26 Aprel 2024

Cümə, 05:15

ÇİNGİZ HÜSEYNZADƏ: “BÜTÜN QƏLƏBƏLƏRİMİZ YADIMIZDADIR”

Azərbaycan Milli Olimpiya Komitəsi yubileyini qeyd edir

Müəllif:

01.10.2022

Azərbaycan müstəqillik əldə etdikdən sonra olimpiya hərəkatının formalaşması üçün Milli Olimpiya Komitəsi yaradıldı. 1992-ci ilin noyabrında Avropa Olimpiya Komitəsinə, 1993-cü ilin sentyabrında isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Monakodakı Baş Assambleyasında rəsmən tanındı. Bu illər ərzində Milli Olimpiya Komitəsinin səmərəli fəaliyyəti nəticəsində olimpiya hərəkatı yarandı, idmançılarımız üçün ən yüksək şərait yaradıldı. 

30 il keçib və Milli Olimpiya Komitəsinin keçdiyi şərəfli yolu xatırlamaq istərdik. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin “Region plus” jurnalına müsahibəsini təqdim edirik.

- Sizi və Milli Olimpiya Komitəsinin bütün əməkdaşlarını yubiley münasibəti ilə təbrik edirik. Geridə qalan illərə nəzər salmağı və 30 illik ağır zəhmətinizi xatırlamağınızı təklif edirəm. Bunu necə qiymətləndirərdiniz?

- 30 il ərzində mürəkkəb yol qət olunub. İlk 5 ildə Milli Olimpiya Komitəsinin fəaliyyəti istənilən səviyyədə olmayıb. Bu da o dövrdəki vəziyyətlə əlaqədardır. Azərbaycan müstəqillik qazanandan sonra Milli Olimpiya Komitəsi təsis olundu. 1996-cı ildə ilk dəfə müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında təmsil olunduq. Bu zaman cəmi 23 idmançımız lisenziya qazanmışdı. Komandamız 1 gümüş medal qazanmağa nail oldu. Əlbəttə, bu nəticə bizim potensialımızı göstərmirdi. Ümummilli lider Heydər Əliyev idmançılarımızı yola salanda eləcə də olimpiadadan sonra görüşərkən idmanın yeni inkişaf mərhələsinə yüksəlməsi üçün lazımi tapşırıqlarını verdi. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. İnkişaf mərhələmiz bundan sonra başladı. Azərbaycan idman ölkəsi kimi özünü təsdiqlədi, ölkəmizdə bir çox mötəbər yarışların keçirilməsi təşkil olundu. Dünya və Avropa çempionatları, 1-ci Avropa Oyunları, İslam Həmrəylik Oyunlarına ev sahibliyi etdik. Müxtəlif idman qurumlarının Baş Assambleyasının iclasları şəhərimizdə baş tutdu. Böyük işlər görülüb və bu layihələri reallaşdırmaq asan olmayıb.

- Azərbaycan Milli Olimpiya Komitəsi hansı beynəlxalq təşkilatların təcrübəsini əsas götürüb?

- Azərbaycan Prezidenti İlham Əliyevin ilk gündən əsas tapşırıqlarından biri MOK-un beynəlxalq əlaqələrini gücləndirməkdən ibarət olub. Beynəlxalq təşkilatlar, digər ölkələrin olimpiya komitələri ilə əlaqə yaratmaq əsas məqsədlərdən biri sayılıb. İlk növbədə, biz Avropa Olimpiya Komitəsinin təcrübəsini əsas hesab etmişik. Mütəmadi olaraq, onlarla müzakirələr olub. Ölkəmizdə populyar olan idman növləri üzrə beynəlxalq təşkilatların rəhbərləri ilə ünsiyyətimiz yaranıb. Məşqçilər, hakimlərimiz beynəlxalq seminar, kurslarda iştirak edərək təcrübə qazanıblar. 

Bu gün isə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin təcrübəsi əcnəbilərə maraqlıdır. Bakıda təşkil edilən ilk Avropa Oyunlarının standartı hamı üçün təcrübə oldu. Prezident İlham Əliyev və Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın sayəsində böyük yarışların əsası qoyuldu. Biz İslam Həmrəylik Oyunlarının da standartını dəyişmişik.

- Növbəti illərə hansı hədəfləriniz olacaq?

- Bu yaxınlarda Azərbaycan idmançıları 5-ci İslam Həmrəylik Oyunlarında iştirak etdi. Yığmamız 99 medalla komanda hesabında 4-cü yeri tutdu. Demək istəyirəm ki, bütün yarışlarda ölkəmizin idmançıları onun şərəfini layiqincə qoruyurlar. İdmanda proqnoz vermək çətindir. Bu il biz Milli Olimpiya Komitəsinin 30 illiyini qeyd etməyə hazırlaşırıq. 2023-cü ildə bizi çətin sınaqlar gözləyir. Gələn il Avropa Olimpiya Festivalı eləcə də Avropa Oyunları keçiriləcək. Gənclər və İdman Nazirliyi ilə birlikdə idmanın inkişafı istiqamətində işimiz sürətlə davam edəcək.

Qeyd etmək istərdim ki, yubileylə bağlı bir sıra tədbirlərimiz olub. Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin rəhbərlik etdiyi qrup üzvləri 14 saatlıq yürüşün sonunda MOK-un 30 illik loqosunun əks olunduğu bayrağı “Heydər zirvəsi”nə sancıblar. Böyük Qafqazın Başdağ silsiləsinin Qızılqaya massivinin mürəkkəb relyefinə baxmayaraq, qrup üzvləri yüksək əhvali-ruhiyyə və qürurla “Heydər zirvəsi”nə qalxıblar. Ulu öndərin əziz xatirəsi yad edilib və Azərbaycan bayrağı dalğalandırılıb. Təkcə Bakıda deyil, regionlarda da silsilə tədbirlər keçirilir. Yubileylə bağlı sikkələr, poçt markaları və nişanlar hazırlanacaq. Televiziya layihələri, rəsm və foto sərgilərinin təşkili planlaşdırılır.

- 30 il ərzində ən yaddaqalan qələbə hansı olub?

- Bu müddətdə bir çox unudulmaz qələbələr yaşamışıq. Londonda keçirilən Olimpiya Oyunlarının son günlərini xatırlamaq istərdim. Bir saat ərzində güləşçilərimizin 2 qızıl medal qazanmasını heç vaxt unutmayacağıq. Toğrul Əsgərov və Şərif Şərifov fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla xalqımızı sevindirdilər. Dramatik anlar çox olub. 2017-ci ildə Bakıda keçirilən voleybol üzrə Avropa çempionatında Azərbaycan-Niderland görüşünü yada salmaq istərdim. Son anda oyunun taleyini dəyişən millimizin voleybolçularının fədakar oyununu qeyd edərdim. 2004-cü ildə Fərid Mansurovun Afinada, 2008-ci ildə Elnur Məmmədlinin Pekindəki zəfərlərini söyləyə bilərəm. Bütün qələbələrimiz yadımızdadır.

- 30 illikdə ən məyus olduğunuz anı xatırlaya bilərsiniz?

- Qələbələrlə yanaşı, məyus olduğumuz anlar az olmayıb. Rio-de-Janeyro və Tokio Olimpiya Oyunlarındakı finalları nümunə göstərə bilərəm. Mənim üçün ən məyus olduğum anlardı. Braziliyada güləşçimiz Mariya Stadnik son 3 saniyə ərzində üstünlüyü itirməklə məğlub oldu. Boksçumuz Lorenso Sotomayor finalda hakimlərin qərəzli idarəçiliyinə görə məğlub elan olunub. Tokioda İrina Zaretskaya, Rafael Ağayev və Hacı Əliyevin finalda uduzması bizi məyus etdi. Ümumiyyətlə, olimpiadada idmançının finalda məğlub olması kədərli hadisə sayılır. Bu anlar kədər hissi ilə xatırlanır. Hansının daha çox kədərli olmasını söyləmək çətindir.

- Sizcə, son 30 ildə Azərbaycanın ən yaxşı idmançısı kimdir?

- Bu, yəqin ki, mənə verilən ən çətin sualdır. 30 ilin ən yaxşı idmançısını seçmək asan deyil. Olimpiya çempionlarımızın hər biri yüksək səviyyəli idmançılar olub. Onların qələbələri bizim üçün eyni dərəcədə vacibdir. Onları fərqləndirə bilmərəm. Fəxr etdiyimiz çempionların arasında seçim etməkdə çətinlik çəkirəm. Ancaq 30 ilin ən yaxşı idman xadimini və təşkilatçısını qeyd edə bilərəm. Təbii ki, bu, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevdir.


MƏSLƏHƏT GÖR:

97