28 Aprel 2024

Bazar, 23:52

CAVAB ZƏRBƏSİ

Rusiya ilə Qərb arasında “qaz müharibəsi” Avropaya “mavi yanacağ”ın təchizatı sistemini tamamilə yenidən formalaşdıra bilər

Müəllif:

01.04.2022

Rusiya ilə Qərb arasında enerji sahəsində böhran daha da dərinləşir. Bu vəziyyət daha çox futbol oyununa, daha dəqiq desək, komandaların oyundan sonra penalti zərbələri vasitəsilə üstünlük qazanmağa çalışmasına bənzəyir. İndi qaz bazarında hadisələr çox sürətlə inkişaf edir. Belə vəziyyət bir-birinə rəqib olan tərəflərin növbəti addımının necə olacağını proqnozlaşdırmağa imkan vermir. Təbii qazın spot qiyməti ən yüksək həddə çatan zaman (1000 kubmetr üçün 3,5 min dollardan yuxarı) hesab edilirdi ki, artıq qaz bazarı ilə baş verə biləcək ən pis hadisə reallaşıb. Amma gözləntilərin əksi baş verdi. Belə ki, indi “ağır artilleriya” işə düşüb, çünki Moskva artıq karbohidrogen ehtiyatlarından siyasi alət kimi istifadə etməmək prinsipindən vaz keçib.

İndi isə ortaya çox şey qoyulub. Məsələn, Avropa İttifaqı (Aİ) qısa müddət ərzində uyğun qaz tədarükçüsü tapmasa, o, Rusiya qazından məhrum ola bilər. Digər tərəfdən bu, Moskvanın “kürəyinə sanksiya bıçağı sancmış” əsas qaz tərəfdaşlarını hansı dərəcədə cəzalandırmağa hazır olduğunu öyrənməyə imkan verəcək.

 

“Almayacaqlar – qaz tədarükünü dayandıracağıq”

Ukraynadakı hərbi əməliyyatlara görə Qərbin Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməsi fonunda Aİ, ABŞ və NATO-ya üzv olan digər ölkələrin liderlərinin görüşündə gündəmdəki əsas mövzu Rusiya neft-qazının idxalından imtina edilməsi olub. Lakin təhdid və müzakirələr bir məsələ, konkret qərarların qəbul edilməsi isə tamamilə fərqli məsələdir. Bu məsələ ilə bağlı Aİ-yə üzv olan ölkələr arasında hər zaman olduğu kimi bu gün də birlik yoxdur. Üstəlik, bir-birinə zidd olan bəyanatlar səsləndirilir: Polşa Rusiyanın karbohidrogen resurslarından dərhal imtina edilməsinin tərəfdarıdır, Macarıstan isə əksinə, iqtisadi tənəzzüllə üzləşməmək üçün Rusiyadan tədarükləri qoruyub saxlamaq niyyətindədir. Lakin burada əsas sual tamamilə fərqlidir. Belə ki, Moskva Qərbin sanksiyalarına cavab olaraq misli görünməmiş addım atıb. O, Aİ-yə üzv olan 27 dövlət, ABŞ, Yaponiya və digərləri daxil olmaqla, ümumilikdə “dost olmayan, təxminən, 50 ölkə”dən “mavi yanacağ”ın rublla ödənilməsini tələb edir. Əks təqdirdə, Rusiya təbii qaz tədarükünü dayandıracağı ilə hədələyir. Eyni zamanda Moskva əmindir ki, avropalı istehlakçılar Rusiya qazından imtina etməyəcək və Avropa ölkələri “dişini qıcayaraq” yeni şərtləri qəbul edəcək.

Qeyd edək ki, hazırda Rusiya Avropaya ayda, təxminən, 10 milyard dollar dəyərində qaz ixrac edir. Ümumiyyətlə, Rusiyanın bu ilin yanvarında qaz ixracından gəliri 9,75 milyard dollar olub. Rusiya Federasiyası Federal Gömrük Xidmətinin məlumatlarına istinad edən “İnterfaks”ın hesablamalarına əsasən, “Qazprom” “dost olmayan ölkələr”ə 6 milyard dollar dəyərində, yəni 7,2 milyard kubmetr qaz tədarük edib. Təbii qaz 20 ölkəyə (Avstriya, Bolqarıstan, İsveçrə, Çexiya, Almaniya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, Xorvatiya, Macarıstan, İtaliya, Litva, Latviya, Şimali Makedoniya, Hollandiya, Polşa, Rumıniya və Slovakiya) ixrac olunub.

Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin martın 23-də Rusiya qazının “dost olmayan ölkələr”ə tədarükü üçün ödənişlərin rubl ilə həyata keçirilməsinə dair qərarını açıqlayıb. Bu səbəbdən, ölkə hökumətinə, Rusiya Mərkəzi Bankına və “Qazprom”a martın 31-dək qeyd edilən əməliyyatlar üzrə ödənişin dəyişdirilməsinə dair kompleks tədbirlər həyata keçirmək tapşırılıb.

Əslində, bu qərarın mahiyyəti ondan ibarətdir ki, “dost olmayan ölkələr” kateqoriyasına daxil olan alıcılar qaz ödənişi üçün Rusiya Mərkəzi Bankından rubl almalı olacaq. Beləliklə, bu ölkənin Mərkəzi Bankı bu dövlətlərdən Rusiyanın ehtiyac duyduğu valyutanı birbaşa əldə edə biləcək.

Xatırladaq ki, Qərb dövlətləri öz rezidentlərinə Rusiyanın dövlət qurumları və Mərkəzi Bankı ilə dollar və avro ilə əməliyyatlar aparmasına qadağa qoyub, həmçinin təxminən, 300 milyard dollar dəyərində Rusiyanın qızıl-valyuta ehtiyatlarını dondurub. Əlbəttə, Rusiyanın son addımları Qərbin sanksiyalarına cavab idi.

V.Putin qeyd edib ki, belə bir şəraitdə Rusiyanın ABŞ və Aİ-yə öz məhsullarını dollar, avro və digər xarici valyutalarla tədarük etməsi mənasızdır. Onun sözlərinə görə, kollektiv Qərb öz hərəkətləri ilə faktiki olaraq öz valyutalarının etibarlılığına son qoyub və valyutalarına olan etimadın üstündən xətt çəkib.

“İndi dünyada hər kəs bilir ki, dollar və avro ilə öhdəliklər yerinə yetirilməyə bilər”, - deyə Rusiya lideri vurğulayıb.

Daha sonra Kreml xəbərdarlıq edib ki, “dost olmayan ölkələr” siyahısındakı istehlakçılar Rusiya qazının dəyərinin rublla ödənilməsindən imtina edərsə, sadəcə olaraq, onların “mavi yanacağ”ı kəsiləcək.

“Bizim təbii qazı pulsuz tədarük etməyəcəyimiz aydındır. Bunu tam əminliklə deyə bilərik. Bizim vəziyyətimizdə ümumavropa xeyriyyəçiliyi ilə məşğul olmaq çətin ki, mümkün olsun. Üstəlik, bu, məqsədəuyğun deyil. Ödəniş yoxdursa, qaz da yoxdur”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın “PBS” televiziya kanalına müsahibəsində vurğulayıb. Onun sözlərinə görə, Qərb dövlətləri ödənişlə bağlı yekun qərar verdikdən sonra Rusiya “nələr edə biləcəyini anlayacaq”.

Bundan əlavə, D.Peskov bildirib ki, Moskva Avropanın Rusiya qazını almaqdan imtina etməsində maraqlı deyil, amma Avropada cərəyan edən hadisələrin təşəbbüskarı Rusiya tərəfi deyil.

Bu məsələnin iqtisadi tərəfinə gəlincə, bir çox analitiklərin fikrincə, bu, təkcə rublu gücləndirməyəcək, həm də tətbiq edilən sanksiyalar üzündən Rusiyanın ümumdaxili məhsulunun azalmasını dayandıracaq.

“Təbii qaza görə rublla ödəniş etmək üçün Qərb şirkətləri Rusiya Mərkəzi Bankından valyuta alacaqlar və bu da Qərbin Mərkəzi Banka qarşı tətbiq etdiyi hazırkı sanksiyaları pozacaq”, - deyə iqtisadçı, Düsseldorf Universitetinin professoru Yens Züdekum izah edir.

“CASE Ukrayna”nın analitiki Yevgeniya Duboqrızanın fikrincə, rublu müəyyən məhsulların mübadiləsi nəticəsində də əldə etmək mümkündür: “Bu, Avropa ilə Rusiya arasında ticarət mübadiləsini stimullaşdırır”.

Onun sözlərinə görə, “məhsullar Rusiya Mərkəzi Bankının rəsmi (aşağı salınmış) məzənnəsinə əsasən satılacaq: indi 1 dolların rəsmi məzənnəsi 104 rubldur, lakin “qara bazar”da 1 dollar 130-140 rubl dəyərindədir”.

Rusiya hökuməti isə hesab edir ki, “dost olmayan ölkələr”lə təbii qaza görə rublla ödənişlərə keçid milli valyutaya dəstək verməklə yanaşı, əmtəə axını ilə bağlı riskləri azaldacaq.

“Qərb tərəfdaşlarımız bu qərara uyğunlaşacaq və rublun digər ehtiyat valyutalarından az etibarlı valyuta olmadığını başa düşəcəklər”, - deyə Rusiyanın maliyyə naziri Anton Siluanov hesab edir.

 

“Avropada rublun necə göründüyünü bilmirlər...”

Rusiyanın bu demarşı avropalı liderləri açıq şəkildə çaşdırıb. “Reuters”in məlumatına əsasən, Fransa Prezidenti Emmanuel Makron bu məsələ ilə bağlı mövqeyini şəxsən Vladimir Putinə bildirib. Xüsusilə, Fransa lideri martın 29-da rusiyalı həmkarı ilə telefon danışığı zamanı bəyan edib ki, Qərb istehlakçıları Rusiyaya qazın pulunu rublla ödəyə bilməz: “Fransa rublla ödənişin əleyhinədir”.

Almaniya kansleri Olaf Şolts isə xatırladıb ki, cari müqavilələrdə hansı valyuta ilə ödənişin ediləcəyi təsbit edilib və bu, hər zaman olduğu kimi dollar və ya avrodur. İtaliyanın Baş naziri Mario Draqi Moskvanın şərtlərini “mahiyyətcə müqavilənin pozulması” adlandırıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə ehtimal edir ki, Rusiya bu yolla sanksiyalardan yan keçməyə çalışır.

“Böyük yeddilik” (G-7) ölkələrinin Energetika Nazirliyinin rəhbərlərinin martın 27-də keçirilən görüşünün yekun nəticələrində elan edilib ki, bu dövlətlər rublla ödənişlərə keçmək niyyətində deyil.

“G-7 ölkələri Rusiyanın təbii qaz tədarükünün rublla ödənilməsi tələbini müqavilələrin açıq şəkildə pozulması kimi qiymətləndirib və şirkətləri bu tələbə riayət etməməyə çağırmaq niyyətindədir”, - deyə Almaniyanın energetika naziri Robert Habek vurğulayıb. O, rublla ödənişlərin qəbuledilməz olduğunu əlavə edib.

G-7 ölkələrinin ardınca Avropa İttifaqı da Rusiyanın qazın rublla ödənilməsi tələbini rədd edib. “Bizim mövqeyimiz G-7 ölkələrinin mövqeyi ilə eynidir”, - deyə Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer bildirib.

Almaniyanın maliyyə naziri Kristian Lindler əlavə edib ki, ölkəsi Rusiya ilə qaz tədarükü ilə bağlı müqavilələri birtərəfli qaydada ləğv etməməli, eyni zamanda rublla ödəniş şərti ilə də razılaşmamalıdır.

Aydındır ki, Qərb ölkələri hazırda Rusiya ilə qaz müqavilələrini pozmağa hazır deyil və belə qərar verməyəcək. Üstəlik, onların tez bir zamanda alternativ tədarükçü tapa bilməyəcəyini nəzərə almaq lazımdır. Rusiyanın qoyduğu şərtlər yerinə yetirilməyəcəyi təqdirdə qaz tədarükünü dayandırıb-dayandırmayacağı sual altındadır. Lakin bir məsələ aydındır ki, Rusiya qazından düz 40% asılı olan Avropa bu asılılığı azaltmaq üçün əlindən gələni edəcək. Belə ki, Avropa gələcəkdə oxşar insidentlərin baş verməməsi üçün Rusiyadan qazın və digər enerji resurslarının idxalını azaldacaq.

Rusiya isə öz növbəsində öz xammalını şərqə - Çin, Hindistan və Asiya-Sakit okeanı regionu dövlətlərinə doğru istiqamətləndirəcək. Bununla o, Avropaya qaz ixracının azalmasını tədricən kompensasiya edəcək.

 

Geri çəkilmə planı

Avropanın qara bazarında yaranan misli görünməmiş vəziyyət qitə ölkələrini təkcə Rusiyanın enerji idxalından asılılığını azaltmaq üçün tədbirlər haqqında deyil, həm də necə deyərlər, bu mənada “azadlığa” nə vaxt çıxacaqlarını ciddi şəkildə düşünməyə vadar edib. Məsələn, nazir Robert Habek bəyan edib ki, Almaniya rəhbərliyi yaya qədər Rusiya neftinin idxalını düz yarıyadək azalda biləcəyinə, payıza qədər isə bu ölkədən kömür tədarükünü dayandıra biləcəyinə ümid edir.

Bundan əlavə, Berlin yaya qədər Rusiya qazının ümumi istehlakdakı payını 24%-dək azaltmağı hədəfləyir. R.Habekin sözlərinə görə, Almaniya Rusiyadan qaz idxalını 55%-dən 40%-ə, neft tədarükünü isə 35%-dən 25%-ə qədər azaltmağa nail olub.

Almaniyalı nazirin fikrincə, Rusiyadan böyük həcmdə idxal edilən təbii qaza alternativ mənbə tapmaq mümkündür və ölkəsi 2024-cü ilin ortalarına qədər Rusiyadan qaz tədarükündən, demək olar ki, tamamilə imtina etmək niyyətindədir.  

Xatırladaq ki, Almaniya artıq Qətərlə mayeləşdirilmiş qazın tədarükü ilə bağlı razılığa gəlib. Bu, onun gələcəkdə Rusiya qazından imtina etməsinə imkan yaradacaq. Üstəlik, Almaniya Norveç, Kanada və ABŞ ilə qaz tədarükü ilə bağlı danışıqlar aparır.

Ümumiyyətlə, Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyanın enerji resurslarından qurtulacağına ümid edir. Bununla bağlı planlar artıq Aİ ölkələrinin liderləri tərəfindən təsdiqlənib.

“Biz Rusiyanın yer altından çıxarılan yanacaq növlərindən tamamilə müstəqil olmaq istəyirik. Odur ki, biz bu ilin sonuna qədər Rusiya qazına olan tələbatımızı düz üçdə ikiyə qədər azaltmağa ümid edirik. Bu, qarşıya qoyduğumuz və ötən həftə Avropa İttifaqı Şurası, yəni onun liderləri (Aİ-yə üzv olan ölkələrin rəhbərləri) tərəfindən təsdiqlənən məqsəddir. Biz bu məqsədə çatmaq öhdəliyi götürmüşük. Bu barədə təfərrüatlar mayın sonuna qədər təqdim olunacaq”, - deyə Avropa Komissiyasının rəsmi nümayəndəsi Tim Makfi bəyan edib.

Bundan başqa, ABŞ və Aİ rəhbərliyi Avropanın Rusiyanın enerji resurslarından asılılığının azaldılması məqsədilə ümumi işçi qrupunun yaradılacağını elan ediblər. Onun vəzifəsi Ukraynanın enerji təhlükəsizliyini təmin etmək, həmçinin Aİ-nin Rusiya enerjisindən asılılığına son qoymaq və quruma üzv olan ölkələri növbəti qış mövsümünə hazırlamaqdır. Bu təşəbbüs çərçivəsində ABŞ 2022-ci ildə Aİ enerji bazarını əlavə mayeləşdirilmiş qaz ilə təmin etməyə çalışacaq. Söhbət azı 15 milyard kubmetr mayeləşdirilmiş qazdan gedir. Gələcəkdə bu qaz tədarükü artırılacaq.

Üstəlik, Vaşinqton və Brüssel ekoloji təmiz enerjidən istifadə edilməsi hesabına ümumi qaz tələbatını azaltmaq üçün tövsiyələr hazırlayacaq. Eyni zamanda Aİ ölkələrinin liderləri bu enerji resursunun birgə alınmasını planlaşdırırlar. Təşkilata üzv olan ölkələrin dövlət və hökumət başçıları martın 25-də “qaz, hidrogen və mayeləşdirilmiş təbii qazın könüllü şəkildə birgə alınması”na icazə verilməsi ilə bağlı razılığa gəliblər.

Yekun sənəddə deyilir ki, Avropa İttifaqı və Avropa Komissiyasının üzvləri qarşıdan gələn qış mövsümünü nəzərə alaraq, ümumi alışı təcili şəkildə təşviq etməlidir. Əslində, belə model Qərbi Balkan ölkələrinə, Aİ ilə assosiativ saziş bağlayan Şərq tərəfdaşlarına, yəni Ukrayna, Gürcüstan və Moldovaya da faydalı olacaq.

Yeri gəlmişkən, Fransa prezidenti qeyd edilən enerji resurslarının birgə alınmasını “qiymətləri azaltmaq üçün ən yaxşı vasitə” adlandırıb. Aİ ən böyük alıcı kimi enerji resurslarının daha aşağı qiymətə satılmasına nail ola biləcək. Bu, Aİ-yə üzv olan müxtəlif ölkələr arasında eyni qaz həcminin tədarükü uğrunda rəqabət aparmasına son qoyacaq. Qeyd edək ki, belə rəqabət təbii qazın qiymətinin bahalaşması ilə nəticələnəcək.

 

TAP var gücü ilə

Bu arada, Azərbaycan qazının Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəqlinin həcmi artıq 10 milyard kubmetrə çatıb. Bu, kəmərin ötürücülük gücünə uyğundur. Üstəlik, bu, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla fəaliyyət göstərməsindən xəbər verir.

Bundan əlavə, Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) TAP-a birləşdirilməsi üzrə işlər başa çatıb. Bu layihənin bu ilin iyulunda istismara verilməsi planlaşdırılır. Nəticədə, bu, Bolqarıstana Azərbaycan qazını birbaşa almağa və Rusiyanın enerji resursundan imtina etməyə imkan yaradacaq. Qeyd edək ki, IGB istismara verildikdən sonra Bolqarıstan ilkin olaraq ildə 1 milyard kubmetr Azərbaycan qazı əldə edəcək. Üstəlik, interkonnektorun ötürücülük qabiliyyəti 3 milyard kubmetrə qədər çatdırıla bilər.

Yeri gəlmişkən, Bolqarıstanın Baş nazirinin müavini Asen Vasilyev bildirib ki, ölkəsi Ukraynada cərəyan edən hadisələr fonunda Rusiya qazının tədarükü ilə bağlı müddəti bu il başa çatacaq müqaviləni yeniləmək niyyətində deyil. Bu ölkə Azərbaycan qazına, digər ölkələrdən idxal ediləcək mayeləşdirilmiş qaza və Aİ-nin qazın birgə alınması üzrə müzakirə edilən mexanizminə ümid bəsləyir.

“Biz həm Yunanıstan, həm də Türkiyə ilə mayeləşdirilmiş qazın tədarükü üçün mövcud infrastrukturdan istifadə edilməsi və ölkənin qaz idxalı ilə bağlı artıq müqavilə imzaladığı Azərbaycandan tədarükün artırılması ilə bağlı danışıqlar aparmışıq”, - deyə A.Vasilyev əlavə edib.

Avstriyanın enerji tənzimləyicisi “E-Control”un rəhbəri Volfqanq Urbançiç isə hesab edir ki, Azərbaycan, Əlcəzair və ya Norveç ilə təbii qazın təchizatı üzrə yeni uzunmüddətli sazişin bağlanması “mavi yanacağ”ın dünya bazarında qiymətinin aşağı düşməsinə səbəb olacaq: “Əminəm ki, o zaman qiymətlə bağlı vəziyyət normallaşacaq”. Xatırladaq ki, hələ Ukrayna ərazisində hərbi əməliyyatlar başlamamışdan qabaq Avropa yaxşı alternativ kimi Azərbaycan qazına böyük maraq göstərirdi.

Bir sözlə, Aİ ilə Rusiya arasında gərginliyin daha da artması, Avropa qaz bazarında vəziyyətin pisləşməsi nəticəsində Rusiya qazına alternativ olan mənbələrə tələbat daha da artacaq. Eyni zamanda, təbii ki, istərdim ki, bu maraq bu və ya digər ölkədə baş verən müharibənin hesabına artmasın.



MƏSLƏHƏT GÖR:

122