26 Aprel 2024

Cümə, 17:33

MÜHARİBƏ VƏ ÜMİDLƏR

Ukraynada hərbi əməliyyatlar qismən səngisə də, müharibənin tezliklə başa çatma şansı çox deyil

Müəllif:

15.04.2022

Ukraynada davam edən müharibənin altıncı və yeddinci həftəsi də əvvəlki həftələr kimi, sülhə ümid yaratmayıb. Kiyev ətrafındakı Buça şəhərciyində dinc əhalinin kütləvi qətli, Rusiya qoşunlarının Ukraynanın şimal əyalətlərindən çıxaraq şərqdə cəmləşməsi, Rusiyanın BMT İnsan Haqları Şurasından uzaqlaşdırılması haqda xəbərlər, həmçinin Rusiyaya sanksiyaların beşinci paketinin tətbiqi Ukraynada davam edən müharibənin sadəcə, yeni epizodlarıdır. Lakin bununla yanaşı, regionda sülh axtarışları da səngimir. Bu işdə xüsusilə Türkiyə ciddi səylər göstərir.

 

Yeni gərginlik dalğası

Buçada dinc əhalinin Ukrayna tərəfinin soyqırımı kimi qiymətləndirdiyi kütləvi qətliamı Qərblə Rusiya arasında gərginliyi artırıb. Rusiya hərbçilərinin şəhəri tərk etməsindən sonra mülki şəxslərin cəsədlərinin küçələrə səpələndiyini göstərən kadrlar yayılıb. Qərbli müttəfiqlər Rusiyanı dinc əhaliyə qarşı qətliam törətməkdə günahlandırır. Moskva isə kadrların saxta olduğunu bildirir, məsələnin BMT səviyyəsində araşdırılmasını tələb edir.

BMT TŞ-yə sədrlik edən Böyük Britaniya məsələnin müzakirəsi üçün aprelin 5-də qurumun iclasını çağırıb. Müzakirələrin nəticəsi olaraq obyektiv araşdırmanın aparılması haqda qərar qəbul edilib. BMT yaşananlara yekun siyasi qiyməti bu araşdırma nəticəsində verəcək.

Bununla yanaşı, Ukraynadakı hərbi əməliyyatlar üzündən daha da dərinləşən Rusiya-Qərb münasibətləri fonunda Moskvaya sanksiya təzyiqi getdikcə güclənir. Məsələn, ABŞ-ın Maliyyə Nazirliyi aprelin 5-də Rusiyanın 636 milyon dollarlıq dövlət borcunu Qərbdəki hesablar vasitəsi ilə ödəməyi qadağan edib. Söhbət Rusiyanın sanksiyalar vasitəsilə dondurulmuş hesablarından gedir. Vaşinqtonun bu qadağasınadək Moskva borcunu həmin hesablar vasitəsi ilə ödəmək imkanına malik idi. İndi isə o, bunun üçün ABŞ və Avropa ölkələrinin dondura bilmədiyi ehtiyatlarından istifadə etməlidir. Yeni məhdudiyyətlər sanksiyaların gücləndirilməsi çərçivəsində tətbiq olunub. Məqsəd Rusiyanı vacib seçim qarşısında qoymaqdır: qiymətli dollar ehtiyatlarının tükənməsi və ya defolt.

Digər tərəfdən Aİ aprelin 8-də Rusiyaya qarşı beşinci sanksiya paketini təsdiqləyib. Yeni sanksiyalar aviasiya yanacağı, polad məhsulları və lüks əşyaların ixrac və idxalını qadağan edir. Bununla yanaşı, Rusiya gəmilərinin Aİ limanlarına girişi də qadağan olunub. Yeni sanksiyalar Rusiyanın 4 aparıcı bankı ilə əməliyyatları məhdudlaşdırıb, Rusiyadan ildə 4 milyard avroluq kömürün idxalını qadağan edib. Eyni zamanda qabaqcıl yarımkeçiricilər, maşın və nəqliyyat avadanlığı kimi əsas sahələrdə 10 milyard avroluq ixrac da qadağandır. Başqa sözlə, söhbət Aİ ilə Rusiya arasında iqtisadi-ticari əlaqələrin minimuma endirilməsindən gedir.

Bütün bunlarla yanaşı, Brüsseldə əsas məsələ ilə bağlı hələ də razılıq yoxdur. Bu, Rusiyadan enerji daşıyıcılarının tədarükünə embarqodur. Bu məsələdə razılığa gəlinməməsi Moskvanın vacib xarici ticarət əməliyyatlarında SWIFT sistemindən kənarlaşdırılmayan «Qazprombank»dan fəal istifadəsinə imkan verir. Hərbi texnika və avadanlıqların alışı da bu bank vasitəsilə həyata keçirilir.

 

Diplomatik müharibədə qızğın dövr

Aprelin ilk ongünlüyündə Rusiya qoşunları Ukraynanın şimal əyalətlərini, məsələn, Çerniqov və Sumını tərk edib. Rusiyanın buradan çəkdiyi qoşun hissələrini Ukraynanın şərqinə və cənubuna toplaya biləcəyi versiyası gündəmdədir. Demək, bu istiqamətlərdə hücumlar daha da güclənə bilər.

BBC xəbər verir ki, Rusiya Ukraynada əməliyyat komandanlığını yenidən təşkil edib. Bu versiyaya görə, indi hərbi əməliyyatların gedişini Cənub hərbi dairəsinin komandanı, general Aleksandr Dvornikov idarə edəcək. O, Suriyadakı hərbi əməliyyatlarda böyük təcrübə qazanıb. Generala Donetsk və Luqansk vilayətləri üzərində, həmçinin bütünlükdə Ukraynanın cənub-şərqində nəzarətin mayın 9-dək tam ələ keçirilməsi tapşırıla bilər.

Hərbi kampaniyanın yeni fazasının başlayacağı ilə bağlı məlumatlar fonunda Aİ ölkələri rusiyalı diplomatların kütləvi deportasiyasına başlayıb. Bununla, onlar Moskva ilə diplomatik əlaqələri minimuma endirir. Söhbət bütün Aİ üzrə yüzlərlə rusiyalı diplomatdan gedir. Vəziyyəti Almaniya prezidenti Valter Ştaynmayer daha aydın ifadə edib. Rusiyalı diplomatların ölkədən çıxarılması və Avropa ölkələrinin Moskva ilə münasibətləri bərpa etməsi perspektivlərindən danışan prezident deyib ki, Rusiyanın hazırkı hakimiyyəti dövründə bu ölkə ilə münasibətlərin qaydaya düşməsi mümkün deyil. Bu, xəbərdarlıq kimi də şərh oluna bilər: Aİ Ukrayna-Rusiya danışıqlarında irəliləyişin olacağı təqdirdə belə, «geri qayıtmaq» fikrində deyil.

Avropa ölkələri ilə yanaşı, Vaşinqton BMT çərçivəsində də Rusiya diplomatiyasının fəaliyyət sahəsini məhdudlaşdırmaq üçün addımlar atır. Məsələn, aprelin 7-də ABŞ Rusiyanın BMT-nin İnsan Haqları Şurasından kənarlaşdırılması üçün Baş Assambleyaya müraciət edib. Səbəb yenə də Buçada baş verənlərdir. Amerika tərəfinin və onun təşəbbüsünə qoşulmuş Qərb dövlətlərinin fikrincə, Moskvanın BMT İnsan Haqları Şurasının üzvü olmaq haqqı yoxdur, çünki o, Ukraynada əsas insan haqlarını kobud şəkildə pozur. BMT Baş Assambleyasında keçirilmiş səsvermə nəticəsində Rusiyanın Şuraya üzvlüyü dayandırılıb.

Bu addımın siyasi tərəfi də var. Məlum olduğu kimi, sözügedən strukturun əsas vəzifəsi dünyada insan haqlarının irəli aparılması və qorunması, həmçinin siyasi məsələlərlə bağlı gündəliyin müzakirəsidir. Müvafiq olaraq, Rusiyanın BMT İnsan Haqları Şurasında yer almaması Moskvanın insan haqlarının təmini, bu problemin müxtəlif aspektləri ilə bağlı qlobal müzakirələrdə iştirakını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

BMT Baş Assambleyasının bu qətnaməsinə cavab olaraq, Rusiyanın Xarici İşlər Nazirliyi ölkənin quruma üzvlüyünü daha əvvəl – aprelin 7-dən dayandırıb.

 

Müharibə öz yerində, danışıqlar da cədvələ uyğun davam edir

Ukrayna prezidenti Vladimir Zelenski aprelin 4-də Rusiya ilə təhlükəsizlik zəmanətinə dair danışıqların aparılması üçün nümayəndə heyətinin yaradılması haqda fərman imzalayıb. Bu, Kiyevin Rusiya ilə danışıqları istənilən halda davam etdirməyə hazır olduğunu göstərir.

Bununla yanaşı, Zelenski ukraynalı jurnalistlərlə söhbətində bildirib ki, o, Moskva ilə sülh müqaviləsinin imzalanacağı təqdirdə belə, Rusiyanın verəcəyi təhlükəsizlik zəmanətinə inanmayacaq. Şəxsi əlaqələrdən də danışan Zelenski deyib ki, onunla Vladimir Putin arasında «görüş olmaya da bilər». Lakin o, hesab edir ki, Ukrayna danışıqları Buçada baş verənlərdən sonra da davam etdirməlidir. Bunadək Zelenski Putinlə danışıqlara hazır olduğunu dəfələrlə dilə gətirmişdi. Bununla yanaşı, prezident Moskva ilə Ukraynanın «demilitarizasiyası» və «denasifikasiyası» haqda danışmağı düşünmür.

Kiyev göstərir ki, o, heç bir halda tərk-silah olmaq haqda fikirləşmir, «denasifikasiya» söhbətlərini isə ölkənin daxili işlərinə qarışmaq cəhdi sayır.

Kremlin cavabı özünü çox gözlətməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Vladimir Putin-Vladimir Zelenski görüşünün mümkün olduğunu inkar etmir. Lakin o, yalnız sənədin razılaşdırılmasından sonra baş tuta bilər. Peskov daha sonra bildirib ki, Moskva Ukraynada hərbi əməliyyatları danışıqlar yolu ilə dayandırmaq istəyir və Ukrayna prezidentinin Moskvanın təkliflərini qəbul etməsində maraqlıdır.

Hədəflərin çətinliyinə baxmayaraq, Ukrayna tərəfi aprelin 6-da Rusiya ilə yeni razılaşma layihəsini ortaya qoyub. Lakin Rusiya xarici işlər nazirinin reaksiyası Kiyevin təklifinin Ukraynanın İstanbulda götürdüyü öhdəliklərə zidd olduğunu göstərib. Orada Türkiyədə əldə edilmiş razılaşmalardan fərqli təkliflər yer alıbmış.

Rusiya tərəfi Krım və Donbas mövzularının iki ölkə liderlərinin görüşündə müzakirə olunmasını qəbuledilməz sayır. Bundan başqa, Ukraynanın yeni təkliflərində Kiyevə veriləcək təhlükəsizlik zəmanətinin Krım və Sevastopolu əhatə etməyəcəyi fikri yoxdur. Moskva danışıqların növbəti mərhələsində Kiyevin Rusiya qoşunlarının geri çəkilməsi tələbini də irəli sürməyəcəyini istisna etmir.

Bütün bunlarla yanaşı, Moskva Ukrayna tərəfinin təklifləri ilə razılaşmasa belə, danışıqların davam etdiriləcəyini, öz razılaşma layihəsini irəli aparmağa çalışacağını bildirir. Vacib məqam ondan ibarətdir ki, 2 sutka sonra Ukrayna prezidenti də danışıqların davam etdirilməsinin vacibliyini təkrarlayıb, hərbi əməliyyatların yalnız danışıqlar vasitəsilə dayandırıla biləcəyni deyib.

 

Türkiyə nəticəli danışıqlar istəyir

Fəal hərbi əməliyyatlar fazasının Donetsk və Luqansk vilayətlərinə keçməsi, Kramatorsk dəmir yolu vağzalına raket zərbələrinin endirilməsi ilə ən azı 52 nəfərin ölməsi, 100-dək insanın yaralanması danışıqlara alternativin olmadığını bir daha ortaya qoyub. Belə bir vəziyyətdə Aİ rəhbərliyinin Ukraynaya dəstəyi, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Barrelin, həmçinin digər Avropa liderlərinin Kiyevə nümayişkaranə səfəri, Slovakiyanın Ukrayna ordusuna yardım olaraq döyüş zonasına «S-300» divizionları göndərməsi Kiyev üçün kiçik də olsa, təsəlli sayıla bilər.

Britaniyanın baş naziri Boris Consonun Ukraynaya gözlənilməz səfəri, Kiyevə dəstəyi və konkret təklifləri də bu gün real vəziyyətin dəyişməsinə, çətin ki, səbəb olsun. Zelenski də hesab edir ki, hərbi əməliyyatlara yalnız Rusiya və Ukrayna liderləri arasında razılaşma son qoya bilər. Bu vəziyyətdə Ankara tərəflərə növbəti dəfə Türkiyədə danışıqlar aparmağı təklif edib. Təklifi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib. O, görüş üçün iki mümkün ssenari irəli sürüb. İlk ssenariyə görə, əvvəlcə xarici işlər nazirləri, sonra isə dövlət başçıları görüşməlidir. İkinci variant XİN başçıları və prezidentlərin birgə görüşünü nəzərdə tutur.

«Biz hər iki halda istəyirik ki, görüş Türkiyədə baş tutsun. Hər iki tərəf Türkiyə görüşünü səbirsizliklə gözləyir», - deyə Çavuşoğlu bildiriğ. O, hərbi əməliyyatların başa çatmasından sonra tərəflərin Ankaranın səylərini unutmayacağına ümidini də ifadə edib.

İndi analitiklər Türkiyənin təkliflərində nəyin daha çox olduğunu müəyyənləşdirməyə çalışır – Ankara münaqişənin başa çatmasında tarixi rol oynamaq istəyir, yoxsa bu, NATO ilə Rusiya arasında böyük müharibədən qaçmaq arzusudur? İstənilən halda, hərbi əməliyyatlardan əziyyət çəkən milyonlarla sadə vətəndaş müharibənin tezliklə başa çatmasına ümid edir və bunu gözləyir. Söhbət isə tək raket zərbələrindən xilas olmağa çalışan qaçqın və məcburi köçkünlərdən getmir. Bu gün dünyada yüz milyonlarla insan Ukrayna müharibəsi üzündən çətin iqtisadi vəziyyətə düşüb, bəziləri sağ qala bilmək uğrunda mübarizə aparır.



MƏSLƏHƏT GÖR:

128