26 Aprel 2024

Cümə, 22:25

İŞIQSIZ TUNEL

Ukrayna müharibəsi dünyanın siyasi gündəminin əsas mövzusu olaraq qalır

Müəllif:

15.06.2022

Tərəflərin kompromisə getmək istəmədiyi şəraitdə davam edən Ukrayna müharibəsi az qala 4 aydır ki, beynəlxalq xəbərlərin əsas mövzusu olaraq qalır. Və təəssüf ki, vəziyyətin müsbətə doğru dəyişə biləcəyini göstərən əlamətlər də yoxdur. Yəqin ki, bu, Ukraynadan gələn xəbərlərin ən pisidir.

 

Yeni Mariupol?

Son həftələrdə döyüşlər daha çox Severodonetsk və Lisiçansk şəhərləri ətrafında gedir. Bununla yanaşı, Ukraynanın digər regionları, məsələn, Xarkov, Xerson və Zaporojye də aktiv atəş altındadır. Qeyd etmək lazımdır ki, Severodonetsk rayonunda hərbi əməliyyatlar Mariupol ssenarisi üzrə gedir. Burada şəhəri müdafiə edən ukraynalı hərbçilər regionun ən nəhəng kimya müəssisəsi olan «Azot»a toplaşıblar. O, bir sıra cəhətlərinə görə Mariupoldakı «Azovstal» zavodu ilə çox bənzərdir. Məlum olduğu kimi, ukraynalı hərbçilər bir neçə ay ərzində Mariupolun müdafiəsini məhz bu zavod ərazisindən təşkil edirdilər. O zaman zavoda hərbçilərlə yanaşı, minlərlə şəhər sakini də sığınmışdı. Ərazisi şəhər boyda olan «Azot»da isə onlarla sex və sənaye binası ilə yanaşı, xüsusi bomba sığnağı da var və dinc sakinlər məhz oraya sığınıblar. Mariupol kimi, Severodonetsk də mühasirə təhlükəsi ilə üz-üzədir. Belə olacağı təqdirdə, yüzlərlə ukraynalı hərbçi mühasirədə qalacaq.

Cəbhənin digər istiqamətlərində intensiv döyüşlər müşahidə olunmur. Buna baxmayaraq, hərbi və siyasi ekspertlər hesab edirlər ki, müharibə getdikcə daha uzunmüddətli xarakter alır. Lakin Rusiya ordusu aşkar hücum əməliyyatlarını yalnız Donbas istiqamətində həyata keçirir.

 

Hücum silahları yoxdur, lakin dözün

İyunun 8-də Avropa Parlamenti Ukraynaya Aİ-yə üzvlüyə namizəd statusunun verilməsinə dair qətnaməni dəstəkləyib. Avropa Parlamenti «Ukraynaya ölkə hökumətinin ehtiyac duyduğu silahların dərhal verilməsi» tövsiyəsi ilə də çıxış edib. Qurum hesab edir ki, bu, «Avropanın sülhün dəstəklənməsi aləti və koordinasiya mərkəzindən istifadə etməklə həyata keçirilməli, həmçinin Aİ öklələri ilə Ukrayna arasındakı ikitərəfli razılaşmalar əsas götürülməlidir».

İndi Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı rəyi iyunda təqdim etməyi düşünür. Kiyevə namizədlik statusunun verilib-verilməyəcəyi onun əsasında həll ediləcək.

Aydındır ki, hərbi əməliyyatların davam etməsi və onun fəsadlarının miqyasının artması ilə Ukraynanın Avropa İttifaqına inteqrasiyası istiqamətində qəti addımların atılması yalnız Kiyev üçün deyil, həm də Aİ üçün daha vacib xarakter alır. Lakin Aİ-nin aparıcı dövlətlərində Kiyevə «asan üzvlük» imkanının yaradılmasını hələ də məqsədəuyğun saymasalar da, qurumun rəhbərliyi Ukraynanı «itələməməyə» çalışır. Brüsseldə istəmirlər ki, Kiyev onların əməlləri ilə bağlı sərt ritorikadan istifadə etsin.

İyunun 9-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynanın bərpasının maliyyələşdirilməsi təşəbbüsü ilə bağlı anons verib. «Biz Ukraynanı bərpa etməyə başlayacağıq. Bu, yalnız Avropanın maraqları məsələsi deyil. Bu, həm də bizim mənəvi borcumuzdur – bərpaya ciddi töhfələr verməliyik. Bu işə bütün maliyyə institutları dəstək olmalıdır. Bu haqda Zelenski ilə də danışmışam. Maliyyələşdirmə ilə bağlı təşəbbüslər, Ukrayna üçün Marşal planı olacaq», - deyə KİV-in məlumatına görə, o, qeyd edib.

Ukrayna isə öz növbəsində, vəziyyətdən istifadə edərək, siyasi tələblərini daha aktiv şəkildə irəli sürməyə çalışır, bu mənada yaranmış vəziyyətin xüsusiyyətinə arxalanır. İndi Kiyev yalnız Vİ-yə inteqrasiyası ilə bağlı konkret addımlar yox, həm də miqyaslı hərbi tədarüklər gözləyir.

Elə həmin gün – iyunun 9-da Ukraynanın Prezident Ofisi rəhbərinin məsləhətçisi Aleksey Arestoviç Qərbi Kiyevə vəd olunan silah tədarükünü ləngitməkdə təqsirləndirib. O, Amerikanın Almaniyadakı Ramştayn bazasındakı «böyük görüş»dən sonra ciddi heç nəyin baş vermədiyini bildirib.

«Ötən görüşlərin 40-dan artıq iştirakçısı olub. Soruşmaq istəyirəm: cənab nazirlər, nəticə hanı? Ukraynaya sənaye miqyasında sistemli silah verilməsi vədi necə oldu? Ukraynaya dəstək, döyüş meydanında Rusiyanın darmadağın ediləcəyi ilə bağlı bəyanatların nəticəsi hanı?» - deyə Arestoviç hiddətlə bildirib.

Belə bir vəziyyətdə Brüsselin Ukraynaya yardım fondu ilə bağlı bəyanatı Kiyevi sakitləşdirməkdən çox qıcıqlandırır. Ukrayna rəsmilərinin sözlərindən məlum olur ki, onun təcili şəkildə silaha ehtiyacı var: vəziyyət elə həddə çata bilər ki, artıq bərpa etməyə də heç nə qalmaz.

Bəzi ekspertlər isə hesab edir ki, ukraynalı hərbçilər Qərbdən kifayət qədər silah alır və hətta onlar aldıqları silahlardan istifadə qaydalarını öyrənməyi çatdıra bilmirlər. Son zamanlar Qərb Ukraynaya daha müasir və ağır silah növlərinin verildiyini bildirir. Onlardan istifadə isə ciddi hazırlıq tələb edir. Söhbət o cümlədən «HIMARS» və «M270» reaktiv yaylım atəşi sistemlərindən gedir.

Ekspertlərin fikrincə, ukraynalı hərbçiləri çoxu əldə etdikləri silahlardan istifadəni müstəqil şəkildə, o cümlədən internetdəki videodərslərdən istifadə etməklə öyrənir. Amma bu halda hər şeyi ən yüksək səviyyədə yörənmək mümkün deyil. Bu, xüsusilə zenit raketlərinə, artilleriya və texnikaya aiddir. Odur ki, hərbçilər üçün ciddi təlim kurslarının təşkili vacibdir. Belə təlimlər təşkil olunursa belə, onların sayı kifayət qədər deyil.

 

Dost dar gündə tanınar

Bununla yanaşı, prezident Zelenskinin köməkçisinin qəzəb dolu bəyanatından bir gün sonra Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə yollanıb. O, Ukrayna paytaxtına bu günlərdə Britaniya parlamentində Mühafizəkarlar Partiyası deputatları tərəfindən etimadsızlıq elanından son anda qurtula bilmiş baş nazir Boris Consonun tapşırığı ilə səfər edib. Bunu Londonun üzləşdiyi çətin geosiyasi vəziyyətdə mühafizəkarların baş naziri dəyişmək istəməməsi ilə əlaqələndirmək olar. Çünki o, sərt siyasi kurs yürüdür və bu, mühafizəkarları qane edir. Obrazlı ifadə etsək, «Consonu Ukrayna xilas edib».

Zelenski britaniyalı nazirlə görüşdə onun ölkəsini təsadüfə «Ukraynanın əsl dostu» adlandırmayıb. Bu dostluq özünü müharibənin başlamasından sonra daha aydın göstərir. «Müharibə kimlərin bizim yalnız strateji deyil, həm də əsl dostumuz, tərəfdaşımız olduğunu ortaya çıxarıb. Belə dostlardan biri Böyük Britaniyadır», - deyə Zelenski qeyd edib.

Yeri gəlmişkən, NATO-nun Qərbi Avropadan olan 9 ölkəsini də Ukraynanın əsl dostları və tərəfdaşları cərgəsinə aid etmək olar. İyunun 10-da Buxarestdə bir araya gəlmiş bu dövlətlər vahid mövqedən çıxış ediblər: NATO-nun iyunun sonunda Madriddə keçiriləcək sammitində təsdiqlənməli olan yeni strateji konsepsiyasında Rusiya açıq şəkildə düşmən adlandırılacaq.

Bu 9 dövlət İsveç və Finlandiyanın NATO-ya üzvlük qərarını da alqışlayır, həmçinin Şimali Atlantika Alyansının şərq cinahında hərbi qrupları gücləndirməli olduğunu bildirirlər. Bu yanaşma yalnız Londonun deyil, Vaşinqtonun da xoşuna gəlir – onlar NATO institutlarının gücləndirilməli olduğunu düşünür və Avropa Ordusunun yaradılması perspektivinə skeptik yanaşırlar. Məlum olduğu kimi, belə ordunun yaradılmasının əsas tərəfdarları Parislə Berlindir.

 

Çörək olacaqmı?

Bu arada, iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib. Səfər çərçivəsində müzakirə edilən əsas məsələlərdən biri Ukrayna taxılının dünya bazarlarına ixracı imkanları olub. Lakin Ukrayna KİV Türkiyənin Rusiya ilə bu məsələni müzakirə etməsinə sərt reaksiya verib. Bu müzakirələrdən bir neçə gün əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirmişdi ki, Rusiya «Ukrayna taxılını oğurlayır, avtonəqliyyat vasitələri ilə Sevastopola daşıyır, oradan isə gəmilərlə Rusiya limanlarına apararaq saxta sənədlərlə Rusiya taxılı adı ilə satılır». Səfirin sözlərinə görə, bu yüklər Türkiyə limanlarına Sevastopol və ya Xerson sənədləri ilə daxil olsaydı, limanlar onları qəbul etməyəcəkdi, amma məhsullar guya Krasnodar və ya Novorossiyskdən daşındığı üçün Türkiyənin dövlət orqanları pozuntu qeydə almır. Səfir deyib ki, onda olan bu faktlar araşdırılması üçün Türkiyə tərəfinə təqdim olunub.

Ukrayna tərəfinin bu demarşı Türkiyə ilə Rusiya arasında sözügedən məsələ ilə bağlı yekun razılaşmanın əldə olunmasına əngəl yarada bilər. Hər halda görünən odur ki, Ukrayna mümkün razılaşmanın qarşısını almağa çalışır.

Ukraynada davam edən müharibə dünyanın daha yoxsul, ərzaq təhlükəsizliyi ilə bağlı onsuz da çətinliklər yaşayan ölkələrinə getdikcə daha ciddi təsir göstərir. Seneqal prezidenti və Afrika Şurasının sədri Maki Sal iyunun 3-də məhz bu səbəbdən Moskvaya yollanıb. Sal Rusiya paytaxtında prezident Vladimir Putin ilə danışıqlar aparıb. Səfər zamanı müzakirə edilən əsas mövzulardan biri, bəlkə də, birincisi müharibənin qlobal tədarük zəncirinə təsiridir. Məlum olduğu kimi, Ukrayna münaqişəsi dünyada ərzaq və yanacağın bahalaşmasına səbəb olur. Bundan ən çox əziyyəti isə Afrika qitəsinin yoxsul ölkələri çəkir. Münaqişələrlə yanaşı, iqlim dəyişikliyi və COVID-19 pandemiyasının nəticələrindən də əziyyət çəkən Afrika ölkələri hazırda bu zərbələrdən özlərinə gəlməyə çalışırlar. Ukraynadakı müharibə isə onlara əlavə çətinliklər yaradır, bu ölkələrin getdikcə artan sosial-iqtisadi problemlərinin öhdəsindən gəlməsini daha da çətinləşdirir. Görünməmiş quraqlıqla qarşı-qarşıya qalmış Seneqal prezidenti üçün Rusiya və Ukraynadan taxıl tədarükünün nə vaxt bərpa olunacağı haqda suala cavab almaq vacibdir. Ümumiyyətlə, buna ümid etmək olarmı?

Bu problemin həllində vasitəçilik etməyə çalışan Ankara uğur qazanılacağına ümidlidir. Çünki Afrikada böyük aclıq perspektivi kütləvi miqrasiyaya da səbəb olacaq, bu miqrantların üz tutacağı ölkələrdən biri isə Türkiyə özü ola bilər.

Belə kritik vəziyyətdə əsas nəticədir. Ona kimin və necə nail olduğu az əhəmiyyət daşıyır. Çünki müharibə davam edir və tunelin sonunda işıq hələ də görünmür…



MƏSLƏHƏT GÖR:

110