26 Dekabr 2024

Cümə axşamı, 05:54

MÜHARİBƏ MƏNTİQİ İLƏ

Rusiya-Ukrayna münaqişəsi Avropa üçün məşum nəticələrə yol açacaq fəlakətə çevrilə bilər

Müəllif:

01.09.2022

Ukraynada müharibənin bitmək bilməməsi, beynəlxalq vəziyyətin getdikcə ağırlaşması problemin uzanacağını göstərir – Rusiya-Ukrayna qarşıdurması getdikcə daha kəskin xarakter alır. Bununla yanaşı, Zaporojye AES-in atəşə tutulması hallarının artması təhlükəni daha da artırır və bunun bütünlükdə Avropa üçün məşum nəticələrə yol açacaq «ikinci Çernobıl» hadisəsi ilə bitəcəyi istisna deyil. Tərəfdaşlarının da dəstəyi ilə Rusiyanın hücumlarına ciddi müqavimət göstərən Ukrayna təslim olmur, Moskva isə hücum sürətini nəzərəçarpacaq dərəcədə azaltsa da, strategiyasını dəyişməyə hazırlaşmır.

 

Cəbhədə dəyişiklik yoxdur

Rusiya-Ukrayna müharibəsi cəbhəsində ümumilikdə radikal dəyişikliklərin olmamasını müşahidəçilər çoxdandır ki, Ukrayna Ordusunun döyüş qabiliyyətinin artması, onun tərəfdaşları, ilk növbədə, NATO ölkələri ilə uğurlu əməkdaşlığı ilə əlaqələndirir. Məlum olduğu kimi, Ukrayna artıq 800 milyon dollar dəyərində növbəti hərbi yardım tranşını əldə edib. Bu yardım ABŞ prezidentinin səlahiyyətləri çərçivəsində həyata keçirilib. Bu səlahiyyətlər Ağ Ev sahibinin hər hansı ölkəyə Birləşmiş Ştatların ehtiyatlarından əlavə silah göndərməsinə imkan verir. Növbədə yeni tranşdır.

ABŞ-ın Kiyevə hərbi yardımının vacib komponenti «HIMARS» kimi sistemlərin tədarüküdür. Güman olunur ki, Ukrayna tərəfi Krımdakı vacib hərbi obyektləri məhz bu sistemlərin sayəsində vura bilib. Bu, Kiyev üçün həm də vacib psixoloji məsələdir. Yəni yaşananlar göstərir ki, ukraynalılar yalnız ölkənin cənub-şərqindəki rayonlarını deyil, beynəlxalq hüquqa görə Ukrayna ərazisi olan Krım yarımadasını da nəzarətinə qaytarmaq əzmindədir.

Mütəxəssislər hesab edir ki, Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemləri «HIMARS» ilə mübarizədə gücsüzdür. Bəzi ehtimallara görə, ruslar «HIMARS» vasitəsilə 80 kilometrədək məsafəyə atılmış 6 raketdən ən yaxşı halda 1-ni vura bilir.

İstənilən halda, bir çox Qərb KİV-i Krımda hərbi obyektlərin davamlı olaraq partladılmasını məhz Ukrayna Silahlı Qüvvələrinin effektiv fəaliyyəti ilə əlaqələndirir. Halbuki, Kiyev buna görə məsuliyyəti rəsmi olaraq üzərinə götürmür.

Yeri gəlmişkən, son zamanlar Rusiya Ordusunun arxa cəbhəsinə raket zərbələrinin sayı da nəzərəçarpacaq dərəcədə artıb. Xersondakı partlayışlar və Donbasdakı strateji kommunikasiyalara zərbələr bunu təsdiqləyir. Bəlkə də, Rusiya HHM sistemlərinin zəifliyi Ukrayna Ordusunun getdikcə daha effektiv müqavimət taktikasına keçdiyini göstərən daha bir əlamətdir. Hər halda, ukraynalı hərbçilərin həmlələri bəzən düşməni müdafiəyə keçməyə belə, vadar edir.

Lakin ümumilikdə hərbi kampaniyanın gedişində hər hansı ciddi dəyişiklik yoxdur. Rusiya qoşunları səylərini Donbas istiqamətinə yönəltməkdə davam edir, Ukraynanın bu regionuna nəzarəti tam ələ keçirmək üçün var qüvvəsi ilə çalışır. Kiyev isə Xerson vilayəti və bütünlükdə ölkənin cənubunu azad etmək niyyətini getdikcə daha aydın ifadə edir. Odur ki, ən ağır hərbi əməliyyatların Ukraynanın məhz bu bölgəsində getməsi təsadüf deyil.

 

Növbəti uğursuz cəhd

Bütün bunlarla yanaşı, vəziyyətin idarə oluna bilən məcraya yönəldilməsi cəhdləri də davam edir. Bu mənada, münaqişənin sülh yolu ilə həlli cəhdləri də ortadadır. Hər halda, Ukrayna prezidenti Volodimir Zelenskinin BMT-nin baş katibi Antoniu Qutyerriş və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla Lvovda keçirdiyi görüşü məhz belə qiymətləndirmək olar. Müşahidəçilər bu görüşlərə ən azı müvəqqəti atəşkəsin əldə oluna biləcəyi görüş kimi ümid bəsləyirdilər. Türkiyə prezidentinin bilavasitə görüşdə bu təşəbbüslə çıxış edəcəyi gözlənilirdi. Əslində, belə də olub. Ərdoğan, həqiqətən də, Zelenskiyə Rusiya prezidenti ilə görüş təklif edib. Lakin Zelenski Moskva ilə danışıqların yalnız bir halda mümkün olduğunu bildirib – «işğalçı Rusiya qoşunları Ukrayna ərazisindən çıxmalıdır».

Bu cavab isə gözlənilən idi. Çünki Moskva ilə danışıqlar və hərbi əməliyyatların dayandırılması Ukrayna və ona hərbi-siyasi dəstək verən ölkələrdə Kiyevin kompromisə hazır olduğu kimi qiymətləndirilə bilərdi. Qərb bu halda tənqidi əhvalın güclənəcəyindən ehtiyatlanır: belədirsə, Kiyevə bu həcmdə hərbi dəstəyin göstərilməsinə ehtiyac var idimi? Bununla yanaşı, proseslərin bu cür inkişaf edəcəyi təqdirdə Ukraynaya öz ərazilərini işğaldan azad edənədək yardımın göstərilməsinin vacibliyini bildirən Qərb liderlərinin siyasi ritorikasına etimad da azalardı.

Türkiyə prezidenti üçün isə hərbi əməliyyatların aktiv fazasının dayandırılması Qara dəniz hövzəsində müharibənin coğrafiyasının böyüməsi riskinin azalması demək olacaqdı ki, bu da şübhəsiz ki, Ankaranın maraqlarına uyğundur. Həm Moskva, həm də Kiyev ilə dialoqu davam etdirməkdə maraqlı olan Türkiyə qarşı-qarşıya dayanmış qüvvələr arasında seçim etmək məcburiyyətində qalmaq istəmir. Bununla yanaşı, Ərdoğan açıq şəkildə bildirir ki, o, bu müharibədə aşkar qalibin və məğlubun olacağını düşünmür və problemə son nöqtə məhz danışıqlar yolu ilə qoyulmalıdır. «Biz Ukraynalı dostlarımızın yanında olmuşuq və yanındayıq… Müharibə danışıqlar masası arxasında bitəcək. Zelenski ilə Qutyerriş mənimlə razıdırlar. Biz Türkiyə olaraq, növbəti dəfə vasitəçi rolunu oynamağa hızırıq», - deyə Ərdoğan qeyd edib.

Volodimir Zelenski özü isə türkiyəli həmkarı ilə görüşünün nəticələrini belə xarakterizə edib: «Prezident Ərdoğanın Ukraynaya səfəri bu qüdrətli dövlətin bizə dəstəyi ilə bağlı ciddi siqnaldır. Ərdoğanla görüşümüzdə müdafiə sahəsində əməkdaşlıq məsələləri də müzakirə edildi».

Lvov danışıqlarından sonra iki tərəf arasında Ukraynanın dağılmış infrastrukturunun bərpasına dair razılaşma da imzalanıb.

 

Fəlakətin bir addımlığında

Qeyd etmək lazımdır ki, üçtərəfli görüşdə «taxıl razılaşması»nın inkişafı imkanları, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Zaporojye AES-ə göndərəcəyi mümkün nümayəndə heyətinin parametrləri də müzakirə olunub. Bu səfərlə bağlı razılaşma Zelenski ilə Qutyerriş arasında əldə edilib.  Bu, münaqişə tərəflərinin əldə etdiyi razılaşmalar arasında kifayət qədər effektiv şəkildə həyata keçirilən yeganə razılaşmadır.

Ümumilikdə isə təəssüf ki, münaqişənin yaratdığı kəskin problemlərin, məsələn, Zaporojye AES ətrafında yaranmış qorxulu vəziyyətin həlli baxımından bu görüş də «sehrli çubuq» rolunu oynaya bilməyib. AES-in atəşə tutulmasına nəinki son qoyulmayıb, hətta o, daha intensiv xarakter alıb. Vəziyyət o qədər kritik həddə çatıb ki, avqustun 25-də stansiya tarixində (1984-cü ildə tikilib) ilk dəfə olaraq enerji şəbəkəsindən ayrılıb.

Vəziyyət kritik olaraq qalır. Zelenskinin sözlərinə görə, AES-in enerji şəbəkəsindən ayrılmasından dərhal sonra onun özünü enerji ilə təmin etmək üçün dizel generatorları işə düşüb. Prezident bildirib ki, dünyanı nüvə fəlakətindən məhz bu generatorların fasiləsiz işi və AES personalının peşəkar reaksiyası xilas edib. «Dünya söhbətin hansı miqyasda təhdiddən getdiyini başa düşməlidir: dizel generatorları işə düşməsəydi, «blekaut»dan sonra avtomatika və stansiyanın personalı fəaliyyətə keçməsəydi, artıq radiasiya qəzasının nəticələrini aradan qaldırmaqla məşğul idik», - deyə Ukrayna lideri bildirib.

Bu vəziyyət fonunda MAQATE ekspertlərindən ibarət komandanın Zaporojye AES-ə yollanması haqda informasiya müsbət siqnal sayıla bilər. Missiya obyektin təhlükəsizliyinə dəymiş zərəri hesablamalı, onun təhlükəsizliyinin artırılması üçün tövsiyələr verməlidir.

 

Kədərli statistika və müharibə məntiqi

İş elə gətirib ki, Ukrayna avqustun 24-də müstəqilliyinin növbəti ildönümünü, eyni zamanda saysız-hesabsız hərbçi və dinc sakinin həyatına son qoymuş, son qoymağa davam edən, miqyaslı dağıntılara yol açan müharibənin başlamasının yarım illiyini qeyd edib. Məlumata görə, fevralın 24-dən avqustun 10-dək müharibə 13 mindən artıq Ukrayna vətəndaşının həyatına son qoyub. Onlardan 5,5 mini dinc sakinlərdir. Ekspertlər isə həlak olanların real sayının bunu xeyli üstələyə biləcəyini deyir. Hər iki tərəf on minlərlə ölüdən danışır, lakin onların açıqladığı rəqəmlər fərqlənir. Bunun dəqiqləşdirilməsi isə mümkün görünmür.

Avqustun sonuna olan məlumata görə, bu savaş nəticəsində 12 mindən artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Onların 6 mindən artığı ölkəni tərk edib. Ölkə infrastrukturuna dəymiş və artıq sənədləşdirilmiş ziyanın həcmi 200 milyon dollardır. Təəssüf ki, bu faciəvi rəqəmlər artmaqda davam edir, çünki müharibənin sonu görünmür. Onun tezliklə bitəcəyinə ümidlər isə getdikcə yox olur.

Ukrayna prezidenti V. Zelenski «Krım platforması» forumunun yekunlarına dair mətbuat konfransındakı çıxışı zamanı açıq şəkildə bildirib ki, Moskva ilə danışıqlardan «söhbət belə, gedə bilməz», çünki Rusiya hökuməti dialoq yox, müharibə aparmaq istəyir. Bundan 2 sutka sonra Prezident Ofisi rəhbərinin məsləhətçisi Mixail Podolyak deyib ki, «prezident Zelenski birmənalı olaraq danışıqların əleyhinədir, Ukrayna ictimaiyyəti isə sarsılmazdır. Çünki biz riskləri yaxşı dərk edirik». Kiyevdə hesab edirlər ki, «Rusiya ilə istənilən müvəqqəti barışıq gələcəkdə Moskvanın təcavüzü davam etdirməsinə yol açacaq».

Kiyevi tərəfdaşları da Moskva ilə danışıqlardan çəkinməyə çağırır. Böyük Britaniyanın artıq sabiq baş naziri Boris Conson dünya liderləri və Ukraynanın tərəfdaşlarını Rusiya prezidenti Vladimir Putin ilə danışıqlar aparmamağa çağırıb. O, deyib ki, Moskvanın uğur qazanması sərhədlərin güc yolu ilə dəyişdirilməsinin mümkünlüyünü göstərən siqnal olacaq və bu halda Rusiyanın ətrafındakı heç bir ölkə özünü təhlükəsizlikdə hiss edə bilməyəcək.

Yeri gəlmişkən, «DXR» və «LXR»in Rusiyaya birləşməsinə dair referenduma hazırlıq da bunu göstərir. Kiyev bildirir ki, onun şərq vilayətlərinin Rusiyaya birləşdirilməsi haqda qərar qəbul edilərsə, perspektivdə hansısa danışıqlar haqda düşünmək belə, artıq olacaq.

Ukrayna prezidenti Türkiyənin dövlət başçısı ilə BMT-nin baş katibini «işğal olunmuş ərazilərdə psevdoreferendumlarla bağlı» son dərəcə sərt mövqe sərgiləməyə təsadüfən çağırmayıb. Ukrayna bu addımın yolverilməz olduğu, onun ağır nəticələrə yol açacağı haqda fikirlərin Rusiya rəhbərliyinə məhz bu iki şəxs vasitəsilə çatdırılmasını istəyir. Lakin mövcud vəziyyətdə nüfuzlu siyasətçilərin çağırışlarının Moskva tərəfindən qəbul ediləcəyinə əmin olmaq mümkün deyil.

Müharibənin öz məntiqi var və onun davam etdiyi şəraitdə sülh məntiqinin diktə etdiyi qərarlara ümid bəsləmək təəssüf ki, mümkünsüzdür.



MƏSLƏHƏT GÖR:

146