19 May 2024

Bazar, 14:14

REALLIQDAN YARANAN BƏYANNAMƏ

Azərbaycan regionun aparıcı güc mərkəzlərindən zəmanət almış yeganə dövlətidir

Müəllif:

01.03.2022

Hələ ötən ilin yayında Azərbaycanla Türkiyə arasında müttəfiq münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalanmış, çoxları Moskvanın bu tarixi hadisəyə qısqanclıqla yanaşmamasından təəccüblənmişdi. Doğrudur, o zaman Ermənistan və Rusiya KİV-də ənənəvi isteriya müşahidə olunurdu. Lakin rəsmi Moskvanın baş verənlərə reaksiyası ölçülüb-biçilmiş, daha dəqiqi yaşananlara adekvat idi. Ankaranın guya Moskvanın «ağzının içində» hərbi baza yaratdığı, Rusiyanın Türkiyənin timsalında NATO-nun «nəfəsini hiss etdiyi» və s. haqda ah-naləyə də bu reaksiya son qoyub.

Bəli, Kremlin mövqeyi Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibədən sonra yaranmış yeni regional reallıqlara uyğun idi. Bəs, görəsən, Kremlin mətbuat xidmətinin Azərbaycanla Rusiya arasında «Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında» Bəyannamənin imzalanacağı haqda məlumat yaydığı zaman Moskvanı Azərbaycanın onun təhlükəsizliyinə təhdid yaratdığına inandırmağa çalışanların məyusluğu hansı həddə yüksəlib?

«Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında» Bəyannamənin imzalanması 22 fevral 2022-ci ildə Moskvada baş tutub. 43 bənddən ibarət müfəssəl sənəd iki ölkə arasında gələcək ikitərəfli münasibətləri hərtərəfli əhatə edir. İndi bu münasibətlər keyfiyyətcə yeni müstəviyə keçir.

«Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq», - deyə Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatında bildirib: «Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar».

Görünür, İlham Əliyev diqqəti sənədin birinci bəndinə əbəs yerə cəlb etməyib. Dövlət başçısının da vurğuladığı kimi, bu bənd münasibətlərin xarakterini ortaya qoyur. Təcrübəli siyasətçi olan İlham Əliyev dünyada fövqəldövlət roluna iddialı bu və ya digər ölkə ilə müttəfiqlik münasibətləri quran zaman hansı məsələlərin ictimaiyyətdə sual yarada biləcəyini yaxşı anlayır. Müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq – Rusiya ilə müttəfiqlik bəyannaməsinin bütün sonrakı bəndləri məhz bu prinsiplərə əsaslanır.

Bundan başqa, bəyannamə Azərbaycan üçün Rusiyanın Bakıya qarşı hələ də ərazi iddiaları irəli sürən Ermənistanla ənənəvi müttəfiqlik münasibətlərindən gələ biləcək riskləri də aradan qaldırır. Sənədin 17-ci bəndinə əsasən, «tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər».

Bu mənada məsələyə erməni siyasətçilərin reaksiyası maraqlıdır.

«Ermənistan üç bəyannamə arasında», - deyə ölkə parlamentinin «Ermənistan» fraksiyasından olan deputatı, baş nazirin sabiq müavini Armen Gevarkyan özünün «Telegram» kanalında yazıb. O, xatırladıb ki, 44 günlük müharibədən sonra üç vacib bəyannamə qəbul olunub – iyunda Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi, Türk Dövlətləri Təşkilatının 2021-ci ilin fevralında keçirilmiş sammitində qəbul olunmuş İstanbul Bəyannaməsi və Rusiya ilə Azərbaycan arasında 2022-ci ilin fevralında imzalanmış Moskva Bəyannaməsi. «Gördüyünüz kimi, onların heç birində Ermənistan birbaşa iştirakçı deyil. Halbuki, üç sənədin hər birinin hansısa dərəcədə bizə də aidiyyəti var», - deyə Ermənistan baş nazirinin sabiq müavini qeyd edib.

Gevarkyan hesab edir ki, Rusiya «Azərbaycanda nüfuz qazanmaq üçün» regiondakı əsas müttəfiqi olan Ermənistanın hesabına istənilən kompromisə getməyə hazırdır. «Türkiyə isə öz növbəsində, yenə də Ermənistanın hesabına Azərbaycanın yeni üstünlüklər qazanması üçün Bakıya kömək edir», - deyə o, bildirib: «Belə bir vəziyyətdə bir sual açıq qalır: bütün bunlardan Ermənistan nə qazanacaq, yaxud daha dəqiqi, Ermənistan daha nələri itirəcək?» (Aysor.am)

Azərbaycanla Rusiya arasında imzalanmış Moskva Bəyannaməsinə İrəvanın münasibətini Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyanın sözləri daha aydın ifadə edir. «Əgər deyiriksə hansısa ölkə ilə müttəfiqik, bu, onun başqa dövlətlərlə münasibət qurmasını qadağan edir? Düşünürsünüzsə Ermənistan bu cür proseslərə necəsə təsir göstərə bilər, hesab edirəm ki, bu hadisələri həddindən artıq şişirtmək lazım deyil», - deyə vitse-spiker jurnalistlərə açıqlamasında bildirib.

Yəni İrəvan yeni regional reallıqlara təsir etmək gücündə olmadığını anlamağa başlayıb. İndi qalır Ermənistanın öz siyasətini də bu reallıqlara uyğunlaşdırması. Onun üçün bu, ilk növbədə, revanşist ideyalardan əl çəkməsidir (bu ideyanı qızışdıranlar da Rusiyanın dəstəyinə ümid edirlər). İndi, Moskva Bəyannaməsinin 18-ci bəndində deyilir ki, «Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə qarşı mübarizədə səylərini birləşdirirlər…».

Bir sözlə, «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında» Bəyannamə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin dönməzliyini hüquqi cəhətdən möhkəmləndirən daha bir sənəddir. O, erməni separatçı elementlərinin fəaliyyət meydanını xeyli məhdudlaşdırır. Moskvanın bu sənədlə üzərinə götürdüyü müttəfiq öhdəlikləri Bakının Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı suallarına daha aydın cavab almaq imkanını da artırır.

Əlbəttə ki, qeyd olunanlardan elə qənaətə gəlinməməlidir ki, Azərbaycanla Moskva arasındakı müttəfiqlik hansınsa formada üçüncü ölkələrə qarşı yönələ bilər. Söhbət xüsusilə Ermənistandan gedirsə, o, Cənubi Qafqazda Rusiyanın təkcə müttəfiqi yox, həm də forpostudur.

«Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər», - deyə Bəyannamənin 12-ci bəndində bildirilir.

Azərbaycan dəfələrlə göstərib ki, onun xarici siyasəti yalnız öz təhlükəsizliyinin müdafiəsinə, milli maraqlarının təmininə və beynəlxalq iqtisadi və humanitar əməkdaşlığa töhfələr verilməsinə yönəlib. Yeri gəlmişkən, Azərbaycanın Rusiya ilə müttəfiq münasibətlərinə keçməsi Rusiya-Ukrayna müharibəsi ərəfəsinə təsadüf edib ki, bu da meydana bir sıra suallar çıxarıb. Lakin aydındır ki, bu hadisənin Ukrayna ətrafındakı gərginliklə heç bir əlaqəsi yox idi. Çünki belə işlərə hazırlıq aylarla davam edir. Konkret olaraq Moskva Bəyannaməsi üzərində iş 1 ildən artıq idi gedirdi.

«Rusiyanın tanınmamış Donetsk və Luqansk xalq respublikalarını müstəqil dövlətlər kimi tanıması postsovet məkanında ərazi bütövlüyü prinsipinin az qala əsas müdafiəçisi olan Azərbaycan Prezidenti İlham Əliyevin Moskva səfəri ilə üst-üstə düşüb. Səfərdə əsas məqsəd isə Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin imzalanması idi. Dağlıq Qarabağ ətrafında qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda bu, son dərəcə əhəmiyyətli hadisədir», - deyə Rusiyanın «Kommersant» qəzeti bu haqda yazır.

Azərbaycanın Ukraynada yaşananlarla bağlı mövqeyi isə onun müstəqil xarici siyasi kursa sadiqliyini bir daha təsdiqləyib. Ukrayna Prezidenti V.Zelenski Bakını əbəs yerə Moskva ilə danışıqlar masası arxasına əyləşə biləcəkləri bir neçə şəhərdən biri adlandırmayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə danışıqların təşkili təklifinə görə, həmçinin Ukraynaya humanitar yardım, tibb ləvazimatları göndərdiyi üçün təşəkkür edib. Zelenski onu da deyib ki, İlham Əliyev ilə apardığı danışıqlar nəticəsində SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin avtomobillərinə yanacağın pulsuz verilməsi tapşırılıb.

Bakı bütün tərəfdaşları ilə münasibətdə son dərəcə aydın, proqnozlaşdırıla bilən davranış göstərir, nəticədə, onlarda həddindən artıq yüksək gözləntilər və ya xülyalar yaranmır. Bu, Rusiya ilə müttəfiq münasibətlərinə də aiddir. Bunu Azərbaycanın qərbpərəst müxalifət nümayəndələri də etiraf edir. Məsələn, REAL partiyası bəyan edib ki, partiyada müttəfiqlik bəyannaməsinin imzalanması ərəfəsində yaranmış «mənfi gözləntilər» özünü doğrultmayıb. «Bəyannamənin mətni və ümumi ruhu düzgün tətbiq edildikdə o, Azərbaycanla Rusiya arasında münasibətlərin sabit məcrada, ölkəmizin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin toxunulmazlığına, daxili işlərinə qarışılmamasına, ölkələrimiz arasında hüquq bərabərliyinə, qarşılıqlı faydaya, mübahisələrin dinc yolla həllinə, gücün tətbiq edilməməsinə, güc hədəsindən imtinaya, beynəlxalq hüquq və normalarına əsaslanaraq davam etməsi üçün imkanları möhkəmlədir», - deyə partiyanın bəyanatında bildirilir. Bəyanatda o da vurğulanır ki, Moskva Bəyannaməsi «Azərbaycanın üzərinə aşırı ya da yersiz öhdəliklər qoymur».

Bəs Bakı bu sənədi imzalamaqla üzərinə hansı öhdəlikləri götürüb? Diqqəti çəkən ilk məqam gələcək münasibətlərin hərbi-siyasi tərəfidir. Aydındır ki, Qoşulmama Hərəkatının üzvü və hazırkı sədri olan Azərbaycan apriori nə NATO, nə də rusiyapərəst KTMT-yə qoşula bilər. Müvafiq olaraq hərbi-siyasi sahədə hər hansı müdafiə öhdəliklərindən söhbət gedə bilməz. Bu vəziyyət ümumilikdə Moskvanı da qane edir.

Bu halda Azərbaycanla müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Rusiyaya nə üçün lazım idi? Məsələ ondadır ki, Rusiyanın müttəfiqi olan Ermənistanın Azərbaycan ərazisinin 20 %-ni işğal etməsi Moskvanın Bakı ilə hərtərəfli hərbi-siyasi tərəfdaşlıq qurmasına mane olurdu. Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsindən sonra isə Cənubi Qafqazda prinsipial olaraq yeni reallıqlar yaranıb və Moskva üçün münasibətləri yeni reallıqlara uyğun qurmaq vacib idi.

Bakı da öz xarici siyasətini yeni regional konfiqurasiyaya uyğunlaşdırır. Bu konfiqurasiyaya görə isə Cənubi Qafqazın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bir tərəfdən NATO üzvü olan Türkiyə, digər yandan isə Rusiya ilə müttəfiqlik haqda bəyannamələr imzalayan Azərbaycan faktiki olaraq, MDB-də öz müstəqilliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə dünyanın aparıcı güclərindən zəmanət almış yeganə dövlətə çevrilib.

Sonda. Cəmi bir neçə ay sonra Bakı ilə Avropa İttifaqı arasında ikitərəfli razılaşmanın imzalanacağı gözlənilir. Bu, Azərbaycanın multilateralizm siyasətinin daha bir göstəricisi olacaq – dövlətlərlə münasibətlər elə səviyyədə qurulur ki, bütün tərəfdaşlarla əlaqələrin üstünlüyündən istifadəyə maneə qalmasın.



MƏSLƏHƏT GÖR:

126