6 May 2024

Bazar ertəsi, 07:44

QLOBAL PRİORİTET

Azərbaycan ərzaq təhlükəsizliyinə dair hazırkı riskləri aradan qaldırmaq üçün FAO ilə tərəfdaşlığı genişləndirəcək

Müəllif:

15.11.2022

Son 27 il ərzində Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ilə tərəfdaşlıq çərçivəsində ərzaq təhlükəsizliyinin təmin edilməsi, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə BMT-nin əsas hədəflərini həyata keçirib. Ötən il Azərbaycan Parlamenti yeni çağırışlara cavab vermək üçün bir sıra strategiya və proqramların həyata keçirilməsini davam etdirərək FAO ilə birgə tərəfdaşlıq platformasının müddətinin uzadılması barədə qərar qəbul edib. Yaxın vaxtlarda isə hökumətin BMT strukturu tərəfindən hazırlanmış növbəti ölkə proqramını təsdiqləyəcəyi, birgə layihələri keyfiyyətcə yeni səviyyəyə qaldıracağı gözlənilir.

 

Qlobal problemlər

2000-ci ildə BMT və onun struktur bölməsinin (FAO) təşəbbüsü ilə 185 dövlət Minilliyin İnkişaf Məqsədləri bəyannaməsini qəbul edib. Bu bəyannamə ilə xüsusilə inkişaf etməkdə olan ölkələrdə ərzaq istehsalının artırılması hesabına 2015-ci ilə qədər dünyada aclığın nəzərəçarpacaq dərəcədə azaldılmasına diqqət yetirilib.

Yeri gəlmişkən, Azərbaycan postsovet məkanında bu problemin həllinə yaxınlaşan ilk ölkələrdən biri olub. O, həmçinin bu məsələnin həlli ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində məşğul olub. Nəticədə, FAO təxminən 10 il əvvəl Azərbaycanı aclığın ən aşağı səviyyəsi - 5%-dən az olan ölkələr siyahısına daxil edib. Üstəlik, bu təşkilatın məlumatına əsasən, 2013-cü ildə respublikada heyvandarlıq və quşçuluq sahəsində idxalı əvəzləmə səviyyəsi 92 %-ə, meyvə-tərəvəz, bostan məhsulları istehsalı isə 100 %-ə yaxınlaşmışdır. Son illərdə ölkədə aqrar idxalı əvəzləmənin orta göstəricisi isə sabit olaraq 70-80% səviyyəsində olub. FAO-nun qiymətləndirməsinə görə, Azərbaycan bu gün ərzaq təhlükəsizliyi baxımından sabit mövqe tutur.

Amma qlobal bazarlardakı disbalans və ərzaq qiymətlərinin artması ilə əlaqədar yeni çağırışları nəzərə alsaq, ərzaq təhlükəsizliyinin təmin edilməsinin Azərbaycan üçün əsas vəzifə olaraq qaldığını söyləyə bilərik.

Bu arada, FAO-nun noyabr hesabatında deyilir ki, cari ilin mart ayından etibarən dünya bazarında ərzaq ucuzlaşır, lakin oktyabrda ərzaq qiymətlərinin düşməsi tendensiyası səngiyib: FAO-nun ərzaq qiymətləri indeksi ötən ay 135,9 bənd (sentyabrda 136,3) təşkil edib.

Bu ilin martındakı ən yüksək göstərici ilə müqayisədə indeks 14,9% azalsa da, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayidə hələ də yüksəkdir. Bundan başqa, dünyada dənli bitkilərin bütün əsas növlərinin qiymətləri yenidən artıb: buğda 3,2%, yemlik taxıl 4,3% bahalaşıb. Bu, əsasən Qara Dəniz Taxıl Təşəbbüsü ətrafında davam edən qeyri-müəyyənliklə bağlıdır. FAO isə noyabr hesabatında 2022-ci ildə dünya taxıl istehsalı ilə bağlı proqnozunu 4,9 milyon ton azaldaraq 2,764 milyard tona endirib. Bu məqamda qeyd edək ki, bu mənfi tendensiya, demək olar ki, tamamilə ABŞ-da məhsuldarlığın və biçilmiş sahələrin azalması ilə əlaqədardır. Digər tərəfdən BMT ekspertləri hesab edirlər ki, problemlər təkcə taxıl və digər kənd təsərrüfatı məhsullarının çatışmazlığı ilə bağlı deyil. Onların fikrincə, bu mənfi tendensiyaya həmçinin ərzaq məhsullarının çatdırılması və sonradan bölüşdürülməsi ilə bağlı olan logistika və marşrutlara dair problemlərin yaranması səbəb olub. Bundan isə ən çox kasıb ölkələr əziyyət çəkir.

Dünya ərzaq bazarında ciddi problemlər Azərbaycanda da bu və ya digər dərəcədə hiss olunur. Odur ki, onun FAO ilə əməkdaşlığın əsas istiqaməti bundan sonra da ərzaq təhlükəsizliyinin təmin edilməsinə və kənd təsərrüfatının inkişafına yönəlmiş layihələr olacaq.

“Ümidvarıq ki, qarşıdakı illərdə biz bu səmərəli tərəfdaşlığı davam etdirəcəyik, xüsusilə indi - hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bu çətin zamanda. Çünki kənd təsərrüfatı məhsullarının ixracında artım olduğuna baxmayaraq, biz hələ də kənd təsərrüfatı məhsullarını idxal edirik”, - Azərbaycan Prezidenti İlham Əliyev FAO-nun baş direktoru Qu Donqyu ilə videoformatda danışıqlar zamanı bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı istehsalının inkişafı layihələrində təşkilatın uzunmüddətli səmərəli əməkdaşlığına və konsultativ dəstəyinə ümid edir: “Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək”.

Qarabağ regionunda kənd təsərrüfatı sektorunun dirçəldilməsi proqramında ən mühüm istiqamət istehsal və emal sahəsində İT texnologiyalarının tətbiqidir. Odur ki, bu sahə də BMT strukturu ilə əməkdaşlıq sahəsinə daxil ediləcək. Bu məqamda qeyd edək ki, FAO-nun mütəxəssisləri digər beynəlxalq donor təşkilatlarla birlikdə Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştirak etməyə hazır olduqlarını təsdiqləyiblər. Hazırda əsas prioritetlər müəyyənləşdirilir, yardım strategiyası hazırlanır.

 

Aktual layihələr

Xatırladaq ki, FAO ilə birgə təşəbbüslər “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” nəzərə alınmaqla həyata keçirilir. Prioritet olan birgə layihələrə qida təhlükəsizliyi norma və standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, ixrac potensialının artırılması, aqrokimyəvi maddələr və baytarlıq materiallarına nəzarətin gücləndirilməsi, dayanıqlı kənd təsərrüfatı təchizat zəncirinin və marketinqinin qurulması daxildir. Digər aktual məsələlərə ekoloji təmiz kənd təsərrüfatının və toxumçuluğun inkişafı, kənd təsərrüfatı heyvanlarının elit cinslərinin yetişdirilməsi və sair aiddir. Bu məsələlərin əksəriyyəti ilə bağlı FAO-nun yaxın bir neçə il ərzində həyata keçirəcəyi layihələr var.

Son dövrlərə qədər Azərbaycanda qoyunçuluq və heyvandarlığın inkişafı, fındıq və kartofçuluğun yetişdirilməsi istiqamətində hökumətin və BMT strukturunun iştirakı ilə 7 layihə həyata keçirilib. Bundan başqa, FAO gənclərin məşğulluğu, qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində fəallıq göstərir (təkcə gender istiqaməti üzrə ölkənin 12 rayonunda 270-dən çox layihə həyata keçirilib).

Eyni zamanda FAO kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılmasına və xərclərin azaldılmasına diqqət yetirir. Beynəlxalq ekspertlərin fikrincə, bu, istehsalçıları Azərbaycanda kənd təsərrüfatı istehsalının texnoloji baxımdan yenidən təchizatına, innovasiyaların tətbiqinə və rəqabət qabiliyyətinin artırılmasını stimullaşdıracaq.

BMT yardımına əsasən texniki, konsaltinq və qismən maliyyə dəstəyi daxildir. Layihələr tez-tez digər beynəlxalq donor proqramları ilə birgə həyata keçirilir. Məsələn, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təşəbbüsü ilə ilin əvvəlində Gəncədə FAO-nun regional bölməsi açılıb. Onun fəaliyyəti iki pilot iqtisadi rayonu - Gəncə-Qazax və Qubanı əhatə edəcək. Aİ tərəfindən maliyyələşdirilən və FAO-nun mütəxəssisləri tərəfindən həyata keçirilən layihədə istehsalın və məhsuldarlığın artırılması məqsədilə kənd təsərrüfatı üzrə məsləhətləşmələr, texniki yardım və digər fəaliyyətlərlə bağlı beşillik proqramın icrasına diqqət yetiriləcək.

FAO-nun digər təşəbbüsü isə “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihəsidir. Bu layihə ilə Azərbaycanda səmərəli qida nəzarəti sisteminin yaradılması üçün bir sıra hüquqi və institusional islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bu da son deyil. FAO Qlobal Ətraf Mühit və Yaşıl İqlim Fondları ilə sıx əməkdaşlıq edərək Azərbaycanda təbii ehtiyatlar və ətraf mühitin idarə edilməsi üzrə bir sıra layihələr həyata keçirir.

 

Böyük planlar

“Biz, həqiqətən, ümid edirik ki, FAO-Azərbaycan tərəfdaşlıq proqramının yeni, ikinci mərhələsi hökumət tərəfindən tezliklə qəbul olunacaq və əməkdaşlığımız tamamilə fərqli səviyyəyə keçəcək”, - FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Qutsu bildirib.

Onun sözlərinə görə, FAO texniki məsələlərlə yanaşı, ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərə də diqqət ayırmağı planlaşdırır: “Bu, aqrar sektorun inkişafına, kənd yerlərində yaşayan insanların həyatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına töhfə verəcək”.

Xüsusilə bu, təbii sərvətlərin, o cümlədən torpaq və suyun, biomüxtəlifliyin və kənd təsərrüfatı məhsullarının səmərəli istehsalını təmin edən digər əsas amillərin qorunmasına aiddir. FAO mütəxəssisləri meşə təsərrüfatının inkişafı sahəsində Türkiyə təcrübəsini tətbiq etməyi planlaşdırır.

“Bu proqramın məqsədi həm meşə, həm də kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün müxtəlif texnologiyalar vasitəsilə meşələrin bərpası, meşə plantasiyalarının artırılması və torpaq şəraitinin yaxşılaşdırılmasıdır. Biz iqlim dəyişikliyi, torpaq və su ehtiyatlarının mühafizəsi sahəsində əməkdaşlığımıza böyük diqqət yetiririk”, - FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru vurğulayıb.

Ölkə proqramı çərçivəsində BMT strukturunun texniki dəstəyi ilə təsərrüfatlarda suvarma suyundan səmərəli və rasional istifadəyə dair layihələrin həyata keçirilməsi də nəzərdə tutulub. Qənaətcil suvarma sistemlərindən istifadə etməklə pilot layihələrin də həyata keçirilməsi mümkündür. Söhbət damcı, aerozol, xırda damlalı çiləmə kimi suvarma üsullarından gedir.

Əməkdaşlığın digər perspektivli istiqaməti Azərbaycanın Mərkəzi Asiya ölkələri və Türkiyə ilə birgə Regional Balıqçılıq və Akvakultura Komissiyasında (CACFISH) iştirakıdır. Türkiyə hökuməti tərəfindən maliyyələşdirilən layihə balıqçılığın inkişafı və ixtiyofaunanın süni yetişdirilməsi sahəsində potensialın artırılması məqsədi daşıyır.

Subregional koordinatorun sözlərinə görə, Azərbaycanda bunun üçün hər cür şərait var və ölkə CACFISH-in fəal üzvlərindən biridir: “Bu, FAO-nun bazasında yaradılmış platformadır. Bu, balıqçılıq və akvakultura sahəsində təcrübə, texnologiya və innovasiyalar mübadiləsi aparmağa imkan verir”.

Bundan başqa, gələcəkdə qida məhsullarının qənaətcil istifadəsi və saxlanması, qida tullantılarının səviyyəsinin azaldılması, onların emalı sahəsində də əməkdaşlıq nəzərdə tutulur. BMT-nin məlumatına əsasən, bununla bağlı vəziyyət son dərəcə ağırdır, çünki dünyada ərzaq məhsullarının üçdə birindən çoxu itirilir və israf olunur. Bu böyük problemin həlli dünya əhalisinin əlverişli və sağlam qidaya malik olması ilə bağlı bir çox məsələləri həll edə bilər.

V.Qutsu qeyd edib ki, Azərbaycan hökuməti bu problemin həllinə kifayət qədər maraq göstərir və hazırda FAO-nun Türkiyədə qazandığı uğurlu təcrübəsi əsasında qida tullantılarının azaldılması sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunur.

Bir sözlə, sadalanan planların həyata keçirilməsi, şübhəsiz ki, Azərbaycanın aqrar sektorunun inkişafına təsir göstərəcək və ən mühüm vəzifəni - ərzaqla özünütəminat məsələsini maksimum səviyyədə həyata keçirməyə kömək edəcək.


MƏSLƏHƏT GÖR:

74