinə sevgi. Hər iki mədəniyyətdə: xristian və müsəlman mədəniyyətlərində olan əxlaqi əsaslara, prinsipə sevgi. Şəhərə və ölkəyə sevgi. Yəni aydındır ki, şəhər memarlıqdan çox insanlardan ibarətdir. Bax burada mən qəhrəmanıma daha çox hörmət edirəm və onunla fəxr edirəm. O qədər ki, elə bir an gəldi ki, mən bütün ailəmlə Nino Kipiani üçün sədaqət nümunəsi olan Nino Çavçavadzenin məzarını ziyarət etmək üçün Tbilisiyə getməyə təkid etdim. Nino Çavçavadze ilə Qriboyedovun faciəli sevgi hekayəsi yadınızdadır? Mən öz qəhrəmanıma hörmət əlaməti olaraq, bu məzar daşını öz gözlərimlə görmək istədim...

- Nino və Əli İçərişəhərdə yaşayırdılar. Romanın müəllifi olduğu ehtimal edilən Yusif Çəmənzəminli yaxınlıqdadır. Yəni hazırda Bünyad Sərdarovun adını daşıyan küçədə. Amma mənə elə gəlir ki, söhbət iki fərqli tikilidən gedir...

- Hə, hə, hə! Evin biri, Əlixan Şirvanşirin (Əlinin) evi, Bakının böyük bilicisi Fuad Axundovun dediyinə görə, Qoşa Qala qapısında yerləşir. Bu, Xanlarovların evidir. Amma indi təəssüf ki, orada çörək sexi var və ora girmək mümkün deyil. İkinci ev isə, məncə, qala divarının yaxınlığında, Qubernator bağı ilə üzbəüz yerləşir. Yadınızdadırsa, o, evin pəncərəsindən baxır və bu bağı görür? Düşünürəm ki, romanda təsvir olunan ev hazırda İtaliya səfirliyinin olduğu yerdədir. Ancaq bu, sadəcə bir ehtimaldır.

- Yadınızdadır, müəllif qəhrəmanların yaşadığı evləri təsvir edərkən, Tağıyevin evində baş verən baldan bəhs edir və neft sənayeçisinin oğullarından biri Əli Şirvanşirin dostudur.

- Əlbəttə xatırlayıram! Mən Tarix Muzeyinə tez-tez baş çəkirəm. Mən bu evi sevirəm. Eynilə İçərişəhər kimi. Ona görə də enerjiyə “köklənmək” lazım gələndə mən onların yanına gedirəm: Tağıyevin və Qurban Səidin qəhrəmanlarının yanına.

- Teatr bir incəsənət növü olaraq sizə bir aktrisa kimi nə verir?

- Əgər rol üzərində işləmə prosesi yaradıcı axtarışlar və kəşflər prosesinə çevrilərsə, peşəkar həzz, sevinc və xoşbəxtlik yaranır. Əgər nəticədə psixoloji cəhətdən həqiqətə uyğun obraz əldə olunursa, rejissor və tamaşaçı sənin qəhrəmanını qəbul edirsə, onu anlayır və sevirsə, onda peşə seçimini düzgün etməyinlə bağlı duyğu və buna inam yaranır.

- Bunun “təsadüfi olmadığı”nı 18 ildir işlədiyiniz teatrın yaranmasının 100 illiyi münasibətilə aldığınız “Azərbaycanın əməkdar artisti” adı təsdiq edir. Bu, pandemiyanın gəngin vaxtında baş verdi. Bu xəbəri necə qarşıladınız?

- Əvvəlcə inanmadım. Anlayanda isə ağlıma ilk gələn adam - atam oldu. O, artıq aramızda deyil, amma Səməd Vurğun adına Akademik Rus Dram Teatrında öz yerimi tutduğuma dair təsdiq xəbərini eşitməyə şad olardı. Sonra mən teatr rəhbərliyi haqqında düşündüm, rəhbərlik mənim düzgün peşə seçdiyimi bu yolla təsdiqləməyə imkan tapdı. Təbii ki, fürsətdən istifadə edərək, demək istəyirəm ki, əgər Həcər Ağayevanın peşəkar həyatında rejissorlar, xalq artistləri İranə xanım Tağızadə və Aleksandr Şarovski olmasaydı, o, əməkdar artist də olmazdı; əgər xalq artisti Fuad Poladov (ruhu şad olsun!), xalq artistləri Lüdmila Duxovnaya və Aleksandra Nikuşina olmasaydı, teatrın bir çox başqa korifeyləri ilə birlikdə səhnəyə çıxıb onların ustalığından öyrənmək şansım olmasaydı; teatrın həyatında direktorumuz Ədalət Hacıyev kimi həssas insan olmasaydı, bu, baş verməzdi.

Əldə edə bildiyim və öyrənə bildiyim hər şey bu insanların iştirakı və peşəkar dəstəyi ilə baş verib. Heç bir istisna olmadan, hər kəsə minnətdaram və mütəşəkkirəm!



MƏSLƏHƏT GÖR:

145