5 May 2024

Bazar, 01:11

KUKLA OYUNCAQ DEYİL

Elmira ABBASLI: «O, bizimlə vacib bir şey haqda «danışmaq» üçün Kainatdan «gəlib»

Müəllif:

01.05.2022

Rəssam Elmira Abbaslının yaradıcılığı təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınır. O, dekorativ-tətbiqi incəsənətdə milli geyimli kukla ərsəyə gətirən ilk azərbaycanlı sənət adamıdır. Bu haqda çox yazılıb, çox danışılıb. Amma yaradıcılıq hər an irəliyə doğru hərəkət edən prosesdir! Nəticədə, hərəkət rəssamı işıqla insan arasında bələdçiyə çevrilir...

 

Emalatxana

Elmira xanımla onun emalatxanasında görüşdük. Daha dəqiq desək, bədii məkanda. Bura onun həm evi, həm də emalatxanasıdır. Bu emalatxana-mənzil, əslində, rəssam emalatxanalarından heç birinə bənzəmir. Buranın hər santimetrinə diqqət yetirilib. Nəticədə, bu məkan təsirli bədii rəmz və metaforaların gözəlliyinə çevrilib. Burada qeyri-adi quşlar, balıqlar, sandıqlar, sehrbazların sehrli şəhərciyi, bər-bəzəkli “balqabaq ailəsi”, gül dəstəsi, nadinc tutuquşu, gözəl şərq qızları və əsilzadə xanımlarla əhatə olunan yaraşıqlı şahənşah, bədii cəhətdən divana və şişmə kreslolara “səpələnmiş” müxtəlif ölçülü yastıqlar məskunlaşıb və ev sahibi ilə “yaşayır”.

Bir sözlə, bura qeyri-adi, gözəl və... işıqlı idi. Ona görə yox ki, otağa Xəzər dənizinə mənzərənin açıldığı pəncərədən işıq şüaları daxil olurdu. Ona görə ki, rəssamın yaratdığı hər bir əşya təkraredilməz işıq saçırdı. Gözəgörünməz şəkildə axan işıq emalatxana-mənzilin məkanını dolduraraq buraya müstəsna kolorit verir, yaradıcılıq üçün xüsusi ab-hava yaradır. Bu “danışan” məkan müxtəlif və çoxtərəflidir. Buranın aydın ifadə olunan bir “səsi” var – ev sahibinin səsi. Əslində, bu səs tonu xarici dünya ilə davamlı olaraq dialoqdadır.

Elmira Abbaslı əsərlərindəki bədii rəmz və metaforalar vasitəsilə özünün dərk etdiyi həqiqəti ətraf aləmə ötürür: insan Xeyirxahlıq, Sevgi və Yaradan Yaradıcılığın titrəyişlərinin hopduğu Kainatın bir parçasıdır. Bu, sadəcə, söz deyil. Bu, rəssamın üslubu və həyat tərzidir. O, kukla obrazı vasitəsilə dünyanı dərk edib, özünü tanıyıb və kəşf edib. Biz söhbətləşən zaman belə bir hiss məni tərk etmirdi: sanki kuklalar bizim sakit, məzmunlu söhbətimizə qulaq asır. Sanki bizi əhatə edən məkan canlı idi: o, nəfəs alır, onun öz səsi var. Bəlkə də, bu, həqiqətdir, çünki rəssam öz əsərlərini “kukla” adlandırmır. Onların hər birinin öz adı var. Məsələn, əsilzadə xanımın adı Violettadır. O, öz üstünlüyünə olan inamı qədər incəliyə malikdir. Bu, təkəbbürlü saxtakara xas olan üstünlük hissi deyil. Bu üstünlük özünə güvənən şəxsiyyətə xas olan xüsusiyyətdir. Söhbət bu dünyanı dağılmaqdan nəyin xilas edə biləcəyini dəqiq başa düşən qadından gedir. Bəli, bu, gözəllikdir: daxili və xarici. Buna görə də Violetta daim Kainatla əlaqədədir! Telefon onun paltarına uyğunlaşır, çünki bu incə gözəl xanım hər şeydən öncə harmoniyaya üstünlük verir.

- Elmira xanım, sizin Azərbaycanın tətbiqi incəsənətinə marağınız uzun zamandır ki, məlumdur. Siz milli bədii kukla sənəti ilə milli mədəniyyətimizin tarixinə keçən canlı əfsanəsiniz. Siz istər Azərbaycanda, istərsə də xarici ölkələrdə çox sayda sərgi keçirmisiniz, yüksək səviyyəli ustalığınızla tanınırsınız. Üstəlik, mükafatlar, məşhurluq və şan-şöhrət qazanmısınız. İndi sizin üçün bədii kukla sənəti nə deməkdir?

- Bu, mənim üçün özünü tanımaq üçün yol və vasitə deməkdir. Söhbət dünya ilə son dərəcə dürüst və etibarlı danışıq və ən əsası Kainatla əks əlaqə yolu ilə yeni imkanların açılmasından gedir. Burada əsas məsələ Kainatın bizə işarələrlə göndərdiyi icmarıcı oxuya bilməkdir.

- Yəni?

- “Əlibaba və qırx quldur” nağılını xatırlayın. Mağarada saysız-hesabsız sərvətlər var idi. Oraya maddi sevinc dalınca gələn hər kəs, əslində, öz sevincini tapırdı. Mən də bədii kuklalarla işləyən zaman sanki sərvətlərlə zəngin mağara tapdım. Bu da mənə Zamanın xətti strukturu (keçmiş-indiki-gələcək) ilə qarşılıqlı əlaqənin sirrini açıb. Bu həqiqətin mahiyyəti ondan ibarətdir ki, kukla bir sənət əsəri kimi insanın özünü kəşf etməsinin açarıdır.

- Başa düşmürəm...

- Kukla oyuncaq deyil. Bu, bizimlə vacib bir şey barədə “danışmaq” üçün Kainatdan “gələn” ideyadır. Məsələn, Violetta bizə xatırladır ki, nə etməyimizdən, nə ilə məşğul olmağımızdan asılı olmayaraq, həyatımızın hər bir anı Əbədiyyətin nəfəsindən ibarətdir.

- Bəs, bu mənalı “balqabaq ailəsi” bizə nədən bəhs edir?

- Ailə dəyərlərinin hər şeydən üstün və vacib olmasından və ənənəvi dəyərlərin tarixi əsrlərə uzanan mənəvi inkişaf yolu olmasından bəhs edir.

- Bəs pərdə və süfrələri bəzəmək üçün bu gözəl fırçalar?

- Məkanın gözəlliklə harmonizasiyası üçündür...

- Demək, siz də Dostoyevski kimi gözəlliyin dünyanı xilas edə biləcəyini düşünürsünüz?

- O cümlədən. Lakin! Və bizim daxilimizdəki əxlaqi qanunun da. Bu, daxili və xarici gözəlliyin təbii şəkildə birləşməsini nəzərdə tutur.

Bu zaman mənə elə gəldi ki, şərqli və qərbli xanımlar (onlara kukla deyə bilmirəm!) sanki bu fikirlərlə razılaşdıqlarını göstərmək üçün nəfəsini dərdilər, yaraşıqlı şahənşah ehmalca gülümsədi, balıqlar fırlanmağa, üzgəclərini tərpətməyə başladı, amma quşlar donub qalmışdılar, onlar tac qoyulmuş başlarını aşağı əyərək gözlərini bizdən çəkmirdilər. Və o an ağlıma gəldi ki, Elmira xanım emalatxana-mənzilindəki məkana gözəl obrazları sıx şəkildə elə yerləşdirib ki, burada onun heç vaxt tək qalmaq imkanı yoxdur. Hətta bədii qarışıqlığın olduğu “çardaq”da belə. Burada qəfəsdə tutuquşu, çaydan üçün şən qoca qadın və artıq kiçik mücrülərə transformasiya edilmiş çaydanlar “yaşayır”!

Onların hər birinə toxunmaq, əlimdə fırlatmaq və onların içərisinə baxmaq istəyirdim. Sanki çaydana transformasiya edilmiş mücrünün içərisində nəsə sirli bir şey “yaşayır”. Amma bunu yalnız ev sahibi Elmira xanım bilir. Mənim istəkli olduğumu görən Elmira xanım dedi ki:

- Əgər sənət əsəri ilə qarşılıqlı əlaqədə olan zaman daxilinizdə nəsə “tərpənirsə”, demək, siz sadəcə məlumatı “oxumamısınız”, əslində, yaradıcılıq məkanına daxil olmusunuz. Bu, sizin bununla bağlı şəxsi fantaziyanızın yaranmasına səbəb olub.

Digər tərəfdən xanımların üzünə baxan zaman belə bir hiss yaranırdı: sanki onların diqqətlə öyrənilməsi onların çox da xoşuna gəlmirdi. Onlar öz qadın gözəllikləri və geyimləri ilə heyranlıq sözləri “eşitməyi” daha çox bəyənirdilər. Quşlar isə tamamilə başqa məsələdir! Onlar xırda gözləri ilə mənə maraqla baxırdılar. Zərif başlarındakı taclar isə buna mane olmurdu. Əksinə! Bizim söhbətimizi daha maraqlı edirdi. Amma yenə də qarşısıalınmaz istək yarandı (uşaq illərindəki kimi): onlara əlimlə toxunmaq istəyirdim. Adama elə gəlirdi ki, ovucunuza bir neçə dən qoysanız, quşlar onları hədiyyə kimi, minnətdarlıqla qəbul edəcəklər.

- Bu qədər çox quşun olmasının səbəbi nədir?

- Onlar səmavi, uca hər şeyin təcəssümüdür...

- Bəs bu gözəl balıqlar dünyəvidir? Yoxsa dənizə aiddir?

- Metaforik ümumiləşdirmə Yer üzündəki hər şeyi nəzərdə tutur: suyun şırıltısını, ləpədöyənin səsini və küləyin əsməsini. Bir sözlə, Yer kürəsində həyatımızı təcəssüm etdirən hər şeyi.

- Niyə bütün əsərlərinizin, hətta balaca balqabaq və “dinməz” balığın belə, öz siması var? Daha dəqiq desək, bu, onların daxili aləmini əks etdirir?

- İnanıram ki, Yer üzündə yaşayan hər varlıq Dünyanın Ruhunun mikrozərrəcikləridir. Biz yalnız Əbədiyyətin bir anının təcəssümüyük. Biz, bizim həyatımız Zamanın xətti strukturunun bir anıdır: dünənin - bu günün - sabahın...

- Çexovun “Qağayı” pyesinin personajı Konstantin Treplev də belə iddia edirdi...

- Ondan qabaq sufilər, sufilərdən əvvəl isə Misir kahinləri... Biz insanlar, əslində, əsrlər boyudur ki, körpəlik çağındayıq...

- Müasir ezoteriklər hesab edirlər ki, pandemiya insanlara mənəvi davamlılığın sınağı üçün göndərilib. Siz bu fikri bölüşürsünüzmü?

- Bəli, üstəlik, bu haqda əlavə fikir də söyləyə bilərəm. Pandemiya təkcə insanlığın mənəvi bətnindəki gizli “xora”nı üzə çıxartmayıb, o, bir çoxları üçün yaradan yaradıcılığa yol açıb.

- Bəs rəssamlar pandemiya dönəmində necə “sağ qalır”? Sərgilər demək olar ki, yoxdur. Bəs müştərilər var?

- Çətindir. İncəsənət xadimlərinin tamaşaçılar ilə qarşılıqlı əlaqəyə ehtiyacı var. Rəssamın düşüncəsinin enerjisi tamaşaçılarda təcəssüm etməlidir.

- Bəs müştərilərlə vəziyyət necədir?

- Fərqli deyil.

- Nə mənada?

- Sərgi yoxdur – müştərilər də yoxdur. Fikrimcə, pandemiya dövründə təsviri və tətbiqi sənətdə gözəlliyi qiymətləndirənlərin sayı xeyli az olub.

- Bu, nə ilə bağlıdır?

- Hesab edirəm ki, estetik nöqteyi-nəzərdən istəklərin dəyişməsi ilə.

- Yəni?

- Yaxşı, özünüz düşünün: niyə bədii düşüncə ilə bağlı gözəlliyi deyil, qurmanlığı sevən insanların sayı daha da artır?

- Bu haqda düşünməmişəm. Yemək kultu? Masa arxasında söhbət etmək istəyi, çünki indi real həyatda ünsiyyət çox azalıb. Bunu sosial şəbəkələr əvəz edir?

- Bu da səbəblərdən biridir. Lakin hazırda tamaşaçılarla rəssamlar arasında birbaşa təmas ənənəsi zəifləyib. Sərgilər azalıb. Əlbəttə ki, bu, pisdir.

- Bəlkə, sizin yaratdığınız və Violettanın Səma ilə danışdığı telefon Bələdçi, əks əlaqə vasitəsi ola bilər?

- Violetta dünyanı mənəvi nöqteyi-nəzərdən daha da gözəlləşdirmək üçün oradan məlumat alır.

- Əgər Səma onların əvəzində hər şey edərsə, bəs insanlar nə edəcəklər?

- Telefon memardır. O, insana dünyanı olduğundan daha yaxşı etmək üçün nə etmək lazım olduğu barədə fikir verə bilər.

- Bəs insanın mənəvi başlanğıcını təcəssüm etdirən obyektin obrazının yaradılması üçün yeni ideya varmı?

- Bəli! Və bu, “Violonçel” adlı xanımdır!

- Niyə?

- Çünki mən onda çox güclü enerji titrəyişləri hiss edirəm. Bu enerji möcüzəli təmizləyici musiqi ilə dünyaya axır. Mən heç bir musiqi alətində bunu hiss edə bilmirəm. Yalnız skripkada hiss edirəm!

- Özünüz yaratdığınız və hər şeyə metaforik düşüncə enerjisinin hopduğu bədii məkanda necə yaşayırsınız?

- Gözəl yaşayıram. Bu bədii məkan məni qüssə və kədərdən, mənəvi iztirab və narahatlıqlardan xilas edir. Nəhayət, bura mental natamamlıqdan və emosional çətinliklərdən təmizləyir.

- Məzmun və mahiyyətinə görə bu məkan sakraldır?

- Düşünürəm ki, siz də bunu hiss etdiniz.

- Sizin yaradıcılığınızın pərəstişkarlarına və bizim jurnalın oxucularına nə arzulayardınız?

- Nikbin həyat tərzi sürməyi, həyatınıza və qəlbinizə neqativləri buraxmamağı. Nə düşüncə, nə də emosional nöqteyi-nəzərdən. Bu, insanın enerji titrəyişini azaldır, onu arxaya, yəni keçmişə atır. İnsan və insanlıq uğrunda mübarizədə ilk öncə Ruha üstünlük verilməlidir. Demək, üstünlük qəlbə, nikbinliyə və yaradıcılığa verilməlidir. Yalnız bu yolla köhnə dünyanın qalıqlarından bizə keçən neqativin öhdəsindən gələ bilərik...



MƏSLƏHƏT GÖR:

134