6 May 2024

Bazar ertəsi, 11:41

ELEKTRİKLƏ YELLƏNMƏK

Azərbaycan ekoloji təmiz avtomobil parkını genişləndirmək üçün güzəştlər təqdim edir və infrastrukturu inkişaf etdirir

Müəllif:

15.11.2022

Son illərdə ekoloji vəziyyət və iqlim dəyişikliyi ilə mübarizə dünya gündəminin ilk sıralarını tutur. Bu, gözlənilməz şəkildə cərəyan edən geosiyasi hadisələrdən və ya qlobal iqtisadi böhranlardan heç də geri qalmır. Odur ki, bununla bağlı layihələr fəal şəkildə müzakirə olunur, maliyyələşdirilir və subsidiyalaşdırılır...

Təbii ki, bu mənada elektrik nəqliyyatının inkişafına xüsusi diqqət yetirilir. Ekoloqların fikrincə, bu, zərərli tullantıların azalmasına səbəb olacaq. Bu məsələdə əsas motivasiya 2035-ci ildən Avropa İttifaqında (Aİ) daxili yanma mühərrikli avtomobillərin satışının faktiki olaraq qadağan edilməsi olacaq. Hələ ki çox populyar olmayan bu nəqliyyat növünə tələbat yaratmaq üçün qabaqcıl iqtisadiyyatlara malik ölkələr elektrik avtomobilinin alınması üçün vətəndaşlara müxtəlif subsidiyalar ayırır.

Azərbaycanın qonşu ölkələri - Türkiyə və Rusiya da elektriklə işləyən avtomobillərin istehsalını fəal şəkildə  təşviq edir. Azərbaycan da bu sahədə irəliləyişə nail olub: bu yaxınlarda hökumət istehsal müddəti üç ilə qədər olan elektromobillərin idxalını gömrük rüsumlarından azad etmək qərarına gəlib.

 

Qlobal dəyişikliklərin astanasında

“İqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizə aparmaq üçün dünya ölkələrinə 1 trilyon dollar lazımdır”, - BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinin maliyyələşdirilməsi üzrə xüsusi nümayəndəsi Məhəmməd Muhiddin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransında çıxışı zamanı bildirib.

Beynəlxalq Enerji Agentliyi isə “World Energy Outlook 2022” adlı hesabatında 2030-cu ilə qədər iqlim siyasətinin bir hissəsi olaraq təmiz enerjiyə illik qlobal investisiyanın 2 trilyon dollardan çox artacağını proqnozlaşdırıb. Yəni artım 50%-dən çox olacaq.

Bu arada, ekoloqların hesablamalarına əsasən, atmosferə buraxılan karbon qazı emissiyalarının təxminən beşdə biri yerüstü nəqliyyatın payına düşür.  Avtomobil bazarında dəyişikliklərə ciddi diqqət yetirildiyini nəzərə alsaq, dünyanın elektromobillərin kütləvi şəkildə tətbiqi və daxili yanma mühərriklərindən imtina ərəfəsində olduğunu söyləyə bilərik. Amma elektrik avtomobillərinə qarşı olan ekspertlərin fikrincə, onlar adi avtomobillərlə eyni səviyyədə ətraf mühitə ziyan vurur. Onların fikrincə, nəticə etibarilə istilik elektrik stansiyaları elektrik enerjisinə artan tələbatı ödəməli olacaq və bu da zərərli emissiyaların artmasına gətirib çıxaracaq. Bundan başqa, akkumulyator batareyalarının utilizasiyası ətraf mühitə ciddi ziyan vura bilər.

Lakin alimlər əmindirlər ki, hətta bu faktlara baxmayaraq, 2050-ci ilə qədər dünyada avtomobillərin yarısı elektriklə işləyərsə, bu, qlobal karbon qazı emissiyalarını ildə 1,5 giqaton azalmasına səbəb olacaq. Qeyd etdiyimiz kimi, bu il oktyabrın 27-də Aİ-yə üzv dövlətlər və Avropa Parlamenti 2035-ci ildən Avropa İttifaqında daxili yanma mühərrikləri olan avtomobillərin satışını faktiki olaraq qadağan edəcək qanunun qəbulu ilə bağlı ilkin razılıqlar əldə ediblər.

Amma ildə 10 000-dən az avtomobil istehsal edən istehsalçılar, yəni “Ferrari” kimi lüks avtomobil istehsalçıları üçün müvəqqəti istisnalar ediləcək. Bu müqavilə ilə həmçinin gələcəkdə bərpa olunan mənbələrin elektrik enerjisindən istifadə etməklə istehsal olunan sintetik yanacaq növü olan “elektron yanacaq”la işləyən daxili yanma mühərrikli avtomobillərin satışına icazə verilə bilər.

Qeyd edək ki, hazırda Avropada elektromobillər rekord sürətlə satılır. Köhnə Qitə, planetin ən böyük elektrik avtomobil bazarı titulunu Çinin əlindən alıb. Hökumətlər tərəfindən verilən subsidiyalar və satışda onlarla elektrik, o cümlədən hibrid avtomobili növünün olması tələbatı təşviq edir. 2020-ci ildə Aİ-də bir milyondan çox elektrik avtomobili satılıb. Norveç isə elektrik avtomobillərinin digər avtomobil növlərindən daha çox satıldığı ilk ölkə oldu.

Yeri gəlmişkən, “Moody`s” Beynəlxalq Reytinq Agentliyi proqnozlaşdırır ki, 2030-cu illə qədər satılan avtomobillərin 35%-i alternativ enerji mənbələri ilə işləyəcək. Eyni zamanda Beynəlxalq Enerji Agentliyi hesab edir ki, 2025-ci ilə qədər akkumulyatorla işləyən avtomobillərin sayı 40-70 milyon ədəd təşkil edəcək. “Goldman Sachs” isə 2030-cu ilə qədər elektromobillərin satışının payının 8%-ə, 2040-cı ilə qədər isə 32%-ə qədər artacağını proqnozlaşdırır. Bu bankın analitikləri bu nəqliyyat növü üçün akkumulyator bazarının 2040-cı ilə qədər 180 milyard dollara qədər artacağını təxmin edirlər.

 

Milli brendlər

Elektrik avtomobilləri ilə bağlı “epidemiya” getdikcə dünyanı bürüyür. Demək olar ki, bütün məşhur avtomobil istehsalçıları bir-birinin ardınca ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istehsalına yönəlmiş yeni xətlər açır.

Bu gün Çin ən böyük elektrik avtomobil istehsalçısı hesab olunur. Məsələn, bu ölkənin BYD şirkəti 2022-ci ilin birinci yarısında 641350 elektrik avtomobili sataraq “Tesla”nı ötüb. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə düz 314,9% çoxdur. Bu təəccüblü deyil, çünki Çin elektrik nəqliyyatının inkişafını dəstəkləmək üçün son 10 ildə azı 100 milyard dollar sərmayə qoyub. Bu ölkədə yollara çıxışla bağlı məhdudiyyətlərin aradan qaldırılması daxil olmaqla, elektrik avtomobillərinin istifadəsi ilə bağlı müxtəlif güzəştlər təqdim edilir. Üstəlik, daxili yanma mühərriki olan avtomobil üçün dövlət nömrə nişanının alınması 12 000 dollara başa gələ bilər. Lakin elektriklə işləyən avtomobillər üçün dövlət nömrə nişanı pulsuzdur.

Bu gün dünyanın bir çox ölkələri elektrikli nəqliyyat vasitələrinin alınması və istifadəsi üçün güzəştlər sistemindən istifadə edir. Bütün bunlara baxmayaraq, bu elektrik avtomobillərinin son növlərinin qiymətinin yüksək olması bu bazarın inkişafına mane olur. Artan tələbatı nəzərə alan və qiymətləri bir qədər liberallaşdırmağa çalışan bir sıra dövlətlər milli elektrik avtomobil brendi yaratmaq istiqamətində fəal şəkildə irəliləyir. Məsələn, Səudiyyə Ərəbistanının Suveren Fondu “Foxconn” ilə birgə müəssisə yaratdığını elan edib. Onlar birlikdə “Ceer” avtomobil markasını yaradacaq. Bu avtomobilin istehsalı zamanı “BMW”nin komponentlərindən istifadə olunacaq.

Bu arada, sentyabrın sonunda Rusiyanın Lipetsk şəhərindəki “Motorinvest” zavodunda “Evolute” elektromobillərinin silsilə istehsalına başlanılıb. Müəssisənin təqdim etdiyi ilk model “i-Pro” Sedan elektrik avtomobili olub. İlin sonunadək zavodda 2000 elektromobil istehsal etmək planlaşdırılır. “Motorinvest” zavodunda yaxın gələcəkdə “i-Joy” krossoverləri və “i-Van” minivenlərinin istehsalı gözlənilir.

Son zamanların bəlkə də ən səs-küylü hadisəsi Türkiyədə milli TOGG elektromobilinin kütləvi istehsalının təntənəli şəkildə təqdim edilməsi olub. Təqdimat mərasimi üçün əlamətdar gün də seçilib. Bu tədbir Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Respublika Günündə keçirilib.

“Türkiyə nəqliyyat vasitələrinin aparıcı ixracatçılarından biridir. TOGG layihəsi Türkiyə üçün güclü gələcək yaratmaqla bağlı ümumi xəyalımızın reallaşmasının təsdiqidir. Bu, 85 milyonluq ölkənin qürurudur”, - Türkiyə dövlət başçısı bildirib.

O, il ərzində 175 min avtomobilin istehsal olunacağını vurğulayıb. Prezidentin sözlərinə görə, TOGG elektrik avtomobilləri müvafiq sertifikatlaşdırmadan sonra 2023-cü ilin birinci rübünün sonuna qədər Türkiyədə satışa çıxarılacaq. Ərdoğan əlavə edib ki, gələn ilin fevralında elektrik avtomobillərin qiyməti məlum olacaq.

Türkiyənin müxtəlif bölgələrini simvolizə edən 5 model və 6 rəngdə elektrik avtomobilləri ölkənin qərbindəki Bursa vilayətində (Gemlik bölgəsi) istehsal olunacaq. TOGG elektrik avtomobili 2019-cu ildə təqdim edilib. Krossover prototipinin silsilə sınaqları 2021-ci ilin noyabrında keçirilib. O, 4,8 saniyəyə 100 km/saat sürət yığır. İstehsalçıların fikrincə, elektromobilin 80% enerji ilə doldurulması cəmi 30 dəqiqə çəkəcək. TOGG tam yüklü batareya ilə 500 kilometr məsafə qət edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı Türkiyənin elektromobil istehsalına başlamasını qardaş ölkə sənayesinin yeni uğuru kimi dəyərləndirib.

 

Yerli bazar problemləri

Təəssüf ki, ölkəmizdə elektromobillər bazarı zəif inkişaf edir. Bəli, Bakı şəhəri sözün əsl mənasında hibrid yanacaqla işləyən avtomobillərlə doludur. Lakin paytaxtda hələ ki “təmiz” elektrik avtomobilləri azdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycana 153 elektromobil idxal edilib. Bu, ötən illə müqayisədə 4 dəfədən çox olsa da, ölkənin avtomobil idxalında elektromobillərin payı cəmi 0,5% təşkil edir. Eyni zamanda Azərbaycan bu sahə ilə bağlı müəyyən güzəştlər təqdim edir. Məsələn, ölkəyə gətirilən elektromobillər gömrük rəsmiləşdirilməsi zamanı əlavə dəyər vergisinə cəlb edilmir.

Bu yaxınlarda qüvvədə olan sənədlərə edilən dəyişikliklərdən sonra Azərbaycanda zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Üstəlik, elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının idxalı gömrük rüsumundan azad olunub. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu, 2022-ci il dekabrın 10-dan sonra qüvvəyə minəcək.

Bundan başqa, Azərbaycan Mərkəzi Bankı “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”lara dəyişiklik edib. Dəyişikliyə əsasən, kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək.

Lakin ekspertlərin fikrincə, Azərbaycanda elektromobillərin alqı-satqısı üçün stimulların tətbiqi ilə yanaşı, onların istifadəsi üçün infrastrukturun daha fəal şəkildə inkişaf etdirilməsi lazımdır. Etiraf etmək lazımdır ki, hələ də elektromobillər üçün kifayət qədər enerji doldurma məntəqələri yoxdur. Bu da potensial müştərilərin ekoloji cəhətdən təmiz avtomobillərə keçmək istəyinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Son rəsmi məlumata görə, hazırda ölkədə elektriklə işləyən avtomobillərin 33 enerji doldurma məntəqəsi fəaliyyət göstərir. Onlardan 22-si Bakıda, 11-i isə regionlarda (ikisi Gəncədə, qalanı Quba, Kürdəmir və digər rayonlarda) yerləşir.

Azərbaycan Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanovun sözlərinə görə, hazırda hökumət bu bazarın infrastruktur problemlərinin həlli istiqamətində fəal iş aparır: “Ekoloji təmiz avtomobillər üçün enerji doldurma məntəqələrinin yaradılması və ümumi şəbəkəyə qoşulması nəzərdə tutulur. İlkin araşdırmalara görə, müəyyən edilib ki, bu məntəqələrin gücü heç də 150 kVt-dan artıq olmayacaq”.

R.Qurbanov həmçinin bu avtomobillərin park yerlərində də güzəştli şərtlərlə saxlanmasını təklif olunduğunu qeyd edib: “Bundan əlavə gələcəkdə ölkəmizdə olacaq ödənişli yollardan həmin növ nəqliyyat vasitələrinin tam pulsuz istifadə etməsini düşünürük. Biz həmçinin mobil tətbiqin yaradılmasını düşünürük. Bu mobil tətbiqdə ekoloji təmiz avtomobillərin şarj olunması yerləri göstəriləcək”.

Bununla yanaşı, ekspertlər orta gəlir səviyyəsi üçün nəzərdə tutulmuş elektromobillərin ölkəyə daha ucuz qiymətə idxalını zəruri hesab edirlər. Azərbaycanda ekoloji təmiz avtomobillərin istehsalı və ya yığılması imkanlarına gəlincə, bu da real perspektivdir. Naxçıvan Avtomobil Zavodu bununla bağlı planlarını artıq bu ilin yayında açıqlayıb. Bu məqsədlə artıq tam doldurulmuş akkumulyatorla 300-350 kilometr məsafə qət edə bilən 7 və 5 nəfərlik CHANGAN AUCHAN elektromobillərinin yığılması üçün zavoda ilk nümunələr gətirilib.

Hər halda, elektrik avtomobillərə keçidin qlobal tendensiyası yaxın gələcəkdə Azərbaycana çatacaq. Həmin vaxta qədər isə vəd edilən infrastruktur hazır olsa və əhalinin büdcəsinə uyğun modellər ortaya çıxsa, o zaman ekoloji cəhətdən təmiz və qənaətcil avtomobillər bazarı müştəri çatışmazlığı hiss etməyəcək. Hazırda Bakı yollarında avtomobillərin sayının çoxluğunu və onların tullantılarının ətraf mühitə vurduğu zərəri nəzərə alsaq, elektrik avtomobillərin ekologiyamız üçün əsl xilas olacağını söyləyə bilərik.



MƏSLƏHƏT GÖR:

83