20 May 2024

Bazar ertəsi, 03:12

SAMMİTLƏR MARAFONU

Eyni vaxtda keçirilən bir neçə yüksək səviyyəli görüş yeni geosiyasətin konturlarını müəyyənləşdirib

Müəllif:

15.07.2022

İyunun sonu əsl qlobal sammitlər marafonu kimi yadda qalıb. Onlar Rusiya-Ukrayna müharibəsi fonunda qlobal siyasi proseslərə öz ciddi təsirini göstərib. Bu sammitlərin yaxın perspektiv üçün dünya güclərinin fəaliyyət gündəliyini formalaşdırdığını da söyləmək olar. Son dərəcə ciddi qeyri-müəyyənliyin hökm sürdüyü dövrdə bu, heç olmasa, yeni geosiyasi reallıqların əsas konturlarını təxmin etməyə imkan verir.

 

BRICS+: hər şey haqda söhbət

Silsilə sammitlərdən birincisi iyunun 23-24-də BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) liderləri formatında keçirilib. Bu dəfə o, geniş tərkibdə – 16 ölkənin iştirakı ilə keçirilib və bu səbəbdən BRICS+ adlandırılıb. Bu, qurumun sayca 16-cı sammitidir. O, Çinin sədrliyi ilə videokonfrans formatında keçirilib. Tədbir iştirakçılarının tərkibi və orada bəyan edilən hədəflər Qərb ilə mübarizə aparan, çoxqütblü dünyanın formalaşmasını vacib sayan ölkələrin dayanıqlı platforma yaratmaq niyyətlərini təsdiqləyib. Forumda iştirak edən ölkələrin əksəriyyəti müstəqil xarici siyasət yürüdür. Lakin iqtisadi baxımdan onlar beynəlxalq konyunkturdan asılıdırlar. Bu konyunkturun formalaşmasına isə dünyanın ən inkişaf etmiş dövlətlərinin siyasəti həlledici təsir göstərir. Söhbət ABŞ, Avropa İttifaqı ölkələri, Yaponiya, Cənubi Koreya və digərlərindən gedir. Odur ki, toplantı iştirakçılarının əsas istəyi ümumilikdə planetin aparıcı iqtisadiyyatlarının hökmündən xilas olmaq, öz iqtisadi əməkdaşlıq platformasını yaratmaqdır. Onlar hesab edir ki, bu platformada mal və xidmətlərin hərəkəti süni, siyasi motivli maneələrlə qarşılaşmamalıdır. Məlum olduğu kimi, Rusiya, İran və müəyyən mənada Çin dünyanın aparıcı iqtisadiyyatlarının sanksiyaları və digər məhdudlaşdırıcı təzyiqlər altındadırlar. Bununla yanaşı, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mexanizmləri də belə məhdudiyyətlərin qarşısının alınmasına imkan vermir. Odur ki, liderlər ÜTT üzvlərini, ilk növbədə, Qərb ölkələrini qurumun ruhuna və qaydalarına zidd olan birtərəfli və proteksionist tədbirlərdən çəkinməyə çağırıblar. Sammitdə tərəflər açıq beynəlxalq iqtisadiyyatın qurulması üçün ÜTT-də «vaxtı çoxdan çatmış» islahatların aparılması üzərində işləməklə bağlı razılığa gəlib. Onların fikrincə, bu sahədə yeni düzən «ticarət və inkişafı dəstəkləməli, qlobal ticarət qaydaları və idarəçiliyi sahəsində ÜTT-nin mərkəzi rolunu qoruyub saxlamalı, inklüziv inkişafa təkan verməli, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələr də daxil olmaqla, bütün üzvlərin hüquq və maraqlarını təşviq etməlidir».

Bununla yanaşı, BRICS ölkələri qlobal bazar proseslərinin idarə olunması mexanizmi kimi, BVF kimi qurumların vacibliyini və müstəsnalığını qəbul edir, lakin bu təşkilatda inkişaf etməkdə olan ölkələrin daha çox təmsil olunmasını vacib sayırlar. Eyni zamanda onlar iqtisadi əməkdaşlığın stimullaşdırılması üçün yeni qlobal bank strukturlarının, məsələn, Yeni İnkişaf Bankının yaradılmasını da perspektivli hesab edirlər. Tərəflər yeni yaranacaq qurumda inkişaf etməkdə olan ölkələrin hesabına daha çox üzvün yer alması ideyasını dəstəkləyiblər.

Maraqlıdır ki, BRICS liderləri ilk dəfədir ki, BMT Təhlükəsizlik Şurasında islahatları vacib saydıqlarını açıq şəkildə bəyan ediblər. Onların fikrincə, bu, qurumda təmsilçiliyin artması üçün vacibdir. Nəzərə alsaq ki, BMT TŞ-nin daimi üzvlərindən olan Moskva ilə Pekin əvvəllər bu ideyaya skeptik yanaşırdılar, güman etmək olar ki, son hadisələr – Ukrayna münaqişəsi ilə bağlı Rusiyanın əleyhinə qətnamələrin qəbulu – Rusiyanı mövqeyinə yenidən baxmağa vadar edib.

Yeri gəlmişkən, BRICS üzvləri Rusiya-Ukrayna müharibəsi ilə mövqelərini belə ifadə ediblər: «Ölkələrimizin profilli məkanlarda, konkret olaraq BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasında ortaya qoyduqları mövqeyi təkrarlayırıq. Biz Rusiya ilə Ukrayna arasında danışıqları dəstəkləyirik».

Sammitin vacib nəticələrindən biri Argentina ilə İranın quruma tamhüquqlu üzv olmaq üçün müraciət etmələridir. BRICS üzvləri isə təşkilatın genişlənməsinə qarşı olmadıqlarını ifadə etsələr də, hələlik bu müraciətlərə baxmağa hazır deyillər. Çünki bu, formata ciddi təsir göstərə, onun transformasiyasına yol aça bilər. Bunun isə effektivliyə öz təsirini göstərəcəyi istisna deyil.

 

Aİ: qaz ilə Ukrayna arasında

BRICS sammiti ilə eyni vaxtda Brüsseldə Avropa İttifaqının da toplantısı keçirilib. İyunun 23-24-də baş tutmuş sammitin BRICS-in toplantısından fərqi onun üz-üzə keçirilməsi, Avropanın və qlobal gündəmin əsas mövzuları ilə bağlı ümumi siyasətin yürüdülməsinə sadiq dövlətlərin birinci şəxsləri toplaması idi.

Aİ bundan əvvəlki bütün sammitlərində Rusiyaya qarşı yeni sanksiyalar qəbul etmişdi. Budəfəki sammit istisna olub və bu, sanksiyalar limitinin bitdiyi haqda mülahizələrə yol açıb. Hesab olunur ki, yeddinci sanksiyalar paketi çox ağır olacaq və Rusiya ilə müqayisədə Avropa ölkələrinə daha çox zərər verəcək. Sonradan Almaniya kansleri Olaf Şols bildirib ki, sanksiyalar tətbiq edən dövlətlər hər zaman bunun Rusiya və onun rəhbərliyinə zərbə vurmalı olduğunu bildiriblər. Çünki məqsəd Moskvanın Ukraynada hərbi əməliyyatları dayandırmasıdır. «Amma sanksiyaların onları tətbiq edən dövlətlərə də mənfi təsirləri var», - deyə kansler qeyd edib.

Aİ-nin son sammitində elə bu məsələ prioritet idi – qurum sanksiyaların onu tətbiq edən ölkələrə mənfi təsirlərini minimuma endirəcək strategiyanı hazırlamalı idi. Avropa iqtisadiyyatı üçün əsas belə problem Rusiya qazına alternativ mənbələrin tapılmasıdır. Hazırda bu iş üç istiqamətdə aparılır: başqa qaz tədarükçülərinin axtarışı, enerjiyə qənaət və bərpa olunan enerji. Avropa Komissiyasının rəhbəri bildirib ki, danışıqlar nəticəsində artıq boru xətti ilə tədarük həcminin artırılmasına nail olunub: Norveçdən 15%, Azərbaycandan isə 90%. Mayeləşdirilmiş qaz tədarükünün həcmi isə ötənilki göstəricini 75% üstələyir.

Ekspertlər hesab edir ki, avropalı alıcılar daha ucuz Rusiya neft və qazından imtina etməklə xeyli ziyana düşürlər. İndi onlar Asiya bazarlarına yönləndirilir və daha ucuz qiymətə satılır. Nəticədə, Avropa istehsalçılarının rəqabət qabiliyyəti zərər görür.

Region iqtisadiyyatı üçün daha bir problem Rusiyadan qaz tədarükünə tam embarqo qoyulması imkanıdır. Bəli, bu, artıq avropalı siyasətçiləri narahat edir, çünki bu halda avrozonanın iqtisadiyyatı ciddi ləngimə ilə üzləşə bilər. Bu halda Almaniyanın inkişaf tempi mənfi olacaq.

Aİ sammitində Ukrayna ilə Moldovaya quruma üzvlüyə namizəd statusu verilib, eyni zamanda, Kiyevə hərbi dəstəyin artırılması haqda qərar qəbul olunub. Bundan başqa, Aİ liderləri Xorvatiyanın avrozonaya daxil edilməsini də dəstəkləyiblər.

Bu sammit Fransanın Aİ-yə sədrliyi dövründə təşkil olunmuş son toplantı idi. Emmanuel Makron üçün Parisin Aİ-yə sədrliyi öz qlobal təşəbbüslərinin reallaşdırılması imkanına çevrilib ki, Fransa liderini həmkarlarından fərqləndirən məhz budur. Məsələn, Aİ üzvləri Fransa prezidentinin ittifaqa daxil olmayan Avropa ölkələri, o cümlədən «Şərq tərəfdaşlığı» proqramının iştirakçıları ilə əməkdaşlıq üçün «Avropa siyasi birliyi»nin yaradılması təklifini dəstəkləyiblər. Bununla yanaşı, Avropa İttifaqı aydın şəkildə bildirir ki, o, Rusiyanı bu formatda görmür. Odur ki, onun dahi sələfi Şarl de Qollun Avropanı Brestdən Vladivostoka qədər bütün görmək ideyası indiki halda mümkünsüzdür. Səbəb, təbii ki, «Rusiyanın dünya siyasəti və iqtisadiyyatından kənarlaşdırılması» konsepsiyasıdır. Brüssel açıq şəkildə göstərir ki, bu format əvəzlənmir və Aİ-yə transformasiya olunmur, lakin bunu Rusiya istisna olmaqla, qitənin bütün dövlətləri ilə dialoqun intensivləşdirilməsi yolu ilə Avropanın siyasi və iqtisadi məkanının gücləndirilməsi üçün şərt kimi görür.

 

G7: Rusiya deyir, Çini nəzərdə tuturuq

İyunun 26-27-də Aİ-dən estafeti «Böyük yeddilik» (G7) alıb və bu sammitdə də Rusiya ilə mübarizə və Ukraynaya dəstək mövzularının müzakirəsi davam etdirilib. Aİ üzvlərindən fərqli olaraq, G7 liderləri Rusiyaya tətbiq olunmuş sanksiyaları sərtləşdirmək qərarına gəliblər. Söhbət Rusiya qazının ixracına embarqodan gedir. Hesab olunur ki, Moskva bu ixracdan ildə 15,4 milyard dollar qazanır və bu prosesin məhdudlaşdırılması Rusiyanın hərbi büdcəsinin azalmasına səbəb ola bilər. Bununla yanaşı, Almaniya, Fransa və İtaliya bu haqda yekun qərarı hələ ki qəbul etməyiblər. Avropa Komissiyasının sədri Şarl Mişel isə bildirib ki, Brüssel «detalların müzakirəsinə, qızıl vasitəsi ilə özünə deyil, Rusiyaya zərbə endirməyin mümkün olub-olmadığını öyrənməyə hazırdır».

Eyni tale ABŞ prezidenti Co Baydenin getdikcə bahalanan Rusiya nefti üçün maksimal qiymətin müəyyənləşdirilməsi təklifini də gözləyirdi. Bayden hesab edir ki, bu, Moskvanı sonradan hərbi xərclərə yönəldəcəyi əlavə gəlirdən məhrum etmək üçün vacibdir. Güman olunur ki, «yeddilik» ölkələrinin liderləri heç də hərfi mənada «maksimal hədd» olmayacaq, lakin faktiki olaraq onu məhdudlaşdıracaq mexanizmi müzakirə ediblər. Söhbət məsələn, Rusiya neftinin ixrac partiyalarının sığortalanmasına qadağadan və ya onun məhdudlaşdırılmasından gedə bilər.

Sammit göstərib ki, Almaniya və Fransa Ukraynaya birmənalı dəstək versələr də, onlar hərbi əməliyyatların mümkün qədər tez başa çatmasını istəyirlər. Çünki yaranmış vəziyyətdə ortaya çıxmış sərt sanksiyalar onların öz iqtisadiyyatlarına da ciddi ziyan vurur. Britaniya ilə ABŞ isə Kiyevə hərbi dəstəyin gücləndirilməsinə tərəfdardırlar, çünki hesab edirlər ki, münaqişənin Ukrayna ərazisinin bir hissəsinin itirilməsi ilə başa çatmasını yolverilməz sayırlar. Silah tədarükünün sürətləndirilməsini G7 liderləri qarşısında video formatda çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski də istəyib.

Bütün bunlarla yanaşı, yekun rəy belə olub ki, müharibənin nə vaxt və hansı şərtlərlə başa çatacağına qərarı yalnız Ukrayna özü verə bilər.

Bu tədbirin vacib xüsusiyyətlərindən biri genişləndirilmiş formatda təşkil olunmuş tədbirə Hindistan, Cənubi Afrika Respublikası və Argentina rəhbərlərinin də qatılmasıdır. Məsələ ondadır ki, bu liderlər cəmi bir neçə gün əvvəl BRICS sammitində də iştirak etmişdilər. Onların iştirakı ilə keçən görüşdə Rusiyanın Ukraynaya qarşı davranışlarının pislənməsi və Çinin qarşısının alınması məsələləri də müzakirə olunub. Bu fakt BRICS iştirakçıları arasında müəyyən siyasi ziddiyyətlərin qaldığını, sadəcə, liderlərin görüşlərində onların ortaya qoyulmadığını göstərir.

Məsələn, G7 sammitində inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsi üçün 600 milyard dolların ayrılması planı da müzakirə edilib. Təşəbbüskarlar buna Çinin «Bir kəmər, bir yol» layihəsinə cavab kimi baxır. ABŞ bu məbləğin 200 milyardını öz boynuna götürüb. Vaşinqton bunu qrantlar, federal fondlar və özəl investisiyalar hesabına etməyi düşünür. Aİ isə əlavə 300 milyard dollardan danışır. Plan orta və aşağı səviyyədə gəliri olan ölkələrdə infrastruktur layihələrinin maliyyələşdirilməsini nəzərdə tutur. Bu planın potensial, hətta preferensial iştirakçısı… Hindistandır.

«Böyük yeddilik» ölkələrinin görüşündən bir sutka sonra Çin Xarici İşlər Nazirliyinin rəsmisi Litszyan bildirib ki, G7 ölkələrinin ümumi əhalisi dünya ictimaiyyətinin yalnız bir hissəsidir. O, BRICS üzvlərinin ümumi əhalisinin təxminən 3,2 milyard nəfər olduğunu bəyan edib. G7 ölkələrində isə cəmi 777 milyon insan yaşayır.

«Növbəti dəfə «dünya ictimaiyyəti» haqda danışarkən əslində nəyi nəzərdə tutduğunuzu dəqiq ifadə edin», - deyə o, qeyd edib.

 

NATO: köhnə düzənin pərdəsi altında

Görünməmiş qlobal tədbirlər marafonuna NATO-nun iyunun 28-30-da Madriddə keçirilmiş sammiti ilə yekun vurulub. Toplantıda Alyans yeni Strateji konsepsiya qəbul edib. Onun köhnə konsepsiyadan əsas fərqi bu dəfə Rusiyanın statusunun «strateji tərəfdaş» deyil, «ən əhəmiyyətli və birbaşa təhdid» kimi göstərilməsidir.

Sammitdə İsveçlə Finlandiyanın NATO-ya qəbulu ilə bağlı da qərar çıxarılıb. Rusiya bunu onunla Qərb arasında yeni «dəmir pərdə»nin yaradılması kimi qiymətləndirib.

Məlum olduğu kimi, əvvəlcə bu iki ölkənin Alyansa tamhüquqlu üzv qəbul olunmasına Türkiyə razılıq vermir, bunun üçün namizədlərdən kürd ekstremistlərin Ankaraya təhvilini tələb edirdi. Lakin NATO rəhbərliyinin, şəxsən baş katib Yens Stoltenberqin Vaşinqtonun və güman ki, həm də Londonun iştirakı ilə həyata keçirdiyi vasitəçilik sayəsində tərəflər razılığa gəlib. Nəticədə, Ankara Stokholm ilə Helsinkinin NATO-ya qəbuluna «hə» deyib. Güman etmək olar ki, bu, İsveçlə Finlandiyanın Türkiyə rəhbərliyinin tələblərinə əməl etməyə razılıq verməsindən sonra mümkün olub. Lakin bu ölkələrin rəsmiləri razılaşmanın necə əldə olunduğunu açıqlamaqdan boyun qaçırırlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə razılaşmanın şərtlərinə qismən aydınlıq gətirib. O, bildirib ki, İsveç 73 terrorçunu Türkiyəyə təhvil verəcək. Bununla yanaşı, Ərdoğan deyib ki, indiyədək onların bir neçəsinin ekstradisiyası həyata keçirilsə də, bu, kifayət deyil.

«Bu məsələ Ədliyyə və Xarici İşlər nazirliklərinin, həmçinin Milli Kəşfiyyat İdarəsinin nəzarətindədir», - deyə dövlət başçısı bildirib.

Alyans liderlərinin görüşünün yekununda Ukraynaya «uzunmüddətli dəstək»lə bağlı da qərar qəbul edilib. Gözlənildiyi kimi, Kiyevə bu dəfə də NATO üzvlüyünə namizəd statusu verilməyib. Görünən odur ki, Ukrayna hökuməti artıq bu yanaşma ilə barışıb və indiki şəraitdə onlar hücum texnikası tədarükünün artırılması məsələsinə daha çox diqqət ayırır. Kiyev davamlı olaraq, daha ciddi dəstəyə və daha aydın perspektivə ehtiyac duyduğunu bildirir. Rusiya ilə üz-üzə qalmış Ukraynaya NATO ilə strateji düşməni arasında bufer kimi baxılır. Amma burada söhbət Moskvanın qarşısının kəsilməsi üçün fəal funksional buferdən gedir.

Moskvada isə əksinə, Ukraynanı NATO-nun Rusiyaya qarşı fəal şəkildə istifadə etdiyi alət sayırlar. Kremldə əmindirlər ki, Kiyevin silahlandırılmasında məqsəd yalnız müharibə aparan Ukraynanın dəstəklənməsi yox, həm də Rusiyanın hərbi potensialına maksimum ziyan vurulmasıdır – qarşı tərəf bununla, aparıcı qlobal hərbi-siyasi aktorlardan olan Rusiyanın bu üstünlüyünü itirməsinə çalışır.

Alyans isə üzv dövlətlərin ciddi hərbi-texniki və hərbi-siyasi üstünlüyünün təmininin qurumun əsas hədəflərindən olduğunu gizlətmir. Hərbi xərclərin davamlı artırılması və innovativ işlərə 1 milyard dollar həcmində investisiya yatırılması üçün fondun yaradılması bu yolda atılmış vacib addımdır.

«Soyuq müharibə» illərində bu qərar silahlanma yarışına yol açmışdı. O zaman qarşı-qarşıya duran iki düşərgə – ABŞ-ın başçılığı ilə NATO və Varşava müqaviləsinin başında Rusiya silah arsenalını böyütməyə, əsas strateji istiqamətlərdə hərbi potensiallarını artırmağa başlamışdılar.

Bu gün Varşava müqaviləsi yoxdur, Rusiya isə texniki və maddi imkanlarına görə Qərbdən xeyli geri qalır. Odur ki, indiki şəraitdə silahlanma yarışı praktik olaraq, mümkün deyil. Bu, NATO-nu qane edir, Rusiyanın mövqeyi isə çoxları üçün maraqlı deyil.



MƏSLƏHƏT GÖR:

101