19 May 2024

Bazar, 08:54

GÖRÜLMƏMİŞ GƏRGİNLİK

Tacikistan-Qırğızıstan sərhədində sentyabr qarşıdurması bu iki ölkə arasında tarix boyu baş vermiş ən qanlı toqquşmadır

Müəllif:

01.10.2022

Sentyabrın əvvəlindən Mərkəzi Asiyanın iki ölkəsi – Tacikistanla Qırğızıstanın münasibətlərində növbəti gərginlik yaşanır. İki ölkə sərhədində delimitasiya problemi, torpaq, su və otlaq sahələrin bölünməsi kimi səbəblərdən bənzər gərginliklər dəfələrlə baş verib. Lakin son həftələrin toqquşması Bişkeklə Düşənbə arasında tarix boyu qeydə alınmış ən faciəvi, ən qanlı qarşıdurmadır.

 

Qarşıdurmanın səbəbləri

SSRİ-nin dağılmasından sonra Tacikistan-Qırğızıstan sərhədində az qala yüzlərlə insident qeydə alınıb. Onların əsas səbəbi dövlətlərarası sərhədin delimitasiya olunmamasıdır. İki ölkə arasında sərhədin ümumi uzunluğu 987 kilometrdir. Lakin onun yalnız 520 kilometri dəqiqləşib. Bu istiqamətdə razılaşmanın əldə edilməsinə əsas maneə isə tərəflərin sərhədin mübahisəli hissələrinin müəyyənləşdirilməsində müxtəlif xəritələrə istinad etməsidir. Tacikistan əsas kimi 1920-1930-cu illərin sovet xəritələrini götürürsə, Qırğızıstan 1950-ci illərin sonlarına aid xəritələrə istinad edir.

Bu mənada, iki ölkə sərhədində yerləşən Vorux yaşayış məntəqəsilə bağlı vəziyyət diqqət çəkir. O, Qırğızıstan ərazilərilə əhatələnmiş tacik anklavıdır. Burada ən ciddi mübahisə mövzusu Tacikistanın əsas hissəsini Voruxla birləşdirən yoldur. Sovet İttifaqının ilkin dövrlərinə aid xəritələrə görə, o, Tacikistana, sonrakı xəritələrlə isə Qırğızıstana aid olub.

Mübahisəli torpaqlar kəndlərə aiddir. Bu yerlərdə qırğız və tacik evləri qarışıq şəkildə bir-birini əvəzləyir, bu isə dövlət sərhədinin müəyyənləşdirilməsi işini çətinləşdirir. Belə vəziyyətə xüsusilə Tacikistanın Sogd vilayəti ilə Qırğızıstanın Batken vilayəti arasında rast gəlinir. Postsovet illərində burada yerli sakinlərin bir-birini daş-qalaq etməsi, ov tüfənglərilə güllələməsi nəticəsində dəfələrlə qarşıdurma yaşanıb. İllər keçdikcə isə burada hər iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə qarşıdurmalar baş verməyə başlayıb.

Tacikistan-Qırğızıstan sərhədində növbəti ciddi münaqişə ötən ilin aprelində baş vermişdi. O zaman sakinləri suyun bölüşdürülməsi ilə bağlı mübahisə ilə başlayan problem hər iki tərəfdən onlarla insanın həyatına son qoymuşdu. Lakin budəfəki gərginlik görülməmiş miqyas alıb. Nəticədə, iki ölkənin orduları ağır texnikadan, hərbi aviasiyadan, reaktiv yaylım atəşi sistemlərindən belə, istifadə edib.

Qırğızıstanla Tacikistan arasında baş vermiş son hərbi toqquşmada hər iki tərəfdən təxminən 100 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Tərəflər qanlı döyüşlərin başlamasına görə bir-birini günahlandırır, bir-birini sakinlərin yaşadıqları evləri, mülki infrastrukturu atəşə tutmaqda, həmçinin suveren əraziyə müdaxilədə ittiham edir.

Məsələn, Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, «əvvəllər əldə olunmuş bütün razılaşmaları pozan Tacikistan tərəfi əvvəlcədən Qırğızıstan sərhədinə qoşun yığaraq, silahlı qüvvələrdən, ağır hərbi texnikadan istifadə edərək, Qırğızıstan-Tacikistan dövlət sərhədinin perimetri boyunca namərdcəsinə hücuma keçib. Bu, Qırğızıstan Respublikasının Batken vilayətinin Batken və Leylek rayonları istiqamətində baş verib».

Tacikistan isə öz növbəsində, hərbi gərginliyə görə bütün məsuliyyəti Qırğızıstan tərəfinin üzərinə atıb. Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin bəyanatında bildirilir ki, «qonşu ölkənin hərbi qüvvələri bütün növ ağır hərbi vasitələrdən və odlu silahlardan istifadə etməklə, Tacikistanın həmsərhəd kəndlərinə, mülki infrastrukturuna, sakinlərin evlərinə atəş açıb, onları minaatanlardan intensiv atəşə tutub».

Qarşıdurmanın daha da genişlənməsinin qarşısı iki ölkənin xüsusi xidmət orqanı rəhbərlərinin sülhün təmini haqda protokol imzalaması ilə alınıb. Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev bildirib ki, «protokolun əsas məğzi sabitliyə nail olunması, iki ölkə arasında sülhün bərqərar edilməsi, vəziyyətin nizamlanmasıdır».

Bəs atəşkəs haqda razılaşma nə qədər dayanıqlı olacaq? Tərəflər mehriban qonuşuluq münasibətlərinin təsdiqlənməsinə, sərhəd mübahisələrinin birdəfəlik həllinə yönəlmiş hərtərəfli dialoq qura bilməyəcəksə, barışıq razılaşması uzun çəkməyəcək. Bu isə Qırğızıstan və Tacikistan liderlərindən, siyasi elitasından ciddi iradə tələb edir. Problem ondadır ki, hər iki ölkənin ictimaiyyətində qarşılıqlı inamsızlıq, hətta qarşılıqlı nifrət getdikcə böyüyür. Bu amil isə rəsmi Düşənbə ilə Bişkekin ortaq nöqtələr tapmasına ciddi şəkildə mane olur, onları qarşılıqlı güzəştlər əsasında kompromisi rədd edən ictimai rəyin girovuna çevirir.

 

Sülh danışıqlarına alternativ yoxdur

Tacikistan-Qırğızıstan münasibətlərində gərginliyi bir tərəfdən də ikitərəfli formatda əlaqələrin effektivsizliyi artırır. Halbuki bu iki ölkə eyni regional təşkilatlarda yer alır, praktik olaraq, vahid geosiyasi platformadan çıxış edir. Belə platformalardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Təsadüf elə gətirib ki, Tacikistan-Qırğızıstan qarşıdurmasının piki məhz ŞƏT-in Səmərqənd sammiti ilə eyni vaxta düşüb. Forumda iştirak edən iki ölkə prezidentləri Sadır Japarov ilə Emoməli Rəhmon burada görüşərək, hərbi əməliyyatların dayandırılması haqda razılığa da gəliblər. Lakin razılaşma praktik olaraq qüvvəyə minməyib və qanlı döyüşlər bundan sonra da bir neçə gün davam edib.

Bununla yanaşı, Tacikistan-Qırğızıstan qarşıdurmasının sülh yolu ilə həllinə yönəlmiş bütün danışıqlarda əsas moderator kimi dəyişməz olaraq, Rusiya çıxış edir. Lakin tacik-qırğız qarşıdurmasının getdikcə dərinləşməsi ilə məlum olur ki, Rusiya Bişkeklə Düşənbə arasında seçim etmək istəmir, vasitəçiliyin tərəflərdən hər hansının dəstəklənməsi kimi qəbul edilməsini arzulamır. Bu, özünü Moskvanın bəyanatlarında da göstərir. Rusiya prezidenti Vladimir Putin tacikistanlı və qırğızıstanlı həmkarları ilə telefon danışıqlarında tərəfləri «gərginliyi artırmamağa, vəziyyətin tezliklə yalnız sülh yolu, siyasi-diplomatik vasitələrlə həlli üçün tədbirlər görməyə» çağırıb.

Rusiya XİN-in bəyanatında isə «vəziyyətin siyasi-diplomatik məcraya yönəldilməsi, vəziyyəti gərginləşdirəcək istənilən addımın, o cümlədən üçüncü tərəflərin təxribatlarının qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin vacibliyi» vurğulanıb. Bununla yanaşı, Moskva Tacikistan-Qırğızıstan münasibətlərindəki əsas problemin həllinə, yəni dövlət sərhədinin bəzi hissələrinin delimitasiyası və demarkasiyası prosesinin başa çatdırılmasına yardım göstərməyə hazır olduğunu da bəyan edib.

Rusiya XİN-in bəyanatında yer almış «üçüncü tərəflər» məsələsinə gəlincə, burada regiondakı qüvvələr nisbətinə diqqət çəkilməlidir. Ekspertlər bu mənada, Moskvanın Bişkekdəki qərbpərəst əhvaldan narazı olduğuna diqqət çəkirlər. Qırğızıstanla ABŞ arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi məlumdur. Bununla yanaşı, Bişkek ŞƏT-in Səmərqənd sammitində Özbəkistan və Çinlə birlikdə bu ölkələri Avropa ilə Rusiyadan yan keçməklə birləşdirəcək dəmir yolunun tikintisinə dair razılaşmaya da qoşulub. Bu kontekstdə Qırğızıstanın siyasi və ictimai dairələrinin Rusiyanın Tacikistana hərbi texnika tədarükündən narazılığı da ortadadır. Məsələ ondadır ki, Moskva Tacikistana Qırğızıstandan daha çox hərbi texnika tədarük edir. Bu narazılıq Qırğızıstanın KTMT-ni tərk etməsinə dair çağırışlarla da müşayiət olunur.

Bütün bunların fonunda Rusiyanın vasitəçiliyi ilə aparılan Qırğızıstan-Tacikistan dialoqunda effektiv inkişafın olmadığına diqqət çəkən bəzi ekspertlər yaxın gələcəkdə bu missiyanın BMT-yə verilə biləcəyinə diqqət çəkirlər. Maraqlıdır ki, BMT-nin baş katibi Antoniu Qutyerriş Tacikistan-Qırğızıstan sərhədindəki faciəvi hadisələrin ən qızğın vaxtında nəinki tərəfləri «uzunmüddətli atəşkəsə nail olunması üçün» danışıqlara başlamağa çağırıb, həm də rəhbərlik etdiyi qurumun «sərhəddəki fikir ayrılıqlarına son qoyulmasına yönəlmiş dayanıqlı həllin tapılmasına kömək etmək əzmindənu» söyləyib.

Tərəflərin özlərinin BMT Baş Assambleyasının 77-ci sessiyasının tribunasından səsləndirdiyi bəyanatlar onların mövqelərinin bir-birinə tam zidd olduğunu təsdiqləyib. Qırğızıstan prezidenti Sadır Japarov Tacikistanı təcavüzkarlıqda, onun ölkəsinə hücum etməkdə günahlandırıb. Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin isə eyni ittihamı Qırğızıstana ünvanlayıb, eyni zamanda Qırğızıstan liderini hadisələrin məğzi ilə bağlı «yalan təəssürat yaratmaqda» təqsirləndirib.

Belə bir vəziyyətdə hər iki tərəfin siyasi-diplomatik həllə sadiqliklərini, beynəlxalq prinsip və normalar çərçivəsində danışıqlara hazır olduqlarını bildirmələri sevindiricidir. Bəlkə də bu, Tacikistanla Qırğızıstan arasında ərazi mübahisələrinin etnik və dövlətlərarası münaqişəyə çevrilməyəcəyinə ümid yaradan yeganə işartıdır.



MƏSLƏHƏT GÖR:

91