2 May 2024

Cümə axşamı, 20:14

TEHRAN-22

İran, Rusiya və Türkiyə liderləri arasındakı danışıqlar, o cümlədən regional fövqəldövlətlər arasındakı ziddiyyətləri aradan qaldıracaqmı?

Müəllif:

01.08.2022

İyulun 19-da Tehranda baş tutmuş İran-Rusiya-Türkiyə üçtərəfli sammitinə mətbuat «Tehran-22» adı verib. Burada İkinci dünya müharibəsi illərində əfsanəvi üçlük – ABŞ, Böyük Britaniya və SSRİ liderlərinin İran paytaxtında keçirilmiş görüşünə eyham vurulur.

Budəfəki görüşün iştirakçıları və onların hədəfləri fərqli olsa da, bu gün də beynəlxalq vəziyyət sabit deyil. Tehranda müzakirə olunan mövzular da kifayət qədər çətin məsələlər sayıla bilər. İstənilən halda, görüş böyük diqqətə səbəb olub. O, bir neçə səbəbdən maraqlı idi. Birincisi, Türkiyə aylardır ki, Suriyanın şimalında fəal antiterror əməliyyatlarına hazırlaşır və ona tezliklə start vermək üçün bütün maraqlı, münaqişəyə cəlb olunmuş tərəflərlə razılaşmaya çalışır. İkincisi, ABŞ prezidenti Cozef Baydenin Yaxın Şərqə səfəri bu sammitdən cəmi bir neçə gün əvvəl başa çatmışdı. Turne zamanı o, açıq şəkildə bildirib ki, Vaşinqton regionda Çin, Rusiya və ya İranın doldura biləcəyi boşluğun yaranmasına imkan verməyəcək. Bu mənada, ortaya əlavə suallar da çıxmışdı: üçlük Türkiyənin Suriya sərhədində əməliyyatlara başlaması ilə bağlı razılığa gələ biləcəkmi? Bəs sammitin qərarı Amerika prezidentinin regiona səfərinə cavab olacaqmı?

 

Terrorçularla mübarizə. Hansı terrorçularla?

Sammitin nəticələri göstəib ki, o, gözləntiləri tam doğrultmayıb. Hər halda, bu, həmfikirlərin görüşü deyildi və orada onların əməkdaşlığını möhkəmləndirəcək hansısa sənədin qəbulu nəzərdə tutulmurdu. Xatırladaq ki, üçtərəfli görüşdən əvvəl Rusiya, İran və Türkiyə liderləri arasında ikitərəfli danışıqlar da baş tutmuşdu. Üçtərəfli görüşün ümumi tonallığını da həmin görüşlərdə əldə edilmiş razılaşmalar təşkil edirdi.

İlk görüş Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğanla İbrahim Rəisi arasında keçirilmişdi. Daha sonra Türkiyə lideri İranın ali dini lideri Əli Xamenei ilə də bir araya gəlmişdi. Son görüşdə Xamenei Türkiyənin Suriyanın şimalında keçirməyi planlaşdırdığı əməliyyatla bağlı sərt fikirlər səsləndirmişdi. Məsələn, o, demişdi ki, «Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması Ankaranın özünün, Suriyanın və regionun zərərinə olacaq, üstəlik, terrorçulara fayda verəcək». İran prezidenti isə artıq üçtərəfli görüşdə bildirib ki, Tehran Suriya probleminin sülh yolu ilə həllinə alternativ görmür. Bununla yanaşı, o, belə olan təqdirdə Suriya ərazisinin terrorçulardan, həmçinin Suriya rejiminə müxalifətdə olan və kənardan dəstəklənən siyasi dairələrdən necə təmizlənəcəyinə aydınlıq gətirməyib.

Rusiya prezidenti Vladimir Putin daha konkret olub və Suriyada İŞİD və digər terrorçu təşkilatların mövcudluğuna birdəfəlik son qoyulmalı olduğunu deyib. Amma tərəflər kimlərin terrorçu hesab olunduğuna dair tam aydın və ortaq fikrə gəlməyiblər. Məsələn, Türkiyə PKK/PYD təşkilatını terrorçu qrup sayırsa, Rusiya onun haqqında Suriya ərazisindəki kürd azlığa məxsus siyasi struktur kimi danışır. Və əksinə, Suriya hökumətinə müqavimət göstərən bir sıra təşkilatlar Ankarada konstruktiv müxalifət kimi qəbul edilirsə, Rusiya və İran onları radikal silahlı qruplaşmalar sayır.

 

Türkiyənin mövqeyi qətidir – xüsusi əməliyyat olacaq

Sammitdə Suriya probleminin siyasi yolla birdəfəlik həllinə kimin nail ola biləcəyinə dair də yekdil fikrə gəlinməyib. Rusiya və İran liderləri Suriya böhranının həllində «Astana formatı»nın üstünlüklərindən danışıblarsa, Türkiyə prezidenti bildirib ki, «Astana prosesi Suriya probleminin həllində vacib mexanizmdir». Bununla yanaşı, o, deyib ki, Suriya münaqişəsinin birdəfəlik həlli üçün dünya birliyinin dəstəyi vacibdir.

Suriyada terrorçuluqla mübarizənin vacibliyinə dair ümumi ritorikadan istifadə edən Ərdoğanın sözlərindən belə məlum olub ki, Ankara Suriya-Türkiyə sərhədində təhlükəsizlik dəhlizinin yaradılması hədəfindən vaz keçmək fikrində deyil. Türkiyə prezidenti onu da deyib ki, Ankara Suriya ərazisində terrorçu qruplaşmalarla mübarizədə Rusiya ilə İrandan yardım gözləyir. «Astana prosesinin qarantlarından Türkiyənin bu mübarizəsinə dəstək gözləyirik», - deyə o, qeyd edib. R.T.Ərdoğanın sözlərinə görə, Suriyanın şimalındakı Tell-Rifaat və Manbic rayonları (Türkiyə kürd separatçılarına qarşı xüsusi əməliyyatları məhz bu rayonlarda keçirməyi planlaşdırır) «terrorçular limanı»na çevrilib və bu «liman» onlardan tam təmizlənməlidir.

Rusiya prezidenti Vladimir Putin isə ABŞ-a açıq eyham vuraraq bildirib ki, bəzi ölkələr Suriyadakı yaraqlılardan öz məqsədlərinə çatmaq üçün istifadə etmək istəyir. Nəzərə alsaq ki, ABŞ Suriyanın şimal-şərqindəki kürd qüvvələrinə fəal dəstək verir, Rusiya liderinin bu fikirləri Moskvanın PKK/PYD-ni terrorçu təşkilatlar kimi tanıya biləcəyinə eyham da sayıla bilər. Hər halda, Vaşinqton onlarla əlaqələrindən Rusiyanın Suriyadakı mövcudluğuna qarşı fəal şəkildə istifadə edərsə, Moskvanın bu addımı atacağı istisna deyil.

 

Bir problemin üç həlli

Ümumilikdə Vladimir Putin Qərbin Suriya siyasətini tənqid edib, onu destruktiv adlandırıb. O, bildirib ki, Suriyanın hökumətin nəzarətində olmayan hissəsindəki vəziyyət xüsusi narahatlıq yaradır, cinayətkarlıq, ekstremizm, separatçılıq təhdidləri məhz o ərazilərdən gəlir. Putinin fikrincə, buna ABŞ-ın başçılığı ilə Qərb də öz «töhfə»sini verir. Həmin ərazilərin PKK/PYD-nin nəzarətində olduğuna şübhə yoxdur. Beləliklə, Putin kürd qüvvələrinin ABŞ ilə əlaqələrindən narahatlığını birbaşa olmasa da, dilə gətirib və bunu Suriyanın parçalanması cəhdi kimi qiymətləndirib.

İran prezidenti isə öz növbəsində, bildirib ki, Birləşmiş Ştatlar Suriyanı və bütünlükdə regionu mümkün qədər tez tərk etməlidir. Bununla o, faktiki olaraq, rusiyalı həmkarına dəstək verib. İbrahim Rəisi onu da deyib ki, sərhədlərin təhlükəsizliyini Suriya qüvvələri özləri təmin etməlidir. Bununla da, o, Türkiyənin sərhəddə təhlükəsizlik zolağı yaratmaq fikrini dəstəkləmədiyini göstərib. Lakin İran tərəfi kürd yaraqlılarından ibarət PKK/PYD dəstələrinin sərhədə yiyəlik etməsini düzgün saymır və bu işi Suriya hökumətinin görməli olduğunu düşünür. «Suriyanın qonşuları ilə sərhədlərində sabitliyin, təhlükəsizliyin təmini üçün yeganə yol orada yerli hökumət qüvvələrinin yerləşməsi, həmçinin qonşu ölkələrlə əməkdaşlıqdır», - deyə Rəisi qeyd edib.

Məlum olduğu kimi, hazırda Türkiyə qoşunlarının nəzarətində olan həmsərhəd ərazilərdə müxalifətçi Suriya Milli Ordusunun (SMO) dəstələrinə də rast gəlinir. Əvvəllər adı «Azad Suriya Ordusu» olmuş SMO rəsmən 2017-ci ildə yaradılıb. Bu strukturu dəstəkləyən Ankara onu ölkənin yeni koalision hökuməti kimi görür. Bu ərazilərə nəzarəti onun mülki administrasiyası həyata keçirir. Ankarada olan məlumata görə, hazırda Türkiyədə 3,8 milyon suriyalı qaçqın var. Suriyanın «terrorçulardan təmizlənmiş» (Sitat Ərdoğana məxsusdur) ərazilərinə artıq 500 min qaçqın qayıdıb. Odur ki, Ankara öz sərhədindəki təhlükəsizlik zonasına qaçqınların qayıdacağı bölgə kimi baxır və hesab edir ki, ora müxalifət koalisiyasının nəzarətində olmalıdır. Türkiyə lideri Suriyanın Konstitusiya komitəsinin fəaliyyətinin vacibliyini də təsadüfən vurğulamayıb. Onun sözlərinə görə, bu qurumun işinin iflası bütünlükdə Astana prosesinin iflasına bərabər sayıla bilər.

İran isə SMO-nu qanunsuz qruplaşma sayır, onun Dəməşqə qarşı silahlı mübarizəni dayandırmasını və tərk-silah olunmasını vacib sayır. Bu prosesi «milli barışıq» adlandıran Tehranda düşünürlər ki, bu halda rəsmi Dəməşq Suriyanın bu hissəsinə də nəzarəti ələ ala bilər və bu halda Türkiyə terror təhdidi amilindən Suriya ərazisində hərbi əməliyyat keçirmək bəhanəsi kimi yararlanmaq imkanını itirər. İran üçün Suriyada Bəşər Əsədin dəvət etdiyi ölkələrin hərbçilərinin qalması vacibdir. Tehranda düşünürlər ki, Suriya müxalifəti ölkənin idarə olunmasında hansısa formada yer almaq istəyirsə, hökumətin şərtlərini qəbul etməlidir.

Bu kontekstdə, İ.Rəisi bildirib ki, «Suriyanın ərazi bütövlüyünün pozulması təhlükəsizliyə, terrorçuluqla mübarizəyə töhfə verməyəcək», bu səbəbdən də, bütöv qalmalı olan Suriyanın suverenliyinə hörmət vacibdir.

 

Suriya, Yaxın Şərq və s. 

Maraqlıdır ki, İran prezidenti görüş iştirakçılarının diqqətini Amerika-İsrail tandeminin «regiondakı destruktiv fəaliyyəti»nə də çəkib. O, Vaşinqtonu suriyanın resurslarını, o cümlədən neftini oğurlamaqda təqsirləndirib, İsrailin Suriya ərazisinə zərbələr endirməsini pisləyib. İsrailin Dəməşqə hücumlarını Ərdoğanla Putin də pisləyiblər.

Türkiyə, Rusiya və İran liderləri istər ikitərəfli, istərsə də üçtərəfli görüşlərdə bir çox regional və beynəlxalq məsələləri də müzakirə ediblər. Məsələn, Cənubi Qafqazda 3 iştirakçısı qeyri-region dövləti olan «3+3» formatına dəstək verilib. Bundan başqa, Ukrayna taxılının ixracı ilə bağlı danışıqların təşkilində Türkiyənin səyləri vurğulanıb, ümumilikdə regional təhlükəsizliklə bağlı problemlər müzakirə olunub.

Yekun bəyanatdan məlum olduğu kimi, tərəflər üçtərəfli formatın Suriya problemindən daha geniş mövzuları əhatə etməsi ilə bağlı razılığa gəliblər. Bu qərarın reallıqda özünü necə göstərəcəyi isə qarşıdakı dövrdə bəlli olacaq. İndi hər şey çox qarışıqdır: bu gün aktual olan mövzu sabah aktullığını itirə bilir.



MƏSLƏHƏT GÖR:

104