5 May 2024

Bazar, 02:04

“XƏYAL ETMƏK SƏMƏRƏLİDİR”

Səbinə MİLLER (VAKAHOVSKİ): “Kosmosla bağlı növbəti arzum ilk kosmik hoteli dizayn etməkdir”

Müəllif:

01.11.2022

 

Səbinə Miller (VAKAHOVSKİ) interyer-dizayner, rəssam-səyahətçidir. Təbiətə və kainata olan sevgisi onu kosmos dünyasına gətirib və ABŞ-da ilk aerokosmik tur operatoru olan “Space VIP” üçün brend dizayneri kimi uğurlu karyerasını formalaşdırmağa yardım göstərib. Onun ABŞ-da həyatı hələ gənc yaşlarında başlayıb. Sovet İttifaqının dağılmasından sonra Səbinənin valideynləri Azərbaycandan buraya köçmək qərarına gəliblər və o, daha sonra Florida Beynəlxalq Universitetində dizayner təhsili alıb. Səbinə isə hesab edir ki, onun formalaşmasında və inkişafında əsas rolu çox saylı səyahətlər, müxtəlif sahələrdən olan insanlarla ünsiyyət və vaxtının çoxunu ayırdığı özünütəhsil oynayıb. Fəaliyyət sahəsində böyük uğurlar qazanan həmyerlimiz kimi Səbinə ilə söhbətləşmək bizim üçün də maraqlı olub.

 

-  Sizi dizayn, estetika aləminə nə gətirib?

Mən anadangəlmə dizaynerəm. Erkən uşaqlıqdan bəri obyektlərin tikintisi üçün sonsuz sayda fikirlər toplayıram. Hər zaman məni əhatə edən əşyaların əsasında nəyin dayanması ilə maraqlanmışam: hansı materiallardan hazırlanıb və hansı tərkib hissələrdən yığılıb. Buna görə də əşyaları kiçik hissələrə ayırmağı, bunların necə hazırlandığını anlamağa çalışmağı sevirdim. Doğrudur, valideynlərim mənim bu marağımı başa düşmür və onlar hər zaman yeni tapıntılarımının məndə yaratdığı sevinc hisslərini bölüşmürdülər. Zaman keçdikcə dizaynla ciddi məşğul olmağa başladım. İnteryerlər, veb-saytlar, müxtəlif məhsullar yaradılması, tikmə, rəsm və digər sənət növləri ilə maraqlandım.

- Bəs hansı ixtisas üzrə təhsil almısınız?

- Təhsilimi Florida Beynəlxalq Universitetində almışam. Təhsilim düz 6 il davam edib. Amma universitet təhsilindən sonra uzun müddət ərzində özünütəhsillə məşğul olmuşam. Bu, mənim bədii zövqümün formalaşması və möhkəmlənməsində güclü əsas olub. Mənim inkişafımda atamın da çox böyük təsiri olub. O, gəncliyində rəssam olub.

- Belə bir fikir var ki, dizayner olmaq üçün xüsusi təhsildən daha çox zövqün olması və lazımi sərhədlərin dərk edilməsi daha vacibdir. Bu fikirlə razısınızmı?

- Bəli, razıyam. Bəzən mənə elə gəlir ki, ali təhsil almaya da bilərdim, çünki biliklərimin əksəriyyətini təcrübə zamanı qazanmışam. Belə ki, təcrübəli ustadlarla işləyən və uzun özünütəhsil prosesi zamanı bütün bilik bazamı toplamışam. Ən əsası hesab edirəm ki, yerində dayanmaq deyil, nəsə etmək lazımdır. Bu, mənimsəmək istədiyiniz hər bir peşəyə aiddir. Digər tərəfdən hər bir ölkədə təhsil sistemi, həmçinin mənimsəmə və təhsil prosesi fərqlidir. Buna görə də təhsil almaqdan daha çox peşə ilə “yaşamaq, nəfəs almaq” istəyi daha əhəmiyyətlidir. Yüksək səviyyəli rəssamlıq və ya dizaynerlik insanın qanında olmalıdır. Həqiqi ustad həyatını yaradıcılığa həsr edir.

- Son zamanlar “ilham” anlayışı arxa plana keçərək yerini ideyanın mövcudluğuna verib. Yaradıcı fəaliyyətinizi həyata keçirmək üçün bu iki anlayışdan hansı daha vacibdir?

- Bu iki anlayış mənim yaradıcılığımda bir-biri ilə sıx bağlıdır. Bu, müştərilər üçün də vacibdir. Buraya istər tam olaraq nə istədiyini bilən və gözlənilən nəticənin konturlarını çəkməyi bacaran müştəri, istərsə də interyer baxımından istəkləri haqqında heç bir təsəvvürü olmayan müştəri daxildir. Peşəkar fəaliyyətimdə bütün bu komponentlər - hazır ideyalar, blanklar, təxəyyülün “bəhrələr”i, motivasiya və ilham vahid bir bütövdür.

- Silikon vadisində dizayner kimi çalışan Martin Yonq müştərilərinin psixoloji xüsusiyyətlərini nəzərə alaraq, onların evini və interyerini necə yaxşılaşdırmağı başa düşmək üçün onların həyat hekayəsini dinləyir. Bəs siz interyerin üslubunu necə müəyyən edirsiniz?

İlk öncə nəyin əsas olduğunu başa düşməlisiniz, çünki bütün işlərdə əsas, ikinci dərəcəli və ən son nəyə diqqət yetirəcəyinizi anlamalısınız. Əsas diqqət mebelədir? Yoxsa əsas diqqət yataqda olan vaxt günəşin sizin üzünüzə necə düşməsidir? Bəlkə, əsas diqqət qonaqların qəbul ediləcəyi otağa yönəldilməlidir? Dizaynın hazırlanması zamanı ən vacib məsələ müştəriyə onun estetik zövqünü və üstünlüklərini müəyyən etmək üçün kifayət qədər düzgün suallar verməkdir. Bütün bunlar söhbət şəklində baş verməlidir. Daha sonra müştərinin cavablarını təhlil edərək, interyerin üslubunu və xarakterini müəyyənləşdirirəm. Başqa bir vacib məqam isə bir interyerdə müxtəlif üslublardan incə şəkildə istifadə etməkdir. Uyğunsuzluqların sintezini sevirəm. Orijinal nəticə alınır. Üstəlik, bu, müştərinin daxili dünyasını ən yaxşı şəkildə əks etdirir.

-  Siz səyahətçisiniz. Sizi hansı yerlər, ölkələr heyran edib?

- Səyahət mənim həyatımda xüsusi yer tutur. Balini sevirəm, çünki burada memarlıqda təbii materiallardan istifadə edirlər. Dağların gözəl mənzərinin açıldığı dəniz mənzərələri inanılmaz emosiyalar yaradır. Azərbaycanı, onun mədəniyyətini, mətbəxini, memarlığını çox bəyənirəm. Qədim və müasir şəhərin vəhdəti məndə dərin təəssürat yaradıb. Azərbaycanda gördüklərim və yaşadıqlarım mənim bir parçamdır. Sanki bu, mənim daxilimdə əbədi yaşayırmış. Xatirələri canlandırmaq və onları yeni rənglərlə doldurmaq üçün yalnız onun adını yada salmaq lazım idi. Sevimli yerlər siyahısında üçüncü yeri Meksikanın Tulum şəhəri tutur. Burada da çoxlu sayda təbii materiallardan istifadə edilən maraqlı memarlıq nümunələri var. Tulum şəhərində özünüzü həm meşədə, həm də okeanın kənarında hiss edirsiniz. Ümumiyyətlə, mən təbiətin dünyanın ən yaxşı dizayneri olduğuna inanıram.

-  Amma yaşamaq üçün ABŞ-ı seçmisiniz. Sizi bu ölkəyə cəlb edən nədir?

- Açığı, bu qərarı Sovet İttifaqı dağılandan sonra valideynlərim veriblər. Təbii ki, heç kəs buraya köçməsəydim, taleyimin necə olacağını bilmir, amma şübhəsiz ki, hər şey başqa cür olardı. Çoxlu sayda ölkələrə səfər etmək, dünyanın hər yerindən olan insanlarla ünsiyyət qurmaq və müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda qohumlarla sıx əlaqələr saxlamaq üçün qeyri-məhdud imkanlar yaratdıqları üçün valideynlərimə çox minnətdaram.

- Kosmos mövzusundan danışaq. “Space VIP” komandasının bir hissəsi olmağı necə bacardınız?

Mən “Space VIP” komandasından loqotip platformasının yaradılması və veb-saytın hazırlanması ilə bağlı təklif aldım. Bu təklif üzərində çox düşünmədim. Məni hər zaman kosmosla bağlı suallar maraqlandırırdı. Qeyd etdiyim kimi, təbiət mənim üçün ən yaxşı dizaynerdir. Ən sevdiyim filmlər məhz kosmik mövzulu filmlərdir.

- Brend dizayneri kimi işiniz nədir? Ümumiyyətlə, sizi kosmosa cəlb edən nədir?

Açığı, sadəcə bu unikal layihənin bir hissəsi olmaq istəyirdim. Özüm üçün brend yaratmaq təcrübəm var. Amma ilk dəfədir ki, başqa şirkətin sifarişi ilə brend yaradıram. Fəaliyyət sahəsini, yeni inkişaf etməkdə olan bazarı müstəqil öyrənmək və qeyri-adi bir işdə iştirak etmək mənim üçün maraqlı idi. Düşünürəm ki, bu layihə öz-özünə mənə “gəlib” və ona olan böyük marağımı hiss edib. Məlum olub ki, xəyal etmək zərərli deyil, bəzən çox səmərilidir (gülür).

- Kosmos sahəsində fəaliyyətiniz bir rəssam kimi yaradıcılığınızda və xüsusən də əsərlərinizdə nə dərəcədə əks olunur?

Mən tez-tez kosmosun rənglərindən, çalarlarından və mənzərələrindən istifadə edirəm. Rəsmlərimin mövzusu təbiətin təkamül mərhələlərini tam olaraq təqlid edir. Yetkinlik və kamilləşmə prosesi kimi, mənim sənətim də emosional və psixoloji transformasiya mərhələlərini təsvir edir.

- Şirkətin saytında yerləşdirilən məlumatlara əsasən, “Space VIP” - kosmosun simulyasiyasıdır. Bu layihənin məqsədi nədir? O, daha çox hansı xarakter daşıyır: maarifləndirici, yoxsa əyləncəli? “Kosmos hər kəs üçün” proqramının missiyası nədir?

-  İnanırıq ki, hər kəs planetimizi kosmosdan görə bilsəydi, dünya daha yaxşı olardı. “Space VIP” ilk kosmik turistik şirkət, ilk aerokosmik tur operatorudur. Şirkət kosmosa səyahəti və hər kəs üçün kosmos macəralarını təşkil edir. Biz bugünkü kosmik bazarda fəaliyyət göstərən kosmik aerobus və xidmət şirkətlərinin əksəriyyəti ilə əməkdaşlıq edirik.

- Kosmosa indiki böyük marağı və ayrı-ayrı planetlərdə həyat haqqında bilikləri görməmək çətindir. Alimlər müəyyən edib ki, indi Marsda siyanobakteriyaların yetişdirilməsi mümkündür. Hiss olunur ki, Yer yaşayış üçün yararsız hala düşən kimi hər kəs başqa planetlərə köçəcək. Sizcə, bu sənayenin inkişafı niyə vacibdir? Bu vəsaitləri, ideyaları və imkanları sadəcə olaraq yer üzündə həyatı yaxşılaşdırmağa yönəltmək mümkün deyilmi?

Hazırda kosmosun tədqiqi və təbiətdə balansının bərpası kimi, elmi inkişafın vacib istiqamətləri əsas prioritetlərdən biridir. Ölkələr arasında səfərlər ilə kosmosda səyahət etmək arasında paralellər aparmaq olar. Bu səyahətlərin hər birindən sonra evə yeni güclə və ilhamla qayıdırsan. 

-  Bəs siz şəxsən Yeri tərk etməyə və başqa planetə birdəfəlik yollanmağa hazırsınızmı?  

- Bəli, əgər ərimi və itimi özümlə aparmağa icazə verilərsə! Ciddi danışsaq, təbii ki, həmişəlik yox, müəyyən müddətə böyük həvəslə getmək istərdim.

“Space VIP” şirkətinin müştərisi necə olmaq və şirkətin xidmətlərindən hansı yolla istifadə etmək olar?

- “Facebook”, “Linked-in”, “Instagram” sosial şəbəkələrindəki hesablarımız, elektron poçtumuz vasitəsilə, həmçinin +1-510 - 662-7500 müqavilə nömrələri ilə əlaqə saxlayaraq.

-  Bəs kosmosa səyahət neçəyə başa gəlir?

- Hazırda 125 min dollardan başlayaraq 55 milyon dollaradək biletlər var. Çoxlu sayda müxtəlif proqramlarımız var. Buna görə də qiymət müştərinin seçdiyi ekskursiyadan, həmçinin onun müddətindən asılıdır. Pərakəndə satış bölməmiz bu yaxınlarda ilk kosmik turistə ən bahalı VIP bilet satıb. Məhz bu, “Space VIP” şirkətinin yaradılması ilə bağlı qərar verməyə səbəb olub. Şirkət kosmik uçuşlar sahəsində geniş spektrli xidmətlər və kosmos səyahəti ilə bağlı çoxsaylı xidmətlər təklif edir. “Space VIP” şirkətinin xidmətlər siyahısında elit bir müştəri üçün uçuşlar və xidmətlər üçün kommersiya imkanları tapa bilərsiniz. Qeyd etmək vacibdir ki, “Space VIP”in vacib və əsas bölməsi olan xeyriyyə şirkətimizdə (SpacePrize.org) biz tamamilə pulsuz əsasda təhsil və müvafiq ədəbiyyatın əldə edilməsi üçün geniş imkanlar təqdim edirik. Xatırladaq ki, 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakıda keçirilməsi planlaşdırılır. Bu tədbirdə xeyriyyə şirkətimiz gənc qızlar üçün “challange” müsabiqəsi təşkil etmək və onların arasından qalibləri seçmək niyyətindədir. 2022-ci ildə bu konqres Parisdə, bundan qabaq isə Nyu-York şəhərində və Portuqaliyada keçirilib. Ümid edirəm ki, biz də bu konqresi Bakıda yüksək səviyyədə keçirə biləcəyik.

 



MƏSLƏHƏT GÖR:

97