28 Aprel 2024

Bazar, 22:16

“İNANIRAM Kİ, BİZ BACARACAĞIQ”

Vüsal Mehrəliyev: “Mingəçevirə teatr lazımdır, teatr bu şəhərə maraqlıdır”

Müəllif:

15.07.2022

Ölkəmizdə iqtisadi əhəmiyyətinə görə dördüncü yerdə olan şəhər haqqında nə bilirik? Çoxumuzun burada yalnız “Mingəçevir dənizi”nin olduğunu və Yuxarı Qarabağ, Yuxarı Şirvan kanallarının mənbəyini buradan götürdüyü barədə məlumatımız var. Azərbaycana səfər edən dostlarımın Mingəçevirdəki “dəniz” haqqında söhbətləri hər zaman məni təəccübləndirirdi. Hansı dəniz? Bəli, Bakıda dəniz var! Amma Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında tamaşaya baxmaq üçün bu şəhərdə olarkən su anbarının niyə belə böyük ad qazanması bizə aydın oldu. Hər şey çox sadə imiş. Sevgi. dir. Bu, Mingəçevir adlı böyük evə və bu evdəki hər şeyə olan sevgidən qaynaqlanır: universitetlərə, kolleclərə, məktəblərə, muzeylərə, futbol klubuna, sərgi salonuna, qədim yaşayış məskəninə, avarçəkmə mərkəzinə, gözəl bulvara, kompüter istehsalı müəssisəsinə, balıq fermasına, şəhəri iki yerə bölən Kür çayına və çoxlu sayda başqa özəlliklərə!

Yeri gəlmişkən, Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında baş rejissor Vüsal Mehrəliyevin Uilyam Şekspirin “Otello” pyesi əsasında səhnələşdirdiyi “Yad” tamaşasının premyerası gözlənilirdi. Bu, onun baş rejissor təyin olunmasından sonra böyüklər üçün ilk tamaşası idi. Bundan əvvəl o, uşaqlar üçün nağılları tamaşaya qoyub. İki tamaşa – baş rejissor ilə təxminən bir il əvvəl teatrın direktoru təyin edilmiş Anar Quliyev arasında ilk əməkdaşlıq idi. Hər ikisi gəncdir, onların qəlbi güclə, yaradıcı enerji, tamaşaçıları üçün tamaşalar yaratmaq arzusu ilə doludur. Bu tamaşalar teatr və şəhər arasında qarşılıqlı inam və marağa əsaslanan güclü, davamlı dialoqun qurulmasına kömək edəcək.

 

Teatr haqqında  

Mingəçevir Dövlət Dram Teatrının əsası 1968-ci ildə qoyulub. Cəfər Cabbarlının “Almas” pyesi ilə teatrın açılışı olub. 2011-ci ildə əsaslı təmir olunub (2009-2019-cu illər üçün “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” dövlət proqramı çərçivəsində). 2018-ci ildə onun 50 illiyi qeyd olunub. İndiyədək Mingəçevir Dövlət Dram Teatrında yerli və xarici dramaturqların pyesləri əsasında 300-ə yaxın tamaşa nümayiş etdirilib. Teatrın kollektivi Gürcüstan, Rusiya və Türkiyəyə qastrol səfərlərə gedib, festivallarda iştirak edib.

Bu gün pandemiya fasiləsindən sonra teatr yenidən tamaşaçılarının qəlbini fəth etməyə başlayır. Bütün bunlar barədə Boris Şukin adına Teatr İnstitutunun (Moskva, 2021, Mixail Borisoviç Borisov emalatxanası) məzunu Vüsal Mehrəliyevlə söhbətləşirik. O, necə deyərlər, teatrda “böyüyüb”. V.Mehrəliyev Sumqayıt şəhərində yerləşən 14 nömrəli məktəbi bitirdikdən sonra bu yolla gedib. O, bu yolunu Bakıda gənc aktyor kimi Gənc Tamaşaçılar Teatrında davam etdirib. 2016-cı ildə Borisov kursuna daxil olub və Mədəniyyət Nazirliyinin qərarı ilə hazırda Mingəçevir teatrının aktyorlar truppasına rəhbərlik edir.

Bu arada, “Yad tamaşası” – zəfər çalan Şərin görkəmini və gücünü qazanan insan qüsurları mövzusunda rejissorun düşüncələrinin nəticəsidir. Rejissorun tamaşaçılara sualı belədir: niyə biz Şər yolu ilə həvəslə gedirik? Niyə özümüzdən daha çox ona inanırıq? Niyə biz asanlıqla itaətkar, hər şeyə inanan marionetlərə çevrilirik? Amma söhbətimiz tamaşa deyil, teatr haqqındadır.  

- Mingəçevir sənaye şəhəridir. Bəs onu teatral şəhər adlandırmaq olarmı?

- Bəli! Bura yerli əhalinin teatr sənətinə marağının mədəni ənənəsi olan şəhərdir. Mən bunu ona görə əminliklə deyirəm ki, son 6 ayda burada müxtəlif sahələrə aid olan insanlarla tanış olmuşam: sənaye, elm və yaradıcılıq, təhsil, səhiyyə. Onlarla ünsiyyətdə olduqdan sonra belə qənaətə gəlmişəm: şəhərə teatr lazımdır, teatr şəhərə maraqlıdır. Bu şəhəri ilhamlandırır.

- Bu, yerli əhalini araşdırdığınızı və tamaşaçıların maraq dairəsini yaxşı bildiyinizi söyləməyə əsas verirmi?

- Xeyr. Belə deyə bilmərəm. Yalnız birbaşa ünsiyyət qurduğum insanların fikirlərinə arxalanıram.  

- Bəs baş rejissor olmaq sizin üçün nə deməkdir?

- Bu, mənim üçün vəzifədən daha çox missiyadır. Aktyorların peşəkarlıq səviyyəsi, repertuar xəttinin teatrla tamaşaçı arasında dialoqa uyğun inkişaf etdirilməsi ilə bağlı məsuliyyətli missiyadır. Bu dialoqun hər kəs üçün və dərhal maraqlı olması vacibdir.  

- Yəni?  

- Tamaşanın seçimi və səhnələşdirilməsi təkcə yaxşı və peşəkar dramaturgiya ilə deyil, həm də inkişaf etdirməyin mümkün olduğu, tamaşaçıya aktual səslə təqdim edilə bilən bir mövzu ilə motivasiya olunmalı və şərtləndirilməlidir. Bu, həm aktyorlarımızın, həm də rejissorun marağındadır. Bundan başqa, dramaturgiyanın janr xüsusiyyətləri də müxtəlif olmalıdır, çünki aktyorlar üçün janrların dəyişdirilməsi həm də peşəkar inkişaf deməkdir.  

- Bu prosesdə ən vacib olan nədir?

- Hesab edirəm ki, peşəkarlıq və insanlıq baxımından etibar. Hər bir aktyorla belə qarşılıqlı əlaqə səviyyəsinə çatmaq mənim üçün çox vacibdir. Qarşılıqlı anlaşma və etimad prosesi tamaşanı yüksək bədii səviyyəyə qaldırmağa imkan verəcək.

- Direktor Anar Quliyevlə teatrın repertuar siyasətini necə qurmaq fikrindəsiniz?  

- Mən baş rejissor təyin olunduqdan dərhal sonra onunla bu məsələni müzakirə etdik. Bu mərhələdə klassik dramaturgiyadan repertuar formalaşdırmağımız vacibdir. Çünki məhz klassika aktyora peşəkar imkanlarını keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verə bilər.  

- Niyə klassik pyesə üstünlük vermisiniz?

- Çünki müasir pyesdən fərqli olaraq, məhz klassik pyesin tamamilə mükəmməl forması var. Söhbət ifadə edilmiş mövzudan, insan xarakterlərinin yaradılmasından, aydın və dəqiq təsvir edilmiş konfliktdən gedir. Aktyorların peşəkar inkişafı, təhsili və hazırlığı yalnız belə materialda mümkündür.

- Aktyorlarınızın peşəkar potensialı haqqında nə deyə bilərsiniz?

- Onlara halaldır. Onların gündəlik aktyorluq dərslərində iştirak edərək mənim təkliflərimə fəal şəkildə münasibət bildirmələrindən məmnunam. Şekspirin çətin pyesi üzərində işləməyimdə mənə çox dəstək oldular. Doğrudur, bu tamaşada hər şey istədiyimiz kimi olmadı.Amma görürəm ki, onlar artıq oynadıqları rolların materialı üzərində işi təkmilləşdirməyə çalışırlar! Mən bunu təşviq edirəm və onları dəstəkləyirəm. Onlara inanıram.  

- Uşaqlar üçün repertuarı necə inkişaf etdirməyi planlaşdırırsınız?

- Növbəti mövsümdə Mingəçevirdən olan bir yazıçımızın əsərləri əsasında bütöv bir nağıl silsiləsi yaradacağıq. Bir dəfə onun uşaqlar üçün kitabını oxudum və bu kitabı bəyəndim. Yazarın yaradıcı təxəllüsü El Güseldir.O, orta məktəbdə müəllimdir. Kitabda Münəccim Səlim adlı bir personaj var. Buna görə də qərara gəldik ki, nağıl tamaşaları silsiləsini “Münəccim Səlimin nağılları” adlandıraq. Bunlar bir birləşdirici ad altında müxtəlif nağıl hekayələri olacaq, lakin hər hekayənin öz adı olacaq. Anar Quliyevlə sentyabrda bu böyük layihəyə start verməyi planlaşdırırıq.

- Teatr hansı janra üstünlük verir: komediya, dram, melodram?

- Dram və komediya. Ən azından bu mərhələdə.

- Aktyorların peşəkar imkanlarının formalaşmış klişelərdən kənara çıxması üçün teatrda hansı işlər görülür?

- Təlimlər! Hər gün səhər saat 10-dan etibarən ümumi aktyorluq dərsləri keçirəm. Buraya səhnə nitqi, hərəkət və vokal daxildir. Amma tamaşanın hər janr xüsusiyyəti üçün xüsusi təlimlər də var. Məsələn, indiki kimi. Dario Fonun “Rəngsazların xatirələri olmur” tamaşasının məşqlərinə başladıqdan sonra tamaşanın bu janrı üçün xüsusi təlimlər keçirirəm.  

- Yəni səhər hamı üçün ümumi məşq keçirsiniz, daha sonra isə Dario Fonun tamaşasında iştirak edən aktyorlar üçün xüsusi məşq olur?  

- Xeyr, xüsusi məşqdə də bütün aktyorlar iştirak edirlər.  

- Bəs niyə məhz Dario Fo?

- Şekspirin pyesi üzərində çətin, dramatik iş dövründən sonra aktyorları əks janrın elementlərinə qərq etmək istəyirəm. Klounlar üçün fars – bu janrı dramaturq müəyyənləşdirib. Aktyorların bu janra toxunmasını istəyirəm.  

- Bu, fars, komediya-buff (komik, təlxək hərəkətləri üzərində qurulmuş səhnə tamaşası), yoxsa yenə də situasiya komediyası olacaq?

- Əlbəttə ki, situasiya komediyası olacaq. Amma bəlkə buffonada elementləri ilə... Tamaşa bu janra uyğundur. Üstəlik, personajlar üzərində işləmək aktyorlar üçün də maraqlıdır və zarafata bənzər bu məzəli hekayə tamaşaçıların xoşuna gələcək. Biz buna inanırıq.  

- Hazırda teatrda neçə rejissor var?

- İndi təkcə mənəm. Amma direktorla mən əməkdaşlıq etmək istədiyimiz bir neçə rejissora dəvət göndərmişik. Görək, kim cavab verəcək. Bu barədə danışmaq hələ tezdir.  

- Teatrı şəhər və ölkə səviyyəsində populyarlaşdırmaq üçün direktorla hansı planlarınız var?

- İlk öncə teatrımıza sayt açmaq, daha sonra teatrın olmadığı yaxın rayonlarda tamaşalar təşkil etməyi planlaşdırırıq. Bu rayonların rəhbərləri ilə danışacağıq. Tamamilə mümkündür ki, həmin rayonlardan teatrımıza vaxtaşırı “hədəf auditoriyası” adlandırılan tamaşaçılar gələ bilər. Bu həftəsonu bonusudur. Bu ilin payızında keçiriləcək “4.4” respublika teatr festivalında iştirak etməyi planlaşdırırıq. Bundan başqa, teatrda jurnalistlərin iştirakı ilə mətbuat klubunun yaradılması ideyası üzərində işləyirik. İdeyalar çoxdur. Hələ ki onların hər birini açıqlamaq istəmirəm. Anar Quliyevlə birlikdə hər şeyin alınacağına inanıram...

- Sizə, direktora, aktyorlara və teatrın bütün kollektivinə uğurlar arzulayıram!

- Təşəkkür edirəm. Mən də jurnalın redaksiya heyətinə uğurlar arzulayıram!



MƏSLƏHƏT GÖR:

110