17 May 2024

Cümə, 10:01

YENİ SƏHİFƏ

Ərəb hakimiyyətləri niyə 70 ildən sonra İsraillə dostlaşmağa qərar verdilər?

Müəllif:

15.02.2022

Yanvarın sonunda İsrail prezidenti İshaq Hersoq Birləşmiş Ərəb Əmirliklərinə ilk rəsmi səfərini etdi. Hersoq eyni zamanda BƏƏ-yə və körfəz ölkələrinə rəsmi səfər etmiş ilk İsrail prezidenti kimi tarixə düşdü.

Səfərin daha bir “ilki” isə İsrail prezidentini aparan təyyarənin ilk dəfə Səudiyyə Ərəbistanı üzərindən uçması idi. Bu İsrail və ərəb ölkələri arasında yaxınlaşma baxımından yeni bir səhifədir.

İki günlük rəsmi səfər zamanı İsrail prezidenti BƏƏ-nin əsas əmirliyi olan Əbu Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid ən-Nahyan və Dubay əmiri Şeyx Məhəmməd bin Raşid əl-Məktumla görüşüb. Eləcə də BƏƏ-də yaşayan yəhudi icmasının üzvləri ilə bir araya gəlib, “Expo-2020 Dubai” sərgisinə qatılıb, Şeyx Zayid məscidində olub.

Bu səfər İsrail və BƏƏ-də çox müsbət hadisə kimi qiymətləndirilib. İsrail üçün bu, 1978-ci ildə Misirlə və 1994-cü ildə İordaniya ilə imzalanmış əməkdaşlıq sazişlərindən daha mühüm bir hadisədir. Çünki İordaniya və Misirdən fərqli olaraq BƏƏ İsraillə birbaşa sərhədləri olmayan körfəz ölkəsidir. Yəni əgər Misir və İordaniyanın İsraillə əlaqələri beynəlxalq təzyiq və birbaşa sərhəd məsələsi idisə, BƏƏ artıq İsrailin ərəblər arasında dostlar qazanması deməkdir. Üstəlik, BƏƏ indi “tək deyil”. Onun ardınca sırada Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, eləcə də Afrikada Sudan kimi ölkələr də var. Yəni BƏƏ həm də bir növ “tilsimin sınmasıdır”.

Digər tərəfdən BƏƏ regionun ən böyük ticarət, sənaye və iqtisadi mərkəzlərindən biridir və onunla əməkdaşlıq həm də iqtisadi cazibəyə malikdir. Qarşıdakı dövrdə BƏƏ-İsrail qarşılıqlı ticarət həcminin 2 milyard dollara yüksəlməsi gözlənilir. 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard olub. İki ölkə arasında 2020-ci ildə münasibətlərin normallaşması barədə razılaşması imzalandıqdan sonra ticarət əlaqələri sürətlə inkişaf edib. İsrail BƏƏ-dən milyard dollarlıq sərmayələr cəlb etməyə hazırlaşır. Başqa sözlə, bu barışıq həm də iki tərəf üçün ciddi iqtisadi faydaya söykənir. Bu mənada BƏƏ ilə münasibətlərin İsrail üçün əhəmiyyəti çox böyükdür və ciddi perspektiv vəd edir.

İsrail prezidentinin BƏƏ səfəri həm də Yəmən husilərinin raket zərbələrinin “kölgəsində” keçdi. Prezident Hersoqun BƏƏ-də olduğu gün husilər Əmirliyi raket atəşinə tutdu. Raketlərin BƏƏ-də ciddi dağıntılara səbəb olması ilə bağlı hər hansı məlumat yoxdur. Yerli hakimiyyət rəsmiləri raketlərin havada zərərsizləşdirildiyini bildirib.

Ancaq yanvarın 17-də husilərin atdığı raketlər Əbu Dabidə 3 nəfərin ölümünə, daha bir neçə nəfərin yaralanmasına səbəb olub. Husilər 1000 kilometr uzaqlıqda BƏƏ ərazisini, neft terminalları, dəniz və hava limanlarını hədəfə almaqla Əmirliyə daha çox maddi və psixoloji zərbə vurmağa çalışır. Ancaq bu zərbələr və bunun kimi addımlar başqa tərəfdən BƏƏ-ni İsrail və ABŞ-a daha da yaxınlaşdırır. Çünki bu hadisələrdən sonra BƏƏ rəhbərliyi ABŞ və İsraildən hava hücumundan müdafiə sistemləri almaq üçün danışıqları daha da intensivləşdirib. Başqa sözlə, hava hücumları üçün ciddi “açıqları” olan BƏƏ-nin İsrail və ABŞ-a yaxınlaşması artıq qaçılmazdır.

 

BƏƏ “buzqıran” rolunda

BƏƏ-nin İsrail üçün əhəmiyyəti təkcə bu ölkənin iqtisadi gücü və enerji imkanları, regionun və dünyanın önəmli ticarət mərkəzi olması ilə kifayətlənmir. Yeri gəlmişkən, “barışıqdan” bu yana 250 min israilli BƏƏ-yə səfər edib. Bu, kiçik rəqəm deyil.

Lakin ən mühümü odur ki, BƏƏ ərazisinə görə kiçik ölkə olsa da, ərəb-müsəlman aləmində ciddi nüfuzu və diplomatik əlaqələri var. İsraillə BƏƏ arasındakı yaxınlaşma başqa ölkələr üçün də yol açır. 15 sentyabr 2020-ci ildə Vaşinqtonda BƏƏ və İsrail arasında (həmçinin Bəhreynin də qatılması ilə - K.R.) imzalanan “İbrahim razılaşması” (Abraham Accords) regionun tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu sazişdən sonra iki ölkədə qarşılıqlı olaraq səfirliklər açılıb, idman yarışları, hava reysləri, qarşılıqlı səfərlər başlayıb.

Ötən ilin sonlarında İsrailin baş naziri Naftali Bennet Əbu Dabiyə səfər edib. Ardınca isə İsrail prezidenti BƏƏ-yə ayaq basdı. İshaq Hersoq bu səfəri ilə region xalqlarına sülh neməti və sülh mesajı gətirdiyini bildirib. Onun sözlərinə görə bu proses region xalqları üçün inkişaf və rifah gətirəcək.

İsrail prezidenti bu səfərin İranla aparılan beynəlxalq nüvə danışıqları ilə eyni dövrdə baş tutmasını İsrailin regionla əlaqələrini gücləndirmək cəhdi kimi qiymətləndirib. Başqa sözlə, İran təhlükəsinə qarşı ərəb-İsrail ittifaqının gündəmdə olduğuna vurğu edib.

Yeri gəlmişkən, İsrail prezidentinin BƏƏ-yə səfərindən bir neçə gün sonra müdafiə naziri Benni Qantz Bəhreynə səfər edərək müdafiə sahəsində razılaşma sənədi imzalayıb. Bəhreynin paytaxtı Manamada yerləşən Bəhreyn Silahlı Qüvvələrinin Qərargahında baş tutan mərasimdə İsrail müdafiə naziri Benni Qantz və onun bəhreynli həmkarı general Abdullah bin Həsən ən-Nuaymi iştirak edib. Bu razılaşma İsrail və Bəhreyn orduları arasında kəşfiyyat, hərbi təhsil və hərbi sənaye sahəsində əməkdaşlığın artırılmasını nəzərdə tutur.

Bu, 2020-ci ilin sentyabrda İsrail və Bəhreyn arasında münasibətlərin normallaşması ilə bağlı sazişdə qeyd olunan hərbi əməkdaşlığın daha da inkişafının rəsmiləşdirilməsi hesab olunur. Qantz deyib ki, bu saziş gələcək əməkdaşlığın hər iki ölkənin müdafiə qabiliyyətini gücləndirməsi, regionda meydana çıxacaq təhdidlərə, o cümlədən texnoloji və hərbi cəhətdən güclənən terror qruplarına qarşı regional təhlükəsizlik və sabitliyə dəstək olacaq.

 

Region üçün yeni vəziyyət

Yuxarıda da qeyd etdiyimiz kimi, 2020-ci il Vaşinqton sazişi ilə BƏƏ, Bəhreyn, ardınca Oman, Mərakeş, Sudan kimi ölkələr də İsraillə münasibətləri qaydaya salmağa başlayıb. İsrail prezidentinin BƏƏ-yə məhz Səudiyyə Ərəbistanı üzərindən uçması faktı da bu prosesə Krallığın da qoşulacağını, lakin hələlik lazımi məqamın yetişmədiyini göstərir. Ərəb ölkələrinin 70 ildən sonra İsraillə dostlaşmasının səbəbi nə idi? Nədən bu günə qədər İsraili hətta formal olaraq ölkə kimi tanımayan ölkələr birdən-birə mövqelərini 180 dərəcə dəyişdilər?

Əlbəttə, hər şey bir gündə baş vermədi. Əgər ərəb-İsrail münaqişəsi fonunda regionda və dünyada baş verənləri sıralasaq ortaya aşağıdakı mənzərə çıxacaq.

İlk növbədə, 70 illik zaman göstərdi ki, ərəblərin heç də bütün bəlaları İsrail deyilmiş. Hərçənd hələ də bu fikirdə olanlar da az deyil. 

Digər tərəfdən ərəb ictimai rəyi 70 ildir davam edən və heç bir nəticəyə çıxa bilməyən Fələstin məsələsindən yoruldu və daha aktual, onu narahat edən məsələlər önə çıxdığı üçün Fələstin-İsrail münaqişəsi əvvəlki təsirini itirdi.

İŞİD və əl-Qaidə kimi radikal islam qruplaşmaları, eləcə də İran və onun dəstəklədiyi silahlı siyasi qruplar regionun ciddi elektorata sahib olmayan ərəb hakimiyyətləri üçün İsraildən daha ciddi təhdidə çevrildi. Xüsusən də “Ərəb baharı” prosesi göstərdi ki, kütləvi üsyan dalğası hər an istənilən ərəb hakimiyyəti üçün təhlükəli hal ala bilər.

2017-ci ildə ABŞ prezidenti Donald Trampın ərəb və müsəlmanlar üçün “qırmızı xətt” hesab olunan Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq ABŞ səfirliyini bu şəhərə köçürmək barədə qərarına ərəb ölkələrinin reaksiyası və ərəb cəmiyyətlərinin, o cümlədən Fələstin icmasının təpkisi gözlənilən qədər olmadı. Hətta Fələstin siyasi qrupları belə bu məsələdə vahid mövqe nümayiş etdirə bilmədilər. Bu, həm də ərəb hakimiyyətləri üçün siqnal oldu.

Və nəhayət, ABŞ-ın Yaxın Şərq, o cümlədən İran siyasətindəki kəskin dəyişmələr ərəb liderlərini yeni və daha etibarlı müttəfiq axtarmağa sövq etdi. Bu müttəfiq isə İsrail idi. Çünki Vaşinqtondan fərqli olaraq İsrailin İrana qarşı siyasəti heç bir halda dəyişmir və ərəb region ölkələri ilə eynidir.

Başqa sözlə, yeni yaranmış şərait ərəb iqtidarlarını İsraillə barışığa sövq etdi. Və artıq bu barışığın ilkin addımları və müsbət nəticələri ortadadır. İsrail ABŞ-dan fərqli olaraq İranla və regiondakı siyasi-hərbi mövqeyini dəyişə bilməz. İsrail özü ciddi bir regional hərbi gücdür və arxasında ABŞ kimi güclü müttəfiqi var. İsrail ABŞ-dan fərqli olaraq ərəb hakimiyyətlərinin “daxili işlərinə” qarışmır, şəffaflıq, insan haqları kimi mövzularda tələbkar deyil. Bu isə ərəb rejimləri üçün çox əlverişlidir.

Görünən odur ki, bu barışıq xətti qarşıdakı illərdə daha da irəli gedəcək və İsrail daha çox region ölkələri ilə yaxınlaşacaq. Düzdür, hələlik İraq, Suriya kimi ölkələr “İbrahim razılaşmalarına” isti yanaşmır. Lakin nəzərə almaq lazımdır ki, indi bu ölkələrin əvvəlki nüfuzu və təsiri yoxdur, başları daxili problemlərə qarışıb.

Yeri gəlmişkən, İsrail və Türkiyə arasında da yumşalma prosesi başlayıb. İsrail prezidenti yaxın zamanlarda Türkiyəyə səfər edə bilər. Bu isə yəhudi dövləti üçün böyük fürsət və imkanlar yaradacaq. 

Nəticə etibarilə Yaxın Şərq yeni bir mərhələyə başlayıb. Doğrudur, hələlik İsrail-ərəb yaxınlaşması Fələstin məsələsində özünün hər hansı təsirini göstərmir. İsrail tərəfdən Fələstinə qarşı hər hansı güzəşt və geri çəkilmə yoxdur, lakin görünür ki, bu vəziyyət böyük ərəb çoxluğunu qane edir. Qane etməyən və ya vəziyyəti kənardan müşahidə edənlərin isə müdaxilə etmək, vəziyyəti dəyişmək imkanı yoxdur. Ya da bu cür ölkələr nisbətən kənarda yerləşirlər.

Region ölkələri isə İsrail mövzusunda sırf praqmatik maraqlardan çıxış edir. Güman etmək olar ki, sürətlə irəliləyən bu münasibətlər qarşıdakı illərdə Fələstin-İsrail münaqişəsi ilə bağlı yekun bir razılaşmanı da özü ilə gətirsin. Əks halda əldə olunan bu uğurlar yalnız iqtidarların siyasi razılaşması kimi tarixə düşəcək, köklü barışıq isə yenə də əldə olunmamış qalacaq.



MƏSLƏHƏT GÖR:

122