19 May 2024

Bazar, 02:16

PARALEL BÖHRAN

Tayvan məsələsindəki mövcud status-kvo getdikcə Pekini daha az qane edir

Müəllif:

01.07.2022

Bu gün Hind-Sakit okean regionunun ən qaynar, hər an partlaya biləcək nöqtəsi, şübhəsiz ki, Tayvandır. Bu, xüsusilə indi – Ukrayna böhranı fonunda daha aydın görünür. İndi Şərqi və Mərkəzi Avropanın ortasında partlayan mərmilərlə Şərqi Asiyadakı ada ətrafında nələrin yaşana biləcəyi arasında davamlı olaraq paralellər aparılır. Əksər qərbli şərhçi əmindir ki, Rusiyanın Ukraynadakı əməlləri Çini ruhlandırıb və indi Pekin vəziyyəti diqqətlə izləyərək, nəticələr çıxarır, öz strategiyasına «əl gəzdirir».

 

Çinin əzmi

Pekin bütün Çinin yeganə qanuni hökuməti olduğunu davamlı olaraq bəyan edir. Yəni Tayvan ÇXR-in ayrılmaz hissəsidir. Müvafiq olaraq, Pekinin Tayvan məsələsini necə həll etməsi onun daxili işidir. ÇXR hökuməti ilə Tayvan arasında rəsmi münasibətlər 1949-cu ildə Himondan qüvvələrinin Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsini uduzmasından sonra onların rəhbəri Çan Kayşinin Tayvana yerləşməsi ilə kəsilib. Ada ilə qitə Çini arasında işgüzar və qeyri-formal əlaqələr bir də 1980-ci illərin sonlarında bərpa olunub. Son zamanlar isə Çin hökuməti Taybeyə qarşı çoxplanlı kampaniyanı davamlı olaraq gücləndirir, onun iqtisadiyyatına, o cümlədən kiberhücumlar və dezinformasiyalar vasitəsilə zərər vurmağa çalışır. Amma bununla yanaşı, əlbəttə ki, hərbi xarakterli təhdidlər də var. Məsələn, Çin sədri Si Cinpinin ölkənin silahlı qüvvələrindən «qeyri-hərbi istifadə» haqda imzaladığı direktiv iyunun 15-də qüvvəyə minib. Bu, dərhal Pekinin Tayvana «qeyri-hərbi hücum»a hazırlaşdığına dair səs-küyə yol açıb. Amma Pekindən bundan da ziddiyyətli siqnallar gəlməkdədir. Ölkənin müdafiə naziri Vey Fenxe Sinqapurda keçirilən «Şanqri-la dialoqu» adlı Asiya təhlükəsizlik konfransında kifayət qədər aydın xəbərdarlıq səsləndirib: kimsə Tayvanı Çindən ayırmağa çalışarsa, Pekin «heç nəyə baxmadan sonadək savaşacaq». Onun sözlərini Çin Müdafiə Nazirliyinin rəsmisi U.Cyan da təsdiqləyib. Cyan bildirib ki, Tayvanın ÇXR-dən ayrılma məsələsi gündəmə gələrsə, Çin Xalq Azadlıq Ordusu tərəddüd etmədən müharibəyə başlayacaq. Bu fikirləri ordunun Tayvan sərhədində davamlı keçirdiyi hərbi təlimlər daha da gücləndirir.

 

«Strateji ikimənalılıq» prinsipi

Əlbəttə, tanınmamış ada dövləti ilə Çinin hərbi potensialını müqayisə etmək olmaz. Ekspertlərin fikrincə, Çin hücuma raket zərbələri ilə başlaya, ardınca isə tammiqyaslı desant hücuma keçə bilər. Belə halda Teybey təkbaşına qalacaqsa, onun heç bir şansı olmayacaq. Amma ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan aprelin ortalarında bildirib ki, Vaşinqton Tayvanın qitə Çininə güc yolu ilə birləşdirilməsinə imkan verməmək üçün əlindən gələni edəcək. Mayın sonunda isə ABŞ prezidenti Cozef Bayden Çinin hərbi hücumu halında Tayvana hərbi yardım vəd edib. O, bu fikri Yaponiyanın baş naziri Fumio Kisida ilə Tokioda keçirdiyi görüş zamanı jurnalistin sualına cavab olaraq səsləndirib. «Bu, bizim üzərimizə götürdüyümüz öhdəliyimizdir», - deyə Bayden qeyd edib. Ağ Ev sahibi hesab edir ki, Çin «odla oynayır». O, bunu deyərkən ÇXR-ə məxsus hərbi təyyarələrin Tayvanın Hava Hücumundan Müdafiə sistemlərinin nəzarət zonasında uçuşları artırmasını, həmçinin Çin donanmasının ada yaxınlığındakı dəniz manevrlərini nəzərdə tutub. Amma sonradan Bayden ölkəsinin Çin və Tayvanla bağlı siyasətini dəyişməyəcəyini deyib, eyni fikri Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin də təkrarlayıb.

Belə ziddiyyətli bəyanatlar artıq çoxdandır ki, heç kimi çaşdırmır. ABŞ rəsmi olaraq «Tayvanın müstəqilliyi»ni dəstəkləmir, lakin siyasi, hərbi və iqtisadi planda adaya dəstək verir. Bu yaxınlarda Senatda beynəlxalq münasibətlər komitəsinin sədri, demokrat Bob Menendes və respublikaçı Lindsi Qrem Tayvana 4 il üçün 4,5 milyard dollarlıq hərbi xarakterli maliyyə dəstəsinin göstərilməsi təklifi ilə də çıxış ediblər. Onlar Taybeyə ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun verilməsini də vacib sayırlar. Qanunvericilər hesab edirlər ki, bu, ABŞ-ın Tayvanla münasibətlərə dair qanunun qəbul olunduğu 1979-cu ildən bu yana bu siyasətə ən ciddi dəyişiklik olardı.

Bir çox Qərb KİV-i yazır ki, Birləşmiş Ştatlar Tayvanı müharibəyə hazırlayır. Lakin məsələnin tammiqyaslı hərbi qarşıdurmaya çevriləcəyi təqdirdə, Vaşinqtonun hara kimi gedə biləcəyinə dair suala dəqiq cavab verilmir. ABŞ sanki Pekinin Çinin yeganə hökuməti olduğunu qəbul edir, lakin dərhal o da vurğulanır ki, Çin Tayvanı güc yolu ilə ələ keçirə bilməz. Bu, «strateji ikimənalılıq» və ya «strateji qeyri-müəyyənlik» prinsipi uzun müddət çox uğurlu prinsip sayılıb. Bir tərəfdən Çinin «tutacağı» heç nə yoxdur və o, önləyici amillərin mühasirəsindədir. Digər yandan isə Tayvanın müstəqilliyinin tərəfdarları okeanın o tayında qüdrətli müttəfiqə malik olduqlarına tam əmin ola bilmirlər. Lakin Ukraynada baş verənlər çox şeyi dəyişib. İndi görünən odur ki, mövcud status-kvo Pekini getdikcə daha az qane edir. Bəs o, bununla bağlı hansısa konkret addımlar atmaq qərarına gələcəkmi?

 

Qarşılıqlı asılılıq

Qərbdə əksər KİV etiraf edir ki, ABŞ Tayvan amilindən Çinin qarşısının alınması üçün istifadə edir. Bu gün Vaşinqton üçün yeganə real və vahiməli rəqib Pekindir. Başqa sözlə, bu gün Amerikanın dünya arenasındakı hökmranlığını sarsıdacaq bütün imkanlara – iqtisadi, siyasi, hərbi və ən başlıcası ideoloji və texnoloji – malik yeganə güc Çindir. Odur ki, ABŞ Pekinə qarşı Tayvan kimi ağrılı nöqtədən, ciddi kozırdan yararlanmaya bilməz.

Amma bütün bunlar münaqişənin, həqiqətən, baş verəcəyi anlamına gəlmir. Birincisi, həm ABŞ, həm də Çin nüvə dövlətidir. İkincisi, iqtisadi baxımdan onlar bir-birindən çox asılıdırlar: Pekin hələ ki, dollardan, dollar isə Pekindən ciddi şəkildə asılıdır. Üçüncüsü, tərəflərdən heç biri hərbi toqquşmadan birmənalı qazanclı çıxmayacaq. Əlbəttə, sürətli iqtisadi inkişaf dövründə Çin hərbi qüdrətinin ciddi şəkildə artırılması istiqamətində böyük işlər görüb. Amma müharibə yenə də böyük risklər yaradır və ciddi xərc tələb edir. Üstəlik, savaşdan sonra adanı saxlamaq, ABŞ, Yaponiya və onların regiondakı bütün müttəfiqlərinin təzyiqinə sinə gərmək üçün də güc lazım olacaq. Əksər müşahidəçilər məhz bu səbəbdən əmindirlər ki, Çin ən azı indiki mərhələdə güc tətbiq etmək qərarına gəlməyəcək. O, bu addımı yalnız və yalnız başqa yolunun qalmadığına əmin olarsa ata bilər.

Bununla yanaşı, ABŞ üçün də bu müharibədə birbaşa və ya dolayı iştirak asan olmayacaq. Ukraynada yaşananları, həmçinin mümkün münaqişənin Amerika sahillərindən çox uzaqda baş verəcəyini nəzərə almaq lazımdır. Ən başlıcası isə, bu müharibənin hansı qlobal iqtisadi fəsadlara yol açacağını təsəvvür etmək belə, qorxuncdur. Əgər Qərb Rusiyanı cəzalandırdığı üçün özü də kifayət qədər əziyyət çəkirsə, söhbətin Çindən gedəcəyi halda hansı vəziyyətin yarana biləcəyini proqnozlaşdırmaq çətin deyil.

Çin üçün də ABŞ ilə qlobal liderlik uğrunda mübarizə onun logistika baxımından Qərbə tam bağlı olması ilə daha da çətinləşir. Hazırda Çin ilə Avropa arasında dəniz ilə yük daşımalarının böyük hissəsi amerikalılar və ya britaniyalıların nəzarətində olan kanallar vasitəsilə həyata keçirilir. Pekinin isə ərzaq və yanacaq başda olmaqla, bir çox strateji mala ehtiyacı var. Məhz bu üzdən ÇXR dənizdə (o cümlədən təyyarə daşıyan gəmilər tikməklə) və əlbəttə ki, quru marşrutları baxımından imkanlarını artırmaq üçün var gücü ilə çalışır. Nə qədər ki bu proses gedir, Pekin çətin ki, hansısa hərbi əməliyyatlara qərar versin.

Beləliklə, böyük ehtimalla hər iki tərəf gözləmə və müşahidə mövqeyi tutacaq. İttifaqlar yaratmaq da öz yerində. Amerika artıq faktiki olaraq Asiya NATO-su adlandırılan QUAD (ABŞ, Hindistan, Yaponiya və Avstraliya) çərçivəsində fəal iş aparır. Pekin isə öz növbəsində, Okeaniya adalarında (Solomon adaları, Papua-Yeni Qvineya, Fici, Tonqa, Vanuatu, Şərqi Timor və s.) möhkəmlənməyə çalışır. O, buna investisiyalar, həmçinin bölgəyə öz hərbi bazalarını yerləşdirmək yolu ilə nail olmaq istəyir. Çin, məsələn, Afrikada, Latın Amerikasında və Yaxın Şərqdə də analoji fəaliyyətdədir.

Bütün bu addımlar, əlbəttə ki, dünyanı daha təhlükəsiz hala gətirməyəcək.  Lakin ən azından, irimiqyaslı və kritik təhdiddən narahat olmamağa dəyər. Çin Tayvana münasibətdə əvəlkitək strateji təmkin kursuna sadiq qalacaq.



MƏSLƏHƏT GÖR:

98