8 May 2024

Çərşənbə, 19:00

İSTİRAHƏTLƏ MÜALİCƏ

Azərbaycanda sağlamlıq turizminin potensialı böyükdür, lakin ondan istifadə etmək üçün müasir yanaşma lazımdır

Müəllif:

01.07.2022

Azərbaycana turist axınının səviyyəsi pandemiyadan sonra sürətlə bərpa olur. Belə ki, pandemiyanın başa çatması, ölkəyə girişə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və uçuşların açılması ilin sonunda turizm sektorunda gəlirlərin əhəmiyyətli dərəcədə artacağına ümid etməyə imkan verir.

Amma təkcə Azərbaycanda deyil, hətta dünyanın bir çox məşhur turizm istiqamətlərində əsas çatışmazlıq mövsümilikdir. Bu, çox narahatedici məqamdır, çünki bəzən mövsümdənkənar boş qalan hotel və koteclərin saxlanması üçün lazım olan xərclər onların yayda əldə etdiyi bütün qazancdan az olmur. Buna görə də dünyada il boyu qonaqlar qəbul etməyə imkan verən rekreasiya zonalarının - sağlamlıq (tibb) turizminin yaradılmasına getdikcə daha çox diqqət yetirilir.

Yeri gəlmişkən, Azərbaycanda turizmin bu istiqaməti qədim zamanlardan bəri mövcuddur. Məsələn, XX əsrdə minlərlə insan sanatoriya-kurort müalicəsi və reabilitasiya üçün ölkəmizə səfər edirdi. Lakin sonrakı illərdə bir sıra turizm obyektləri yararsız vəziyyətə düşüb. Buna görə də hazırda bu sahənin nəhəng potensialının yalnız kiçik bir hissəsindən istifadə olunur. 

Bu arada, Bakıda keçirilən 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisində bildirilib ki, Azərbaycanda sağlamlıq turizmini yenidən populyarlaşdırmaq üçün geniş imkanlar var.

 

Bərpa və sağlamlıq

İyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının və eyniadlı mineral su zavodunun təməlqoyma mərasimi keçirilib.

Prezidentin İşlər müdiri Ramin Quluzadə məlumat verib ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Bundan başqa, kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

Diqqətə çatdırılıb ki, Kəlbəcərdə “İstisu” bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılsa da, o, işğal illərində dağıdılıb. Sanatoriya tam bərpa olunacaq və onun əvvəlki şöhrəti qaytarılacaq.

“Bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki “İstisu” sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev sanatoriyanın təməlqoyma mərasimində bildirib.

Qeyd edək ki, Qarabağ qədim zamanlardan bəri müalicə turizminin ən populyar istiqamətlərindən biri olub. Qonşu ölkələrdən insanlar şəfalı su içmək, inanılmaz təmiz havanı udmaq və şəfaverici otlarla müalicə almaq üçün karvanlarla buraya gəlirdilər.

XX əsrdə isə Qarabağda bir neçə kurort zonası uğurla fəaliyyət göstərirdi. “İstisu” isə ən məşhur kurort zonalarından biri idi. Sovet dövründə buraya ildə 50 mindən çox insan səfər edərmiş. Qeyd edək ki, “İstisu” bulağı təbiətin şəfalı guşəsində yerləşir. Bura nadir ağacları olan meşələrlə, dağlarla, qədim tarixi abidələrlə əhatə olunub.

Yeri gəlmişkən, Kəlbəcərlə həmsərhəd olan Laçın rayonu da termal sularla zəngindir. Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur bölgələrində sanatoriya-kurort komplekslərinin yaradılması üçün zəngin resurs və imkanlar var. Məhz bu rayonlar gələcəkdə Azərbaycanda yeni, müasir sağlamlıq turizminin əsasını təşkil edə bilər.

Ekspertlər isə hesab edirlər ki, bu gün rekreasiya istiqamətinin əsas potensialı üç istiqamətdə həyata keçirilir: Naftalan dünyada yeganə məkandır ki, insanlar neftlə müalicə olunur, Duzdağın duz mağaraları isə bronxial xəstəliklərdən əziyyət çəkənlər üçün çox faydalıdır, Qalaaltının termal suları Azərbaycanın hüdudlarından kənarda məşhurdur.

Yeri gəlmişkən, turistlərin yarıdan çoxu müalicə və istirahət üçün məhz adıçəkilən sanatoriyalara gəlirlər. Bu sanatoriyaları ziyarət edənlərin, təxminən, 60%-i xarici turistlərdir.

Əslində, ölkənin bütün regionlarında belə böyük sanatoriyalar var. Hazırda Azərbaycanda 27 min çarpayılıq 132 sanatoriya və istirahət mərkəzi, həmçinin 4 min çarpayılıq 10 turizm mərkəzi fəaliyyət göstərir. Kurortlarda orta hesabla ildə 600 mindən çox insan müalicə oluna bilər. Ümumiyyətlə, onların real potensialı ildə 2 milyon nəfərdir. Lakin bu kurortların əksəriyyətində uzun zamandır ki bərpa işlərinə, həmçinin müalicə və istirahət prosesinin təşkili məsələsində isə yeni, müasir yanaşmanın tətbiqinə ehtiyac duyulur.

 

Müasir tendensiyalar

Bu məqamda qeyd edək ki, “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” olsa da, ekspertlərin fikrincə, sənəddə bir sıra çatışmazlıqlar olub, məsələn, xüsusən də kurort biznesi turizmdən ayrılıb.

Söhbət ondan gedir ki, bu gün dünyada rekreasiya sektoruna təkcə reabilitasiya müalicəsi deyil, bütün kompleks - tibbi yardım, reabilitasiya, istirahət və əyləncə daxildir. Əslində, bu, istehlakçılar üçün çox faydalı olan paket xidmət növüdür. Belə ki, sağlamlıq problemləri olan insanlara sağalma və bərpa prosesinin yaxın istiqamətdə həyata keçirilməsi daha rahatdır.

Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinin (SAT) nümayəndəsi Şərifə Həsənovanın sözlərinə görə, iki il əvvəl aparılmış sorğu göstərib ki, turizm komplekslərinin pasiyentlərinə tibbi prosedurlardan sonra asudə vaxtlarında əylənmək imkanları çatışmır və buna görə də bu komplekslərdə mədəniyyət mərkəzlərinin, muzeylərin yaradılmasına başlanılıb.

Bu arada, Azərbaycanda sağlamlıq və istirahət seqmentlərində hotelçilik aktivi idarəetmə portfeli olan “PMD Hospitality” şirkətinin rəhbəri  Çingiz Hacıyev bildirib ki, əyləncə seqmentinin müalicə konsepsiyası ilə ziddiyyət təşkil etməməsi üçün sanatoriyalarda turpaketlər çoxşaxəli mütəxəssislərin iştirakı ilə hazırlanmalıdır.

“Bundan əlavə, nəzərə almaq lazımdır ki, bu paketlər uzunmüddətlidir və reabilitasiya istirahətinə ehtiyacı olan insanlar üçün əlçatan qiymət konsepsiyası hazırlamaq lazımdır”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, sanatoriya-kurort kompleksləri fərqli konseptual yanaşmaya malik olmalı və heç bir halda adi hotel kimi istifadə edilməməlidir.  

“Bu gün Azərbaycanın bir çox kurortları ən müasir avadanlıq və yüksək ixtisaslı kadrlarla təmin olunub. Lakin bəzi problemlər hələ də qalmaqdadır. Məsələn, biz hər bir pasiyent haqqında məlumatın tam elektronlaşdırılmasına və məlumat qovluğunun yaradılmasına çalışırıq. Bütün bunlar bütün müalicə prosesini izləməyə və gələcək strategiyanı inkişaf etdirməyə imkan verir. Amma bu proses hələ də çox ləng gedir”, - Ç.Hacıyev əlavə edib. Ekspertin fikrincə, təqdim olunan məhsulların (Naftalan nefti, müalicəvi sular və s.), həmçinin xidmət növlərinin sertifikatlaşdırılması lazımdır.

“2015-ci ildə AZS 745-2015 “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” haqqında dövlət standartının qəbul edilməsinə baxmayaraq, bu, sanatoriya-kurort tipli obyektlər üçün standartları müəyyən etmir. Buna görə də onlar üçün ayrıca standart tətbiq edilməlidir”, - deyə Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.

Bütün ekspertlər razılaşır ki, Azərbaycanda sağlamlıq turizmi daha sürətlə inkişaf etdirilməlidir. Eyni zamanda müalicə-sağlamlıq turizminin artıq formalaşmış ənənələrindən istifadə etmək lazımdır. Üstəlik, ölkədə balneoloji kurortların məşhurluğunun artırılması üçün yeni innovativ həll yolları tapmaq lazımdır.

“Turizmin digər növləri mövsümi xarakter daşıyırsa, müalicə turizmi bütün il boyu aktualdır. Bundan əlavə, onun müddəti, orta hesabla, 12-18 gün davam edir və bu, iqtisadi baxımdan çox sərfəlidir”, - deyə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd edib.

Bir sözlə, sağlamlıq turizminin inkişafı həm sosial nöqteyi-nəzərdən –

ölkədə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə dəstək kimi, həm də iqtisadi baxımdan dövlət büdcəsinə əlavə gəlirlər cəlb etmək imkanı kimi vacibdir.



MƏSLƏHƏT GÖR:

110