18 May 2024

Şənbə, 18:39

TARİXİ MƏRHƏLƏ

Bakı sammit boyu postmünaqişə nizamlanması ilə bağlı maraqlarını maksimum təmin edi

Müəllif:

15.10.2022

Çexiya paytaxtında təşkil olunmuş «Avropa siyasi birliyi» sammitinin Qarabağdakı postmünaqişə nizamlanması prosesi kontekstində «tarixi mərhələ» olacağını ən nikbin analitiklər belə gözləmirdilər. Halbuki sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının rəhbəri Şarl Mişel və Fransanın dövlət başçısı Emmanuel Makronun iştirakı ilə görüş planlaşdırılmışdır.

Bu gün Praqa görüşünün nəticələrilə bağlı bəyanatları Azərbaycanla Ermənistan arasında müharibədən sonrakı davamlı sülh prosesində vacib amil və dönüş nöqtəsi saymaq olar. Bununla yanaşı, bu dəfə də öz maraqlarını maksimum təmin edən tərəf Azərbaycan olub. Halbuki İrəvanın tam fərqli planları var idi…

 

Döyüş öncəsi bölgü…

Bir çox dolayı əlamətlər göstərirdi ki, Ermənistanda Praqa görüşünə böyük ümidlər var idi. İrəvan bir sıra ciddi məsələləri məhz Praqada çözəcəyinə ümidli idi. Xatırladaq ki, Ermənistanın sentyabr təxribatı da məhz Praqa görüşü ərəfəsinə təsadüf etmişdi. Və o zaman söhbət, çətin ki, sadəcə «atəş açmaq» istəyindən gedirdi. Bir çox dolayı, lakin kifayət qədər ciddi informativ xarakterli əlamətlər göstərir ki, İrəvan məhz Kəlbəcər istiqamətini Azərbaycan müdafiəsinin zəif bəndi sayırdı və bu gün də belə hesab edir. Onlar bunu ərazinin dağlıq relyefi, bəzi logistika xüsusiyyətləri və Kəlbəcər rayonunun Ermənistanla müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində qalmış ərazi arasında yerləşməsi ilə əlaqələndirir. Belə bir vəziyyətdə erməni strateqlər yeni ərazilər ələ keçirə biləcəklərinə ümid edir, bununla da, danışıqlarda müharibədə darmadağın olunmuş tərəf damğasından xilas olacaqlarını düşünürdülər. Bundan başqa, Praqa danışıqları ərəfəsində İrəvan «Qərbə tərəf yeni sıçrayış»a da hazırlaşırdı. Düşünülürdü ki, bu, Avropanın vasitəçiliyi ilə aparılacaq danışıqlarda Ermənistana dividendlər qazandıracaq. Ermənistan informasiya məkanına guya «azərbaycanlı əsgərlərin erməni əsirləri güllələdiyinə» dair kadrları da məhz Praqa danışıqları ərəfəsində atmışdı.

Erməni tərəfinin ən ciddi ümidi isə görüşdə yalnız Mişelin deyil, həm də Fransa prezidenti Makronun iştirakına idi. Məlum olduğu kimi, Makronun Ermənistana xüsusi münasibəti var.

 

…və görüşün nəticələri

Lakin Ermənistanın gözləntilərinin əksinə olaraq, Praqa danışıqları onun növbəti diplomatik darmadağını ilə bitib. Üstəlik, İrəvanın «tələ»ləri Avropa liderlərinin Çexiyada bir masa arxasına toplaşmalarından əvvəl dağılmağa başlayıb. Ermənistanın Kəlbəcər istiqamətində əl atdığı təxribatı nəticəsiz qaldı. Azərbaycanın təxribata cavabı o qədər sərt olub ki, İrəvan düşünmək məcburiyyətində qalıb. Qərblə körpülərin salınması cəhdləri də gözlənilən nəticəni verməyib. Nensi Pelosi səviyyəsindəki erməni lobbiçiləri belə, əvvəlcə İrəvanın KTMT, Aİİ kimi qurumlardan çıxmalı, Amerikanın mümkün yardımları haqda yalnız bundan sonra düşünməli olduğuna eyham vurub. Güman ki, İrəvanın 2013-cü ildə Aİ ilə assosiativ sazişin imzalanmasına dair danışıqlar apararaq Avropadan ciddi kredit aldığı, son anda isə Aİİ-yə üzv olmaq qərarı verdiyi Avropanın yaxşı yadındadır. Odur ki, indi Qərbdə heç kim Ermənistana bol-bol avans vermək niyyətində deyil.

Saxta kadrlar üzərində qurulmuş kələk də alınmayıb və bumeranq effekti verib. Bəli, əvvəlcə Qərb ölkələrində bir çox siyasətçi görüntülərdən hiddətlənərək araşdırma tələbi ilə çıxış edib. Lakin detallar üzə çıxdıqda və «Ermənistanfilm»in ssenarisi işə yaramadıqda, Azərbaycan isə Ermənistanın hərbi cinayətlərini xatırlatmağa başladıqda vəziyyət tamamilə İrəvanın əleyhinə çevrilib.

Ən əsası, Praqa görüşü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan-Yunanıstan interkonnektorunun təntənəli açılış mərasimində iştirak edib. Bu, Avropanın enerji təhlükəsizliyinin təmini baxımından son dərəcə böyük əhəmiyyətə malikdir.

Odur ki, Praqa danışıqlarının Ermənistanın növbəti ağır fiaskosu ilə bitməsi təəccüblü deyil. İrəvanı bu fiaskodan görüşdə Emmanuel Makronun iştirakı da xilas etməyib. Hərtərəfli təzyiqlər Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edib. Hər iki ölkə BMT-nin 1991-ci ildə Alma-Atada qəbul edilmiş Nizamnaməsinin tələblərinə sadiqliklərini təsdiqləyib. Bununla yanaşı, tezliklə Brüsseldə sərhəd komissiyasının iclasının keçirilməsi haqda da qərar qəbul olunub və demək, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasına razılıq verməlidir. Bu mənada harada hansı xəritələr təqdim olunur-olunsun, onlar İrəvanın xeyrinə olmayacaq. Daha bir vacib məqam isə Praqada Ermənistanın yalnız Azərbaycanın ərazi bütövlüyünü deyil, həm də Qarabağ üzərində suverenliyini tanımasıdır.

Daha bir vacib məqam görüşün sonunda qəbul olunmuş yekun bəyanatda bəzi fikirlərin ümumiyyətlə yer almamasıdır. Gündəmə nəinki Qarabağın statusu məsələsi gətirilməyib, heç nəzakət naminə də olsa, Minsk qrupunun adı çəkilməyib. Hansısa «öz müqəddəratını təyinetmə» hüququ haqda da ümumiyyətlə, danışılmır. Bir sözlə, Ermənistan bütün istiqamətlərdə tam fiaskoya uğrayıb.

Nəzəri baxımdan Paşinyanın aktivinə yaza biləcəyi yeganə məqam Avropa İttifaqının regiona missiya göndərməsi qərarıdır. Amma…

 

Avropa İttifaqı missiyasının dəyişkənliyi

Bu yerdə imzalanmış razılaşmaya nəzər yetirmək daha yaxşı olar. Aİ-nin müşahidə missiyası sərhədə yollanacaq, lakin yalnız erməni tərəfi ilə işləyəcək. Azərbaycan isə bu missiya ilə «özünə aid olan dərəcədə» əməkdaşlıq edəcək. Tərcüməsi kifayət qədər aydındır: əməkdaşlığın dərəcəsini Bakı özü müəyyənləşdirəcək. Missiyanın vəzifəsi isə inamın yaradılması, sərhədlərin delimitasiyası və demarkasiyasına yardım göstərməkdir.

Əlbəttə, bu, heç də İrəvanın ümid etdikləri deyil. Ermənistanda lap əvvəldən istəyirdilər ki, sərhəddə avropalı müşahidəçilər olsun və qoşunları onlar «yerbəyer etsin». Lakin bu ideya həyata keçməyib və keçə də bilməzdi. Çünki delimitasiyaya qədər qoşunların hansı xətdə dayanmalı olduğu bəlli deyil. Belə bir vəziyyətdə avropalı müşahidəçilər birmənalı olaraq, sərhədin Ermənistan tərəfində dayanmalıdır və demək, tərəflərin arasında dayanmayacaq.

Bundan başqa, İrəvan uzunmüddətli missiyaya ümid edirdisə, Praqada bu missiyanın Ermənistana 2 ay müddətinə yollanacağı bəyan olunub. Vəssalam. Üstəlik, missiyanın əsas vəzifəsi tərəflər arasında inamın artırılmasına töhfə verməkdir. Bu formul kifayət qədər «sürüşkən»dir və missiyanın effektivliyinə əmin olmağa imkan vermir.

İndi avropalıların diqqətini öz ərazisinə çəkmək üçün əlindən gələni edən baş nazir Nikol Paşinyan bir məqamın məsuliyyətini öz üzərinə götürməlidir: avropalıların peyda olacaqları yerdə Rusiya özünün yeni bazalarını yaratmağı düşünür. Bu, Moskva-İrəvan münasibətlərinə öz təsirini göstərməyə bilməz və proqnozlaşdırılan təsirlərin qarşısını Vladimir Putinin İrəvandakı Kiyev körpüsü üzərindən asılmış portreti də ala bilməyəcək.

Amma Ermənistan əsas məğlubiyyətə danışıqlarda yox, Qarabağın özündə uğrayır. Hər halda, bölgədə Azərbaycanın açıq şəkildə «bərpa diplomatiyası» adlandırılan yeni strategiyası getdikcə daha parlaq görünür.

 

«Qarabağ erməniləri bizim vətəndaşlarımızdır»

Bu yerdə yenidən Praqada baş verənlərə, daha dəqiq desək, Azərbaycan Prezidenti İlham Əliyevin orada jurnalistlərlə etdiyi söhbətə qayıtmaq lazımdır. Dövlət başçısı müsahibəsində başqa fikirlərlə yanaşı, bir məqama da diqqət çəkib: «Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla». Azərbaycan hökuməti məhz bu daxili iş çərçivəsində Qarabağ erməniləri ilə qeyri-formal əlaqələrini davam etdirir.

Ermənilərin isə bu məsələdə düşünməli olduqları məqamlar var. Elə həmin günlərdə Azərbaycanda ilk Milli Şəhərsalma Forumu keçirilib və o, «Qafqazın Xirosiması» adlandırılan Ağdamda baş tutub. Erməni vandalizminin vəhşi nəticələrinə, onun yol açdığı dəhşətli dağıntılara, üstəlik, işğalçıların basdırdıqları milyondan çox minaya baxmayaraq, Azərbaycan azad olunmuş ərazilərdə miqyaslı, sözün yaxşı mənasında iddialı layihələrin icrasını davam etdirir. Bu isə bir çox Qarabağ ermənisini düşünməyə vadar edir: «miatsum» adlı təhlükəli oyunu davam etdirməli, ya Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalı?

Zaman keçdikcə bu inteqrasiyanın tərəfdarları artacaq. İrəvan buna təsir etmək iqtidarında deyil.



MƏSLƏHƏT GÖR:

89