18 May 2024

Şənbə, 14:14

ƏRZAĞA YATIRIM

BMT: “2023-cü ildə dünya misli görünməmiş ərzaq qıtlığı ilə üzləşə bilər”

Müəllif:

01.10.2022

İdxal inflyasiyası amili hazırda dünya ərzaq bazarına ciddi təsir göstərir və bu, planetin inkişaf etməkdə olan və yoxsul ölkələrinə böyük ziyan vurur. Ərzaq qiymətlərinin davamlı artımı Azərbaycanın yerləşdiyi bölgənin də əsas problemlərindən biri olaraq qalır.

Gələn il qlobal aclığın artması təhlükəsi BMT Baş Assambleyasının 77-ci sessiyasında yenidən müzakirə edilib. Bu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son proqnoz və hesabatlarında əsas mövzuya çevrilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın qarşısında duran əsas vəzifədir: 2023-cü il dövlət büdcəsi layihəsində aqrar sahəyə xərclər artırılıb və ərzaq ehtiyatları yaradılır.

 

Misli görünməmiş artım

“Dünya hazırda ərzaq əldə etmək böhranı, önümüzdəki aylarda ərzaq mövcudluğu və əlçatanlığı böhranı ilə üzləşmək riski altındadır. Kənd təsərrüfatı sistemləri kövrəkdir və tədarük zəncirləri təzyiq altındadır. Buna görə də qlobal ərzaq təhlükəsizliyi ilə bağlı böhranın miqyası narahatedicidir”, - FAO-nun baş direktoru Qu Donqyun bildirib.

Yeri gəlmişkən, FAO-nun proqnozlarına əsasən, taxılın qiymətinin daha da artması ehtimalı hələ də yüksəkdir. Bu isə un, çörək, makaron və qənnadı məmulatlarının, o cümlədən yemin bahalaşmasına səbəb olur. Nəticədə, yumurta, quş əti, ət və süd məhsulları bahalaşacaq.

“Gübrə bazarlarını normallaşdırmasaq, gələn il qida sektorunda problemlərlə üzləşəcəyik. BMT Rusiya istehsalı olan ərzaq və gübrənin ixracı qarşısındakı maneələri aradan qaldırmağa tam sadiqdir”, - BMT-nin Baş katibi Antoniu Qutyerreş BMT Baş Assambleyasının 77-ci sessiyası ilə bağlı mətbuat konfransında bildirib.

FAO-nun son hesabatında qeyd olunub ki, bu ilin əvvəlindən azot, kalium və fosfat gübrələrinin qiymətlərində misli görünməmiş artım baş verib. Bu da kənd təsərrüfatı məhsullarının azalması və 2023-cü ildə ərzaq qiymətlərinin artması ilə nəticələnə bilər. Kənd təsərrüfatı ilə bağlı kimyəvi maddələrin çatışmazlığı probleminə səbəb sanksiyalar nəticəsində Rusiya və Belarusdan gübrə ixracının azalmasıdır. Xatırladaq ki, sanksiyalardan qabaq Avropa ölkələri gübrələrin (və onların istehsalı üçün xammalın) təxminən 40 %-ni Rusiya və Belarusdan idxal edirmiş.

Bundan başqa, enerji böhranı və ammonyak istehsalında istifadə olunan ucuz Rusiya təbii qazının çatışmazlığı Aİ ölkələrində karbamid istehsalının azalmasına səbəb olub. Əslində, gübrələrin qiymətinin artması ilə bağlı problem hələ 2021-ci ildən müşahidə olunur. Bunun səbəblərindən biri gəmilər və dəmir yolu ilə daşımaların tariflərinin artmasıdır. Amma gübrələrlə bağlı ən kəskin çatışmazlıq bu il fevralın sonundan, yəni Ukraynada müharibə başlayandan bəri hiss olunub.

Dünya Bankının məlumatına görə, 2022-ci ilin birinci rübündə qlobal gübrə qiymətləri 10%, ikinci rübündə daha üçdə bir qədər artıb. Gübrənin ilin sonunda 70% bahalaşacağı proqnozlaşdırılır. Sentyabrın əvvəlində karbamid gübrələrinin qiyməti 1 ton üçün 660 dolları ötüb. Bu isə 2008-ci il böhranından sonrakı qiymətdən çoxdur.

Bundan başqa, istehsalın azalması digər seqmentlərdə də müşahidə olunur. Buna səbəb, təxminən, 80 % bahalaşan Belarus və Rusiya istehsalı olan kalium xammalının, həmçinin fosfat gübrələrinin istehsalı üçün lazım olan kükürd, apatit və digər xammal tədarükünün azalmasıdır.

Bu arada, BMT-nin Ümumdünya Ərzaq Proqramı hesab edir ki, gübrə çatışmazlığından əlavə, ərzaq bazarı Asiyada ekstremal hava şəraiti (Pakistan, Hindistan və Çində güclü yağışlar və daşqınlar) üzündən çox yüksək risklərlə üzləşir. Üstəlik, buraya Yaxın Şərq və Afrikanın bir sıra ölkələrində misli görünməmiş quraqlıq da daxildir. Bu yay hətta ənənəvi olaraq su problemi yaşamayan Almaniya, Fransa, İspaniyadakı və Aİ-nin digər ölkələrindəki əkin sahələrinə quraqlıq nəticəsində ziyan dəyib. Quraq bölgələrdə vəziyyət daha da pisdir. Məsələn, Suriya, İraq, İran, Misir, Yəmən, o cümlədən Yaxın Şərq və Afrikanın digər ölkələrində əkin sahələri kəskin su qıtlığı ilə üzləşib.

“Bu il problem kənd təsərrüfatı məhsullarının qiymətlərinin artması səbəbindən ərzaq ala bilməmək idi. Lakin 2023-cü ildə planetin bütün əhalisini qidalandırmaq üçün kifayət qədər ərzağın olmaması ilə üzləşə bilərik”, - BMT-nin Ümumdünya Ərzaq Proqramının Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Korin Fleyşer bildirib.

 

Təhlükəli qeyri-mütənasiblik

FAO və BMT-nin digər müvafiq qurumlarının məlumatına görə, pandemiyadan əvvəlki 2019-cu ildən bəri dünyada ac insanların sayı 150 milyon artaraq 828 milyona çatıb. 2021-ci ildə dünyada, təxminən, 2,3 milyard insan bəsləyici qidaya təhlükəsiz, orta və ya ciddi şəkildə çıxış çatışmazlığı ilə üzləşib. Bununla bağlı vəziyyət 2022-ci ildə daha da pisləşib. Ümumiyyətlə, pandemiyanın iqtisadi nəticələri ilə əlaqədar ərzaq inflyasiyası, gəmi ilə yükdaşımalarının qiymətinin artması, məhdud logistika, həmçinin Ukraynadakı hərbi münaqişə səbəbindən 3 milyarddan çox insan üçün sağlam qidalanma əlçatan deyil.

Üstəlik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və FAO-nun 2022-ci ilin iyunun sonunda 10 illik kənd təsərrüfatı proqnozu ilə bağlı dərc etdiyi hesabata əsasən, dünya ərzaq istehlakı əsasən əhalinin artmasına görə ildə orta hesabla 1,4 % artacaq. Amma aqrar sektorda istehsal artımı 1,1 %-dən çox olmayacaq. Demək, tələbatın ödənilməsinə kifayət etməyən istehsalla artan istehlak arasında fərq daha da genişlənəcək. BMT-nin hesablamalarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin sayı 9 milyard nəfərə çatacaq. Bu qədər əhalini qida ilə təmin etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalını azı 70 % artırmağa ehtiyac var.

Bütün bunlara rəğmən, dünyada hazırkı çağırışlara, hətta ərzaq təhlükəsizliyi sahəsində gələcək risklərə aydın cavablar yoxdur. Bu sahədə həyata keçirilən müəyyən tədbirlər hələ də yerli xarakter daşıyır. Belə ki, iyulun sonunda əldə edilmiş “taxıl sazişi” çərçivəsində Birgə Koordinasiya Mərkəzi (BKM, Türkiyə) dənli, yağlı bitkilər və digər kənd təsərrüfatı məhsulları ilə yüklənmiş 203 gəminin Ukrayna limanlarından daşınmasına və çıxmasına icazə verib. Nəticədə, Yaxın Şərq, Asiya, Avropa və Afrika ölkələrinə ümumilikdə 4,5 milyon tondan çox ərzaq yükü daşınıb.

Bu məqamda qeyd edək ki, sentyabrın 21-də ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı Vaşinqtonun dünyada ərzaq təhlükəsizliyi probleminin həlli üçün 2,9 milyard dollar ayıracağını bəyan edib. O, bu vəsaitin təxminən 2 milyard dollarını pandemiyadan ən çox zərər çəkmiş və Ukraynadakı müharibə səbəbindən tədarük zəncirləri pozulmuş ölkələr üçün ərzaq yardımı proqramlarını maliyyələşdirmək məqsədilə istifadə edəcək. Üstəlik, ABŞ Kənd Təsərrüfatı Departamenti Afrika və Şərqi Asiyada uşaqların məktəb qidalanması ilə bağlı proqramlar üçün təxminən 200 milyon dollar ayıracaq, BMT-nin iqlim gündəliyinin bir hissəsi kimi kənd təsərrüfatı layihələrinin təşviqi üçün isə təqribən 200 milyon dollardan çox vəsait istifadə ediləcək.

Aydındır ki, BMT, ABŞ və digər donorların göstərdiyi yardımlar planetdəki ac və köməyə ehtiyacı olan insanların sayı ilə müqayisədə son dərəcə cüzidir. İndiki vəziyyətdə ərzaq qiymətlərinin sürətlə aşağı düşəcəyinə ümid etmək də olmaz. Məhz buna görə hələ bu ilin ortalarında BMT inkişaf etməkdə olan ölkələri ərzaq istehsalını artırmaq, boş torpaq fondlarını əkin dövriyyəsinə cəlb etmək, su və digər resurslardan ehtiyatlı istifadə etmək üçün səy göstərməyə çağırıb.

 

Məqsəd asılılığı azaltmaqdır

Artıq bir neçə ildir ki, Azərbaycan bu yolla gedir. Son vaxtlar idxalın əvəzlənməsi və kənd təsərrüfatı istehsalının artırılması siyasətinə hökumət impuls verir və dəstək göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il iyulun 19-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmana əsasən, ölkədə qabaqcıl kənd təsərrüfatı texnologiyalarının, qənaətcil suvarma sistemlərinin tətbiqi, ixtisaslaşdırılmış taxıl əkini aqroparklarının sayının artırılması hesabına yerli taxıl istehsalının artırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Yalnız birinci mərhələdə, yəni təqribən 3-4 ildən sonra hər hektardan orta məhsuldarlığın indiki 32 sentnerdən 50 sentnerə və yuxarıya çatdırılması planlaşdırılır. Bunun o cümlədən Qarabağ bölgəsində əkin sahələrinin mərhələli şəkildə mənimsənilməsi hesabına həyata keçirilməsi nəzərdə tutulur. Nəticədə, ərzaq buğdası ilə özünütəminetmə səviyyəsini 80 %-ə çatdırmaq və Azərbaycanın bahalı idxaldan asılılığının davamlı şəkildə azalmasına nail olmaq mümkündür.

Bununla əlaqədar, sentyabrın ikinci ongünlüyündə Azərbaycanın Baş naziri Əli Əsədov Ağsu rayonuna səfəri çərçivəsində problemlərin aradan qaldırılması və taxıl istehsalının genişləndirilməsi ilə bağlı işçi müşavirə keçirib. Baş nazir vurğulayıb ki, dövlət ərzaqlıq buğda istehsalçılarına dəstək verəcək. Bununla əlaqədar, fermerlərə dövlət dəstəyi çərçivəsində yeni subsidiyalaşdırılmış mexanizmlərindən istifadə, müasir suvarma sistemlərinin tətbiqi, əkin sahələrinin, buğda istehsalının məhsuldarlığının artırılması və keyfiyyətinin yüksəldilməsi, müasir texnikanın və qabaqcıl kənd təsərrüfatı texnologiyalarının tətbiqi perspektivləri qeyd olunub.

Dövlət başçısının fərmanının həyata keçirilməsi üçün gələn il taxıl istehsalçılarının və aqrar-sənaye kompleksinin digər strateji əhəmiyyətli sahələrinin dəstəklənməsi üzrə nəzərdə tutulan tədbirlərin əksəriyyətinin maliyyələşdirilməsi dəfələrlə artırılacaq.

Xatırladaq ki, bu yaxınlarda Nazirlər Kabinetinin Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin və büdcə zərfinin digər sənədlərinin müzakirəsinə həsr olunmuş geniş iclasında gələn il kənd təsərrüfatının inkişafına dövlət xərclərinin 20,5 % artırılması qərara alınıb.

 

Qarşısı alına bilməyən neqativ

Aydındır ki, Azərbaycan aqrar sahədə nəzərdə tutulan tədbirlərin nəticəsini yalnız bir neçə ildən sonra hiss edəcək. Hələ ki ölkədə orta illik inflyasiya 2022-ci ilin avqustun sonuna qədər 13,2 %-ə yüksəlib. Qeyd edək ki, ərzaq məhsulları ötən ilin avqustundan düz 20,8 % bahalaşıb. Bu, daha çox idxal inflyasiya amili ilə bağlıdır. Xarici ölkələrdən idxal olunan ərzaq məhsulları, kənd təsərrüfatı xammalı və yerli istehsalda istifadə olunan komponentlər bahalaşdıqda istehsalın maya dəyəri avtomatik olaraq artır. Bu gün bu neqativ məsələni aradan qaldırmaq mümkün deyil. Amma onun daxili ərzaq bazarına təsirini yumşaltmaq üçün tədbirlər görülür.

Hazırda Azərbaycanda strateji əhəmiyyətli ərzaq buğdasının idxalı mümkün qədər asanlaşdırılıb. Üstəlik, buğda idxalına ƏDV-nin ləğvi müddəti uzadılıb və taxıl idxalçıları üçün “sıfır” rüsum qüvvədə saxlanılıb. Bu da son deyil. Un istehsalı müəssisələrinə subsidiyalar ayrılıb və yerli bazarın təmin edilməsi üçün digər addımlar atılıb. Məsələn, Dövlət Ehtiyatları Agentliyi təsis edilib, ərzaq ehtiyatlarının strukturu formalaşdırılır, ölkəyə gətirilən və istehsal olunan ərzaq məhsullarının bir hissəsi ehtiyatda saxlanılır. Ümumilikdə, özəl şirkətlərin, Dövlət Ehtiyatları Agentliyinin, həmçinin digər strukturların səyləri nəticəsində 2022-ci ilin yanvar-avqust aylarında idxal olunan ərzaq məhsullarının tədarükü 20,8 % artaraq 1,4 milyard dolları keçib. Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm 12,1 % artımla buğdanın payına düşüb (təqribən 540 min ton). Növbəti yerləri qarğıdalı - 51,6 min ton (2,6 dəfə), düyü - 40,7 min ton (19,8 %), o cümlədən ət (1,9 %) və kərə yağı (30,2 %) tutur.

Yeri gəlmişkən, bu il Azərbaycan ərzaq buğdasının tədarükünün şaxələndirilməsində mühüm irəliləyişə nail olub: 2022-ci ilin birinci yarısında Qazaxıstandan tədarük 8 dəfə artaraq 182,7 min tona çatıb. Bu yaxınlarda Dövlət Ehtiyatları Agentliyi Moldovadan 100 min ton ərzaq buğdasının tədarükü ilə bağlı razılıq əldə edib. Bakı isə Kişineunu karbamid gübrələri ilə təmin etməyi planlaşdırır. Moldovadan 2022-ci ilin oktyabrından 2023-cü ilin fevralınadək hər ayda 20 min ton buğda tədarük ediləcək.

Taxılın və digər ərzaq məhsullarının müəyyən hissəsi daha artıq alınaraq agentliyin anbarlarında saxlanılır. Bu ehtiyatlar həm fors-major hallarda (təbii və texnogen fəlakətlər, müharibələr), həm də daxili bazarda qiymətlərin nəzarətsiz artması halında onların tənzimlənməsi məqsədilə istifadə oluna bilər.

Bir sözlə, biz növbəti iki ildə ərzaq inflyasiyasına qatlanmağa məcburuq. Əsas məsələ kənd təsərrüfatı məhsulları ilə özünütəminat məsələləri həll edilənə qədər, hökumətin sərəncamında əhalinin ehtiyac duyduğu miqdarda ərzaq məhsullarının olmasıdır.



MƏSLƏHƏT GÖR:

96