7 May 2024

Çərşənbə axşamı, 02:33

ƏBƏDİYYƏT SSAMI

Çingiz ABBASOV: “Harada olsam da, hər zaman Azərbaycan üçün darıxıram! Bütün bunlar mənim üçün doğmadır! Hamısı mənim bir parçamdır”

Müəllif:

01.07.2022

 

Təsviri incəsənətin reprezentativ istiqamətinin nümayəndəsi, Azərbaycan rəssamı Çingiz Abbasov sərbəst, ekspressiv üslubu, Azərbaycan rəssamlıq məktəbinin parlaq, rəngarəng yanaşması və Qərb realizmi ənənələrinin özünəməxsus vəhdəti ilə tanınır. 1990-cı illərdən Abbasov əsərlərini fərdi və qrup sərgilərində nümayiş etdirir. Məsələn, Finlandiya, ABŞ, Azərbaycan, İtaliya kimi ölkələri nümunə göstərmək olar. Rəssam Qəbələ Beynəlxalq İncəsənət Sərgisi, Nyu-Yorkdakı “ArtExpo”, Florensiya Biennalesi, həmçinin Kaliforniyadakı “Laquna Biç” qalereyası ilə əməkdaşlıq edir.

Bundan başqa, Çingiz Abbasov özəl və dövlət sifarişlərinin də müəllifidir. Onun rəsmləri dünyanın bir çox kolleksiyalarındadır. Buraya Finlandiya prezidentinin şəxsi qalereyası və bu ölkədəki Reynhold Vürt muzey kolleksiyası daxildir.

Hazırda o, Bakıda keçiriləcək şəxsi sərgiyə hazırlaşır. Burada onun “30 il və 44 gün” adlı əsas rəsm əsərlərindən biri nümayiş olunacaq. Bu əsər rəssamın köklərinin gedib çıxdığı Qarabağa həsr olunub.

Çingiz Abbasov multikultural və dünya incəsənətinə həvəsinin olmasına baxmayaraq, onun əsərləri milli mədəniyyətlə qırılmaz əlaqələrini nümayiş etdirir.

 

- Bu həyatda gördüyümüz və yaşadığımız hər şey qavrayışımızda və təfəkkürümüzdə, daha sonra isə gördüyümüz işdə əks olunur. Yaradıcılığınızda müxtəlif mədəniyyətlərin qarışığını hiss edirsiniz?

-  İstənilən rəssamın yaradıcılığına onu əhatə edən dünya təsir edir. Bu mənada mən də istisna deyiləm. Ötən əsrlərin zəngin mədəni irsini, Avropa və ABŞ-ın müasir incəsənətini mənimsəyərək, bu gün də yaradıcılığımda istifadə etdiyim geniş texniki imkanlar arsenalını əldə etdim. Həyatımın böyük hissəsini planetimizin ən gözəl yerlərinin mədəniyyətini və ab-havasını öyrənməyə həsr etmişəm. Məsələn, sözün əsl mənasında Florensiyanın hər santimetrini gəzmişəm. Buranın – İntibah dövrünün mərkəzi şəhərindəki bütün məşhur əsərləri öyrəndim. Nyu-York (Metropoliten), Avstriya, Almaniya və bir çox başqa ölkə və şəhərlər də mənim maraq dairəmdə olub.

- Siz Finlandiya ilə ABŞ arasında yaşayırsınız. Müsahibələrinizə əsasən söyləyə bilərik ki, bu, sevgiliniz və daha sonra gələcək həyat yoldaşınızın finlandiyalı olması və ABŞ-da işləməsi ilə əlaqədardır. Bəs yaradıcılıq və fərdi uyğunlaşma dövründə hansı çətinliklərlə qarşılaşdınız?

- Ailə həyatı qurandan sonra Kaliforniyaya köçdük. Təbii ki, yaradıcılıqla məşğul olmaq və əsərlərimi qalereyalarda nümayiş etdirmək istəyirdim. Bəxtim gətirdi və “Laquna Biç”də qalereya tapdım. Ümumiyyətlə, bu şəhər çoxlu sayda rəsm qalereyası ilə tanınır. Xoşbəxtlikdən, əsərlərim buradakı insanların marağını cəlb etdi və mən sərgilər keçirməyə başladım. Ən yaddaqalan şəxsi sərgilərdən biri isə “Əkizlər” ekspozisiyası idi. Bu rəsm əsərləri yeni doğulmuş əkizlərimə - Sara və Emilə həsr olunmuşdu. Təəssüf ki, məktəbdə ingilis dili dərsləri ilə çox məşğul olmamışam. Buna görə də ABŞ-da qarşılaşdığım çətinliklərdən biri dil baryeri idi. Amma tez bir zamanda bunun öhdəsindən gələ bildim. Ümumiyyətlə, ABŞ həyatına uyğunlaşma asan idi. Bu mənada ortaq dil tapmağın asan olduğu amerikalıların açıqlığı və mehribanlığı kömək edib. Mən “Green Card” – ABŞ-da daimi yaşamaq hüququ aldım. Qeyd edim ki, incəsənət sahəsi ilə məşğul olan insanlara verilən “Green Card” əldə etdim.

Daha sonra ailəvi səbəblərdən dolayı köçdüyümz Finlandiyaya gəlincə, burada hər şey bir az fərqli idi. Amerikalılardan fərqli olaraq, finlər təbiətcə introvertdirlər. Amma onlarla isti münasibətlər qurduqdan sonra finlər uzun illər ərzində əsl dost olurlar. Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasını bitirdikdən dərhal sonra Finlandiyada keçirdiyim ilk sərgi uğurlu olub. Lakin bunu bu ölkədəki yaradıcılıq həyatım barədə söyləmək olmaz. Burada çox sayda qalereya gəzdim, amma hamısı eyni sözü deyirdilər: “Rəsmlər yaxşıdır, lakin biz yalnız fin rəssamlarla işləyirik”. Fin dilində danışmağıma baxmayaraq, Finlandiya incəsənətinin qapalı dünyasına girmək olduqca çətin idi.

-  Amma qaranlıq tunelin sonunda hər zaman işıq olur...

-  Tunelin sonundakı bu işıq mənim işlərimlə maraqlanan, insəcənət əsərlərinin alqı-satqısı ilə məşğul olan bir qadın idi. Bir müddət sonra bu qadının rəsmlərimi uğurla satdığını öyrəndikdən sonra rəsm əsərlərinin alqı-satqısı ilə məşğul olan digər şəxslər və qalereya nümayəndələri mənimlə əlaqə saxlamağa başladılar. Finlandiyada indiyədək mənim yüzlərlə əsərim əldə olunub. Bu, müəyyən mənada məşhur olmağıma yardım göstərib. Mən Finlandiyada yaşayan yeganə azərbaycanlı idim ki, Finlandiya dövlət başçısı Tarya Halonenin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şərəfinə verdiyi şam yeməyinə dəvət olunmuşdum.

- Məlum olduğu kimi, rəsm əsərləriniz Finlandiya rəhbərinin şəxsi qalereyası və Reynhold Vürt muzey kolleksiyasında var. Bəs sizin izləyiciləriniz kimlərdir?

- Mən Milli Hokkey Liqasının əfsanəvi oyunçusu Teemu Selyannenin, Finladiya Mərkəzi Bankının rəhbərlərinin, Azərbaycanın məşhur şəxslərinin portretlərini çəkmişəm. Qeyd etdiyim ki, Finlandiyada çoxlu sayda rəsm əsərlərim satılıb. Bundan başqa, ABŞ və Avropa ölkələrində də çoxlu sayda işlərim əldə olunur. Kaliforniya, Finlandiya, İsveçdəki qalereyalarla işləmişəm. Florensiya Biennalesində, Nyu-Yorkdakı “ArtExpo” da iştirak etmişəm. Hazırda Finlandiyada yaşayıram və silsilə rəsm əsərləri hazırlayıram. Bu işlərimin təqdimat mərasimi Avropa ölkələrindən birində keçiriləcək. Açığı, incəsənətlə məşğul olarkən əsərimin mütləq sərgilənəcəyi və ya satılacağı haqqında düşünmürəm. Mən rəssamam. Vəzifəm rəsmlər vasitəsilə hisslərimi, düşüncələrimi və əhvali-ruhiyyəmi çatdırmaqdır. Mənim izləyicim kimdir? Həm uzun müddət qabaq, həm də bu yaxınlarda əsərlərimi əldə edən insanlar mənə məktublar göndərirlər. Buraya təqaüdçülər, gənc cütlüklər və ölkənin müxtəlif sosial təbəqələrindən olan insanlar daxildir. Onların hər birini incəsənətə olan sevgiləri birləşdirir.

- “XXI əsrin Madonnası” rəsmi kimi, bir sıra əsərlərində qadın obrazı təsvir olunub. Bu günün Madonnasını təsvir edin. O necədir? Bu qadın gözəllik rəmzidir, yoxsa başqa qeyri-adi keyfiyyətlərə malikdir?

-  Haqlısınız. Bir çox əsərlərimdə əsas mövzu qadın obrazıdır. Mənim anlayışıma görə, övladını sevən və onun üçün hər şeyə hazır olan istənilən ana Madonnadır. Gözəllik anlayışına və onun qavranılmasına gəlincə, yəqin ki, bu, hər kəs üçün fərdi məsələdir.

- Rəsmləriniz izləyicidə müəyyən hisslər oyadan parlaq rəngləri ilə seçilir. Sizə daha yaxın olan nədir? Müsbət, yoxsa mənfi emosiyaların ötürülməsi?

- Rəssamın rəng vasitəsilə dünyanı qavraması və bunu kətana köçürməsi şüuraltı səviyyədə müxtəlif hisslər nəticəsində baş verir. Bunu sözlə ifadə etmək çox çətindir. Amma izləyiciyə məhz bu hiss ötürülür. Rəsmi başa düşmək lazım deyil. O, hisslər səviyyəsində qavranılır. Buna görə də bir sıra əsərlərimdə niyə qırmızı və ya başqa rəngin üstünlük təşkil etdiyini izah etmək mənim üçün çətindir. Əvvəllər Sankt-Peterburqda tələbə olarkən bənövşəyi rəngin üstünlük təşkil etdiyi palitraya üstünlük verirdim. Rəssam öz əsərini yaradaraq ona öz enerjisini qoyur. Bu da mütləq şəkildə izləyiciyə ötürülür. Əslində, işimə sərf etdiyim enerji rəsmdəki obyektə olan sevgidir. İzləyiciyə də çatdırmaq istədiyim məhz budur. Buna görə də rəsmlərin müsbət emosiyalar doğurduğunu söyləyə bilərəm.

- Ayrılmaq istəmədiyiniz əsərlər varmı?

- Ayrılmadığım, bu və ya digər səbəblərə görə mənim üçün əziz olan əsərlərim var. Ümumiyyətlə, rəsmlərimi nümayiş etdirəndə və insanların onları bəyəndiyini görəndə razı qalıram, çünki bu zaman mən emosiyalar, sevgi oyadıram.

- Təhsil aldığınız Əzim Əzimzadə adına İncəsənət Kolleci və A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət İncəsənət-Sənaye Akademiyası yaradıcılığınızın inkişafında xüsusi rol oynayıb...

- Demək olar ki, bütün Azərbaycan rəssamları Əzim Əzimzadə məktəbindən keçiblər. Mən də onların arasındayam. Bu kollecdə rəssamlıq, rəngkarlıq və kompozisiya ilə bağlı yaxşı fundamental biliklərə sahib oldum. A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət İncəsənət-Sənaye Akademiyasına gəlincə, burada monumental rəssamlıqla bağlı təhsil alaraq, biliklərimi tamamilə yeni səviyyəyə çatdırdım. Bu, həm rəssamlığın fundamental fənlərinə, həm də rəngkarlıq və kompozisiyaya və onların monumental incəsənət dilinə çevrilməsinə aiddir.

- Bəs hansı yaradıcılıq istiqamətini seçmisiniz?

- Mənim yaradıcılığımı incəsənətin reprezentativ istiqamətinə və ya fiqurativ incəsənətə aid etmək olar. Bu istiqamətin spektri çox genişdir – klassiklikdən tutmuş müasir modernliyə qədər. Lakin o, real, tanınan obyektlərin təkrar yaradılmasına əsaslanır. Mənim üçün reallığın təsviri yalnız başlanğıc nöqtəsidir. Bunun vasitəsilə hisslərimi və emosiyalarımı ifadə edirəm. Qarşıya qoyulan məqsədlərdən asılı olaraq reallığın təfsiri akademik klassiklikdən tutmuş eksperimental yeniliklərə qədər dəyişə bilər.

- ABŞ Konqres Kitabxanasında da olan “Magnificent Baku” adlı kitabınızdan bəhs edərdiniz.

- Mənim doğma Bakıma həsr olunmuş işin yaradılması ideyası çoxdan yetişmişdi. Bu kitabın mahiyyəti İçərişəhərin tarixi mərkəzi hissəsi ilə bağlı idi. Daha sonra şəhərin müasir görkəminə keçdim və doğma diyarımızın bütün rəngarəngliyini göstərdim. Bu kitabın ön sözünü iki alimimiz yazıb: Vatikan Kitabxanasında tarix üzrə araşdırma aparan dünyada nadir alimlərdən biri olan mərhum Fərid Ələkbərli və Kembric Universitetində sosiologiya elmləri doktoru olan Murad İsmayılov. Fikrimcə, təkcə bu ön sözü Bakı haqqında təsəvvür yaratmaq üçün kifayət idi. Kitab albom şəklində çap olunub. Burada mənim rəsmlərim var. Məqsəd amerikalıları incəsənət vasitəsilə şəhərim və ölkəmlə tanış etməkdir. Kitab ABŞ Konqres Kitabxanası ilə yanaşı, İngiltərədəki Kembric Kitabxanasında, Azərbaycanın ABŞ-dakı Səfirliyində və konsulluğunda da var. Üstəlik, yüzlərlə amerikalı bu kitabı əldə edib. Azərbaycanda isə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və ADA Universitetinin kitabxanasında bu kitabla tanış olmaq olar.

- Bu işin uğurlu olması onun davamını tələb edir...

- Əvvəlcə Azərbaycanın hər bir bölgəsi ilə bağlı məlumatları özündə əks etdirən kitablar nəşr etmək, sonra onları Avropa və ABŞ-ın tanınmış kitab şəbəkələrində sərgiləmək fikrim var idi. Mən artıq Şəmkir və Gədəbəyin heyrətamiz mənzərələri, tarixi abidələri ilə bağlı materiallar toplamışam. Qarabağla bağlı da belə silsilə materiallar hazırlamaq istəyirəm. Əlbəttə ki, bu, vaxt tələb edir. Üstəlik, diqqəti yalnız bu layihəyə yönəltmək lazım olur. Bu ideyanın gələcəkdə reallaşacağına ümid edirəm.

- Şəhərimizi təsvir edəndə elə olurmu ki, onun xarici görünüşü ilə bağlı memarlıq konstruksiyasında hansısa detalı əlavə etmək və ya əksinə çıxarmaq fikrinə düşürsünüz?  

- Mən öz şəhərimi olduğu kimi sevirəm: qədim və dinamik inkişaf edən. Əlbəttə ki, istərdim ki, Bakı sovet dövründən qalma memarlıq baxımından simasız tikililərdən qurtulsun. Belə binalar sözün bütün mənalarında köhnəlib. Bakı barədə silsilə rəsmlər çəkən zaman məni hər şey maraqlandırırdı: şəhərin ümumi görünüşündən tutmuş binaların memarlıq detallarına qədər. Məqsəd şəhərin hazırkı vəziyyətini, onun əhvali-ruhiyyəsini rəng vasitəsilə çatdırmaq idi: istər gündüz, istərsə də axşam və ya gecə.

- Uşaqlığınız şəhərin hansı hissəsində keçib? Həyatınızın bu dövrünü necə xatırlayırsınız?

- Ömrümün ilk illəri İçərişəhərdə, ulu babama məxsus evdə keçib. Daha sonra şəhərin yuxarı hissəsinə köçdük, orada valideynlərimə mənzil vermişdilər. Valideynlərim Politexnik İnstitutunda müəllim idilər. Uşaqlıq illərim qayğısız və xoşbəxt olub: valideynlərim, babam, nənəm, qardaşlarım, çoxsaylı qohumlarım, həyətdəki, məktəbdəki dostlarım, sevimli müəllimlərim, dəniz, günəş, bağ evi, Novruz bayramı, Yeni il, doğma şəhərim və sevimli məşğuliyyətim olan rəsssamlıq... Uşaqlıq illərimlə bağlı bir sıra xatirələrim belədir...

- Sizin incəsənətlə bağlı ilk xatirəniz nədir? Uşaq olarkən incənətdə sizi nə heyran etmişdi?

- Yadımdadır, uşaq vaxtı Bakıdakı İncəsənət Muzeyində köhnə rəsm əsəri görmüşdüm. Bu, qladiatorların olduğu bir səhnə idi. Amma onu kimin çəkdiyini xatırlamıram. Yəqin ki, onu hələ də muzeydə görə bilərsiniz. Rəsmin böyük ölçüsü məni heyran etmişdi. İnsan və heyvan fiqurları: hər şey çox real və canlı idi. Bu rəsm mənim incəsənətlə ilk tanışlığım idi.

- Bakıda keçiriləcək sərginiz barədə danışardınız...

- Son bir neçə il vaxtımın çoxunu Bakıda keçirirdim. Burada rəsmlər, portretlər çəkirdim, heykəltəraşlıq barelyefinin dizaynı ilə məşğul olurdum. İkinci Qarabağ müharibəsi zamanı da Azərbaycanda idim. Bu müharibənin hər dəqiqəsi, hər saniyəsi bütün Azərbaycan xalqında olduğu kimi, mənim də ürəyimdən süzülüb keçirdi: Ordumuzun irəliləməsinin sevinci, bizim oğlanlarımızın həyatlarını itirməsi ilə bağlı kədər ilə.

Mənim babamın kökləri Şuşaya gedib çıxır. Təəssüf ki, atam qələbimizi görə bilmədi. Anam bu qələbini gördü. Anam atasının Cəbrayıl rayonunun Daşkəsən kəndini və öz şəhəri olan Şuşanın azad edilməsi barədə xəbəri eşitdi. Amma o, noyabrın 14-də - Qələbəmizdən bir neçə gün sonra dünyasını dəyişdi.

Beləliklə, Birinci Qarabağ müharibəsindən başlayaraq, qazanılan Qələbə ilə bitən Qarabağ tarixinə həsr olunmuş irihəcmli monumental rəsmdə ifadə edə bilmədiyim bütün hisslərimi, sözlərimi göstərmək qərarına gəldim. Sevimli anamın itkisini, həyatını itirən oğlanlarımızın acısını, xalqımızın, Ali Baş Komandanımızla bağlı qürur hissini məhz kətanda əks etdirmək istədim.

Avqustun 8-də Şüvəlandakı emalatxanamda uzunluğu 10 metr, hündürlüyü 4 metr olan nəhəng kətanda rəsm əsəri çəkməyə başladım. Onu “30 il və 44 gün” adlandırdım. Rəsmdə 80 fiqur var. Bunların 22-si portretdir. Mən bu rəsmi xalqımıza göstərmək istəyirəm. Təbii ki, belə böyük miqyasda rəsm üçün müvafiq məkan olmalıdır, çünki o, heç bir qalereyaya yerləşə bilməz. Əminəm ki, bu rəsm öz layiqli yerini tapacaq. Onu minlərlə insan görəcək. Bundan başqa, bu rəsmlə bağlı videoçarx hazırlamışam. Onun “Abbasov art” adlı “Youtube” kanalıma yerləşdirmişəm. Bu video böyük marağa səbəb olub.

- Vətən haqqında düşünən zaman daha çox nə ilə bağlı həsrət çəkirsiniz?

- Harada olmağımdan asılı olmayaraq, hər zaman Azərbaycan üçün darıxıram! Yaxınlarım, dostlarım, insanlarımız, danışığımız, radiodakı muğam, ləzzətli yeməklərimiz, iylər və səslər üçün darıxıram. Bütün bunlar mənim üçün doğmadır! Hamısı mənim bir parçamdır!

 

 



MƏSLƏHƏT GÖR:

141