2 May 2024

Cümə axşamı, 11:54

ARZU. SƏBİR. HƏRƏKƏT

Maya BAĞIROVA: “Mənim çəkdiyim fotolarda Qarabağın xarabalıqlarını görən çox sayda fransalıda bölgəyə səfər etmək və həqiqətləri öyrənmək istəyi yaranıb”

Müəllif:

01.03.2022

Maya Bağırova gənc azərbaycanlı fotoqrafdır. Beynəlxalq müsabiqələrdə iki qızıl medal qazanan fotoqraf “Jan Larivye” mükafatının sahibidir. Beynəlxalq foto agentliyinin – “Hans Lucas”ın əməkdaşı olan Maya Bağırovanın fotoları Avropanın nüfuzlu nəşrlərində dərc edilib.

O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının skripka sinfini bitirdikdən sonra 2016-cı ildə uşaqlıq arzusu olan şəhərə – Parisə köçüb. Burada Maya Bağırova Avropanın aparıcı fotoqrafiya məktəblərindən biri olan “Speos”da təhsil alıb. O, 2018-ci ildə “Paris Match” jurnalının təşkil etdiyi müsabiqədə nüfuzlu mükafata layiq görülüb.

Karantin dövründə Maya öz fotolarında Fransa Moda Həftəsini, Paris küçələrindəki həyatı əks etdirib. Bu fotolarda o, həyatı necə qavradığını və bu məkanın varlığı ilə bağlı sirləri insanlara çatdırıb.

2021-ci il isə onun peşəkar fotoqraf kimi fəaliyyətində yeni mərhələ olub. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Maya fotojurnalist kimi cəbhəyə yollanır. Onun topladığı fotomateriallar 4 dildə nəşr olunan “Qarabağ” adlı kitabda dərc edilib. Bu fotolar Vətən müharibəsi və qələbəmizin birinci ildönümünə həsr olunmuş “Le Jardin Noir” (“Qara bağ”) adlı fərdi sərgidə də nümayiş etdirilib. Bu fotoqrafın obyektivinin çəkmədiyi yer qalmayıb: Ağdam, Füzuli, Xudafərin körpüsü yaxınlığındakı ərazilərdən tutmuş Zəngilan və Cəbrayıl rayonlarına qədər. Bu fotolarda 30 il davam etmiş talan, azğınlıq və əzab həkk edilib. “Le Jardin Noir” adlı sərgidə isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki acınacaqlı vəziyyəti göstərən 15 foto nümayiş olunub.

 

- Bizə deyin, fotolarınız vasitəsilə insanlara hansı məsələləri çatdırmağı qərara gəldiniz? Fransalılar Qarabağı təsəvvürlərinə necə gətirirlər?

- Müharibə fotoları – sübut olunmuş sənəddir. Onlar Qarabağda müharibə zamanı və sonra baş verən hadisələri göstərir. Mən öz fotolarımla erməni işğalçılarının torpaqlarımızı nəyə çevirdiyini göstərmək istədim: ucu-bucağı görünməyən xarabalıqlar, yalnız daşların qaldığı dağılmış evlər. Biz zamanlar orada insanlar yaşayırdı...

Bundan başqa, çəkdiyim fotolar vasitəsilə orada yaşamış insanların hiss etdiyi, bu torpaqların canına çəkdiyi əzab və ağrıları göstərə bilmişəm. Bu fotolara  – Qarabağın hazırkı mənzərəsinə sərgini ziyarət edən insanlar da biganə qalmayıblar. Onlar ucadan deyirdilər: “Ruhlar şəhəri!” Fransalılar emosional xalqdır. Odur ki, onlara hər şeyi incəsənət vasitəsilə göstərmək lazımdır. Əslində, onların sərgidən nə gözlədiyini bilmirdim. Amma əminliklə söyləyə bilərəm ki, bu sərgi fransalılarda dərin təəssürat yaradıb. Onlar melanxolik əhvali-ruhiyyədə idilər. Mənə Qarabağda baş vermiş hadisələr haqqında suallar verirdilər. Əlbəttə ki, mən onlara tariximiz haqda danışdım. Ziyarətçilərin əksəriyyətində Qarabağa səfər etmək arzusu yarandı. Parisdəki sərginin Fransadakı Azərbaycan diasporu tərəfindən təşkil olunduğunu qeyd etmək istərdim.

- Azad edilmiş ərazilərə səfər etmək və Parisdə sərgi keçirmək ideyası necə yaranıb?

- İkinci Qarabağ müharibəsi zamanı bütün Azərbaycan xalqı kimi mən də çox məyus idim. Parisdə mənim də əməkdaşlıq etdiyim “Hans Lucas” foto agentliyi fəaliyyət göstərir. Bir dəfə Ermənistan tərəfindən gələn fransalı fotojurnalistlərin yalan məlumat yaydıqlarını gördüm. Düşündüm ki, əgər onlar yalnız belə şeylər göstərirlərsə, həqiqəti kim göstərəcək?! Odur ki, fotoagentliyə müraciət etməyə qərar verdim. AFP agentliyi ilə bərabər “Hans Lucas” da mənə çəkiliş icazəsi ilə bağlı məktub yolladı. Üstəlik, Azərbaycanın Fransadakı səfirliyi də mənə müharibə zamanı torpaqlarımıza səfər etmək və real vəziyyəti işıqlandırmaq imkanı yaratdı.

- Ağdam, Füzuli, Cəbrayıl və Zəngilanı öz gözlərinizlə görən zaman nə hiss etdiniz?

- İlk dəfə Füzulidə olan zaman müharibənin son həftəsi idi. Biz cəbhədə idik. Hər tərəfdən bomba və atəş səsləri gəlirdi. Əgər söhbət yaşadığım hiss və təəssüratlardan gedirsə, bunların qarışıq olduğunu söyləyə bilərəm... Torpaqlarımızı belə vəziyyətdə görmək üzücü idi. Amma qəflətən dağıntılar arasında uçan kəpənək gördüm. Bu, Füzulidə idi. O vaxt düşündüm: “Xoşbəxt günlər olacaq!”

Bu arada, “Ağdam” sözü “ağ dam” deməkdir. Televizorda yalnız həyatın qaynadığı, insanların bu şəhərin küçələrində üzlərində gülüşlə gəzdiyi Ağdamla bağlı köhnə kadrlar görmüşəm. Amma orada mən qəddar reallıqla qarşılaşmışdım. Ağdamda nə damlar, nə də ki həyat var idi. Orada heç nə yox idi. Şəhərdəki məscidin ən hündür hissəsinə çıxan zaman bütün Ağdamı ovcumun içi kimi gördüm. Bu, çox təsirli mənzərə idi.

Zəngilan və Cəbrayılda da vəziyyət eyni idi. Bütün bunları görəndən sonra öz-özünə sual verirsən: “Nəyə görə? Bizə niyə belə münasibət göstərilib? Bizim torpaqlarımız niyə “ruhlar şəhəri”nə çevrilib?” Bu sualların cavabı yoxdur. Bu mövzu üzərində düz bir il çalışdım. Daha sonra sərgiyə hazırlaşdım. Üstəlik, “Qarabağ” adlı elektron kitabın yaradılması ilə məşğul oldum. Bir anda Qarabağın bütün ağrılarının mənim emosional vəziyyətimə necə transformasiya etdiyini hiss etdim.

- Hazırkı dünyada müharibə və münaqişələr bitmək bilmir. Bəs fotoqrafiya sahəsinin müharibə dövründə rolu nədir? O, hadisələrin gedişinə hər hansı bir şəkildə təsir göstərə bilərmi?

- Təəssüf ki, bu, belədir. Fotoqrafiya tarixi qoruyan yaddaşdır. Məsələn, indi biz azad edilmiş ərazilərdə dağıdılmış evləri görürük. Sabah isə bizim şəhərlərimiz bərpa olunduqdan sonra keçmişdə baş vermiş hadisələrin sübutu kimi yalnız fotolar qalacaq.

- Məlumdur ki, siz uzun illərdir Parisdə yaşayırsınız. Fransalı “tamaşaçılar”ın Qarabağ məsələsi ilə bağlı düzgün şəkildə məlumatlılığı hansı səviyyədədir?

- Fransada çox sayda erməni yaşayır. Bu, bu və ya digər şəkildə fransalıların fikrinə təsir göstərir. Odur ki, fransalıların əksəriyyəti bizdən çox, onları dəstəkləyir. Onlar həqiqətə deyil, yalana inanırlar. Lakin biz öz sözümüzü deməliyik və onun həqiqət olduğunu sübuta yetirməliyik.

- Fransada hər hansı platformada fotolarınızı təqdim edən zaman hansı çətinliklərlə üzləşirsiniz?

- Çətinliklər odur ki, Fransadakı ictimaiyyət real hadisələri dərk edə bilmir. Mətbuatda saxta xəbərlər həddindən artıq çoxdur.Yalnız bir neçə ildən sonra “Le Monde” nəşrində Qarabağla bağlı real faktların olduğu məqalə dərc edilib. Məqalədə mənim çəkdiyim kadrlara da yer verilib.

- İran əsilli fransalı fotoqraf Reza Deqati uzun illərdir ki, Qarabağ müharibəsi ilə bağlı fotolar ərsəyə gətirir. Sizin işlərinizlə onun fotoları arasında təmas nöqtəsi varmı? Siz onunla tanışsınızmı?

- Mən Reza Deqati ilə 14 yaşımda tanış olmuşam. O vaxt fotoqrafiya sənətinə yenicə başlamışdım. O, mənə kitabını hədiyyə etdi. Reza Deqati mənə işıq, portret və sairlə necə işləməyi izah etdi. Hər bir fotoqrafın öz üslubu, reallığı var. Bu mənada fərqli olmağımıza baxmayaraq, uzun illər keçdikdən sonra onun hekayələrini məhz Qarabağda görmək xoş idi.

- 2019-cu ildə Bakıda “Paris” adlı sərgi keçirmişdiniz. Hər kəs Parisi özünəməxsus şəkildə dərk edir. Bəs Paris sizin üçün nədir və fotolarınız vasitəsilə onu necə təsvir etmisiniz?  

- Paris mənim uşaqlıq arzum idi. Xalam uzun illərdir ki, bu şəhərdə yaşayır. Onun fransız dilində danışdığını çox eşitmişəm. “Bəs onlar nə haqda belə gözəl danışırlar?” – deyə sual verirdim. Bu, hər zaman mənim üçün sirr idi. Parisdə 6 il yaşadıqdan sonra onun həqiqətən unikal şəhər olduğunu anladım. O, müəyyən mənada məğrur şəhərdir. Hardasa səni öz daxilinə buraxmayacaq. Paris tarixini özündə saxlayır. Mənim Parisimsə yağışlı idi. Mən qarğalarla dost idim. Hər gün insanların həyatını da çəkirdim.

- Sizin fotolarınız əsasən ağ-qaradır. Bunu müsahibələrinizdən birində belə izah edirsiniz: “Mən rəngli fotolar çəkən zaman insanlar onlarda rənglərdən başqa heç nə görmürlər. Lakin ağ-qara fotolar ərsəyə gətirən zaman tamaşaçılar fotonun mənasını görür və başa düşürlər. Bu zaman tamaşaçılar fotoya diqqətlə baxmaq və ideyanın dərinliyi haqda düşünmək istəyirlər”. Bəs həyata gəlincə, rəngarəng rənglər arasında həyatın mənasını anlaya və onun məqsədi haqda düşünə bilirsinizmi?

- Həyat həm müxtəlif rənglərdə, həm də tək rəngdə gözəldir. Onun mənasını anlamaq üçün harmoniyada yaşamağa ehtiyac var. Çətinliklərin necə olduğunu bilmədən, xoşbəxt olmaq mümkün deyil. Rəngi görmədən baş verən hadisələrin dərinliyini və mənasını anlamaq mümkün deyil. Hər şey bir-birinə bağlıdır. Mən uzun illər ərzində həyatın mənası haqda düşünmüşəm. Məncə, həyatın mənası sadədir: yaşamaq lazımdır. Həyatın mənası heç nədən qorxmadan arzularınızı yerinə yetirmək, “qanadlarınızı açaraq uçmaqdır”.

- Bütünün hissələrini və canlı ilə cansızın vəhdətini fiksaja salmaq sevgisi necə yaranıb? Siz bu texnika və ya prizma vasitəsilə nə demək istəyirsiniz?

- Əslində, cansızlar canlıların hesabına yaşayır. Canlılar yaşayır, çoxalır, böyüyür və qidalanır. Cansızlar isə illərlə, əsrlərlə dəyişmir. Lakin onlar bir-biri ilə sıx bağlıdır. Onlar ayrı-ayrılıqda mövcud ola bilməz.

- Sizcə, fotoqrafın bacarığı nədən ibarətdir? Baxışdan, düşüncə tərzindən və ya başqa məsələlərdən?

- Arzu, səbir və hərəkətdən.  

- Belə bir anlayış var: kadrı tutmaq. Qaçırdığınız və buna görə indiyədək peşman olduğunuz kadr varmı?

- Qaçırılan kadr hər zaman insanın yaddaşında qalacaq. Qaçırılan kadr bunun rəmzidir: bir kadr çox sayda kadrın yaranmasına səbəb ola bilər. Lakin heç nədən peşman olmaq lazım deyil, çünki həyat bunun üçün çox qısadır (gülür).



MƏSLƏHƏT GÖR:

133