26 Aprel 2024

Cümə, 04:04

«YATMIŞ GÖZƏL»,

yaxud Avropa özünü necə aparmalıdır?

Müəllif:

01.04.2022

Avropa İttifaqı mövcud olduğu tarix ərzində hərbi məsələlərə hər zaman son dərəcə ehtiyatla yanaşıb. İttifaqda milli müdafiə idarələrini koordinasiya edən strukturlar, əlbəttə ki, mövcuddur. Məsələn, Avropa Müdafiə Agentliyi (EDA), Avropa İttifaqı Hərbi Komitəsi (EUMC) və s. Lakin vahid Avropa ordusunun yaradılması məsələsi hələ də populyar deyil. Halbuki bununla bağlı müzakirələrə çox tez-tez rast gəlinir.

Bəziləri iddia edir ki, müdafiə milli hökumətlərin işidir, digərləri düşünür ki, Aİ sülh layihəsidir və o, hərbi sahəyə cəlb olunmamalıdır. Çoxları isə hərbi və müdafiə məsələlərinin NATO-nun işi olaraq qalmasını arzulayır.

 

Konsepsiya yoxdur

Lakin təhdidlərin artması ilə Aİ ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsinə tərəfdar olanlar da çoxalır. Onlar hesab edir ki, Avropa müdafiə məsələsində daim ABŞ və NATO-ya ümid ola bilməz. Bu fikir xüsusilə Donald Trampın ABŞ-a rəhbərlik etdiyi dövrdə aktuallıq qazanıb. Məlum olduğu kimi, Tramp ölkəsinin NATO-nu tərk edə biləcəyini belə, deyirdi. Bu isə faktiki olaraq, alyansın buraxılması demək olardı. Bununla yanaşı, Böyük Britaniyanın Aİ-ni tərk etməsi ilə ittifaq daxilində hərbi əməkdaşlığın genişləndirilməsi ideyasına skeptik yanaşan əsas güclərdən biri «sıradan çıxıb».

2017-ci ildə Avropa Komissiyasına rəhbərlik edən Jan-Klod Yunker deyirdi ki, artıq Aİ Lissabon müqaviləsinin müvafiq maddəsini icra etməli, başqa sözlə, Avropanın müdafiəsi yeni səviyyəyə qaldırılmalıdır. «Yatmış gözəli oyatmağın vaxtıdır», - deyə o, iddialı PESCO layihəsini (Daimi strukturlaşdırılmış əməkdaşlıq) təqdim edərkən bildirmişdi. Layihə Aİ ölkələrinin Silahlı qüvvələrinin inteqrasiyasını nəzərdə tuturdu.

PESCO Aİ-nin hərbi potensialını artırmaq cəhdidir. Bu zaman Aİ-nin bütün üzvlərinin layihəyə qoşulmaq kimi öhdəliyi yoxdur. Eyni zamanda layihə NATO-nun təkrarının yaradılmasını da rədd edir. Bu isə xüsusilə Şimali Atlantika Alyansına Rusiyadan gələn təhdidləri qarşısında vacib amil kimi yanaşan Şərqi Avropa ölkələrini narahat edir.

Lakin 2018-ci ildə «işə salınmış» PESCO lap əvvəldən yerində saymağa başlayıb. «Yatmış gözəl»in oyanmasına ümumavropa müdafiə konsepsiyasının olmaması imkan vermir. Onu əvvəllər də formalaşdırmağa cəhdlər olsa da, bütün cəhdlər nəticəsiz qalıb. Məsələn, 2016-cı ildə «Aİ-nin qlobal strategiyası» adlı layihə müvəffəqiyyətsizliklə üzləşib.

2020-ci ildə yeni «yol xəritəsi»nin hazırlanması haqda qərar qəbul etmiş Aİ ölkələri liderlərinin fikrincə, müdafiə konsepsiyası strateji mühitin təhlilindən ibarət olmalıdır. Bu konsepsiya Aİ-nin təhlükəsizlik və müdafiə sahəsindəki hədəflərinin dəqiq müəyyənləşdirilməsi, bununla bağlı ortaq məxrəcə gəlinməsi üçün vacibdir. Hesab olunur ki, bu, yaxın 5-10 il üçün 4 istiqaməti əhatə edən fəaliyyət planı olmalıdır: böhranlı vəziyyətdə dərhal və qəti fəaliyyət; Aİ vətəndaşlarının sürətlə dəyişən təhdidlərdən qorunması; vacib imkan və texnologiyalara investisiyaların yatırılması; ümumi hədəfə nail olunması üçün başqa ölkə və təşkilatlarla əməkdaşlıq.

 

Başlanğıc. Rusiya

Aİ-nin müdafiə strategiyası ilə bağlı «Strateji kompas» adlı ilk layihəsi 2021-ci ilin noyabrında hazır olub. Lakin Rusiya ilə Ukrayna arasındakı müharibədən sonra onu dərhal yenidən yazmağa başlayıblar. Əvvəlki variantda potensial düşmənin adı çəkilmir və ortaya diplomatik yanaşma qoyulurdusa, yeni variantda Rusiya təcavüzkar, Avropanın təhlükəsizliyinə təhdid kimi göstərilir.

İlk versiyada Rusiyanın adı 6 dəfə çəkilirdi və o, sadəcə, coğrafi qonşu kimi göstərilirdi. Son variantda isə Rusiya 19 dəfə «xatırlanır» və bu, daha sərt formada ifadə olunur. Bu, daha çox Polşa və Baltikyanı ölkələrin təkidi ilə baş verib. «Rusiya ilə bəzi konkret məsələlərdə əməkdaşlıq» fəsli isə son versiyadan ümumiyyətlə çıxarılıb.

Layihədə nüvə riski formulu da gücləndirilib və indi sənəddə «Rusiya ilə Çinin nüvə arsenalını genişləndirdikləri, yeni silah sistemləri hazırladıqları» bildirilir. Qeyd olunur ki, «Rusiya rəhbərliyi Ukraynaya hərbi müdaxiləsi kontekstində nüvə təhdidlərindən istifadə edir».

Aİ-nin 25 mart sammitində təsdiqlənmiş yekun sənəddə o da bildirilir ki, «Rusiyanın Ukraynaya hərbi təcavüzü Aİ daxilində və xaricində silahlı qüvvələrin sürətli hərəkət etmə qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini təsdiqləyib».

«Strateji kompas»da Aİ üçün əsas təhlükə kimi göstərilən Rusiya və Belarusdan sonra Çinin adı çəkilir, daha sonrakı təhdidlər kimi Qərbi Balkanlardakı qeyri-sabit vəziyyət, Afrikanın Sahel regionunda (özündən Atlantik okeandan Qırmızı dənizədək 12 ölkəni birləşdirir) terrorçuluq, Yaxın Şərqdəki münaqişələr göstərilir. Sənəddə Avropanın Arktika, Hind-Sakit okean regionu və Latın Amerikasındakı maraqlarından da bəhs olunur.

 

Çin, Türkiyə və digərləri

«Strateji kompas»da birbaşa olmasa da, dolayısı ilə birdirilir ki, Aİ-nin Çinə münasibəti Amerikanınkından fərqlidir. Başqoa sözlə, Avropa İttifaqı Vaşinqtonun Pekinlə mübarizəyə dair bütün fikirlərini bölüşmür, üstəlik, daha ehtiyalı formullara üstünlük verir. Aİ-də hesab edirlər ki, Çin onlara düşmən yox, əməkdaşlıq üçün tərəfdaş, iqtisadi və sistem rəqibidir.

Bununla yanaşı, Aİ Pekinin əməllərinə tənqidi yanaşır: «Çin bizim fikir ayrılıqlarımız sayəsində üstünlük qazanır, öz bazarlarına çıxışımızı məhdudlaşdırmağa, qlobal miqyasda öz standartlarını tətbiq etməyə çalışır. O, öz siyasətini yürüdür və bunu həm də dənizdə, kosmosda və internetdə mövcudluğunu artırımaqla edir».

«Strateji kompas» Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası zonalarının müəyyənləşdirilməsi üzündən yaranmış gərginliyi də önə çəkir, dolayısı ilə bunda Türkiyəni günahlandırır. Üstəlik, Aİ Ankaranı qeyri-leqal miqrasiyadan Avropaya siyasi təzyiq vasitəsi kimi istifadə etməkdə təqsirləndirir.

Bununla yanaşı, Aİ-nin müdafiə konsepsiyasında Türkiyənin adı «tərəfdaşlar», «strateji ətrafımız» bölmələrində çəkilir. Orada Ankaranı ehtiyatla əməkdaşlığa dəvət etmək cəhdləri də hiss olunur: «CSDP (Ümumi siyasi təhlükəsizlik və müdafiə) çərçivəsində missiya və əməliyyatlarda iştirak edən Türkiyə ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirəcəyik. Biz əvvəlkitək, qarşılıqlı səmərəli tərəfdaşlığın inkişafına sadiqik. Lakin bu, Türkiyə tərəfindən də eyni münasibəti tələb edir».

Sənəddə bildirilir ki, Baltik, Qara, Aralıq və Şimal dənizlərində, həmçinin Arktika sularında və Atlantik okeanda dəniz təhlükəsizliyi Aİ-nin iqtisadi inkişafı, azad ticarət, həmçinin nəqliyyat və enerji təhlükəsizliyi üçün vacibdir.

Avropa İttifaqı üçün Afrikanın gələcəyi də strateji əhəmiyyət daşıyır. Bu, qitənin iqtisadi və demoqrafik inkişafından irəli gəlir.

Qvineya körfəzində, Afrika buynuzu və Mozambik kanalında sabitlik sənəddə Aİ-nin təhlükəsizliyi üçün vacib imperativ kimi göstərilir. Səbəb həm də onların əsas ticarət marşrutları olmasıdır.

«Strateji kompas»da Yaxın Şərq və Fars körfəzindəki fəal münaqişələr və qeyri-sabitlik Aİ-nin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhdid kimi göstərilir. Bununla yanaşı, bilavasitə regionda nüvə silahının yayılmaması probleminin həlli son dərəcə vacib sayılır və bu mənada, İranla nüvə razılaşmasının bərpasının önəmi vurğulanır.

 

Çətin suallar

Son bir neçə ildə Aİ rəsmiləri və liderləri blokun dünyada böyük geosiyasi çəkiyə malik olmasını istədiklərini deyirlər. Lakin Rusiya-Ukrayna müharibəsindən əvvəlki həftələr Aİ-nin bu səylərinə ciddi zərbə vurub. Çünki Avropa ölkələri Avropanın təhlükəsizliyi ilə bağlı aparılan Rusiya-Amerika danışıqlarından xeyli uzaq qalıblar. Aİ-nin ümumi müdafiə siyasətinə skeptik yanaşanlar çevik reaksiya qüvvələrinin effektiv olacağına əmin deyillər. Qeyd edək ki, «Strateji kompas»a əsasən, onların sayı 2025-ci ilə 5 min nəfərə çatdırılmalıdır. Skeptiklər düşünürlər ki, xərclərin artırılması, resursların birləşdirilməsi və ya hərbi tədarükün artırılması halında Aİ-nin federal müdafiə siyasətinin güclənəcəyini düşünmək məntiqli deyil. Onların fikrincə, Rusiyanın Ukraynaya hücumundan sonra Avropa ölkələrinin milli ehtiyatlarından Kiyevə operativ şəkildə silah və hərbi texnika göndərməsi yalnız NATO-nun operativ, mükəmməl koordinasiyası sayəsində mümkün olub. Skeptiklərin fikrincə, bu işlərin koordinasiyasını Brüssel həyata keçirsəydi, vəziyyət çox fərqli olardı. Məsələn, Ukraynaya silah-sursatın göndərilməsi haqda qərarın verilməsi üçün Avropa İttifaqı Şurası necə iclas keçirməli olacaqdı? Bəs Macarıstan kimi, Kremli dəstəkləyən Aİ üzvləri bu qərarın əleyhinə çıxsaydılar? Yaxud Aİ-nin xarici məsələlər üzrə ali komissarı Ukraynaya öz təşəbbüsü ilə silah göndərə, yaxud milli nazirlikləri buna məcbur edə bilərdimi? Qərarların qəbulu belə alternativ qurumun üzərinə düşərsə, Avropa vətəndaşları özlərini təhlükəsizlikdə hiss edə biləcəklərmi?

 

İştaha güc gələndə

«Avropa güc dilində danışmağı öyrənməlidir. Çoxları düşünür ki, bu, hərbi gücdür. Bəli, bu, belədir. Amma söhbət yalnız hərbi gücdən getmir. Avropa gücə olan iştahasını, yalnız danışmaq yox, həm də hərəkət etmək istəyini artırmalıdır. Hər gün «biz narahatıq», «biz çox narahatıq», «biz həddindən artıq narahatıq» deməklə iş olmur. Biz hərəkət etməyi bacarmalıyıq», - deyə Aİ diplomatiyasının başçısı Jozep Borrel hələ 2020-ci ildə bildirirdi.

Avropa dövlətləri özlərinin yer aldıqları Aİ-nin xarici məsələlərdə və təhlükəsizlik siyasətində hansısa nüfuzlu təşkilata çevrilməsinə hələ də imkan vermirlər. Lakin Avropa qitəsində son 77 ilin ilk müharibəsi, nəhayət, bir şeyi ortaya qoymalıdır: Avropa, həqiqətən, birlikdə hərəkət edə bilir, yoxsa onun əlindən «çox narahat yatmış gözəl» olmaqdan başqa heç nə gəlmir?



MƏSLƏHƏT GÖR:

117