5 May 2024

Bazar, 06:23

İYİRMİ İL SONRA

Qlobal inflyasiya ikiqat güclə qayıdıb

Müəllif:

01.04.2022

Pandemiya böhranının sona çatması fonunda müşahidə edilən və hələ Ukrayna-Rusiya münaqişəsindən əvvəl başlayan istehlak mallarının qlobal miqyasda qiymətinin artması qlobal iqtisadiyyatın gələcəyi üçün təhdid yaratmağa başlayıb.

Ekspertlərin qeyd etdiyi kimi, inflyasiya ona görə yüksəlir ki, pandemiya ilə bağlı olan ikiillik məhdudiyyətlərdən sonra dünya ölkələrinin iqtisadiyyatlarında istehlak tələbatı fəal şəkildə özünü göstərməyə başlayıb. Nəticədə, bu, məhsul qıtlığına, qiymət və yaşayış xərclərinin artmasına səbəb olub. Bundan əlavə, pandemiya dövründə dəniz və hava nəqliyyatı ilə beynəlxalq daşımaların məhdudlaşdırılması nəqliyyat xərclərinin artması ilə nəticələnib. Üstəlik, bu, çatdırılma müddəti ilə bağlı qeyri-müəyyənliyin yaranmasına səbəb olub. Buna Ukraynadakı müharibənin – nə qədər davam etməsindən asılı olmayaraq – iqtisadi nöqteyi-nəzərdən fəsadlarını əlavə etsək, vəziyyətin daha da pisləşdiyini, gözləntilərin isə bədbinləşdiyini söyləyə bilərik.

 

Səbəb və nəticələr

Beynəlxalq Valyuta Fondunun son araşdırmalarına əsasən, 2022-ci ildə qlobal inflyasiya 1,5% artacaq. Fond buna səbəb kimi Ukrayna-Rusiya münaqişəsi və onun nəticələrini, xüsusilə dəniz nəqliyyatı ilə daşımaların kəskin şəkildə artmasını göstərir. Doğrudur, pandemiya üzündən trans-okean ticarət marşrutları üzrə konteynerlərin çatdırılması 2020-ci ilin martından başlayaraq 18 ay ərzində düz 7 dəfə, topdan satılan yüklər isə dəfələrlə çox bahalaşıb.

Beləliklə, Beynəlxalq Valyuta Fondunun hesabatının yekun hissəsində qeyd edilir ki, “istehlak etdikləri məhsulların böyük hissəsini idxal edən ölkələr qlobal təchizat zəncirinə sıx inteqrasiya olunmuş dövlətlər kimi inflyasiyanın daha da yüksəlməsi ilə üzləşir. Buraya daha yüksək nəqliyyat xərcləri ödəyən dövlətlər, məsələn, dənizə çıxışı olmayanlar, aşağı gəlirli və xüsusilə ada ölkələri daxildir”.

Bundan əlavə, böyük iqtisadiyyata malik olan ölkələrdə də işlər heç də yaxşı deyil. Məsələn, bu il ABŞ-da istehlak qiymətləri 7% (proqnozlaşdırılan 4,5%-in əksinə olaraq), Avrozonada 5% (2,6%) və Böyük Britaniyada isə 6,6% (4,5%) artacaq.

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da bu ilin fevralında inflyasiya 7,9%-ə yüksəlib. Bu, 1982-ci ildən bəri ən yüksək göstəricidir. Oxşar vəziyyət Avropada da müşahidə olunur. Ötən ay Avrozonanın 19 ölkəsində illik inflyasiya 5,9%-ə çatıb. Bu, Avropa Statistika Bürosunun (Avrostat) tarix boyu müşahidə etdiyi ən yüksək göstəricidir (1997-ci ildən). Ötən il Avrozonada illik inflyasiyanın cəmi 0,9% olduğunu qeyd etmək yerinə düşər. Avropa İttifaqına (Aİ) daxil olan 27 dövlətdə fevral ayında illik inflyasiya 6,2%-ə çatıb.

Ümumiyyətlə, inflyasiyanın sürətlənməsinin əsas amillərindən biri fevralda enerji resurslarının qiymətinin 31,7% artmasıdır. Qeyd edək ki, son bir ildə təkcə təbii qazın qiyməti 6 dəfə bahalaşıb. Bu, maya dəyərinin 80%-ni “mavi yanacağ”ın təşkil etdiyi azot gübrələrinin qiymətinin artmasına səbəb olub. Məsələn, azot gübrələrinin qiyməti 2020-ci ilin əvvəlindən 4 dəfə artıb. Bu proses digər gübrələrin də qiymətində müşahidə edilir. Məsələn, hesabat dövründə fosforlu və kaliumlu gübrələrin qiyməti düz 3 dəfə artıb. Bu da təbii olaraq, kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir göstərir. Nəticədə, ötən il dünya bazarında ərzaq məhsullarının qiyməti, orta hesabla, 28% bahalaşıb: buğdanın qiyməti 31,3%, qarğıdalının qiyməti 44,1%, bitki yağının qiyməti 65,8%, şəkərin qiyməti 37,5% və sair. 

Bu proses hələ də davam edir və vəziyyətin daha da pisləşəcəyi gözlənilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesab edir ki, Rusiya və Ukrayna arasındakı münaqişə nəticəsində yaranan qlobal tədarük çatışmazlığı beynəlxalq ərzaq və yem qiymətlərini artıq yüksəlmiş baza səviyyələrindən 8-22% yuxarı qaldıra bilər.

Xatırladaq ki, hərbi əməliyyatlar səbəbindən Ukraynanın bütün dəniz limanlarında kommersiya daşımaları dayandırılıb. Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vendi Şermanın sözlərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələri dünya bazarı üçün nəzərdə tutulan ərzaq məhsulları olan 94 Ukrayna gəmisinin Aralıq dənizinə daxil olmasına imkan vermir. Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına sanksiyalar tətbiq edilməsə də, o, beynəlxalq sığorta şirkətlərinin tətbiq etdiyi məhdudiyyətlər üzündən bu məhsulları xarici ölkələrə tədarük edə bilmir.

Qeyd edək ki, indi Yaxın Şərq və Afrika ölkələrində ərzaq məhsullarının qiyməti kəskin şəkildə artıb. Bu regionlara Ukraynadan buğda, qarğıdalı və günəbaxan yağı ixracı 40%, Rusiyadan isə 70% təşkil edirdi. Hazırda alternativ mənbələrdən olan məhsullar daha da bahalaşdığına görə, xüsusilə “üçüncü dünya” ölkələrində aclıqla bağlı vəziyyətin acınacaqlı həddə çatacağı gözlənilir. Əgər Ukraynada müharibə sabah başa çatsa da, bazar nişasının yaxın müddətdə doldurulması ehtimalı azdır. Bu, inflyasiyanın daha da sürətlənəcəyi deməkdir.

FAO-nun Ukrayna və Rusiya tərəfindən taxıl, həmçinin günəbaxan toxumlarının ixracının ani və kəskin şəkildə azaldılmasının potensial təsirini qiymətləndirən hesablamaları göstərir ki, 2022/2023-cü il kənd təsərrüfatı mövsümündə bu çatışmazlıqlar alternativ mənbələr hesabına yalnız qismən kompensasiya edilə bilər. Belə ki, bir çox ixracatçı ölkələrin istehsal və tədarükün miqyasını genişləndirmək imkanları istehsal və giriş haqqı ilə bağlı yüksək xərclər üzündən məhdudlaşa bilər.

 

Mərkəzi bankların ənənəvi vasitəsi

“Fitch Ratings”in baş iqtisadçısı Brayan Koulton qeyd edir ki, qlobal inflyasiya azı iyirmi illik fasilədən sonra ikiqat güclə qayıdıb. Xarici ekspertlərin fikrincə, inflyasiya tamamilə gözlənilməz deyildi, çünki bu, qismən milli iqtisadiyyatın bərpası üçün görülən tədbirlərlə bağlıdır. Nəticədə, bu, tələbin artmasına, istehsal və təchizat zəncirində isə fasilələrə səbəb olub. Lakin inflyasiyanın daha uzunmüddətli təsir edəcək başqa amilləri də var. Məsələn, VI Pablo Fondunun əməkdaşı Dominqo Suqranyesin qeyd etdiyi kimi, buraya dekarbonizasiya və qiymətlərin həddindən artıq yüksəlməsinə səbəb olan iqtisadi təmərküzləşmə daxildir. Bundan başqa, əlavə amillərə nümunə kimi daşınmaz əmlakın və səhmlərin, həmçinin xammalın qiymətinin artmasını göstərmək olar.

Bu arada, indi mərkəzi banklar faiz dərəcələrini tənzimləməklə vəziyyətin nizamlanmasına çalışırlar. Ekspertlər isə əmindirlər ki, inflyasiyanın gözləniləndən yüksək olması Avropa Mərkəzi Bankını mənfi uçot dərəcəsi dönəmini düşünüləndən tez başa vurmağa məcbur edəcək. Treyderlər artıq Avropa Mərkəzi Bankının ötən ilin dekabrı ilə müqayisədə 2022-ci ilin oktyabrına qədər uçot dərəcəsini iki dəfə dörddə bir bənd artıracağını gözləyirlər.

Bu arada, İngiltərə Bankı martda keçirilmiş iclasının nəticələrinə əsasən uçot dərəcəsini 0,5%-dən 0,75%-dək artırıb. Əksər iqtisadçı və analitiklər bunu gözləyirdi. İngiltərə Bankı ötən ilin dekabrından, həmçinin pandemiyanın başlamasından bəri üçüncü dəfədir ki uçot dərəcəsini ardıcıl artırır. 

Bu məqamda qeyd edək ki, ötən ay mərkəzi bankların əksəriyyəti oxşar qərar qəbul ediblər. İndiki vəziyyətdə onların başqa yolu da yoxdur. Amma Türkiyə Mərkəzi Bankı istisnadır. Belə ki, ölkədə istehlak qiymətlərində güclü artımın davam etməsinə baxmayaraq, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib. Xatırladaq ki, fevralda Türkiyədə inflyasiya 54,4%-dək yüksəlib. Qeyd edək ki, yanvarda bu ölkədə inflyasiya 48,7% idi. Fevral ayındakı inflyasiya son 20 ilin ən yüksək göstəricisi olub. Beləliklə, Türkiyə Mərkəzi Bankı zəif milli valyuta (lirə) və aşağı uçot dərəcəsi ilə müşayiət olunan “yeni iqtisadi model” konsepsiyasına sadiq qalmağa üstünlük verir.

 

Azərbaycan: mühafizəkar yanaşma

Monetar siyasətində ənənəvi olaraq konservativ yanaşmaya sadiq qalan Azərbaycan Mərkəzi Bankı martın 18-də uçot dərəcəsini növbəti dəfə 0,25 faiz bəndi artıraraq 7,75%-ə çatdırıb. Mərkəzi Bank bu addımı “yüksək xarici geosiyasi və geoiqtisadi risklərlə bağlı yaranmış şəraitdə inflyasiyanın proqnozlaşdırılması ilə bağlı çətinliklərlə” əsaslandırıb.

“Fevralın sonlarından başlayaraq birja əmtəələrinin qiymətlərinin kəskin yüksəlməsi Azərbaycanla tərəfdaş olan əsas ölkələrdə inflyasiya təzyiqlərini daha da yüksəltməkdədir”, - deyə Mərkəzi Bankın qərarında deyilir. Azərbaycan Mərkəzi Bankı yaxın aylarda monetar siyasətinin sərtləşdirilməsini istisna etməyib.

Amma Azərbaycanda ev təsərrüfatları arasında aparılan sorğuya əsasən, onların 24%-dən çoxu ölkədə inflyasiyanın sürətlənəcəyini gözləyir. Son məlumatlara əsasən, 2022-ci ilin fevralında Azərbaycanda inflyasiya 1,1% təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə qiymətlər 11,9% artıb. Bu, idxal olunan məhsulların bahalaşması ilə əlaqədardır.

“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, ötən il dünyada ərzaq 23% bahalaşıb. Azərbaycanda da ərzağın qiyməti artıb. 2021-ci ildə ümumi inflyasiyanın 60%-i ərzaq inflyasiyasının payına düşüb”, - deyə Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında – hökumətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib. O, əlavə edib ki, antiinflyasiya siyasəti hazırda Azərbaycan hökumətinin mühüm fəaliyyət istiqamətlərindən biridir.

Eyni zamanda Azərbaycan Mərkəzi Bankı əmin edir ki, “tərəfdaş ölkələrin bəzilərində milli valyutaların kəskin ucuzlaşması bu ölkələrdə inflyasiyanın Azərbaycana idxalını məhdudlaşdırır”. Bundan əlavə, Azərbaycanın əsas ixrac mallarının, yəni neft və təbii qazın bahalaşması manatın sabitliyini təmin edir və bu, makroiqtisadi sabitliyin yarıdan çoxunu təşkil edir.

 

Gözləmək və ümid etmək

Bir sıra beynəlxalq analitiklər hesab edirlər ki, qiymət artımını cilovlamaq üçün istifadə edilən ənənəvi alətlər mövcud inflyasiya təzyiqini dayandırmaq üçün kifayət etməyə bilər. Odur ki, dünyada yüksək inflyasiyanın uzun müddət ərzində davam edəcəyini gözləmək olar.

“Bəzi təsirlər uzun illərdən sonra tam üzə çıxacaq. Amma bu müharibə və onun təsirləri nəticəsində əsas məhsulların qiymətinin artması bəzi dövlətlərin rəhbər orqanlarına inflyasiyanın qarşısının alınması ilə pandemiyadan sonra iqtisadiyyatın bərpa edilməsinin dəstəklənməsi arasında incə tarazlıq yaratmaq məsələsində çətinlik törədəcəyi ilə bağlı aydın əlamətlər görünür”, - deyə Beynəlxalq Valyuta Fondunun analitikləri qeyd edirlər.

Qiymət artımı fonunda meydana gələn əsas problem isə insanların, xüsusilə orta gəlirli əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Axı, işəgötürənlər işçilərin əməkhaqqını inflyasiyaya uyğunlaşdırmağa hər zaman hazır olmur. Bəs nə baş verir? İnsanlar artıq əvvəlki kimi alıcılıq qabiliyyətinə malik olmur, istehsal şirkətləri artıq tam gücü ilə istehsal etməyə ehtiyac duymur, onların mənfəəti azalır. Son nəticədə bütün bunlar iqtisadi tənəzzülə gətirib çıxarır.

Hətta ekspertlər qiymət artımının bəzi ölkələrdə sosial gərginliyə səbəb ola biləcəyini belə düşünürlər. Məsələn, sosial müdafiə sisteminin zəif olduğu, işlə təmin edilmə imkanlarının aşağı olduğu, büdcə ilə bağlı məhdudiyyətlərin olduğu və geniş dəstəyə malik olmayan hökumətin başçılıq etdiyi dövlətlərdə.

Bütün bunlara baxmayaraq, ekspertlər inflyasiyanın qarşısını almaq üçün tədbirlərdən sui-istifadə etməməyə çağırırlar. Buraya, xüsusilə dövlət subsidiyalarının artırılması daxildir. Belə ki, bu, zəif olan dövlət büdcəsinin yüklənməsinə səbəb ola bilər.

Bəs onda nə etmək lazımdır? Təəssüf ki, bununla bağlı dəqiq həll yolları yoxdur, çünki bir çox məsələni Ukraynadakı hərbi əməliyyatlarla bağlı olan hadisələrin nəticəsi həll etməlidir. Odur ki, analitiklərin əksəriyyəti dünyada inflyasiya proseslərinin inkişafı ilə bağlı hər hansı proqnoz və ya tövsiyə verməyə can atmırlar. Onlar sadəcə qısa cümlə səsləndirməyə üstünlük verirlər: “Gözləmək lazımdır”.

 



MƏSLƏHƏT GÖR:

122