2 May 2024

Cümə axşamı, 02:35

SEÇKİ ƏRƏFƏSİNDƏ

Amerika ictimaiyyətindəki parçalanma yeni vətəndaş müharibəsinə səbəb ola bilərmi?

Müəllif:

15.09.2022

Son dövrlərdə Amerika ictimaiyyətində getdikcə dərinləşən bölünmə qərbli politoloqları, ekspert və filosofları ciddi şəkildə narahat edir. Bəziləri hətta ciddi şəkildə bir sualı dilə gətirirlər: ABŞ-da yeni vətəndaş müharibəsi baş verə bilərmi?

Məlum olduğu kimi, ABŞ-da baş vermiş, eyni zamanda Şimal-Cənub müharibəsi də adlandırılan vətəndaş müharibəsi (1861-1865) iqtisadiyyatda, sosial strukturda, ənənələrdə və siyasi dəyərlərdəki fərqliliklərdən, o cümlədən şimalla cənubda quldarlığa münasibətin fərqindən yaranmışdı. Əlbəttə, bu gün ABŞ-ı bu cür qlobal məsələlər bölmür, qul əməyi olsun, ya olmasın kimi suallar yoxdur. Lakin cəmiyyət həyatın başqa vacib siyasi və ictimai cəhətləri üzündən ciddi şəkildə parçalanmış vəziyyətdədir. Söhbət abort, silah daşıma, cinsiyyət dəyişdirmə hüquqlarından, immiqrasiya siyasətindən, səhiyyə sahəsində islahatlardan və bir çox digər məsələlərdən gedir.

Hələ də davam edən COVID-19, onunla bağlı karantinin doğru olub-olmadığı, peyvəndin təsiri və s. məsələlərdəki fikir ayrılıqları isə alovun üzərinə yağ tökür. Bütün bunlarla yanaşı, ABŞ cəmiyyətində ən yaxşı vaxtlarda belə, qərblə şərq, şəhər və kənd əhalisi, ağlarla «rənglilər» arasında ciddi fərq olub və bu gün də var. Əlbəttə ki, zənginlərlə yoxsullar, işləyən, bizneslə məşğul olan və lazımi şəkildə vergisini ödəyənlərlə heç nə etmədən müavinətlər hesabına yaşayanlar arasındakı fərq də öz yerində.

 

Dəlinin sərsəmləməsi, yoxsa…

2022-ci il avqustun 20-də «The Guardian»da kifayət qədər diqqət çəkən məqalə dərc olunub. Məqalədə bildirilir ki, ABŞ-da yeni vətəndaş müharibəsi təhlükəsi «artıq dəlinin sərsəmləməsi deyil». Avqustun sonunda isə «The Washington Post» qəzetinin baş redaktoru Mark Fişer yazmışdı ki, Birləşmiş Ştatların vətəndaş müharibəsi astanasında olduğunu düşünmək mümkündür və indi ölkədə çoxları onu qaçılmaz, hətta zəruri sayır.

Fişer mübaliğə edir, yoxsa amerikalıların narahat olmaları üçün, həqiqətən, əsas var? Jurnalistlər bu mənada mümkün səbəblərdən biri kimi «siyasi opponentlərin təxribatçı fikirləri»ni göstərirlər. Bununla razılaşmamaq çox çətindir.

ABŞ hər zaman siyasətçilərin öz imiclərinə son dərəcə ciddi diqqət yetirdikləri, hər bir sözünə, addımına, ətrafına diqqətlə yanaşdıqları, imicin hər şeydən üstün olduğunu düşündükləri ölkə olub. Ən azı, belə görünüb. Qəflətən hər şey dəyişib. Hələlik növbəti prezident seçkisinə qatılmağa əsas iddialılar – sabiq dövlət başçısı Donald Tramp və Ağ Evin hazırkı rəhbəri Co Bayden bir-birinin ünvanına açıq şəkildə dəhşətli ittihamlar səsləndirirlər. Söhbət elə ittihamlardan gedir ki, 20 il əvvəl onların həqiqətin «yanından belə, keçməsi» istənilən siyasətçinin karyerasını dəfn edərdi. İndi isə vəziyyət tam fərqlidir – siyasətçilər «zərbə»lərdən hansısa formada yayınır, təmizlənir və fəaliyyətlərini davam etdirirlər…

Məsələn, Bayden Filadelfiyada sentyabrın 1-də etdiyi «Xalqın ruhu uğrunda döyüş» adlı çıxışında MAGA hərəkatını («Make America Great Again» - Trampın 2016-cı il kampaniyasının əsas şüarı olan «Amerikanı yenidən qüdrətli edək») təkrar-təkrar tənqid edib. O, Birləşmiş Ştatların sabiq prezidenti Donald Trampı demokratiya üçün təhdid adlandırıb, bildirib ki, Tramp və tərəfdarları «yarımfaşist ideologiyası» daşıyır, ümumiyyətlə, Amerika cəmiyyətinə ekstremizm gətirirlər. Doğrudur, Bayden bunun bütün respublikaçılara yox, məhz MAGA şüarını dəstəkləyənlərə aid olduğunu söyləiyb. Lakin onun opponentləri səsləndirilən fikirləri etirazla qarşılayaraq, ölkə elektoratının yarısının təhqir olunduğunu bildirib, qarşı tərəfin üzv istəməli olduğunu söyləyiblər. Bəzi KİV-də isə Baydenin ölkənin qanunverici orqanını qəsb etdiyi, siyasi opponentlərinə qarşı repressiyalar həyata keçirməyə çalışdığı, ümumiyyətlə, Demokratlar Partiyasında faşizm əlamətlərinin olduğu haqda fikirlər gedib. İttihamlara Tramp özü də cavab verib. O, Pensilvaniyadakı tərəfdarları ilə sentyabrın 3-də keçirdiyi mitinqdə hazırkı dövlət başçısı Co Baydeni və ətrafını «dövləti düşmənləri» adlandırıb.

Bundan başqa, Ağ Ev sahibi Filadelfiyada çıxış etdiyi səhnə ilə bağlı da tənqidlərə məruz qalıb. Bəzilərinin fikrincə, səhnənin bəzədilmə şəkli birmanalı olmayıb – prezidentin kürəyi arxasında iki dəniz piyadası dayanmışdı. Onların siluetləri qan-qırmızı rəngdə işıqlandırılmış monumental binanın üzərində əks olunurdu. CNN telekanalının «New Day» səhər proqramının liberal aparıcısı Keylar Baydeni siyasi nitqi zamanı dəniz piyadalarından «rekvizit» kimi istifadə etməkdə günahlandırıb, hərbçilərin belə qara-qırmızı rənglərlə birləşdirilməsi isə çoxlarında faşizmlə assosiasiya olunub.

 

Konspirologiya, yoxsa…

Bu, Amerikanın siyasi düşərgələri arasındakı qarşıdurmanın son epizodlarından yalnız biridir. Biz hər zaman eşidirik ki, ABŞ-dakı partiya sistemi sadəcə, seçim etmək istəyində olan elektorat üçün «xərac»dır, əslində isə Ağ Evdə dəyişiklik bu qədər güclü, qüdrətli dövlət üçün o qədər də vacib hadisə deyil. Çünki ən vacib dəyərlər, prinsiplər, o cümlədən azadlıq və demokratiyaya sadiqlik onsuz da dəyişməzdir. Lakin indi KİV-də və sosial şəbəkələrdə bir fikrə getdikcə daha çox rast gəlinir: Demokratlar Partiyasının arxasında nəhəng maliyyəçilər, qlobalistlər, multikulturalistlər, miqrasiya tərəfdarları, LGBT hərəkatı və s. dayanır, respublikaçı-trampçıları isə mühafizəkar Amerika ənənələrinə sadiq olanlar dəstəkləyir və onlar praktik olaraq, «həyatdan yox, ölümdən yapışıblar».

Kimsə deyə bilər ki, bütün bu iddialar konspirologiyadan başqa bir şey deyil. Lakin Baydenlə Trampın artıq mümkün seçki kampaniyasının hansı istiqamətdə gedə biləcəyinə nəzər yetirdikdə istər-istəməz, ortaya suallar çıxır. Trampın sadiq tərəfdarları əvvəlkitək inanırlar ki, onların namizədi seçkini saxtakarlıq nəticəsində uduzub. Bəziləri hətta 2 yanvar 2021-ci il üsyanını federal dövlətə silahlı müqavimətin başlanğıcı sayır. Ümumilikdə isə son sorğular respublikaçıların 60-70%-nin məhz Trampı prezidentliyə namizəd görmək istədiyini nümayiş etdirir. Amma bu cür populyarlıq Trampın nə az, nə çox – casusluqla bağlı qanunu pozmaqda şübhəli bilinməsinə mane olmur. Avqustun 9-da onun Floridadakı malikanəsində axtarış aparılıb və FTB agentləri oradan məxfilik dərəcəsi müxtəlif olan 100-dək sənəd götürüblər. Onların arasında «xarici dövlətin nüvə imkanları və Amerikanın tam məxfi əməliyyatları haqqında» sənədlər də var.

Digər tərəfdən sorğular göstərir ki, Amerika vətəndaşlarının əksəriyyəti ABŞ prezidenti Co Baydenin oğlu Xanterin noutbuku ilə bağlı hadisəni hələ də vacib hadisə sayır. Halbuki onun açıqlanmasının üzərindən az qala 2 il keçir. «New York Post»un yazdığına görə, rəyi soruşulan seçicilərin təxminən yarısı (48%) düşünür ki, 2020-ci il seçkisi ərəfəsində KİV Baydenin oğlunun noutbukundakı materialları lazımi səviyyədə yaysaydı, demokratların namizədi, bəlkə də, seçkidə qalib gəlməyəcəkdi. Yəni görünən odur ki, hər iki tərəfin əlində qarşı tərəflə bağlı kifayət qədər kompromat var və bütün bu ittihamlar çox ciddi görünür.

 

Nəyin bahasına olursa olsun…

Bütün bunların fonunda 2022-ci il noyabrın 8-də ABŞ Senatına seçki keçirilməlidir. Bu zaman Nümayəndələr Palatasının tam olaraq 435 nümayəndəsi, həmçinin Konqresə 100 senatordan 34-ü (6 il müddətinə) seçiləcək. Bu aralıq seçkisi, yəqin ki, ABŞ üçün ən maraqlı və  epik seçki olacaq. Bəzi ekspertlərin fikrincə, demokratlar bir anda Amerikanın qanunverici orqanının hər iki palatasına nəzarəti itirə bilərlər. Bayden 1 sentyabr mitinqində, yəqin ki, buna görə kifayət qədər konkret danışıb: «Nəyin bahasına olursa olsun, qələbə!» Bayden və tərəfdarları yaxşı bilirlər ki, məğlubiyyət halında prezident impiçment təhlükəsi ilə üz-üzə qala bilər.

Çox şey qanunvericilərin sadə amerikalıların problemlərini eşitməyə, nəzərdən keçirməyə nə qədər şazır olacaqlarından asılıdır. Qərb KİV-nin kifayət qədər böyük hissəsi yazır ki, Amerika ictimaiyyətinin bahalaşmadan, inflyasiyadan, iş yerlərinin qapanmasından (bəzi məlumatlara görə, ABŞ-da real işsizlik həddi 24%-dir) narazılığı getdikcə artır. «Gallup» tərəfindən aparılmış sorğu göstərib ki, Birləşmiş Ştatlarda maliyyə çətinlikləri ilə üzləşən insanların faizi artır, milyonlarla insan kommunal xidmətlərin qiymətinə görə bora düşür, bir çox sakin ipotekanı və ya kirayə haqqını ödəyə bilmədiyi üçün evindən çıxarılmaq təhlükəsi ilə üz-üzədir. «The Hill» ictimai rəy sorğularının nəticələrinə istinadən yazır ki, bütün bunların nəticəsində Amerika vətəndaşlarının 64%-də qarşıdakı bir neçə ildə siyasi zorakılıqların kəskinləşə biləcəyi ilə bağlı narahatlıq var. Ən qorxulusu isə, insanlar siyasi məqsədlərə çatmaq üçün zorakılığa əl atılmasının mümkünlüyü fikrinə öyrəşir.

Ekspertləri narahat edən daha bir məqam ABŞ hökumətinə inamsızlığın artmasıdır. İndi hansısa ştatın ölkədən ayrılmasının mümkünlüyü haqda daha çox danışırlar. Belə bir vəziyyətdə, 2021-ci ildə Amerika ailələrinin, təxminən, 42%-i heç olmasa, bir odlu silaha malik olmaq istəyini ifadə edirdi, ümumilikdə isə ölkənin mülki insanlarında, təxminən, 400 milyon ədəd odlu silah var idi. Bu rəqəmləri yuxarıda qeyd olunanların üzərinə gəlsək, məlum olur ki, mümkün vətəndaş qarşıdurması haqda deyilənlər o qədər də fantastik təsir bağışlamır. Hər halda, biz Amerika elektoratının premyerası 2021-ci il yanvarın 6-da baş tutmuş pilot etiraz aksiyası imkanlarını yaxşı bilirik.



MƏSLƏHƏT GÖR:

82