5 May 2024

Bazar, 07:15

HUMANİTAR İRƏLİLƏYİŞ

Ukraynada davam edən müharibə fonunda İstanbul Bəyannaməsi qlobal aclığın qarşısının alınması üçün unikal imkan yaradıb

Müəllif:

01.08.2022

Ukraynada müharibənin başlamasından yarım ildən artıq vaxt keçir. Hərbi əməliyyatların davam etməsi yalnız Ukraynanın özü üçün deyil, münaqişəyə bu və ya digər formada cəlb olunmuş bütün ölkələr üçün hərbi və humanitar fəlakətin miqyasını getdikcə böyüdür. Bununla yanaşı, Türkiyə və BMT-nin vasitəçiliyi ilə iyulun 22-də əldə olunmuş razılaşma kiçik də olsa, ümid yaradır. Söhbət Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılması haqda razılaşmadan gedir. Beləliklə, ümid etmək olar ki, müharibəni dayandırmaq mümkün olmasa da, onun kritik humanitar nəticələrinin qarşısını almaq nəinki lazımdır, həm də mümkündür.

 

Pazı pazla çıxararlar

Amma təəssüf ki, bu, hərbi əməliyyatları səngitmir, qarşı-qarşıya duran tərəflərin düşmənə mümkün qədər ciddi zərbə vurmaq arzusu ilə getdikcə artır. Məsələyə Ukraynaya qeyd-şərtsiz dəstək verən, Rusiya qoşunlarının irəliləməsinin qarşısını almağa çalışan Qərb dövlətlərinin cəlbi isə yaşananların qlobal hərbi-siyasi effektini daha da artırır.

Məsələn, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivan bildirib ki, Birləşmiş Ştatlar Ukrayna ilə birgə strategiya hazırlayır və bu strategiya Kiyevə istər hərbi əməliyyatlar, istərsə də Rusiya ilə danışıqlar zamanı kömək etməlidir. Amerika rəsmiləri açıq şəkildə deyirlər ki, ABŞ və Ukraynanın Müdafiə nazirlikləri Ukrayna ərazilərinin hərbi yolla geri qaytarılması məsələsini müzakirə edirlər. Elə həmin Sallivanın sözlərinə görə, Vaşinqton «Ukrayna ilə praktik olaraq hər gün əlaqə saxlayır, Rusiyanın hücumundan müdafiə olunmaq, itirilmiş ərazilərin bir hissəsinin geri qaytarılması yollarını müzakirə edir… Bu müzakirələr istər silahlı qüvvələrin kanalları, istərsə də siyasi müstəvidə aparılır».

Lakin güman etmək olar ki, Vaşinqton Ukrayna ərazilərinin «bir hissəsinin» hərbi yolla geri qaytarılmasından danışan zaman Rusiyanın öz ərazisi saymadığı əraziləri nəzərdə tutur. Yəni hələlik söhbət Krımın geri qaytarılmasından getmir.

Qeyd edək ki, Ukraynaya hərbi yardımın əsas strateji idarəetməsi ABŞ-ın Avropadakı hərbi komandanlığının köməyi ilə həyata keçirilir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Amerika tərəfinin Ukrayna ordusuna dəstəyi ilə bağlı hədəflərdən danışarkən bildirib ki, məqsəd Rusiya qoşunlarının irəliləməsinin qarşısını almaq və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu üçün şərait yaratmaqdır.

 

«Ukrayna» poliqonu?

Vaşinqton Ukraynaya dəstək verməklə yanaşı, hərbi əməliyyatların gedişindən dərs çıxararaq hərbi texnikasını, silahlı qüvvələrin idarə olunması bacarıqlarını təkmilləşdirir. Başqa sözlə, Ukrayna daha təkmil müdafiə sisteminin hazırlanması, fəaliyyətin müttəfiqlərlə koordinasiyasının daha effektiv təşkili, müharbədə texniki vasitələrin tətbiqinin təkmilləşdirilməsi üçün «rahat meydança»ya çevrilib. Ümumilikdə artıq heç kimə sirr deyil ki, Ukrayna böyük sınaq poliqonuna çevrilməkdədir. Bu gün KİV-in diqqəti əsasən Ukraynaya Qərb silahlarının tədarükü məsələsinə yönəlib.

Bununla yanaşı, daha bir məlumata görə, İran təxminən iki aydır ki, Rusiyaya gizli şəkildə silah göndərir. Söhbət İrana məxsus hava hücumundan müdafiə raketlərindən gedir. Məlumata görə, onun «Bavar-373» Hava Hücumundan Müdafiə (HHM) sistemi Rusiyaya hələ bu ilin mayında verilib. Ona Rusiyanın «S-300» sisteminin İran versiyası kimi baxmaq olar. Daha maraqlı olanı isə İranın özünün İraqda fəaliyyət göstərən silahlı şiə təşkilatları (məsələn, «Haşd əş-Şaabi») vasitəsilə Rusiyaya qeyri-leqal şəkildə silah tədarük etməsi xəbəridir. Bildirilir ki, onlar Amerika hərbçilərinin İraqda qalmış silahlarını Rusiyaya göndərirlər. Onların arasında Braziliya istehsalı olan «Astros-II» yaylım atəşi sistemi də var. KİV-in versiyasına görə, bu silahlar Rusiyaya apreldə ixrac olunub. Bütün bunlar Rusiyanın əlavə raket arsenalına ciddi ehtiyac duyduğunu söyləməyə əsas verir.

ABŞ hərbi kəşfiyyatının əldə etdiyi məlumata görə isə İran yaxın vaxtlarda Rusiyaya yerli istehsal olan hərbi pilotsuz uçuş aparatları da göndərməyə hazırlaşır. Bu yerdə qeyd edək ki, Tehran üçün öz hərbi vasitələrinin potensial düşmənlə qarşıdurmada sınaqdan keçirilməsi vacibdir. Amma iranlılar bütün deyilənləri qəti şəkildə inkar edirlər. İran Xarici İşlər Nazirliyinin rəsmisi ABŞ tərəfinin onların Rusiyaya pilotsuz uçuş aparatları verdiklərinə dair iddialarını rəsmən təkzib edib.

 

Zəif razılaşmalar

Bütün bunların fonunda Rusiya ilə Ukrayna arasında Türkiyə və BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlarda müəyyən müsbət dinamika hələ iyulun ortalarında özünü göstərməyə başlayıb. O zaman Moskvanın yüklərin daşınması zamanı barışığa razılıq verdiyi bildirilirdi. Əldə edilmiş razılaşmalara əsasən, silah qaçaqmalçılığının qarşısının alınması üçün yük daşımalarına cəlb olunmuş gəmilərə BMT-nin dəstəyi ilə Türkiyə baxış keçirməli idi. Amma barışığa ümid o zaman da böyük deyildi və belə də olub. Cəmi 1 gün sonra – iyulun 4-də Rusiya hərbçiləri Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib. Prezident Zelenski şəhərin atəşə tutulmasını «açıq terror aktı» kimi qiymətləndirib. Ukrayna tərəfi bu hücum nəticəsində dinc sakinlərin də həlak olduğunu bəyan edib.

Rusiya hökuməti və hərbçiləri isə mülki obyektlərə zərbələrin endirildiyinə dair iddiaları rədd edib, bildiriblər ki, bu zərbələrin hədəfi hərbi infrastrukturdur. Rusiya tərəfinin məlumatına görə, bu hədəflər arasında şəhərdəki “Zabitlər evi” də olub.

Bundan bir həftə sonra taxılın nəqli ilə bağlı razılaşma böyük çətinliklə əldə olunan zaman yenidən eyni vəziyyət yaşanıb. Beləliklə, təəssüflə qeyd edə bilərik ki, nüfuzlu şəxslər tərəfindən imzalanmış razılaşma heç bir əhəmiyyəti olmayan sənədə çevrilə bilər.

 

Böyük siyasətdə müharibə

Analitiklər hesab edirlər ki, hərbi əməliyyatlar ilin sonunadək davam edərsə (və bütün əlamətlər bunun belə olacağını göstərir), dünya iqtisadiyyatı hər iki tərəfin resurslarını tükəndirən bu müharibəyə pis-yaxşı uyğunlaşacaq. Müharibə Ukrayna ərazisində getdiyindən, daha çox zəifləyən tərəf də odur.

Ukrayna üzrə həm də «Ramştayn» müşavirəsi kimi tanınan Kontakt qrupunun sayca dördüncü toplantısı göstərib ki, Qərb Ukraynaya dəstəyi dayandırmağı düşünmür. Bundan başqa, dünyanın 50 ölkəsinin müdafiə nazirləri Kiyevə ağır silahların tədarükünün artırılması haqda razılığa gəliblər. Məsələn, söhbət Ukraynaya verilmiş 12 ədəd «HIMARS» yaylım atəşi raket sisteminə daha 4-nün əlavə olunmasından gedir.

Maraqlıdır ki, bu qərar praktik olaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mühüm bir bəyanatı ilə eyni vaxta təsadüf edib. Lavrov bildirib ki, Qərb Ukraynaya hücum silahları tədarükünü genişləndirərsə, bu ölkədə hərbi əməliyyatların coğrafiyası genişlənəcək. Nazirin sözlərinə görə, Rusiya «Ukraynanın Zelenskinin nəzarətində olan hissəsində» silahların toplanmasına imkan verə bilməz, çünki o silahlar «bizə, həmçinin gələcəklərini müstəqil şəkildə müəyyənləşdirmək istəyən, bu səbəbdən də, müstəqilliklərini elan etmiş respublikalara təhdid yaradacaq».

«Ramştayn»da bu bəyanat Kiyevə raket tədarükünün davam etdirilməsini zəruri edən amil və yürüdülən siyasətin uğurlu olduğunu göstərən indikator kimi qiymətləndirilib. İndi bir sıra Qərb dövlətlərində olduğu kimi, Birləşmiş Ştatlarda da Ukraynaya dəstək mövzusu daha vacib siyasi məsələyə çevrilir. Kiyevə hərbi dəstəyi gücləndirən Bayden administrasiyası Ukrayna ordusunun fəaliyyətində effektivliyin artacağına ümidlidir. Bu, tənqidçilər üçün yaxşı arqument olacaq. ABŞ-da isə belələri az deyil. ABŞ-da Nümayəndələr Palatasına bu il noyabrın 8-də keçirilməli olan seçki ərəfəsində hazırkı administrasiyanın opponentləri bir sualı daha tez-tez səsləndirməyə başlayacaqlar: «Sizin yardımınız Ukraynaya nə verdi? Bəs biz bundan nə əldə etdik?» Bu sualın müəllifləri prezident Baydenin silahdaşlarından konkret və ictimaiyyəti qane edəcək cavab istəyirlər. Bunu Amerikanın məşhur politoloqları  da açıq şəkildə dilə gətirirlər. Məsələn, Frensis Fukuyama «Doyçe Velle»yə müsahibəsində bildirib ki, ABŞ respublikaçılarının Ukraynaya dəstəyi getdikcə azalır. Eks-prezident Donald Tramp isə bu amildən 2024-cü ildə yenidən siyasi olimpə yüksəlmək üçün istifadə etmək niyyətindədir.

«Aydındır ki, 2024-cü ildə o, prezident vəzifəsinə qayıdarsa, Rusiyanın bütün problemləri həll olunacaq. Çünki Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətindədir. Beləliklə, Kreml sadəcə Amerikanın siyasi kursunun dəyişməsi sayəsində əsas hədəflərinə nail olacaq», - deyə Fukuyama qeyd edib: «Buna görə hesab edirəm ki, Ukraynanın yayın sonunadək müəyyən irəliləyişə nail olması, döyüş meydanında təşəbbüsü ələ alması vacibdir».

Görünən odur ki, Amerikanın Kiyevə hərbi dəstək strategiyasının əsas müəllifləri də eyni fikirdədirlər. Söhbət Pentaqon rəhbəri Lloyd Ostindən, dövlət katibi Entoni Blinkendən və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sallivandan gedir.

 

Müharibə iqtisadiyyatı

Bu arada, Avropa İttifaqı Rusiyaya sanksiyalar vasitəsilə təzyiq təcrübəsini bərpa etmək qərarına gəlib. Yeddinci sanksiyalar paketi qızıl idxalına embarqonu, Sberbankın aktivlərinin dondurulmasını və yeni ixrac məhdudiyyətlərini nəzərdə tutur. Doğrudur, avronun zəifləməsi və Avropa iqtisadiyyatında resessiya proqnozları fonunda yeni sanksiyaların əhəmiyyəti və təsiri o qədər də ciddi olmaya bilər. Hər halda, avrozonada işgüzar fəallıq minimum həddə düşüb. Son məlumata görə, PMI işgüzar fəallıq indeksi 49,4 bəndə enib (iyunda 52 bənd idi). İstehsal həcmi və yeni sifarişlərin sayı 2021-ci ildə karantin rejiminin tətbiqindən bu yana ilk dəfə azalıb, ərzaq təhlükəsizliyi riski isə artıb. Lakin bu qədər ümidsiz təsir bağışlayan şəraitdə iyunun 22-də İstanbul danışıqlarında əsl sensasiya baş verib. Türkiyənin fəal iştirakı ilə «Dolmabahçe» sarayında aparılan uzun-uzadı məsləhətləşmələrdən sonra Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxıl məhsullarının nəqlinə dair razılaşma imzalanıb. «Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz nəqli təşəbbüsü» adlı sənəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Qutyerreşin iştirakı ilə imzalanıb. Məzmununa görə unikal olan sənəd bu gün üçün dünyanın ən ciddi problemi olan məsələnin həllinə imkan yaradır. Söhbət, ilk növbədə, dünyanın ən zəif, nəinki ciddi çörək qıtlığı, əməlli-başlı aclıq təhlükəsi ilə üz-üzə qalmış ölkələrinin taxılla təminindən gedir. Razılaşmanı ilk alqışlayanlardan birinin Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat olması da təsadüf deyil. O, BMT-nin baş katibinə ünvanladığı məktubda imzalanmış sənədin qitə dövlətləri üçün xüsusi əhəmiyyətini vurğulayıb.

Məlumdur ki, 10-dan artıq Afrika ölkəsi Ukrayna və Rusiya taxılından asılı durumdadır. Bu, Afrikaya ümumi taxıl idxalının yarıdan çoxu deməkdir. Belə bir vəziyyətdə taxılın durmadan bahalaşması burada onsuz da aclıq həddində yaşayan milyonlarla insan üçün daha ciddi risk yaradır. Odur ki, indi bir çox Afrika ölkəsi rahat nəfəs ala bilər.

Beləliklə, aclıq təhlükəsi tam aradan qalxmasa da, xeyli azalıb. Amma ən nikbin şəxslər belə, əldə edilmiş razılaşmanı bütün problemlərin həlli hesab etmir. Müharibə davam edir və demək, yeni böhranlardan heç kim sığortalanmayıb. Üstəlik, razılaşmanın imzalanmasından cəmi bir gün sonra Odessanın dəniz limanına raket zərbəsi endirilib. Bu, müharibə dövründə istənilən razılaşmanın nə qədər zəif olduğunu, istənilən an pozula biləcəyini göstərib. Dünya artıq müharibədən bezib və infrastruktur obyektlərinə raket zərbələrinə haqq qazandırılması üçün söylənilən istənilən fikir qeyri-ciddi təsir bağışlayır.

Belə bir vəziyyətdə məsuliyyətli siyasətçilər tərəfləri israrla hərbi əməliyyatları dayandırmağa, danışıqlar masası arxasına əyləşməyə çağırır. Belə siyasətçilər arasında son danışıqların uğurla bitməsində şəxsi xidmətləri böyük olan Türkiyə lideri də var. «Yeni qurbanların olmaması, bütün dünyanın yeni iqtisadi ziyanla üzləşməməsi üçün Rusiya ilə Ukraynanın hərbi əməliyyatları dərhal dayandırmaları vacibdir», - deyə Ərdoğan İstanbulda «taxıl razılaşması»nın imzalanması mərasimində bildirib. Prezident deyib ki, Türkiyə müharibəninr lap əvvəlindən bu münaqişədə qalibin olmayacağını bildirib: «Bu münaqişədən tək Rusiya ilə Ukrayna yox, bütün dünya məğlub ayrılacaq».

Ümid edək ki, Moskva ilə Kiyev bu çağırışı eşidəcək.



MƏSLƏHƏT GÖR:

108