5 May 2024

Bazar, 23:03

DÜNYA DÜZƏNİ-2022

Hazırkı hərbi-siyasi böhran nüvə dövlətləri arasında toqquşmaya yol aça bilər

Müəllif:

01.06.2022

NATO-nun Ukrayna müharibəsi fonunda genişlənmə planı dünyada mövcud geosiyasi vəziyyətə təsir göstərən bir çox aspekt haqda düşünməyi zəruri edir. Onların arasında neytrallıq və qoşulmama prinsiplərinin gələcək taleyi, Şimali Atlantika Alyansının üzvləri arasında razılıq və ya əksinə, parçalanma, ABŞ-Çin qarşıdurması, həmçinin yaşananların iqtisadiyyata, iqlimə, dünya əhalisinin sağlamlığına necə təsir göstərəcəyi kimi məsələlər var.

 

Neytrallıq hələ də kimlərəsə lazımdırmı?

İsveçlə Finlandiya NATO-ya üzv olmaq üçün mayın 18-də rəsmi ərizə ilə müraciət ediblər. Bununla da, onlar uzun illərdir daşıdıqları neytral dövlət statusunu itiriblər. Əksər müşahidəçilər bu qərarın rəmzi tərəfinə xüsusi diqqət çəkirlər. Çünki bu Skandinaviya ölkələri üçün neytrallıq, hərbi bloklara qoşulmama ideyası xüsusi xarakter daşıyıb. Bu, onların milli “narrativ”lərində yer alır, xarici siyasətin baza prinsipi sayılır, üstəlik, əhalinin əksəriyyəti tərəfindən dəstəklənirdi.

Finlandiya ilə İsveçin NATO-ya qəbul ediləcəkləri halda beynəlxalq münasibətlər strukturunda kimin dövlətlərinin imkanları fərqli qiymətləndiriləcək. Aydındır ki, bu halda «stavka» bu və ya digər ittifaqlar çərçivəsində güc tətbiqinə ediləcək. Beləliklə, artıq neytrallıq nəinki təhlükəsizlik zəmanəti deyil, hətta belə çıxır ki, o, müəyyən təhlükələr yaradır. Məsələn, Finlandiya ilə bağlı kifayət qədər paradoksal vəziyyət yaranıb. Bir tərəfdən NATO-ya qəbul Helsinkiyə Moskvadan qorunmaq üçün təhlükəsizlik zəmanəti verir, digər yandan ölkə rəsmən Rusiyanın potensial düşmənləri cərgəsinə keçir. Rusiya ilə Finlandiyanın 1300 kilometrlik ümumi sərhədi var və bu, NATO-Rusiya sərhədinə çevrilə bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da dediyi kimi, Moskva NATO-nun Finlandiya və İsveç ərazilərindən necə istifadə edəcəyini izləyəcək və «özü üçün nəticələr çıxaracaq». Amma o da aydındır ki, yaranmış vəziyyətdə İsveçlə Finlandiyanın başqa yolu yoxdur. Bu, ən azı indiki an üçün belədir.

 

Sıraların sıxlığı

İlk baxışdan düşünmək olar ki, burada narahat olacaq, xüsusilə qorxacaq nə var ki? Bir müddət əvvəl «beyin ölümü» diaqnozu qoyulmuş NATO-da ciddi ruh yüksəkliyi yaşanır, o, görünməmiş güc və həmrəylik nümayiş etdirir. İndi Avropa ilə ABŞ Ukrayna-Rusiya müharibəsi fonunda daha da sıx birləşib. Belə bir vəziyyətdə NATO-nun genişlənməsi Alyansın daha sıx birləşməsi üçün imkandır və bu mənada, demək olar ki, bütün üzvlərin bu planı qəti şəkildə dəstəkləməsi təəccüblü deyil. Bu mənada yalnız Türkiyə istisnadır. NATO-nun köhnə üzvü, indiyədək bloka yeni üzvlərin qəbuluna bir dəfə də etiraz etməmiş Ankara İsveç və Finlandiyanın Alyansa qoşulması üçün bir sıra sərt tələblər irəli sürüb. Onların arasında PKK terror təşkilatına və onun Suriya qanadı olan PYD-yə hərbi dəstəyin dayandırılması da var. Bununla yanaşı, Ankara üzləşdiyi embarqo və sanksiyaların aradan qaldırılmasını da tələb edir. Burada söhbət o cümlədən, Amerikanın Türkiyəyə beşinci nəsil «F-35» qırıcılarının satışına qoyduğu qadağadan da gedir. Üstəlik, bütün bunlar Türkiyə ilə NATO arasındakı bir sıra ziddiyyətlər fonunda baş verir. Tərəflərin ən azı Suriya və Şərqi Aralıq dənizi regionu ilə bağlı mövqeləri bir-birindən fərqlənir.

Bu səbəbdən, Qərbdə bəzi ekspertlərin Türkiyənin NATO-dan uzaqlaşdırılması çağırışları ilə çıxış etməyə başlaması da təəccüblü deyil. Amma bu, praktik olaraq mümkünsüzdür, çünki hər hansı üzvün Alyansın sıralarından kənarlaşdırılması üçün formal mexanizm yoxdur. Bundan başqa, bir tərəfdən Türkiyənin, digər tərəfdən isə İsveçlə Finlandiyanın Şimali Atlantika Alyansı üçün çəkisini və faydasını müqayisə etsək, NATO, əlbəttə ki, Ankaranı seçəcək. Bunun bir çox səbəbi var. Birincisi, Türkiyə NATO-da ordusunun gücünə görə ikinci dövlətdir. İkincisi, ABŞ Türkiyə hərbi bazalarından istifadə edir. Üçüncüsü, Türkiyə Amerika üçün vacib silah alıcısıdır. Dördüncüsü, Qara dənizdəki dəniz qapılarına Ankara nəzarət edir. Beşincisi, Yaxın Şərqdən qeyri-leqal miqrant və qaçqın axınının əsas hissəsini Türkiyə qarşılayır. Altıncısı, son zamanlar Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada Türkiyənin geosiyasi rolu əhəmiyyətli dərəcədə yüksəlib.

Bundan başqa, Ankara Avropa, NATO və müsəlman dünyası arasında özünəməxsus körpü, həmçinin regionda vacib enerji və logistika habıdır. Üstəlik, o, Rusiyaya qarşı sanksiyaları dəstəkləməsə də, ümumilikdə Ukrayna məsələsində Qərblə həmrəydir. Nəhayət, ən əsası – Türkiyə NATO sıralarını tərk edərsə, Rusiya və Çinə tərəf meyillənə bilər. Bu qədər miqyaslı bir fonda Ankaranın tələblərlə çıxış etməsi çox doğru və uzaqgörən addımdır. NATO bütün üzv dövlətlərin təhlükəsizliyini təmin etməlidir və bu, tam ədalətli tələbdir. Türkiyə ilə heç bir göstəricisinə görə müqayisə edilə bilməyəcək Xorvatiya da eyni mövqedədir.

Bu yerdə ədalət naminə qeyd olunmalıdır ki, NATO-nun maliyyələşdirilməsində əsas yükü (söhbət milyardlarla dollardan gedir) öz çiyinlərinə götürmüş ABŞ-ın özündə də Alyansla məsafə saxlanılması, hətta blokun sıralarının tərk edilməsi ilə bağlı tələblər eşidilir. Amma bu, təbii ki, əsasən marjinal səslərdir. Çünki indiyədək dəfələrlə deyilib ki, NATO ABŞ üçün Avropa masası arxasında əyləşmək üçün yer və hətta əsas yerdir. Bu yer üçün ödəniş etmək isə «günah» deyil.

 

Qlobal təhlükəsizlik Çinin gözü ilə

Bütün bunlarla yanaşı, Ukraynada və onun ətrafında yaşananlara baxmayaraq, ABŞ-ın əsas düşməninin Çin olduğu dəfələrlə dilə gətirilib. Birləşmiş Ştatlar, Böyük Britaniya və Avstraliyanın yer aldığı AUKUS da məhz Çinə qarşı yaradılıb. Bu qurum Pekinlə mübarizəyə Avropa ilə Cənub-Şərqi Asiya ölkələrini də qoşmaq niyyətindədir. Bu işdə «tətik» rolunu isə Tayvan məsələsi oynaya bilər. ABŞ prezidenti Co Bayden bu yaxınlarda gerçəkləşdirdiyi Asiya turnesi zamanı Tokioda regional alyansların yaradılması məsələsini müzakirə edib. Eyni mövzu Seulda da müzakirə olunub. Bundan başqa, Bayden bildirib ki, Çin Tayvanı hədələməklə «odla oynayır». Onun sözlərinə görə, adaya hücum olarsa, ABŞ Silahlı Qüvvələri məsələyə müdaxilə edəcək.

Daha bir nümunəvi hadisə turne çərçivəsində Təhlükəsizlik üzrə dördtərəfli dialoqun (QUAD) sammitinin təşkilidir. ABŞ, Yaponiya, Avstraliya və Hindistanın yer aldığı qurumun sammiti zamanı Çinin XİN başçısı Van İ onu «Hind-Sakit okean NATO-su» adlandırıb.

Amerikanın Çin əleyhinə atdığı digər addımlar arasında regionda miqyaslı iqtisadi kooperasiya proqramının icrasına başlamasını göstərmək olar. Söhbət Hind-Sakit okean iqtisadi çiçəklənmə proqramından (IPEF) gedir (Avstraliya, Bruney, Hindistan, İndoneziya, Yaponiya, Koreya Respublikası, Malayziya, Yeni Zelandiya, Filippin, Sinqapur, Tailand, Vyetnam və ABŞ).

Pekin hələlik açıq qarşıdurmaya getməsə də, Ağ Evin ünvanına dəfələrlə sərt fikirlər səsləndirib. Məsələn, mayın 19-da Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Mərkəzi Komitənin xarici məsələlər komissiyası dəftərxanasının rəhbəri Yan Tszeçi ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sallivan arasında telefon danışığı olub. Tszeki bildirib ki, Vaşinqton Çinin daxili işlərinə qarışmağa cəhd göstərərsə, onlar suverenliklərini, təhlükəsizlik maraqlarını qorumaq üçün qəti addımlar atacaqlar. Bundan başqa, Çin dəfələrlə bəyan edib ki, o, «radikal dəyişikliklər dövrünü yaşayan beynəlxalq münasibətlərdə sabitlik yaratmaq istəyən dövlətlərin ittifaqı üçün birləşdirici mərkəz olmağa hazırdır». Bundan əvvəl – aprelin 21-də Çin sədri Si Cinpin illik Boao Asiya Forumunun açılışındakı çıxışında qlobal təhlükəsizlik sahəsində təşəbbüslə çıxış edib. Amerika bu təşəbbüsü dərhal Rusiya ilə əlaqələndirib və bildirib ki, Çin Kremlin tezislərini təkrarlayır.

Bütün bunların fonunda iyunun 29-30-da Şimali Atlantika Alyansının sammiti keçirililəcək. Sammitdə qurumun növbəti onillik üçün yeni strategiyası təsdiqlənməlidir. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass artıq ondan nələrin gözlənilə biləcəyini açıqlayıb: «Bizim diqqətimizi qlobal NATO-ya yönəltməyimiz vacibdir». Sənəddə Rusiya, güman ki, «birbaşa təhlükə» kimi göstəriləcək. Çinə də diqqətin ayrılacağına şübhə yoxdur.

 

Qlobal təhlükəsizlik NATO-nun gözü ilə

Bəs NATO-nun genişlənməsi, Çinin planları, Rusiya-Ukrayna qarşıdurması və bu sahədə hər hansı digər yeni təşəbbüslər beynəlxalq təhlükəsizliyə necə kömək edəcək? Yoxsa əksinə, bütün bunlar gərginliyi, eskalasiyanı daha da artıracaq, Rusiya ilə Qərb, Qərblə Çin arasında və s. parçalanmanı daha da dərinləşdirəcək? ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəhbəri, general Mark Milli Vest-Poynt hərbi akademiyasının məzunları qarşısındakı çıxışında dünyanın fövqəldövlətləri arasında münaqişə riskinin artdığını açıq şəkildə dilə gətirib. O, bildirib ki, Moskva ilə Pekin əhəmiyyətli hərbi potensiala malikdirlər və hazırkı beynəlxalq düzəni dəyişməyə çalışırlar. Maraqlıdır ki, Rusiya KİV-i Amerikanın Sovet İttifaqının qarşısının alınması və təcridi strategiyasının memarı sayılan Corc Kennanın sözlərini tez-tez yada salır. O, bildirirdi ki, SSRİ-nin dağılmasından sonra NATO-nun genişlənməsi «Vaşinqtonun «soyuq müharibə»dən sonrakı siyasətinin ən ciddi səhvi olardı». Başqa ekspertlərin, məsələn, Fransanın sabiq prezidenti Nikola Sarkozinin xüsusi məsləhətçisi olmuş Anri Quyanonun fikirləri də xatırlanır. O hesab edir ki, NATO-nun genişlənməsi, Avropa İttifaqı sərhədlərinin Rusiyaya yaxınlaşdırılması halında ABŞ ilə Avropa «ruslarda mühasirəyə düşmək hissi yaradacaq və bu, çoxsaylı müharibələrə yol açacaq». «Qərb inanır ki, Rusiya Ukraynada qələbə qazanarsa, onun hökmranlıq arzusu sərhəd tanımayacaq. Və əksinə, Rusiyada inanırlar ki, Qərb Ukraynanı öz yanına çəkə biləcəksə, bundan sonra Qərbin hökmranlıq iddialarının qarşısını almaq olmayacaq», - deyə Anri Quyano bildirir.

Ümumilikdə vəziyyət həqiqətən xoşagəlməz, hətta təhlükəlidir. NATO-nun 30 (+2) üzvünün Silahlı qüvvələrinin ümumi şəxsi heyəti Rusiya ordusunun şəxsi heyətindən, təxminən, 4 dəfə böyükdür. Onların tanklarının, təyyarələrinin, artilleriya qurğularının sayı da Rusiya ordusu ilə müqayisədə xeyli artıqdır. Kreml isə daha böyük taktiki nüvə silahı arsenalına malik olduğunu deyir və onlar Avropa sərhədləri yaxınlığında yer alır. Yəni bütün digər məsələləri arxa plana ataraq, yalnız bu iki məqama diqqət çəkmək kifayətdir. Vəziyyət ortadadır. 2022-ci ilin dünya düzəni və ya düzənsizliyi məhz bundan ibarətdir. Avropada və ümumilikdə dünyada tammiqyaslı hərbi-siyasi böhran yaşanır və bu, nüvə dövlətləri arasında toqquşmaya yol aça bilər. Belə bir vəziyyətdə qalibin kimliyindən asılı olmayaraq, dolayı qurban, təbii ki, dünya iqtisadiyyatı, ərzaq təhlükəsizliyi, qlobal səhiyyə və təhsil, iqlim və mədəniyyət olacaq…



MƏSLƏHƏT GÖR:

100