26 Aprel 2024

Cümə, 23:12

EHTİYAT VARİANT

Ukrayna böhranı Azərbaycanı qeyri-neft məhsullarının idxal-ixracı üçün alternativ bazarlar axtarmağa vadar edir

Müəllif:

15.04.2022

Ukrayna böhranı bir çox ölkələri öz iqtisadiyyatlarında böhranın qarşısını almaq üçün təcili olaraq qabaqlayıcı tədbirlər görməyə vadar edib. Üstəlik, Rusiya-Ukrayna hərbi qarşıdurması, xüsusilə bu ölkələrin ticarət tərəfdaşlarına, həmçinin Azərbaycana təsir göstərir. Qeyd edək ki, Azərbaycanın Rusiya ilə ticarətdə əsas istiqamət meyvə-tərəvəz ixracı, Ukrayna ilə isə neft və neft məhsullarıdır. Məsələn, ölkənin Rusiyaya ixracının, təxminən, 60%-ni meyvə, tərəvəz və bir sıra digər kənd təsərrüfatı məhsulları təşkil edir. Ukraynaya isə ixracın 82,5%-i neft və neft məhsullarıdır.

Doğrudur, hərbi əməliyyatlar başladıqdan bəri sadalanan dövlətlərə Azərbaycandan tədarük dayanmasa da, bu bazarlarda alıcılıq qabiliyyətinin aşağı düşməsi üzündən tezliklə Azərbaycan məhsullarına tələbat birmənalı olaraq azalacaq. Bu, ixrac üçün yeni istiqamətlərin axtarılmasını zəruri edir. Eyni zamanda biz təcili şəkildə alternativ idxalçılarla danışıqlar aparmalıyıq. Söhbət ənənəvi olaraq Rusiya və Ukraynadan idxal etdiyimiz məhsullardan gedir.

 

Alternativ ixrac

Geoiqtisadi vəziyyətin sabit olub-olmamasından asılı olmayaraq, ixrac üçün yeni bazarların axtarışı və ya ixrac coğrafiyasının şaxələndirilməsi hər zaman aktual məsələdir. İxracın şaxələndirilməsinin əsas məqsədi mümkün fövqəladə və ya münaqişə vəziyyəti fonunda risklərin minimuma endirilməsidir.

Yeri gəlmişkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin sözlərinə görə, Azərbaycanın Rusiyaya ixracının əsas hissəsini tez xarab olan məhsullar, yəni meyvə, tərəvəz olduğunu nəzərə alaraq, ehtiyat variant kimi logistik nöqteyi-nəzərdən əlçatan alternativ bazarlar nəzərdən keçirilməlidir.

Qeyd edək ki, postsovet ölkələrinin daxil olduğu Mərkəzi Asiya regionu həm özünü kənd təsərrüfatı məhsulları ilə yüksək səviyyədə təmin edir, həm də bu məhsulların əsas ixracatçısıdır. Üstəlik, son statistika göstərir ki, son 5 ildə Azərbaycanın bu bazarda ticarət əməliyyatları intensivliyi ilə fərqlənməyib.

Fars körfəzi ölkələri də meyvə-tərəvəz məhsullarının ixracında Azərbaycan üçün əlçatan bazardır. Lakin bu regionda vəziyyət bir qədər fərqlidir. Belə ki, bu ölkələrin bazarı böyükdür, amma burada rəqabət çox güclüdür. Bu dövlətlərə meyvə-tərəvəz tədarükünün əhəmiyyətli hissəsi ABŞ, Böyük Britaniya, Çin, Braziliya, Tailand və Türkiyənin payına düşür.

N.Hacızadə isə hesab edir ki, Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək üçün preferensial və azad ticarət prinsiplərinin tətbiq dairəsinin genişləndirilməsi məqsədəuyğundur. Məhz bu, qiymət rəqabətinə təsir göstərə və ixracın şaxələndirilməsi potensialını artıra bilər.

Eyni zamanda ekspertlər Azərbaycanın ixracının gələcəyi ilə bağlı təşvişə düşməməyi tövsiyə edirlər, çünki Rusiya məhsullarımızın əsas alıcısı kimi qalacaq. Hazırda Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ixracında mühüm yer tutur. Xatırladaq ki, 2021-ci ildə iki dövlət arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsi 1,3 milyard dollar təşkil edib. Bu, 2020-ci ilin göstəricilərindən düz 4% çoxdur. Azərbaycan Rusiya bazarına yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları – pomidor, alma, armud, kartof, soğan tədarük edir.

Avropanın sərt sanksiyaları isə Rusiyanı qonşu dövlətlərdən, həmçinin Azərbaycandan ixrac həcmini və payını genişləndirmək üçün əlverişli şərait yaratmağa sövq edir. Bu, bir tərəfdən ölkəmizə əlavə valyuta gəlirlərinin daxil olmasını, digər tərəfdən isə bu sektorlarda məşğulluğu təmin edəcək.

 

Buğda və yağ idxalı

İndi ixracdan fərqli olaraq, Azərbaycan üçün ən vacib məsələ mühüm əhəmiyyət kəsb edən kənd təsərrüfatı və digər məhsulların idxalı üçün bazarların tapılmasıdır. Məlum olduğu kimi, hazırda Azərbaycan böyük ölçüdə buğda idxalından asılıdır. Məsələn, o, buğdanın 95%-ni məhz Rusiyadan idxal edir. Lakin Kreml bu il avqustun 31-nə qədər taxılın ixracına məhdudiyyət qoyub. Buna görə də yaxın perspektivdə tədarük zəncirində ciddi problemlərin yaranacağı istisna edilmir. Regionda yeganə alternativ ölkə kimi Qazaxıstanı qeyd etmək olar. Amma bu ölkə də daxili bazarda qıtlığın yaranmaması üçün aprelin 15-dən iyunun 15-dək buğda və unun ixracına kvota tətbiq edib. Digər alternativ ölkələrdən isə buğda daha yüksək qiymətə idxal edilə bilər. Nəticədə, bu, məhsulun qiymətinin artmasına səbəb olacaq.

Azərbaycan üçün alternativ variantlardan biri Hindistandır. Bu ölkə artıq ya hökumətlərarası sazişlər, ya da özəl kanallar vasitəsilə ixracı artırmağa hazır olduğunu bəyan edib.

“Məqsədimiz yalnız cari böhran dövründə qısamüddətli razılaşmalar əldə etmək deyil, Rusiya və Ukrayna buğdasının üstünlük təşkil etdiyi bazarlarda keyfiyyətli buğdanın etibarlı uzunmüddətli tədarükçüsü olmaqdır. Biz qısamüddətli qazanclara baxmırıq, əksinə, bu fürsətdən əsas buğda idxal edən ölkələrlə uzunmüddətli əlaqələr qurmaq üçün istifadə edəcəyik”, - Kənd Təsərrüfatı və Emal Olunmuş Qida Məhsullarının İxracının İnkişafı İdarəsinin (APEDA) sədri Madhayyan Anqamutu bildirib.

Qeyd edək ki, Hindistan 2023-cü il maliyyə ilində 30 ölkəyə 11-12 milyon ton buğda ixrac etməyi hədəfləyir. Amma bu məqamda son məhsulun ucuz olmayacağını nəzərə almaq lazımdır. Taxıl böhranı fonunda dünya bazarlarında Hindistan buğdasının qiyməti bir ton üçün, təxminən, 360 dollara qədər artıb. Üstəlik, Hindistanın buğdasının hazırkı qiymətinin digər rəqibləri ilə müqayisədə aşağı olduğunu nəzərə almaq lazımdır (bəzi növ buğdaların bir tonunun qiyməti 400 dollaradək qalxıb).

Hər halda, indi ən məqbul variant məhz Hindistandır, çünki hazırda Rusiya və Ukrayna taxılının ABŞ və Avstraliya məhsulu ilə əvəz edilməsi logistik xərclərin yüksəlməsi, bu da öz növbəsində taxılın maya dəyərinin artması ilə nəticələnəcək.

Bundan başqa, Azərbaycan günəbaxan yağının idxalından da asılıdır. Məsələn, ötən il adıçəkilən məhsulun 53,4 min tonu idxal edilib. Bunun 98%-i Rusiyanın, yerdə qalan hissəsi isə Türkiyənin payına düşür.

Aprelin 1-dən Rusiya günəbaxan yağının 1 tonu üçün ixrac rüsumunu martda 260,1 dollardan 313 dollara qədər artırıb (fevralda 251,4 dollar idi).

“Mintec” analitiklərinin hesablamalarına əsasən, bu il günəbaxan yağının qiyməti düz 60% artıb. Fevralda bu yağın bir tonu üçün qiymət 1130 funt-sterlinq (1353 avro) idisə, martda günəbaxan yağının bir tonu 1800 funt-sterlinqə (2155 avro) qədər yüksəlib.

Bundan başqa, Rusiyanın daxili bazarda ajiotajın meydana gəlməsinin qarşısını almaq üçün günəbaxan yağının ixracına qadağa qoyması istisna deyil. Əgər bu, baş verərsə, Azərbaycan alternativ kanallar axtarmalı olacaq. Belə alternativ ölkələrdən biri Argentina ola bilər. Azərbaycanın artıq bu ölkədən qarğıdalı yağı idxal etdiyini nəzərə alsaq, günəbaxan yağının tədarükü üçün lazımi logistikanın olduğunu əminliklə söyləyə bilərik. Qeyd edək ki, 2021-ci ildə ölkəmiz 12 ölkədən ümumilikdə 20 min 526 ton qarğıdalı yağı alıb. Bunun, təxminən, 60%-i məhz Argentinanın payına düşüb.

 

Əti daha çox özümüz istehsal edirik

Azərbaycanda ət məhsulları ilə özünü təminetmə göstəriciləri 85%-i ötür. Ölkəmiz nisbətən quş əti idxalından asılıdır. Quş əti üzrə özünü təminetmə 79%, mal əti üzrə isə 87-88% təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin müdiri Səadət Hacıyeva isə vurğulayıb ki, ölkəyə idxal olunan mal ətinin 80%-dən çoxu dondurulmuş formada gətirilir: “2021-ci ildə dondurulmuş mal ətinin idxal miqdarı 4450 ton olub ki, bu da 2020-ci ilin göstəricisindən təqribən 2 dəfə azdır. Dondurulmuş ət əsasən ölkənin turizm sektorunun, restoran, kafe şəbəkəsinin tələbatı üçün istifadə olunur”.

Bu məqamda qeyd edək ki, Azərbaycana dondurulmuş mal əti əsasən Ukraynadan gətirilir. Ötən il ölkəmizə 4,5 min ton dondurulmuş mal əti tədarük edilib. Bunun 79,7% (3,6 min ton) Ukraynanın, 14%-i Hindistanın və 5%-i isə Braziliyanın payına düşüb. Bundan başqa, Ukrayna və Rusiyadan Azərbaycana heyvan yemi də tədarük edilir. Lakin indiki məqamda Ukraynadan doldurulmuş mal əti idxalı təkcə logistika ilə bağlı problemlərə görə deyil, həm də müqavilələrin icrasına təminatın olmamasına görə mümkün deyil. Odur ki, hazırda ət məhsullarının ölkəyə idxalı üçün alternativ ölkələr kimi Gürcüstan, Türkiyə, İran və Belarus nəzərdən keçirilir.

 

Kağız və oduncaq qıtlığı

Rusiya idxalından asılılıq təkcə ərzaq məhsullarında müşahidə olunmur. Belə ki, ötən il Azərbaycana kağız və karton məmulatlarının 97%-i, həmçinin qəzet kağızlarının 100%-i şimal qonşumuzdan idxal edilib. Lakin müharibə üzündən onların tədarükündə də problemlər yarana bilər. Yerli nəşriyyatlar artıq son ayda kağızın qiymətinin bir neçə dəfə artmasından şikayətlənirlər. Əvvəllər bir ton kağız 1380 dollar idi. Daha sonra onun qiyməti 1700 dollara qalxdı. İndi isə bir ton kağızın qiyməti 2100 dollara çatıb.

Hazırda Rusiya kağızına alternativ olaraq bu xammal Finlandiya, İndoneziya və Almaniyadan tədarük edilir. Əlbəttə, Avropadan idxal edilən kağızın qiyməti daha baha olacaq. İndi Çində də kağız böhranının yaşandığını qeyd etmək yerinə düşər. Bu ölkədə də kağızın qiyməti yüksəlir. Buraya Türkiyə də daxildir. Belə ki, sadalanan ölkələr bu məmulatı məhz Rusiyadan idxal edilən xammaldan istehsal edir. Ümumiyyətlə, hazırda dünyada kağız qıtlığı müşahidə olunur. Müxtəlif növ kağız tədarükçüləri isə Rusiya bazarında qiymət artımından şikayət edirlər. Bu, məhsulun keyfiyyətinə də təsir göstərə bilər. Bundan əlavə, əvvəllər məmulatın dəyərinin cədvəli alıcıya 2-3 ay müddət üçün göndərilirdi. İndi rublun dollara nisbətdə məzənnəsi dəyişdiyinə görə adıçəkilən cədvəl hər gün yenilənir. Odur ki, hazırda qiymətin nə qədər artdığını yalnız məhsul göndərilən zaman öyrənmək mümkündür.

Mövcud vəziyyət Azərbaycana ağac məmulatlarının idxalını çətinləşdirib. Belə ki, ölkəmizə idxal edilən bu məmulatların 97,5%-i məhz Rusiyanın payına düşür. İndi risklərə görə logistikanın qiymətinin artması bu məhsulların maya dəyərinə də təsir göstərir. Oduncaq məmulatlarının pərakəndə satışı ilə bağlı olan bazar iştirakçıları qeyd edirlər ki, əksər satış məntəqələrində bu məhsulların qiyməti artıb. Əvvəllər onun bir kubmetri 200 dollar idisə, indi artıq 230-250 dollara qalxıb. Bəzi dükanlarda artıq alış dayandırılıb və yalnız anbardakı məhsullar satılır. 

 

Tikinti bazarında idxalın əvəzlənməsi

Azərbaycanın tikinti sektoru da Rusiya bazarı ilə sıx bağlıdır və ekspertlər burada da qiymətlərin artacağına əmindirlər. Eyni zamanda Türkiyə istehsalı olan məhsulların qiymətində də artım müşahidə olunur. “Əgər bir ölkədə qiymətlər artırsa və ya logistika ilə bağlı problemlər yaşanırsa, bu, qonşu dövlətlərə də təsir edir. Türkiyə istehsalı olan məhsulların qiyməti artıq 15-20% artıb”, - deyə bazar iştirakçıları qeyd edirlər.

Qeyd edək ki, dəmir məmulatlarının qiyməti artıq tonuna görə 30-40 manat artıb. Nazik profillərin 1 tonu 1600 manata, qalın profillərin tonu isə 1500 manata satılır. Sex istehsalı olan armaturların qiyməti 940 manat + ƏDV (18 %), zavod malının isə 1 500 manat + ƏDV-dir.

Doğrudur, bəzi tədarükçülər indiyə qədər çətinlik çəkməyib. Lakin onlar ehtiyat variantları nəzərdən keçirirlər, çünki tikinti məhsullarının tədarükündə ödənişlərlə bağlı olan fasilələrin yarana biləcəyindən çəkinirlər. Belə ki, əvvəllər ticarət dollarla aparılırdı. İndi isə milli valyutalardan istifadəyə keçid haqda daha çox bəhs edilir.

Yeri gəlmişkən, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev hesab edir ki, Rusiyadan idxal edilən tikinti materiallarının qiymətinə bu ölkədən oduncağın emal olunmamş formada ixracına qadağa qoyulması təsir edir: “Bu, o deməkdir ki, artıq yerli sahibkarlar xammal formasında ağac materialları idxal edə bilməyəcək və son nəticə olan məhsul formasında (taxta və sair) ağac idxal edəcəklər. Bu isə malın maya dəyərində fərqin yaranmasına səbəb olacaq. Beləliklə də, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl artıq idxal olunan ağac materiallarının qiymətlərində artım yarandığının şahidi olmuşuq”.

Bu sahədə alternativ bazar kimi Ukrayna və Qazaxıstan çıxış edir. Lakin Ukraynadan indiki dövrdə ağac materialları idxal etməyin özü də çətin məsələdir. Belə olduğu halda bu sahədə sonuncu alternativ variant kimi Qazaxıstan bazarı çıxış edə bilər.

Beləliklə, biz hələ hərbi böhran üzündən Azərbaycanın ticarət sektorunda yaranan bütün problemləri sadalamadıq. Odur ki, hökumətin və biznesmenlərin necə gərgin halda çıxış yolu axtardıqlarını təsəvvür etmək olar. Onlar çatışmazlıq və qiymət artımının bir sıra məhsullarda ciddi qıtlığa səbəb olmamasına çalışırlar. İndiki böhranın ən mühüm nəticəsi odur ki, bütün səyləri ölkənin özünü təminat səviyyəsinin yüksəldilməsinə istiqamətləndirmək lazımdır və ölkə buna doğru gedir.



MƏSLƏHƏT GÖR:

111