1 May 2024

Çərşənbə, 20:40

MUSİQİ “KÖRPÜ”SÜ İLƏ

Xədicə Zeynalova: “Qarabağ haqqında düşünən və bu heyrətamiz diyarı tərənnüm etmək istəyən zaman əsər notlara öz-özünə “düzülür”

Müəllif:

15.09.2022

Xədicə Zeynalova Sumqayıt Musiqi Kollecinin “Musiqi nəzəriyyəsi” ixtisası üzrə təhsil alıb. O, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının, həmçinin Almaniyanın Detmold Musiqi Akademiyasının və Paderborn Universitetinin məzunudur. X.Zeynalova Paderborn Universitetində “XX əsr Azərbaycan musiqi mədəniyyəti və Qərb musiqisinin Azərbaycan musiqisində təzahürü” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

O, 1999-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Almaniyada yaşayır, buraya köçdükdən sonra “Bridge of Sound” musiqi qrupunu yaradıb. Xədicə Zeynalova 2007-ci ildə GEMA-ya (Almaniya Müəlliflər Cəmiyyəti) üzv olub. O, bu cəmiyyətə üzv olan ilk azərbaycanlı qadın bəstəkardır. X.Zeynalova DAAD-ın “Friedrich-Ebert-Stiftung” adlı nüfuzlu doktorantura təqaüdünə və bəstəkar kimi Almaniya Mədəniyyət Nazirliyinin təqaüdünə layiq görülüb. Detmold Musiqi Akademiyasında dərs deyir və burada dosentdir.

Qeyd edək ki, onun əsərləri Azərbaycan, Almaniya, ABŞ, Kanada, Böyük Britaniya, İtaliya və dünyanın digər ölkələrində keçirilən müasir musiqi festival və konsertlərində ifa olunub. 2021-ci ildə Xədicə Zeynalova “Harmony of Sound” beynəlxalq musiqi festivalının əsasını qoyub. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə həsr olunan musiqi festivalı Almaniyanın üç müxtəlif şəhərində üç gün ərzində keçirilib. 

- Musiqi insanlıq sivilizasiyasında minilliklər ərzində mövcuddur. Musiqiçi/bəstəkar xalqla ünsiyyət yolunda bir növ bələdçi rolunu oynayıb. Ümumiyyətlə, sizcə, indiki  dövrdə musiqinin vəzifəsi nədir? Son onilliklərdə “bələdçi”nin rolu dəyişibmi?

- İnsanlıq tarixində musiqinin çoxəsirıik mövcudluğu göstərir ki, o, heç bir sərhəd tanımır və müxtəlif insanları birləşdirmək qabiliyyətinə malikdir. Heç bir dil bağlılığı olmayan musiqi, ünsiyyətdə heç bir maneədən asılı olmayaraq, insanlar arasında dialoqu davam etdirə bilir. Hər bir tarixi mərhələdə, hər dövrdə bəstəkarlar və musiqiçilər səslərin harmoniyası dünyasının və notlarla ifadə olunan cümlələrin “beynəlxalq tərcüməçiləri” rolunda çıxış ediblər. Onların arasında sadə tərcüməçilərlə yanaşı, dahi insanlar da var. Bu gün musiqi kainatını onlarsız təsəvvür etmək mümkün deyil. Bu məqamda uzaq olmayan keçmişə səyahət etmək lazımdır. Bir neçə əsr əvvəl, hətta ötən əsrin əvvəllərində melodik nəsə yaza bilən, demək olar ki, hər bir musiqiçi bəstəkar hesab olunurmuş. Üstəlik, əksər hallarda belə iş, yəni musiqinin, operanın və sairin bəstələnməsi simfonik orkestrin sifarişi ilə həyata keçirilirdi. Yalnız uzun müddətdən sonra bəstəkarlıq sənəti ayrıca peşəkar fəaliyyətə çevrilib. Fikrimcə, bununla musiqinin həm fərdin, həm də bütövlükdə cəmiyyətin həyatında rolunun danılmaz olduğunu müəyyən etdik. Axı, məhz musiqi sayəsində sevginizi, ağrınızı, dəstəyinizi və emosional ifadə tələb edən bir çox daxili hisslərinizi bir az daha geniş şəkildə ifadə edə bilərsiniz. Təbii ki, cəmiyyətin və musiqinin texniki komponentlərinin inkişafı nəticəsində “bələdçi”nin, həmçinin bəstəkarın rolu dəyişib. Üstəlik, onun peşəkar vəzifəsi də aydın olub: yüksək keyfiyyətli, özünəməxsus musiqi yaratmaq, parlaq şəxsiyyətə sahib olmaq. Ən vacib postulatlardan biri də bəstəkarın seçdiyi fəaliyyət sahəsində öz yolunu tapmasıdır.

- Musiqinin əsasında yeddi not, not sırası və alterasiya işarələri dayanır. Yəni sanki elə görünür ki, musiqi vahid qaydalara tabedir. Buna görə də güman etmək olarmı ki, hər bir mədəniyyətin, dövrün, müəllifin musiqi yaratmaq üçün öz qaydaları var?

- Biz – bəstəkarlar, musiqiçilər, dirijorlar, publika – hər birimiz fərqliyik. Amma bizi musiqinin böyük gücü birləşdirir. Şübhəsiz, hər bir dövrün musiqi ilə bağlı özünəməxsus qaydaları var. Buna görə də fərqli musiqi mədəniyyətlərini, müxtəlif dövrlərə aid bəstəkarların əsərlərini təhlil etsək, onlar arasında çox böyük fərqlər görərik. Tarixi musiqi yolunun hər bir hissəsinin öz tendensiyaları və istiqamətləri var. Axı, hər bir bəstəkar/musiqiçi öz individual ifadə tərzini axtarır. Hər kəsi və hər şeyi birləşdirən tək məsələ musiqiyə xidmət, musiqinin köməkliyi ilə insanlar və mədəniyyətlər arasında körpülər qurmaqdır. Öz təcrübəmə əsaslanaraq çox sayda misal çəkə bilərəm. Almaniyadakı orkestrimdə müxtəlif ölkələrdən musiqiçilər var. Onlar – əcnəbilər bizim musiqimizi ifa edəndə keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Onlar bizim musiqini hiss edirlər və konsertlərdə, festivallarda bu hisslərini ifadə edirlər! Fəxr edirəm ki, dünyanın müxtəlif ölkələrindən peşəkar və çox istedadlı gənc musiqiçiləri toplaya bilmişəm. Sənət adamı, o cümlədən musiqiçi üçün fərdilikdən, yaradıcılıqdan, özünü təkmilləşdirməkdən və daim yaradıcı axtarışdan önəmli heç nə yoxdur...

- İndiki təhsil sistemi qəbul edilmiş “idiom və doqmalar”a əsaslanır. Bu çərçivələrdə ifaçı və bəstəkar kimi parlaq fərdiliyi, təkraredilməz və tanınan imzanı necə əldə etmək olar?

- Hesab edirəm ki, bir məsələni inkar etmək çox çətindir: bu dünyaya gələn hər bir kəsə Uca Yaradan nəsə bəxş edib. Bu da insanlara öz qabiliyyət və istedadlarına uyğun olaraq çox şey əldə etmək imkanı verir. Azərbaycan mədəniyyəti ölkəmizi nüfuzlu müsabiqələrdə və konsert salonlarında uğurla təmsil edən musiqiçi və bəstəkarların adlarının çoxluğu ilə öyünə bilər. Buna görə də azərbaycanlıların unikal musiqilər yaradan və inkişaf etdirən, dahi sələflərinin qoyduğu ənənələrin davamçıları olan həmvətənləri ilə fəxr etməyə tam haqqı var. Bu musiqilər dünya mədəniyyət xəzinəsinə daxil olub. Yenidən bir məsələyə qayıdırıq ki, uğur və tanınmaq üçün kimisə yamsılamaq dalana gedən yoldur. Peşəkar musiqiçi yolunu şüurlu şəkildə seçən şəxs öz dəst-xəttini tapmalıdır. Yalnız şəxsi təcrübə fərdiliyi “tərbiyə etməyə” yardım göstərə bilər. Zəhmət çəkmədən “kopirayt” etmək yalnız qısa bir başlanğıc anında sizə yardım göstərə bilər, lakin daha sonra... Şəxsi üslub və dəsti-xətt əsəri bütün qəlbinlə ərsəyə gətirdiyin zaman formalaşır.

- Əsərləriniz “müasir musiqi” anlayışına aid edilir. Bu, düzgün yanaşmadır? Axı, dərin məzmunlu əsl musiqi, şübhəsiz, zamanın hüdudlarına sığmır...

- Müasir klassik musiqini qəlbimlə bəstələyirəm. Eyni zamanda eksperimentlər aparır, müxtəlif texnikaların və musiqi alətlərinin imkanlarından istifadə edirəm. Bax və Bethovenin dühası danılmazdır və onların əsərləri günümüzdə də aktualdır. Lakin onlara musiqi texnikasında yenilik axtarmaq, musiqi alətlərinin imkanlarının səs və uyğunlaşma baxımından genişləndirilmək yad deyildi. Bunun sadə resepti var: məşğul olduğunuz işi sevməlisiniz! Hər bir yeni əsər uşağın dünyaya gəlməsinə bənzəyir. Həm keçmiş, həm də müasir bəstəkarlar qarşısında təkcə musiqi əsəri yazmaq vəzifəsi dayanmır. Uca Yaradanın istedad bəxş etdiyi şəxslər onun qədrini bilməlidirlər. Onlar dinləyicilərin daxili aləmini zənginləşdirəcək sevgi ilə dolu keyfiyyətli musiqi bəstələməlidirlər. Bu, böyük məsuliyyətdir.

- Sizin əsərləriniz müxtəlif musiqi alətlərində ifa olunur. Bəs sizi ən çox hansı musiqi aləti cəlb edir?

- Aşağı tembrli musiqi alətlərini çox sevirəm. Məsələn, violonçel, bas klarnet, alt, akkordeon, blok-fleyta, orqan, tenor-saksofon, pianonun səsini... Sevdiyim musiqi alətlərinin siyahısı uzundur. Bütün alətlər üçün musiqi yazsam da, bir musiqiçi kimi mənim arsenalımda onlardan yalnız ikisi var: piano və orqan.

- Musiqidə sizin üçün nə vacibdir və hazırda musiqidə nə axtarırsınız?

- Musiqidə sevgi və peşəkarlıq mənim üçün önəmlidir. Peşəkar bəstəkar yolunu seçən zaman mənim üçün fərdilik və özünəməxsus dəst-xətt prioritet olub. Mənim üçün musiqini elə bəstələmək vacibdir ki, insanların ruhunda qığılcımlar alovlansın, musiqim dinləyicilərin qəlbinə “toxunsun”. Buna nail olmaq üçün isə daim özünüzü formada saxlamaq, təkmilləşdirmək lazımdır. Buna görə də bəstəkar kimi inkişaf etmək üçün yeni üfüqlər, imkanlar axtarıram.

- Musiqi konkret gözlə görülə biləcək faydadan uzaqdır. Yəni orta statistik insanın düşüncəsində körpülər, evlər, yollar, zavodlar və sair həyati əhəmiyyət daşıyır. Sizcə, musiqinin rolu nədir? Bu nə üçün lazımdır?

- Musiqi insana gündəlik qayğılarından, problemlərdən xilas olmasına kömək edir. Onu dinləmək insanın mənəvi baxımdan rahatlaşmasına yardım göstərir. Artıq dəfələrlə sübut olunub ki, musiqi kompozisiyası insanın psixi vəziyyətinə, ümumiyyətlə, onun orqanizminə təsir göstərə bilər. Musiqi müəyyən vəziyyətə dalmaq üçün effektli üsuldur. Musiqi emosiyaların mənbəyi kimi çıxış edir. İnsanın həyatını musiqisiz təsəvvür etmək çətindir. Hər kəs ən böyük formada olmasa belə, öz musiqi əsərini tapacaq. Buna görə də insanın hansı musiqiyə qulaq asmağa üstünlük verdiyini bilən zaman, onun xarakteri və ya müəyyən bir anda onu həyəcanlandıran məsələlər haqqında çox şey başa düşmək olar. İstər sevinc anlarında, istərsə də kədərli anlarda musiqiyə müraciət edirik. İnsana məhz musiqi harmoniyasının sehrli dünyasına dalmaq zövq verir. Bu, bizim həyatımız üçün çox vacibdir.

- Musiqiçinin/bəstəkarın yaradıcılığını nə ilə müqayisə etmək olar?

- Zərgərin işi ilə! Bir brilyant saatlarla davam edən işdən sonra yaranır. Bu müddət ərzində ustanın əlləri kobud almazı cilalayaraq brilyant ərsəyə gətirir. Buna görə də bu peşə sahibi ilə bir musiqiçinin/bəstəkarın işini müqayisə etmək olar. Onun arsenalında isə cəmi 7 not var. O, ağır zəhmət nəticəsində bu notları “döyərək” onu əsərə çevirir. Müəllifin ismarışını əks etdirən və dinləyicinin bəyəndiyi, mükəmməlliyə qədər işlənilmiş kiçik bir pyes belə şah əsər kimi qəbul oluna bilər.

- Milli Azərbaycan nüansları ilə zəngin materiala qərq olmaq məsələsində ifaçının şəxsiyyəti nə qədər əhəmiyyətli rol oynayır? Onun özünüidentifikasiyası? Yaxud müəllif kimi sizinlə harmoniya təşkil etməsi?

- Hər bir bəstəkar üçün ən böyük xoşbəxtlik və uğur öz ifaçısını tapmaqdır. Belə ki, hər bir musiqiçinin bəstəkarın yaradacılığına fərdi yanaşması var. İfaçı müəllifin ideya və fantaziyalarını çatdırır, əsərin mahiyyətini hiss edir. Bu, asan deyil. Buna görə də yaratdığınız əsəri əmanət edə biləcəyiniz ifaçını seçmək ciddi amildir. Öz təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, bu məsələdə mədəni özünüidentifikasiya fərqi hələ də iştirak edir. Məsələn, Azərbaycan musiqiçiləri mənim yazdığım musiqini alman və ya başqa ölkələrdən olan musiqiçilərdən fərqli hiss edirlər. Xoşbəxtlikdən çox sayda əcnəbi ifaçı mənimlə həmfikirdirlər. Bəxtim gətirib ki, orkestrimdə müxtəlif ölkələrdən ən istedadlı və peşəkar musiqiçilər var.

- Musiqiçi/bəstəkar üçün festival nə deməkdir?

- İndiki dövr musiqiçilər/bəstəkarlar üçün çox gözəl vaxtdır. Belə ki, musiqi sənayesi tarixində heç vaxt müəlliflərin və ifaçıların öz yaradıcılıqlarını bütün dünyada yaymaq üçün bu qədər, demək olar ki, hədsiz-hüdudsuz imkanları olmayıb. Müasir dövrdə festivallar inkişaf, yeni imkanlar, əlaqələr, ideyalar və təəssüratlar deməkdir. Bunlar nəticə etibarilə yeni əsərlərin bir hissəsinə çevrilir.

- Xüsusilə Qarabağa həsr olunmuş musiqi əsərləri ilə Azərbaycan mədəniyyətinin təbliği nəticəsində avropalı dinləyicilər onu hansı dərəcədə başa düşə bilir?

- Bilirsiniz, musiqi mədəniyyətimizin beşiyi olan Qarabağ mövzusuna müraciət etmədən azərbaycanlı bəstəkar olmaq mümkün deyil. O, bizim ruhumuzda, qəlbimizdə yaşayır və bu, danılmaz həqiqətdir. Qarabağ təbiətlə bağlı ən kiçik nüansların səsi, azadlıq və iradənin yürüşü, sevgi və sədaqətin zərif melodiyası, şərəf və ləyaqət tərənnümüdür. Qarabağ haqqında düşünən və bu heyrətamiz diyarı tərənnüm etmək istəyən zaman əsər notlara öz-özünə “düzülür”. Buna görə də müxtəlif orkestr kompozisiyaları üçün ərsəyə gətirdiyim əsərlərdə dəfələrlə Qarabağ mövzusuna müraciət etmişəm. Fikrimcə, bu, mənə musiqi vasitəsilə onun mübarək torpağına hopan sehrdən bəhs etməyə imkan verib. Bu əsərlərdən biri də 2016-cı ildə yazdığım “Qarabağ suitası” olub. Bu musiqi əsəri artıq beynəlxalq arenalarda səslənib və tamaşaçıların rəğbətini qazanıb.

- Konsert proqramlarında əsərləriniz çox vaxt ötən əsrlərin böyük bəstəkarlarının əsərləri ilə yanaşı olur. Belə anlarda nə hiss edirsiniz? Bunlarla öz əsərlərinizi qeyri-ixtiyari olaraq müqayisə edirsinizmi?

- Birincisi, bu, mənim üçün böyük şərəfdir. Axı, konsert proqramları çox diqqətlə tərtib olunur ki, əsərlər sadəcə ifa edilməsin, həm də bir-birini tamamlasın və bununla, bütöv musiqi mənzərəsi yaransın. Buna görə də burada söhbət müqayisədən getmir. Bununla bağlı, yalnız onu deyə bilərəm ki, ötən əsrlərin tanınmış bəstəkarları ilə “qonşuluqda” olmaq varlığın davamlı olduğunu başa düşməyə imkan verir. Bu məqamda insanı onun taleyi ilə bağlı əbədi olan suallar narahat edir. Əgər musiqim böyük bəstəkarların əsərləri ilə harmoniyada buna cavab axtarmağa davam edərsə, mən bundan yalnız qürur duyaram.

- Həyat elə gətirib ki, əsərləriniz, demək olar ki, Avropa və Azərbaycan musiqi ənənələrinin harmoniyalı ittifaqını nümayiş etdirir. Bu isə mədəniyyətlərinin ümumi olduğunu bir daha sübuta yetirir.

- Yaradıcılığımla insanlar, ölkələr, mədəniyyətlər və musiqi dünyaları arasında körpü qurmağa çalışıram. Şərqin Qərblə qovuşduğu, kompozisiyalarda iştirak edən melodiya və alətlərin vəhdətdə olduğu nöqtə yaratmağa səy göstərirəm. Məhz bu yanaşmam məni 2016-cı ildə “Bridge of Sound” ansamblını yaratmağa sövq edib. Bu ansamblı işığın hissələri arasında musiqi körpüsüdür. Avropa və Azərbaycan musiqi ənənələrinin harmonik birliyini nümayiş etdirdiyim bir çox layihələrimiz var. Bu il Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Almaniya-Azərbaycan əlaqələrinin 200 illiyinə həsr edilmiş “Henrix və Leyla” adlı ikinci musiqi albomu işıq üzü görüb. Adından da göründüyü kimi bu, alman oğlanla azərbaycanlı qızın sevgi hekayəsidir. Hadisələr İkinci Dünya müharibəsi illərində Şəmkirdə yerləşən, yevangelist adı Annenfeld olan ərazidə cərəyan edir (buranın əsası 1818-ci ildə almanlar tərəfindən qoyulub). Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Odlar Yurdundan – Azərbaycan və Almaniya arasında körpülər” adlı debüt musiqi albomumuzu da qeyd etmək istərdim. Bunlar onlarla nümunədən yalnız bir neçəsidir...

- Siz nəinki musiqi əsərlərini geniş ictimaiyyətə təqdim edirsiniz, həm də Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin münsiflər heyətinə daxil olmusunuz və Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etmisiniz. Hansı daha məsuliyyətlidir?

- Məsuliyyətin dərəcəsi yoxdur. O, hər zaman və hər yerdə eynidir. Almaniyada keçirilən Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin münsiflər heyətinin üzvü olmaq və Dünya Azərbaycanlılarının V Qurultayına dəvət almaq böyük şərəfdir. Dünyanın 65 ölkəsindən 400 azərbaycanlını birləşdirən Şuşada olmaq isə... Bununla bağlı, təəssüratları heç vaxt unutmayacağam... Müqəddəs Qarabağ torpağına qayıtmağımıza imkan verən şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayıram. Diaspor fəaliyyətinə görə mənə təqdim olunan medal isə yaşadığım emosiyaları xatırladacaq. Buna görə Prezidentimizə, Diasporla İş üzrə Dövlət Komitəsinə və valideynlərimə təşəkkür edirəm.

- Musiqidə sizin üçün ən vacib olan nədir? Onun gələcəyini necə görürsünüz?

- Mənim üçün musiqidə ən əsas məsələ ona olan əsl sevgidir. İllər keçdikcə təcrübəm sayəsində musiqini və sənəti getdikcə daha dərindən dərk edirəm. Həyat formulları mənə bu prizmadan açılır və bu, mənə dünyadakı yerimi anlamağa kömək edir. Mənim üçün ilham mənbəyi hər zaman məni enerji ilə dolduran yaradıcılıq prosesi, həmçinin əsərlərimin tamaşaçılar qarşısında ifasıdır. Hər bir insan öz ətrafında mədəniyyət yaradır və buna görə də əlimdən gələni etməyə çalışıram...



MƏSLƏHƏT GÖR:

91