1 May 2024

Çərşənbə, 23:27

PUÇ OLAN ÜMİDLƏR

Moskva ilə İrəvan arasındakı növbəti inciklik fonunda oliqarx Vardanyanın «siyasi debüt»ü

Müəllif:

15.09.2022

Ermənistanın 44 günlük Vətən müharibəsindəki darmadağını və faktiki olaraq İrəvanın kapitulyasiya aktı olan üçtərəfli Bəyannamənin imzalanması zamanı erməni siyasi dairələrinin reaksiyasını əksər ekspertlər Elizabet Kyubler-Ross nəzəriyyəsinin mərhələlərinə bənzədirdilər. Əvvəlcə inkar: «Ola bilməz! Hadrutda bir nəfər də azərbaycanlı yoxdur! Şuşa üzərində bayraq mistifikasiyadır!» Sonra qəzəb: «Dünya birliyi Ermənistanın darmadağın edilməsinə necə imkan verdi? Köçəri müsəlmanların qələbə qazanmasına niyə yol verdilər? Rusiya, Fransa, Lüksemburq və Kanada hara baxırdılar?»

Bu gün isə Ermənistan məğlubiyyətə görə günahkar axtarır. Bunu da müəyyən mənada «qəzəb mərhələsi»indən saymaq olar. Amma indi daha çox müşahidə olunan «ticarət», daha dəqiq desək, müharibənin nəticələrini korrektə etmək, «oyunu yenidən oynamaq» cəhdləridir. Mümkün olarsa, «miatsum»a yenidən start vermək cəhdləri…

Əlbəttə, erməni cəmiyyətində yuxarıda qeyd olunan nəzəriyyənin növbəti mərhələlərinin – depressiya və nəhayət, reallıqla barışmaq – nə vaxt gələcəyini proqnozlaşdırmaq olar. Amma hələ buna çox var. Qarabağda separatçılığın yenidən işə salınması cəhdləri isə bir çoxlarının kartlarını poza bilər. Bu, ilk növbədə, Qarabağ səhnəsində erməni əsilli rusiyalı oliqarx Ruben Karlenoviç Vardanyanın peyda olmasına aiddir.

 

«Yeni ümid»

Ruben Vardanyan Xankəndi səhnəsində «siyasi debüt»ünü əsl teatral effektlərlə edib. Çoxəsrlik çinar ağacının altında etdiyi videomüraciətində o, Rusiya vətəndaşlığından imtina etdiyini, «Artsax»a (burada və hər yerdə dırnaq işarəsi bizə aiddir – red.), yəni Qarabağa köçdüyünü, «Artsax»ın təhlükəsizliyi və inkişafı fondu»nu yaratdığını elan edib, diasporu bu işə ianələr ayırmağa çağırıb. Daha sonra Vardanyan mətbuat konfransı keçirib: «Biz ilkin olaraq elə etməliyik ki, insanlar «Artsax»ın və Ermənistanın gələcəyinə inansınlar». Bu zaman o, özü də bilmədən etiraf edib ki, bu gün müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə yaşayan azsaylı insanlar bir məsələ haqda düşünməyə və özlərinə sual verməyə bilmirlər: sabah nə baş verəcək?

Bu vəziyyətdə Vardanyan bir çoxları tərəfindən «ağ atlı oğlan» kimi qəbul edilib. Ekspertlər dərhal onun Ermənistan müxalifətinin yeni liderinə çevrilə biləcəyini söyləməyə başlayıblar. Hər halda, hazırkı müxalifət liderlərinin Paşinyana meydan oxumaq gücündə olmadıqları ortadadır. Görünən odur ki, erməni elektoratı devrilmiş Qarabağ xuntasının başçılarını qəbul etmir.

Lakin ən çox ümidlənənlər Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə yaşayanlardır. Xankəndidə çoxları ciddi-ciddi düşünməyə başlayıb ki, Rusiyanın ən zəngin şəxslərindən olan Vardanyan burada son zamanlaradək digər rusiyalı oliqarx, artıq dünyasını dəyişmiş Levon Ayrapetyanın rolunu oynaya bilər. Söhbət separatçıların «pul kisəsi» rolundan gedir. Qarabağda doğulmuş həmin oliqarxı açıq şəkildə «separatçıların sponsoru» adlandırırdılar. Ayrapetyan bir çox layihəni maliyyələşdirirdi: öz doğma kəndindən məktəb tikintisindən tutmuş, Xaçınçay üzərində su anbarının yaradılmasına, kütləvi toyların təşkilinədək. Lakin sonradan o, dələduzluğa görə həbs edilib və məhbəsdə dünyasını dəyişib. Bu, 2017-ci ildə baş verib.

Qarabağ separatçılarının başçısı Araik Arutunyan və komandası üçün belə «pul kisəsi» çox lazımdır. Xüsusilə bu gün. Xatırladaq ki, Azərbaycanın işğaldakı ərazilərini azad etməsi nəticəsində separatçıların başçıları bir çox gəlir mənbəyindən məhrum olublar. Söhbət onların işğal olunmuş əraziləri talan edərək əldə etdikləri gəlirlərdən gedir. Araz çayı boyunca uzanan məhsuldar torpaqlar, Zəngilanın qızıl mədənləri, İstisu mineral suyu – bütün bunlar artıq ermənilərin nəzarətində deyil. Belə bir vəziyyətdə üfiqdə sponsor rolunu oynamağa hazır olan rusiyalı oliqarx peyda olursa, Araik Arutunyan və ətrafının hansı sevinci yaşadıqlarını təsəvvür etmək mümkündür. Bəzi rusiyalı ekspertlər Vardanyanın peyda olmasını erməni tərəfinin Azərbaycanın təzyiqlərinə «təşkilatlanmış müqaviməti»nin başlanğıcı sayır.

 

«Qarabağ» deyərkən, sanksiyalar yada düşür?

Lakin əslində Araik Arutunyan və ətrafı üçün hər şey göründüyü qədər sevindirici deyil. Məsələ heç də onda deyil ki, Vardanyanın pulu Arutunyanın iştahını qarşılamağa çatar, ya yox. Ekspertləri, ilk növbədə isə rusiyalı ekspertləri bir sual düşündürür: Ruben Karldenoviç Qarabağa köçmək qərarına gəlibsə, Rusiya vətəndaşlığından imtinaya nə ehtiyac var? Üstəlik, onun Ermənistan vətəndaşlığı da var. Əsəbiləşib? Yoxsa onun Qarabağ ritorikası piardan başqa bir şey deyil və Vardanyanın məqsədi tam başqadır? Bu gün Rusiyanın sərt sanksiyalar altında olduğunu, bunun maliyyə sahəsini də əhatə etdiyini xatırlatmaq, yəqin ki, artıq olar. Odur ki, belə vəziyyətdə rusiyalı oliqarxların öz kapitallarını sanksiyalardan xilas etmək istəyi başadüşüləndir. Ekspertlər deyirlər ki, Vardanyan 1990-cı illərdə «çirkli pulların yuyulması» ilə məşğul olmuş ən böyük qurumlardan sayılan «Troyka dialoq» bankına rəhbərlik edib. Bu, hələ sübut olmasa da, Vardanyanın Rusiya vətəndaşlığından imtinasının arxasında sanksiyalardan qaçmaq niyyətinin dayandığından şübhələnməmək mümkün deyil. Bununla, o, eyni zamanda xaricdəki erməni lobbisinin dəstəyini almağı da düşünə bilər.

Hər halda, bu, Moskvada çoxlarını qəzəbləndirib. Güc strukturları ilə sıx bağlı olan «Teleqram» kanallarında Vardanyana birbaşa hədələrin yer aldığı mətnlər paylaşılır. «Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan «zəhərli məkan»a çevrilmiş (onun kimi insanlar üçün) Rusiyadan qurtulmağın yaxşı yolunu tapıb» kimi fikirlərin paylaşıldığı kanallarda belə fikirlərə də rast gəlinir: «Vardanyan Rusiya vətəndaşlığından nümayişkaranə şəkildə imtina edərək, heç kimin tanımadığı «Artsax»ın vətəndaşlığını qəbul etdiyini deyir. Bu addımın iş adamına hansısa fayda gətirməsi mümkün deyil. Qərbin hansı siyasi fayda əldə edəcəyi isə aydındır. ABŞ-da və ümumilikdə Qərbdə Qarabağ ermənilərinə ciddi simpatiyanın olduğu sirr deyil. Vardanyan öz bəyanatı ilə, ilk növbədə, Qərbə göstərməyə çalışır ki, o, onların adamıdır. Yəni Qərb onu anlamalı, bağışlamalı, hətta «sanksiya siyahısı»ndan çıxarmalıdır». Bu mətnlərin müəllifləri hesab edir ki, «Vardanyanın bütün bu addımları onun öz vəsaitlərini xilas etmək cəhdidir. Ermənilər onun vecinə deyil. Əvvəllər olduğu kimi». Nəhayət, yekun fikir: «Kreml Vardanyanın bu addımına, çətin ki, layiqli qiymət verməsin. Kremldə satqınları sevmirlər və bu, sirr deyil. Dəfələrlə olub ki, hansısa insan Rusiyada qazandığı pulları xaricdə xərcləmək istəyib. Onların axırı pis olub».

Bəs bu xəbərdarlıq yalnız Vardanyanamı ünvanlanıb? Xəbərdarlıq Vardanyanadır, yoxsa Paşinyana?

Vardanyan epopeyası Moskva ilə İrəvan arasındakı növbəti inciklik fonunda yaşanır. Azərbaycan Silahlı Qüvvələrinin «Qisas» əməliyyatına cavab olaraq, Nikol Paşinyan rusiyalı sülhməramlıların ünvanına aşkar inamsızlıq ifadə edib, mətbuata guya Moskvada görüş keçirəcəyi haqda məlumat sızdıraraq, sonda danışıqlar üçün Brüsselə yollanıb və s. Vardanyanın səhnəyə çıxması isə Paşinyan üçün heç də xoş olmayan məsələdir, söyləyən müəlliflərin mövqeyini daha da gücləndirib: Ermənistan özünü Rusiyanın müttəfiqi sayırmı?

İrəvanda artıq ekspertlərin «dəyirmi masa»sı keçirilib və onun iştirakçıları ABŞ və Aİ-ni Ermənistandan Rusiya hərbi bazasını çıxarmağa cəhddə günahlandırıb. Paşinyana eyham çox aşkardır… Bunun ardından Nikol Paşinyanın Vladivostokda keçirilən Şərq İqtisadi Forumuna yollanması təəccüblü deyil. Orada Paşinyan birtəhər Putini görüşə razı sala bilib, çıxışında isə Rusiyanı Ukrayna müharibəsi fonunda Ermənistanı unutmaması üçün dilə tutub.

Bəs Paşinyan şübhələri aradan qaldıra bilibmi? Sual açıq qalır…


MƏSLƏHƏT GÖR:

86