19 May 2024

Bazar, 11:47

BİTMƏK BİLMƏYƏN BÖHRAN

İraqda yaşanan siyasi gərginlik ölkədə miqyaslı islahatların aparılmasına imkan vermir

Müəllif:

01.10.2022

İraqda parlamentə düşmüş qüvvələrin hökuməti formalaşdıra bilməməsi üzündən yaranmış siyasi böhran idarəolunan dinamikaya daxil olsa da, hələ də İraq və dünya ictimaiyyətini narahat edir. Qarşı-qarşıya duran tərəflər arasında prinsipial razılığın əldə edilməsi hələ də mümkün olmayıb. Odur ki, böhranın yenidən «qaynar faza»ya keçəcəyi istisna deyil.

İraqın baş naziri Mustafa əl-Kazımi BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışında bildirib ki, İraqın siyasi blokları və partiyaları mövqelərin yaxınlaşdırılması, ölkənin böhrandan çıxarılması üçün milli dialoq imkanından yararlanmalıdırlar. Amma buna ümid çox deyil.

Məlum olduğu kimi, İraqda kütləvi etirazlara xalq arasında populyar olan şiə vaiz Muktəda əs-Sədrin siyasətdən getdiyini açıqlaması təkan verib. Əs-Sədr xarici qüvvələrin İraqın daxili işlərinə qarışmasının qəti əleyhdarı kimi tanınır. Onun siyasətdən getməklə bağlı bəyanatından sonra, yüzlərlə insan iraqlı siyasətçilərin xarici həmkarları ilə əsas görüş yeri olan Respublika Sarayına hücum edib, miqyaslı talanlar törədib. Sonda hökumət qüvvələri etirazları yatırmaq üçün bütün ölkə ərazisində komendant saatı elan etmək məcburiyyətində qalıb.

 

Gözlənilməz nəticə

İraq parlamentinə seçkinin hələ 2021-ci ilin oktyabrında elan olunmuş rəsmi nəticələrinə görə, əs-Sədr və silahdaşları qanunverici orqanda yerlərin çoxuna sahib çıxıblar. Lakin xüsusilə iranpərəst «Koordinasiya strukturu» blokunun böyük təsirə malik olduğu rəqiblərinin sayca çox olmaları əs-Sədr tərəfdarlarının hökuməti formalaşdırmasına imkan verməyib. Nəticədə, əs-Sədrin bloku parlamenti tərk edərək, qanunverici orqanın buraxılmasını və növbədənkənar seçkinin keçirilməsini tələb etməyə başlayıb. Lakin bu baş vermədikdə əs-Sədrin tərəfdarları parlamentə hücuma keçərək (iyulda), «Koordinasiya strukturu»nun baş nazir postuna Məhəmməd əs-Sudanini namizəd göstərməsinə etirazlarını bildiriblər. Vəziyyət yalnız güc strukturlarının sərt addımlarından sonra sabitləşib.

Nəhayət, avqustun sonunda əs-Sədr ümumiyyətlə siyasəti tərk etmək qərarına gəlib. Bununla o, İranın artan nüfuzuna sinə gərmək imkanına malik olmadan siyasətdə yer almağın mənasız olduğunu göstərməyə çalışıb. Maraqlıdır ki, əs-Sədr bu bəyanatı İranın Qum şəhərində yaşayan ayətolla Kadhim əl-Xaerinin İraqın dini lideri olmaqdan imtina edərək, davamçılarını İranın dini lideri ayətolla Əli Xameneini dəstəkləməyə çağırmasından sonra səsləndirib.

Əl-Xaerinin Qum və ya Nəcəfdə xüsusi nüfuza malik şiə lideri olduğunu söyləmək mümkün deyil. Lakin onun Muktadanın atası, böyük ayətolla Məhəmməd-Sadiq əs-Sədr ilə sıx əlaqələri olub. Ata əs-Sədr vəsiyyətində məhz əl-Xaerini öz varisi elan edib. Məhəmməd-Sadiq əs-Sədr 1999-cu ildə Səddam Hüseyn rejiminə qarşı mübarizə apardığı üçün öldürülüb.

İndi əl-Xaeri faktiki olaraq, əs-Sədrin nüfuzunu şübhə altına alaraq, insanlara onun ali siyasi rəhbərlikdə yer almaq üçün şəriət biliklərinin olmadığını çatdırmağa çalışıb. Əs-Sədrin istefası və son hadisələrin kökündə də məhz bu dayanır.

Lakin ölkədə qan axıdılmasından və komendant saatının elan edilməsindən sonra aydın olub ki, vəziyyət nəzarətdən çıxır. Ölkə üçün ən ağır nəticələr verə biləcək bu hadisələrdə öz məsuliyyətini anlayan ruhani nümayişçilərə qanunsuz əməllərə dərhal son qoymaları və 1 saat ərzində parlamentin binasını, o cümlədən hökumət rayonunu – Bağdadın mərkəzindəki «yaşıl zona»nı tərk etmələri əmrini verib. O, yaşananlardan məyusluğunu bildirərək, hətta «Sədr hərəkatı»nı tərk edə biləcəyini söyləyib.

İğtişaşların nəticəsi isə həqiqətən, acınacaqlıdır. Yerli mənbələrin bildirdiyinə görə, toqquşmalar zamanı 30-dək insan həlak olub, 700-dən çox yaralı var. Güman ki, hadisələrin bu qədər dramatik hal alacağını vaizin özü də təxmin etməyib. O da düşünməyib ki, proseslər İraqın ən böyük icması olan şiələr arasında bu qədər dərin parçalanmaya aparıb çıxara bilər.

 

İraq siyasətində çətin dilemma

Əs-Sədrin siyasətdən getmək qərarını elan edən zaman hakimiyyətdən güzəşt əldə etməyi düşünüb-düşünmədiyini söyləmək çətindir. Lakin İraq hökuməti müxalifətlə «ən qısa zamanda» dialoqa başlanacağını məhz bu hadisələrdən sonra elan edib. İstənilən halda, hələlik hadisələr onun arzuladığı istiqamətdə gedir. Əs-Sudaninin başçılıq etməli olduğu yeni hökumət formalaşmayıb, iranpərəst qüvvələr əvvəlkitək, ölkənin siyasi meydanını tam nəzarətə götürə bilmir.

Vəziyyətin nəzarətdən tam çıxa biləcəyi təhlükəsi baş nazir Mustafa əl-Kazıminin başçılıq etdiyi hazırkı hökuməti ümumxalq dialoqu təşəbbüsü ilə çıxış etmək məcburiyyətində qoyub. Doğrudur, hazırkı çətin vəziyyətdə, ölkənin aparıcı siyasi qüvvələri arasında aşılması çətin görünən ziddiyyətlər fonunda bu dialoqun uğurlu olacağına inanan çox deyil. Bunu bir-birinə qarşı olan siyasi qrupların nümayəndələri arasında sentyabrın əvvəlində keçirilmiş və nəticəsiz bitmiş görüş də təsdiqləyib.

İraqdakı siyasi böhran onun qonşularını da ciddi şəkildə narahat edir. Onlar İranın regiona təsir imkanlarının güclənəcəyindən, İraqın parçalanacağından, İŞİD kimi terror təşkilatlarını yarada biləcəyindən ehtiyatlanırlar. Belə bir şəraitdə Misir İraqın aparıcı siyasətçilərinin yaxınlaşmasına çalışır. Ölkə prezidenti Abdel Fəttah əs-Sisi bu məqsədlə ayın əvvəlində İraqın baş naziri və prezidenti Mustafa əl-Kazımi və Barxam Salehə telefonla zəng də edib.

Misirin vasitəçilik təklifinə hələ də cavabın olmaması göstərir ki, buna nə Sədrçilər, nə də «Koordinasiya strukturu»nun rəhbərliyi xüsusi maraq göstərir. Birincilər hesab edir ki, ölkənin daxili siyasi həyatına istənilən xarici müdaxilə yolverilməzdir, ikincilər isə ümumiyyətlə, Misir rəhbərliyinə böyük şübhə ilə yanaşır. Əs-Sisi İranın əleyhdarıdır, müvafiq olaraq Tehrana simpatiya bəsləyən qüvvələr «düşmənimin düşməni mənim dostumdur» prinsipinə əsaslanırlar.

Bu yerdə İranın özünün mövqeyi də maraqlıdır. İraqda iki günlük xaos vaxtı İran hökuməti yaşananları sükutla qarşılayıb. Tehran əsas diqqəti şiələr üçün müqəddəs sayılan məhərrəm ayı münasibəti ilə İraqa yollanmış minlərlə iranlı zəvvarın təhlükəsizliyinin təmininə yönəldib.

Yalnız İraqda sakitlik yarandıqdan sonra İranın Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək, İraq xalqı və hökumətinə təmkin və nəzakəti sayəsində «böyük qiyamın yatırılmasına» görə minnətdarlıq edib. «İraqda təhlükəsizliyin və sabitliyin təmini yalnız ölkənin bütün siyasi fraksiyaları arasında Konstitusiya əsasında dialoqun aparılması ilə mümkündür. Yeni hökumətin formalaşdırılması üçün bu yolla konsensusa gəlinməsi lazımdır», - deyə İran prezidenti İbrahim Rəisinin iraqlı həmkarına ünvanladığı məktubda bildirilir.

Məktubda İraqın öz problemlərini öz gücünə həll etmək imkanı da vurğulanıb. Burada eyhamın nəyə edildiyi sezilir: Tehranın dəstəklədiyi şiə siyasi dairələri böhranı Qərb dövlətlərinin müdaxiləsi olmadan, təkbaşına da çözə bilər. «İraqın region ölkələri arasında əməkdaşlıq atmosferinin xarici müdaxilələr olmadan yaxşılaşdırılması təşəbbüsləri və səyləri regional yaxınlaşma baxımından effektiv olacaq», - deyə Rəisi bildirib. Bununla da o, ABŞ və Qərbin İraqda və bütünlükdə regionda mövcudluğunu tənqid edib.

 

İqtisadiyyat siyasətin qurbanı kimi

İraqlıların özləri deyirlər ki, iş yerlərinin çatışmazlığı, kəskin iqtisadi böhran ölkədə siyasi vəziyyəti daha da ağırlaşdırır. Halbuki Bağdad neftin qiymətinin artması səbəbilə rekord gəlir əldə edir.

Ölkənin maliyyə naziri Əli Abdul-Əmir Allavi davam edən siyasi böhran fonunda bu yaxınlarda istefa verib. Baş nazir Mustafa əl-Kazımi onu buraxmaq istəməsə də, sonda istefanı qəbul etməli olub. Allavi arqument olaraq bildirib ki, dünyanın heç bir hökuməti büdcəsiz işləyə bilməz. Kazımi hökumətinin hakimiyyətdə olduğu 28 ayda isə parlament federal büdcəni yalnız 6 ay üçün təsdiqləyib.

Neftdən asılı olan İraq iqtisadiyyatı 2020-ci ildə «qara qızıl»ın rekord həddə ucuzlaşması zamanı ciddi zərbə alıb – bu, təbii olaraq ölkə büdcəsinə öz təsirini göstərib. 2020-ci ildə İraqda ÜDM 11,3% azalıb, 2021-ci ildə dünya bazarlarında neftin bahalaşmasından sonra isə yalnız 1,3%-lik artım göstərib.

Ümumiyyətlə, İraqın son onilliklərdə yaşadığı hər böhran ölkə iqtisadiyyatında öz izini qoyub, onun neftlə zənginliyi iqtisadiyyatdakı qeyri-sabitliyi çətinliklə kompensasiya edib.

Hazırda İraq gəncləri arasında işsizlik səviyyəsi 35%-i ötür, dövlət gəlirlərinin 2022-ci ildə neftin davamlı bahalaşması hesabına artması isə zəif idarəçilik və vəsaitin qeyri-effektiv bölünməsi fonunda «itib batır». Mütəxəssislər hesab edir ki, ölkədə siyasi gərginlik davam etdikcə, iqtisadiyyatda qeyri-sabitlik, burulğan bitmək bilməyəcək, əhalinin rifahı isə həmişəki kimi, yalnız neft sənayesindən asılı qalacaq.

2022-2024-cü illər üçün İraqda orta illik artım tempi 5,4% proqnozlaşdırılsa da, onun iqtisadi perspektivləri ciddi risklər qarşısındadır. Söhbət yalnız neftdən tam asılılıqdan yox, həm də büdcənin çevik olmamasından gedir. Daha bir səbəb isə yeni hökumətin formalaşmasının ləngiməsidir. Hər halda, yeni hökumət yeni, daha effektiv büdcənin qəbulu ilə məşğul ola bilərdi. Hökumətin formalaşdırılması və 2022-ci ilin dövlət büdcəsinin ratifikasiyası bundan sonra da ləngiyəcəksə, iqtisadi artım daha da zəifləyəcək.

İndi İraq təcili və miqyaslı struktur islahatlarına başlamaq üçün nadir imkana malikdir. O, bunu neft satışından əldə etdiyi gəlir hesabına həyata keçirə bilər. Son illər pandemiya üzündən səhiyyə və təhsil sahələrində göstəricilərin pisləşməsi İraqda insan kapitalının inkişafı ilə bağlı onsuz da yaxşı olmayan durumu bir qədər də ağırlaşdırıb. İslahatlar olmadan isə resurslardan istifadənin məhdudluğu fonunda iqtisadi artım mümkün olmayacaq.

Analitiklər hesab edir ki, dövlət xərclərinin insan və fiziki kapitalın inkişafının stimullaşdırılmasına yönəldilməsi iş yerlərinin yaradılması və şaxələndirilməsi baxımından həlledici əhəmiyyətə malikdir və bu, kəskin sosial problemlərin həllinə öz təsirini göstərəcək.

Lakin İraq hökumətinin iqtisadi şaxələndirməyə hesablanmış kompleks islahatlar proqramından ibarət «Ağ kitab»ı təəssüf ki, hələ sadəcə «cəsarətli plan» olaraq qalır. Davam edən siyasi böhran ölkənin «dərindən nəfəs almasına», yığılıb qalmış problemləri həll etməsinə imkan vermir.



MƏSLƏHƏT GÖR:

88